Azərbaycan ordusu yüksək
döyüş hazırlığına, müasir hərbi
texnika və silah sistemlərinə malikdir
Azərbaycan
Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi münasibətilə
paytaxtımız Bakı şəhərində
möhtəşəm və hamının heyranlıqla izlədiyi
hərbi parad keçirildi. Milli Ordumuzun canlı
qüvvə, texniki-hərbi təchizat kontingenti ən yüksək
səviyyədə nümayiş etdirildi. Əminliklə
deyə bilərik ki, həmin gün bütün
dünyanın, o cümlədən bədxah
qonşularımızın diqqəti Bakı şəhərinə
yönəlmişdi. Azərbaycan Ordusu öz
qüdrətini artıqlaması ilə göstərməyi
bacardı.
Təntənəli hərbi paradı Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham
Əliyev izləmişdir. Paradda Silahlı Qüvvələrin
bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrinin,
xüsusi təyinatlı təhsil müəssisələrinin,
həmçinin qanunvericilikdə nəzərdə tutulan
başqa silahlı birləşmələrin 5 min nəfərlik
şəxsi heyəti, 300-dək hərbi texnika və silah
sistemləri, 100-dən çox döyüş təyyarəsi
və vertolyot, 40-dək gəmi iştirak etmişdir. Bir sözlə Azərbaycan
bütün tarixi ərzində
belə hərbi paradın şahidi olmamışdı. Bu, düşmənə, sözün həqiqi mənasında
əzələ nümayişi və “göz dağı” vermək
demək idi. Bu, Azərbaycan
xalqının, dövlətinin dünyada sülhün və
sabitliyin qorunmasında nə qədər maraqlı
olduğundan savayı, eyni zamanda, pozulmuş
hüquqlarının qaytarılması uğrunda, yeri gələrsə,
sonacan mübarizə aparmaq iqtidarında olmasını da
açıq-aşkar sübut etdi.
Yadımızdadır, Ermənistanın müstəqilliyinin
20-ci ildönümü münasibətilə İrəvanda
keçirilən hərbi parad dünya mətbuatında
geniş müzakirəyə səbəb olmuşdu. Əlbəttə
ki, xoş sözlər bildirilmədi, əksinə, paradda əsasən
Rusiya hərbçilərinin iştirakı və meydana
çıxarılan texnikanın köhnə olması
rişxəndlə vurğulandı. Hətta,
elə erməni saytı olan “Tert.am”ın yazdığına
görə, paradı açan Ermənistanın müdafiə
naziri Seyran Ohanyanın rus əsgərlərini rus dilində
salamlaması vəziyyəti daha da qəlizləşdirmişdi.
Bu, Ermənistanın Rusiyanın forpostu olduğuna
dair söylənilən fikirlərin boş yerə
yaranmadığını bir daha üzə
çıxarmışdı.
Bu barədə
hətta məşhur “Regnum” agentliyi də öz qeydlərini
vurğulamış və Azərbaycanın bütün sahələrdə
Ermənistanla müqayisədə daha üstün hərbi parad keçirdiyini,
eləcə də daha müasir və güclü silah-sursata
malik olduğunu qeyd etmişdi. Bu gerçəklik
Bakıda təşkil olunan paradda özünü növbəti
dəfə sübut etdi.
Hərbi
qüdrətimizin bugünkü səviyyəsi, heç
şübhəsiz,
vaxtilə ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu milli ordu quruculuq siyasətinin məntiqi nəticəsidir.
Məhz müasir Azərbaycanın qurucusu Heydər
Əliyevin gərgin fəaliyyəti və prinsipial mövqeyi
nəticəsində ordumuzda güclü təşkilatlanma
aparıldı. Bu missiya İlham Əliyev
prezident seçildikdən sonra da qətiyyətlə davam
etdirildi və gördüyümüz kimi, hazırda ordumuz
öz güc-qüdrətini ən yüksək səviyyəyə
qaldıra bilmişdir.
