Milli teatrımızın təşəkkülündə Üzeyir bəy Hacıbəyli mərhələsi

 

Bu günlərdə professional teatrımızın 140 illik yubileyi ölkəmizdə təntənə ilə qeyd olunur. Bu münasibətlə dövlət başçısı İlham Əliyev xüsusi sərəncam  imzalayıb. Belə bir məqamda Azərbaycan teatrı tarixində misilsiz yeri olan dünya şöhrətli dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin xidmətləri ilk sırada yada düşür. Çünki Azərbaycan musiqili teatrının yaranması  məhz Üzeyir bəyin adı ilə bağlıdır.

13 yaşında olarkən doğma Şuşa şəhərində böyük dramaturqumuz Əbdürrəhim bəy Haqverdiyevin hazırladığı “Məcnun Leylinin məzarı üstündə” adlı səhnəcikdə iştirak edən Üzeyir bəy sonralar operaoperetta janrının nəinki Azərbaycanda, hətta bütün Şərq aləmində təməlini qoydu. Beləliklə, 1873-cü ilin mart ayında Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun əsasını qoyduqları milli teatrımızın təşəkkül tapmasında Üzeyir bəy Hacıbəylinin də  fəaliyyəti danılmazdır. Əgər M.F. Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və “Hacı Qara” əsərlərinin səhnələşdirilməsi ilə Şərqdə peşəkar teatr yaranmışdısa, milli peşəkar musiqimizin banisi  Ü. Hacıbəylinin  XVI  əsr dühası Füzulinin eyniadlı poeması əsasında  bəstələdiyi “ Leyli və Məcnun” operası, “Ər və arvad” operettası ilə müsəlman dünyasında operaoperetta teatrı bərqərar olmuşdur.

1998-ci ildə milli teatrımızın yaranmasının 125 illiyi münasibətilə ümummilli liderimiz  Heydər Əliyevin  “Azərbaycanda dünyəvi peşəkar teatrın yaradılmasının 125 illiyi haqqında” adlı  sərəncamında göstərilirdi: “Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun yaratdığı “Leyli və Məcnun” operasının 1908-ci ildə ilk tamaşası ilə Azərbaycanda və bütün müsəlman Şərqində opera sənətinin təməli qoyuldu”.

1907-ci ilin axırlarına yaxın Bakıda “operasözü tez-tez eşidilirdi. Şəhər sakinləri teatr, sirk tamaşaları görmüşdülər, opera isə onlar üçün yeni idi. Nəhayət, 1908-ci il yanvar ayının 12 (25) -də, şənbə günü böyük səbirsizliklə gözlənilən hadisə  gəlib çatdı. İlk milli operanın premyerası  oldu. Bütün qəzetlər əvvəlcədən bu barədə elan dərc etmişdilər. Bu, Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun”u idi.  İlk operanı yazarkən  Üzeyir bəyin 22 yaşı vardı. Böyük istedad sahibi olan gənc bəstəkar elə bir şedevr yaratmışdı ki, onun parlaqlığı, möhtəşəmliyi bu gün də qalmaqdadır. 105 ildir ki, “Leyli və Məcnun ” operası tamaşaçıların zövqünü oxşayır, milli musiqimizi zinətləndirir.

Leyli və Məcnun” operasının ilk tamaşası  Tağıyev teatrında (indiki Musiqili Teatrda) oldu. Teatr ağzına kimi dolu idi. Azərbaycanın hər yerindən, hətta Qafqazın bir çox bölgələrindən də operaya baxmağa gəlmişdilər. Böyük aktyorumuz M. A. Əliyev yazırdı ki, “Leyli və Məcnun”un ilk tamaşasına üç gün qalmış teatrın kassasına iki teleqram gəldi. Bunlardan biri Şamaxıdan şair Abbas Səhhətdən, digəri isə Batumdan Abaşidzedən idi. Teatrda onlara yer saxlamağı xahiş edirdilər.

 Məcnun rolunun bənzərsiz ifaçısı H. Sarabski isə özününBir aktyorun xatirələri” kitabında o günləri xatırlayaraq belə yazırdı: “Axşam teatra gələndə  gördüm qapının qabağında o qədər adam var, içəri girmək mümkün deyil. Dal qapıya keçdim, gördüm ora bundan betərdir. O gecə binanın dörd tərəfi camaatla dolu idi. Teatrın qapılarında və foyedə səs-küydən qulaq tutulurdu. Biletlər saat 4-dən qurtardığına görə camaat biletsiz içəri doluşurdu...  Opera camaatımızı teatra çəkib teatral etdi. Deməli, opera musiqini yüksəldib camaatımıza bu mənfəəti verdi”.

Beləliklə, görünməmiş bir müvəffəqiyyətlə Azərbaycanda opera teatrı fəaliyyətə başladı və onun şöhrəti uzaq-uzaq ellərə yayıldı.

