“Ozümüzü
narkomaniyadan qoruyaq”
adlı aksiya keçirilmişdir
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş “Ozümüzü narkomaniyadan qoruyaq” adlı küçə aksiyası keçirilmişdir.
Aksiya zamanı Sahil bağında və şəhərin müxtəlif yerlərində əhali arasında narkomaniyanın fəsadlarından bəhs edən 500-dən çox buklet və broşürlər Bakı şəhər ictimaiyyətinə paylanmış, onlara tədbirin məqsədi barədə məlumat verilmişdir.
Ölkə başçısının sərəncamı ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram təsdiq edilib. Narkomaniya ilə mübarizə istiqamətində də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi çoxsaylı tədbirlər həyata keçirir.
Onu da qeyd edək ki, rəsmi statistikaya görə, artım hər il təxminən 1000 nəfər təşkil edir. Statistik məlumatlarda ölkədə 27 min nəfərə yaxın narkoman olduğu bildirilir. Bu rəqəm 2010-cu ildə 25 min 489 nəfər təşkil edib. Təəssüfedici hal odur ki, narkomaniya gəncləşməkdədir.
Leyla QURBANOVA
Xalq qəzeti.- 2013.- 29 iyun.- S. 4.