Möhtəşəm paradda iştirak edən ölkəmizin
Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbçilər
qarşısında çıxış edərək ordu
quruculuğu barədə maraqlı fikirlər səsləndirdi. Dövlət
başçısı dedi: “ Ordu
quruculuğu bizim üçün ən başlıca, ən
prioritet məsələdir. Bu, hər bir ölkə
üçün belə olmalıdır. Çünki
hər bir ölkə özünü müdafiə etməlidir.
Xüsusilə müharibə şəraitində
yaşayan ölkələr üçün bu, çox
böyük əhəmiyyətə malik olan məsələdir”.
Ölkəmizin müharibə şəraitində
yaşamasına diqqət çəkən Prezident bildirdi ki,
müharibə hələ bitməyib. Müharibənin
birinci mərhələsi başa çatmışdır.
Bizim ordumuz hər an hazır
olmalıdır ki, öz ərazi bütövlüyünü
istənilən yolla bərpa etsin. Uzun illərdir
ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi həllini tapmır. Uzun
illərdir ki, bu ədalətsizlik davam edir. Ölkəmizin beynəlxalq birlik tərəfindən
tanınmış torpaqları işğal altındadır.
Azərbaycanlılara qarşı etnik təmizləmə
siyasəti aparılmış, xalqımıza qarşı
Xocalı soyqırımı törədilmişdir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın
mövqeyini müdafiə edir.
Əlbəttə, cənab Prezidentin fikirləri təsadüfi
deyildir. O, bu
mücadilənin Azərbaycanın haqlı mübarizəsi
olduğuna eyham vurur və ordumuzun gündən-günə qüdrətlənməsinin
səbəblərini açıqlayır. Yəni
biz soyqırımına, torpaq itkisinə, qaçqın və
məcburi köçkünlük həyatını
yaşamağa məruz qalmış xalqıq. Hərbi qüdrətimizi artırmağa bizim
dünyada bütün dövlətlərdən daha çox
haqqımız çatır. Uzun illərdir
Ermənistanın yürütdüyü
işğalçılıq siyasəti nəticəsində
biz hələ də hüququ pozulmuş, terrora, torpaqları
işğala uğramış xalq olaraq qalırıq.
Belə vəziyyət daimi ola bilməz.Əlbəttə
ki, Azərbaycan bununla barışa bilməz. Gec-tez
öz haqqını tələb edəcək. Bu günə qədər sülh prinsiplərinin bir
bəndini belə pozmayan Azərbaycan səbr etməkdədir.
Lakin bu səbrin də bir sonu var. Ermənistan
öz çirkin mövqeyindən əl çəkməsə,
şübhəsiz ki, dövlətimiz öz hərbi qüdrətini
onların üzərində sınamalı olacaq. Bu
baxımdan da hərbi paradda hər il
nümayiş etdirilən yeni silahlar, yeni artilleriya Azərbaycanın
bu işə prinsipial yanaşdığını sübut
edir və düşmən bunu əvvəl-axır dərk etməlidir.
Ali Baş Komandanın
çıxışında bu məsələyə
toxunması da gerçəkliyi əks etdirir. Ölkə
rəhbəri hərbi paraddakı nitqində dedi: “ Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan
torpağıdır. Əsrlər boyu
xalqımız bu torpaqlarda yaşamış,
yaratmışdır. Bu gün də
Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib
hissəsidir, dünya birliyi ölkəmizin ərazi
bütövlüyünü tanıyır və dəstəkləyir.
Bugünkü Ermənistan da tarixi Azərbaycan
torpaqlarında yaradılmışdır. İrəvan
xanlığı, Göyçə, Zəngəzur
mahalları bizim tarixi diyarlarımızdır. Azərbaycan dövləti və xalqı Azərbaycan
ərazisində ikinci erməni dövlətinin
yaradılmasına heç vaxt imkan verməyəcəkdir”.