Bir əsrdən çox səhnədə oynanılan “Leyli və Məcnun” operasında nə qədər aktyor və müğənni nəsli yetişmişdir. Həyatını Azərbaycan mədəniyyətinin, teatrının çiçəklənməsinə həsr edən Üzeyir bəy yazılarında səhnə problemlərindən müntəzəm olaraq söz açırdı. Rejissor işi, aktyor oyunuonun yozumu, geyim məsələləri və s. onun müraciət etdiyi mövzular idi. Azərbaycan səhnəsinə qadın gətirilməsi üçün Üzeyir bəy Hacıbəyli daim mübarizə aparırdı. O, öz məqalələrində, çıxışlarında dönə-dönə qeyd edirdi ki, tuman geyinən kişilər mənə lazım deyil. Qadın rollarını mütləq zənənlər oynamalıdırlar.

1916-cı ildə Üzeyir bəy böyük qardaşı Zülfüqar  bəy Hacıbəyli ilə Bakıda “Hacıbəyov qardaşlarının teatrı”nı da yaratmışdı. Bu teatrda operaoperettalar tamaşaya qoyulurdu. İlk  operasının uğurundan ruhlanan Üzeyir bəy Hacıbəyli bir-birinin ardınca 6 opera yazdı: “Şeyx Sənan ” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah AbbasXurşudbanu ” (1912), “Əsli və Kərəm ” (1912), “HarunLeyla ” (1915). Nəhayət, bütün operaların şahı sayılan  Koroğlu  böyük bəstəkar və dramaturqa şöhrət gətirdi, müxtəlif ölkələrdə və şəhərlərdə tamaşaya qoyuldu. Üzeyir bəy Sankt - Peterburqdan H. Sarabskiyə göndərdiyi məktubda yazırdı: “Mənim bu qədər əlləşməyim odur ki, gələcəkdə teatr işini elə bir hala salaq ki, nəinki təkcə bir Bakı və ya Qafqaz, bəlkə hər bir yerdə və hər bir şəhərdə teatr verməyə imkanımız olsun”.

Ü.Hacıbəyli çalışdığı amala, istədiyi nəticəyə nail oldu. Onun əsərlərinə hər yerdə – Qafqazda da, Türkistan elində də, Rusiyada da, Amerikada da, Avropada da, Afrikada da... ölkəmizin hüdudlarından çox-çox uzaqlarda  yüksək qiymət verdilər, tamaşaya qoydular. Bu günün özündə də Üzeyir bəyin əsərlərinə yaxın-uzaqlarda böyük maraq və tələbat vardır.

“Azərbaycanda dünyəvi peşəkar teatrın yaradılmasının 125 illiyi haqqında” sərəncamda daha sonra  belə yazılmışdır: “... Üzeyir Hacıbəyovun dramaturgiya sahəsindəki fəaliyyəti də milli mədəniyyət tariximizdə mühüm mərhələ olmuşdur. O, həm bəstəkar, həm də dramaturq kimi 1909 -1913-cü illərdə yaratdığı əsərləri ilə Azərbaycan teatrına musiqili komediya janrını gətirdi”.

Dahi bəstəkar 1909-cu ildə “Ər və arvad ”, 1910-cu ildə “O olmasın, bu olsun ”, “1913-cü ildə isə dünyaca məşhur “Arşın mal alan” operettalarını yazmışdır. Üzeyir bəy Hacıbəyli həm operalarına, həm də operettalarına yazdığı librettolarda sadə xalq həyatından götürülmüş hadisələri ustalıqla qələmə almışdır.

Üzeyir bəyin əsərlərinin dünya şöhrətindən bəhs edərkən təkcə onu qeyd etmək kifayətdir ki, “Arşın mal  alan ” operettası müxtəlif  xalqların  67 dilinə tərcümə edilmiş, 120 teatrın səhnəsində  oynanılmış, dörd dəfə (üç dəfə Bakıda, bir dəfə ABŞ-da) ekranlaşdırılmışdır. Bu ilin 25 oktyabrında  yaranmasının 100 illiyini qeyd edəcəyimiz “Arşın mal alan ” operettasının şöhrəti günü-gündən artaraq, Yer kürəsini dolaşmaqdadır. Dünyanın hər yerində bu uğurlu əsər tamaşaya qoyularaq həm müəllifinə, həm də xalqımıza baş ucalığı gətirir.