Şübhəsiz ki, Prezidentin fikrini bu cür
tamamlaması Azərbaycan dövlətinin bu məsələdə
hansı dərəcədə prinsipial olduğunu bu dəfə
də bəyan etdi. Tarix də dəfələrlə
sübut etmişdir ki, getdikcə güclənən ordusu ilə
prinsipiallığı və qətiyyətliliyi bir arada olan
dövlət başçısı hər zaman qələbə
çalmışdır. Xüsusilə həmin
dövlət haqlı olanda qələbə onun
üçün bir qədər də rahat
qazanılmışdır. Çünki
burada mənəvi güc amilini də nəzərə almaq
lazımdır. Biz bir dəfə ermənilərə imkan verdik ki, ərazimizdə
dövlət yaratsınlar. Lakin onlar təşəkkür etməkdənsə,
əksinə, bizə xəyanət etdilər. Daha
20 faiz torpağımızı işğal etdilər. Artıq Azərbaycan xalqının səbri tükənməkdədir.
Gənclərin əksəriyyəti müharibə
əhval-ruhiyyəsindədir. Torpaqlarımızı
azad etmək istəyirlər. Sözsüz
ki, ölkə rəhbəri bunu görür və dəyərləndirir.
Gənclərimizin, ordumuzun nəyə qadir
olduğunu, düşmənin də hansı səviyyədə
olduğunu bilir. Lakin Prezident regionda
sülhün və sabitliyin davam etməsi üçün əlindən
gələni edir, Ermənistana Azərbaycan torpaqlarını
müharibəsiz qaytarması üçün şans verir.
Bu barədə fikrini əsaslandıran dövlət
başçısı xüsusi vurğuladı ki,
güclü Azərbaycan gücsüz Ermənistan ilə istənilən
dildə danışa bilər. Biz sadəcə
olaraq bölgədə, regionda sabitliyi qorumaq üçün
hələ ki, danışıqlar yoluna üstünlük
veririk.
Hərbi paradda nümayiş etdirilən silahlar da cənab
Prezidentin haqlı olduğunu, ölkəmizin müdafiəsinin
yaxşı təşkil edildiyini, torpaqlarımızın
azad edilməsi üçün Ali Baş Komandanın bir əmrinin
kifayət edəcəyi həqiqətini ortaya qoydu.
Vətənin
igid övladları-hələ 42 il bundan öncə
ümummilli liderimiz Heydər Əliyev tərəfindən
yaradılan və Azərbaycanın hərb tarixində
xüsusi çəkiyə malik olan Cəmşid
Naxçıvanski adına Hərbi Liseyin kursantları, quru
qoşunlarının, hərbi hava və hərbi dəniz
qüvvələrinin zabit bölükləri, Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ,
Ali Təyyarəçilik Məktəbinin, Ali Hərbi Dənizçilik
Məktəbinin kursantları tribunanın önündən
keçdilər. Sonra qorxmaz cəngavərləri xatırladan
Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli
Qvardiyasının, Milli Təhlükəsizlik Nazirliyinin,
Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə
Qoşunlarının xüsusi təyinatlıları, Hərbi
Dəniz Qüvvələrinin dəniz piyadaları, beynəlxalq
təhlükəsizliyin qorunmasında iştirak edən
sülhməramlı bölmələrimiz nizami addımlarla
keçid etdilər.
Ən maraqlı anlardan biri də hərbi -texnikanın
keçidi oldu. Belə ki, əvvəlcə meydana düşmənin
istənilən qüvvəsini məhv etmək
üçün nəzərdə tutulmuş “Gürzə”,
“Bəbir” və “ Əqrəb” xüsusi avtomobilləri daxil
oldu. Onların ardınca müxtəlif çaplı
pulemyotlarla zənginləşdirilmiş “ Land Rover” avtomobilləri,
“Kobra” şəxsi heyətin daşınmasını təmin
edən transportyorlar, ZPT, “ Storm-Sofa” markalı zirehli
maşınlar keçid etdi.
Müdafə sənayemizin son nailiyyətlərindən
olan “Şahin”, “Qaranquş” pilotsuz uçuş
aparatlarının nümayişi böyük maraq doğurdu. Sonra meydandan
müdafiə sənayemizi beynəlxalq sərgilərdə
uğurla təmsil edən və böyük maraqla
qarşılanan “Maral” və “Maral-1” zirehli döyüş
maşınları keçdi.
“Gürzə”
haubitsalarının ardınca ilk dəfə hərbi parada
“SANİ” minaatan sistemləri, eləcə də “ Cardom” tipli
özüyeriyən minatanlar, Müdafiə Sənayesi
Nazirliyinin istehsalı olan 82 millimetrlik minaatanlar daxil oldu.
Ən müasir “reaktiv yaylım atəş sistemləri,
“Sakarya” , “Qrad”-“1M”, “Leysan”, “Ekstra”, “Smerç”lər, “
Toçka-U” raket kompleksləri meydana
daxil oldu.
Daha sonra Hərbi Hava Qüvvələrinin Hava
Hücumundan Müdafiə Qoşunlarının
döyüş texnikası göründü. Maksimal vurma qabiliyyəti 35
kilometrə çatdırılan “Kaman-2T” zenit-raket kompleksi,
yüksək hündürlükdə uçan sürətli
təyyarələri, qanadlı raketləri vurmaq
üçün təyin edilmiş “ Qartal” zenit-raket
kompleksinin hədəfi məhvetmə
zonasının uzaq məsafəsi 250 kilometrdir. “BUK-1MB-569”
zenit-raket kompleksi də ilk dəfə olaraq Azadlıq
meydanında təqdim edildi. Bu kompleks
bütün növ döyüş fəaliyyətlərində,
uçan pilotlu, pilotsuz hava hücumu vasitələri,
qanadlı və ballistik raketləri məhv etmək
üçündür.
“BMP-2”
piyada döyüş maşınları, “T-72M-1” tankları,
piyadaların ən müasir və güclü
döyüş maşını “BMP-3”-lər də həmçinin,
tribunanın önündən keçdi. Böyük maraqla
qarşılanan hərbi-texnikalardan biri də ağır
artilleriyaya məxsus “Qvozdika” və “Akasiya” özüyeriyən
haubitsalarının və keçmiş SSRİ məkanında
ən nəhəng uzaqvuran və strateji təyinatlı silah
olaraq tanınan “Pion” toplarının keçidi oldu.
Hərbi Dəniz Qüvvələrinə məxsus 40-dək
gəmi hərbi reyddə sıralanaraq paradın möhtəşəmliyinə
daha bir rəng qatdı.
Sonda
Azadlıq meydanı üzərində Hərbi Hava Qüvvələri
döyüş təyyarələrinin və vertolyotlarının
uçuşu paraddakı coşqunu bir az
da artırdı. “SU-25", “MİQ-29”
hücumçu-bombardmançı təyyarələr,
“Mİ-17”, “Mİ-24”, “Mİ-35M” döyüş-hücum
vertolyotları da Azadlıq meydanı üzərindən
keçdi.
Ən
yaddaqalan isə, şübhəsiz ki, milli şahinlərimizin
idarə etdiyi “SU-25” təyyarələrinin səmada Azərbaycan
bayrağının üzərindəki üç rəngin
təsvirini yaratması oldu.
Milli Ordumuzun möhtəşəm paradı cəmiyyətdə
böyük əks-səda doğurdu. Ölkəsini dərindən
sevən bütün vətəndaşlar bu məsələdə
birmənalı mövqe nümayiş etdirdilər. Azərbaycan cəmiyyəti, xalqımız bu paradla
növbəti dəfə özünün gələcək qələbəsinə
inamını təmin etdi. Hərbi paradla
bağlı bir sıra tanınmış
ziyalılarımız, millət vəkillərimiz fikirlərini
bizimlə bölüşdülər.