XX əsrin əvvəllərində qara, xəbis qüvvələr Üzeyir bəyin  əsərlərinin müvəffəqiyyətindən narahat olaraq ciddi mübarizəyə başlamışdılar. Üzeyir bəyin əsərlərində maraqlı obrazlar yaradan gözəl aktyor Mirzağa Əliyev 15 sentyabr 1945-ci il tarixliKommunist” (indikiXalq qəzeti”)  qəzetində dərc edilən xatirələrində bu barədə yazırdı: “...1909-cu ildə “Zənbur ” adlı gülgü jurnalı nəşr olunurdu. Bu məcmuə “Leyli və Məcnun ”, “Ər və arvad ”, “O olmasın, bu olsunkimi əsərlər yaratmış Üzeyir bəy Hacıbəyova bir karikatura çəkmişdi. Üzeyir bu şəkildə belə göstərilmişdi: ayağında çarıq, əynində cırıq arxalıq, əlində smıçok və sol tərəfində bir nəfər zurna tutub çalırdı. Karikatura demək istəyirdi ki, bir buna baxın, ha !.. Üzeyir bəy Hacıbəyov zurnadan not yaratmaq istəyir!. Mən arzu edirəm  elə bir qüdrətim olaydı ki, Üzeyir Hacıbəyova məcmuədə karikatura çəkənləri yarım saatlığa dirildibKoroğlu ”operasını onlara göstərəydim. Bu cənablar öz tutduqları əməllərindən, yəqin ki, çox xəcalət çəkərdilər...”

 “Zənbur”un Üzeyir bəyə olan bu hücumlarından xəbər tutan böyük mütəfəkkir, alim, publisist, ədib, pedaqoq, türk-islam millətinin təəssübkeşi Əhməd bəy Ağaoğlu  1909-cu ilin sentyabrında Türkiyədən Ü. Hacıbəyliyə göndərdiyi məktubda yazırdı: “Əzizim Üzeyir! Sən öz işinlə məşğul ol, bacardıqca millətinə xidmət et... Qoy hər nə yazacaqlar, deyəcəklər, çəkəcəklər-yazsınlar, desinlər, çəksinlər! Bir gün olar bunlar da yorularlar, usanarlar, insafa gələrlər...”

Üzeyir bəy Hacıbəyli belə ağır şəraitdə xalqımızın, millətimizin inkişafı naminə fədakar fəaliyyət göstərirdi. Yazırdı, yaradırdı. Mürtəce fikirli qüvvələr isə milli musiqimizi inkar edir, opera və operettaların səhnədən götürülməsini və tarix arxivinə atılmasını tələb edir, Avropa musiqisinə yiyələnməyi məsləhət görürdülər. 20-ci illərdə maarif naziri M. Quliyev kimilər Moskvadan Reynqold Qlieri dəvət etmişondan Azərbaycan üçün opera yazmağı xahiş etmişdilər.

Azad fikirli sənətkarlar, millətini, xalqını sevən ziyalılar bu mübahisələrdə aydın və prinsipial mövqedən çıxış edirdilər. Üzeyir bəy  neqativ fikirli bu insanlara  xitabən yazırdı ki, ictimaiyyətin tərbiyəsi üçün faciə də, dram da, komediya da, opera da, operetta da lazımdır. 1924-cü ildə “Samit” təxəllüslü  Mustafa Quliyevin Şərq operaoperetta teatrını bağlamaq haqqındakı cəfəng məruzəsinə cavab olaraq Ü. Hacıbəyli yazırdı: “1907-ci ildən bəri Azərbaycan türk opera və operettalarını bu gün vətəndaş  Samitin istədiyi kimi səhnədən qaldırmaq Azərbaycan teatrmusiqi tarixinin mühüm səhifələrini cırıb atmaq deməkdir”.

Dahi sənətkar, əvəzolunmaz  mütəfəkkir hər zaman  millətimizi geriliyə sürükləməyə çalışanlara qarşı barışmaz mövqedə durmuş, gözəl əsərlər yaratmışdır ki, bu güno əsərlər yaşayır və yaşayacaqdır. Üzeyir bəy Hacıbəyli yaradıcılığının zirvəsini təşkil edən ölməz “Koroğlu ” operası və qəlbləri vəcdə gətirən musiqisinin həmişəyaşarlığından bəhs edərək xalq yazıçısı Süleyman Rəhimov belə yazırdı: “ Tamaşaçı salona düşüncə səhnə ilə, “Koroğlu” ilə yaşayır, operanın musiqisi ürəyimizin incə tellərini tərpədir, cəngiləri sümüklərimizə düşür, iliklərimizə işləyir, biz böyük musiqi dənizinin qıjıltı ilə çağlayan dalğalarında, arabir asta-asta gülümsəyən ləpələrində dolanıb gəzirik. Koroğlubizi götürür, biz tamaşanın bitdiyini görüncə “nə yaxşı canımız qurtardı” – deyə heç də nəfəsimizi dərib sevinmirik, əksinə, tamaşa qurtarınca biz tükənməz ehtiram hissi ilə başımızı ölməz sənətkarın – Üzeyir bəyin xatirəsi qarşısında əyirik”.

Budur dahi sənətkar qüdrəti. Azərbaycan xalqının dahi oğlu Üzeyir bəy Hacıbəylinin yaratdığı əsərlər milli teatr tariximizin möhtəşəm sütunlarındandır. Bu sənət inciləri dünya səhnələrində Azərbaycan teatr ənənələrini yaşadır və onu layiqincə təmsil edir.

 

 Səadət QARABAĞLI, üzeyirbəyşünas

 

Xalq qəzeti.- 2013.- 30 iyun.- S. 7.