Xalq
şairi Zəlimxan Yaqub:
– Ordumuzun
inkişafı xalqımızın tərəqqisidir. Milli Ordumuz hazırda dünyanın
sayılıb-seçilən orduları arasında yer
alıb. Mən
bu parada baxanda gördüm ki, əvvəlki paradlarla indiki
paradın arasında böyük fərq vardır. Bu fərq həm hərbi-texniki təchizatda, həm
nizam intizamda hiss olunurdu. Mən inanıram ki, bu ordu
torpağımızı düşməndə əsla
qoymayacaqdır. Cənab Prezident, Ali Baş Komandan İlham
Əliyev və Milli Ordu birləşib torpaqlarımızı
düşməndən azad edəcəklər. Bütün
bu uğurlar ulu öndər Heydər Əliyevin milli quruculuq
siyasətinin nəticəsidir. Bu ordu Heydər
Əliyevin arzularının nəticəsidir. Onun davamıdır.O, həmişə güclü
ordumuzun olmasını istəyirdi buna
çalışırdı. İndiki bu
mobil güclü ordumuz Prezident İlham Əliyevin
başçılıq etdiyi Azərbaycan Ordusu məhz həmin
arzu və istəklərin, planların məntiqi nəticəsidir.
Əminəm ki, Heydər Əliyevin
arzularının davamı kimi bu ordu torpaqlarımızın
azad edilməsi yolunda əlindən gələni əsirgəməyəcək.
Qoy Milli Ordumuz var olsun. Xalqımıza,
millətimizə Ulu Tanrı yar olsun.
Milli Məclisin
deputatı Zahid Oruc:
– Şübhəsiz ki, Milli Ordumuz texnoloji cəhətdən
modernləşibdir. Bu, millətin müstəqil dövlət
yaratmaq istəklərinə, keyfiyyətli əskər və
zabit yetişdirəcəyinə bir növ cavabdır. Milli Ordumuz özünün çox yüksək səviyyəsinə
gəlib çatmışdır. Biz bu
prosesi davam etdirməliyik. Həm ərazi
bütövlüyümüzü təmin etmək, həm də
düşmənə öz gücümüzü
nümayiş etdirmək üçün vacibdir. Azərbaycanın əsas
hədəfi həm də Ermənistanı hərbi meydanda tək
qoymaq, bundan sonra münaqişəni sülh yolu ilə həllinə
nail olmaqdır. Təbii ki, zərurət
yarandıqda düşməni bu gücün köməyi ilə
yerində oturdulacaqdır. Mən inanıram ki, biz bu
uğurlara Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə
nail olacağıq.
Milli Məclisin
deputatı Qənirə Paşayeva:
“26 İyun – Silahlı Qüvvələr
Günümüz Ordu Günümüzdür! Həmin
gün həqiqətən möhtəşəm hərbi parad
oldu. Dostlara da, düşmənlərə
də ölkəmizin artan gücünü bir daha göstərdi,
sözün həqiqi mənasında. Həyacansız və
sevincsiz izləmək qeyri-mümkün idi bu mənzərəni. Ordumuzun bayramı millətimizin bayramıdır.
Dünyanın hər yerində yaşayan insanımızı
Ali Baş Komandan İlham Əliyev başda olmaqla təbrik
edirəm! Silahlı Qüvvələrdə xidmət edən
bütün qardaş-bacılarımızı təbrik edirəm!
Əminən ki, bu ordu bizə gələn bayramlarımızı
işğaldan azad edəcəyimiz gözəl Dağlıq
Qarabağımızda, Xankəndində, Xocalıda,
Şuşada bəxş edəcəkdir. Bu hərbi parad əsl
bayrama çevrildi. Bu bayram münasibəti
ilə xalqımızın hər bir üzvünü təbrik
edirəm.
Azərbaycan
Silahlı Qüvvələrinin 95 illiyinə həsr
olunmuş təntənəli hərbi paradı izlədikdən
sonra insanda belə bir qəti inam yaranır ki, bu cür
güclü ordusu olan dövlətin işğal altında
torpağı qalmamalıdır. Və inanırıq ki,
qüdrətli Azərbaycan Ordusu öz sözünü deyəcək,
son qarışına qədər bütün torpaqlarımızı
düşməndən azad edəcəkdir.
Anar TURAN
Xalq qəzeti.-
2013.- 29 iyun.- S. 3.