Azərbaycanda
tikinti-abadlıq işlərinin miqyası genişlənir
Bu gün Azərbaycan dünyanın diqqət mərkəzindədir: son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız sürətlə inkişaf etmiş və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilmişdir. Hazırda əldə etdiyi nailiyyətlərə görə Cənubi Qafqazın lider dövləti hesab olunur.
Bütün bunlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında, eləcə də jurnallarda təqdir olunur, respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır. Məsələn, ABŞ-ın nüfuzlu Forbes.com saytında Azərbaycan Prezidentinin rəhbərliyi altında ölkəmizdə dünya standartları səviyyəsində gedən tikinti-quruculuq işlərinə geniş yer verilib. “Bakı: 1500 yaşı olan ləl daşı inkişaf etmiş infrastrukturu, innovativ texnologiyaları və müxtəlif müəssisələri ilə bərq vurur” sərlövhəli məqalə-reportajın müəllifi, “Wall Times” qəzetinin nüfuzlu eksperti Hilları Kreymer bildirir: “Əsaslı geniş infrastruktur, texnoloji inkişaf və yeniliklər son dörd ildə Azərbaycan Prezidenti İlham Əliyevin neft kapitalını böyük məharətlə insan kapitalına çevirə bilməsi sayəsində mümkün olmuşdur”.
Türkiyə Cümhuriyyətinin nüfuzlu “Ekovitrin” jurnalı Azərbaycan Prezidentinin rəhbərliyi altında iqtisadi inkişafın dayanıqlığından, neft kapitalının insan kapitalına uğurlu sərfindən, ölkədə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri və demokratik mühitdən söhbət açaraq, xalqımızın ürəyindən keçən bir istəyi də türkiyəli oxuculara çatdırır: Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirirlər. Növbəti dəfə Azərbaycan prezidentliyinə namizədliyini irəli sürməyə hazırlaşan İlham Əliyevi hamılıqla dəstəkləmək qərarındadırlar.
Azərbaycanın sosial-iqtisadi uğurlarından bəhs edərkən tikinti sektorunda nəzərə çarpan müsbət dinamikanı xüsusi vurğulamaq olar. Xatırladaq ki, cari ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 milyard 762,6 milyon manat vəsait yönəldilmiş, onun 64,5 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 27,4 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitinin həcmi isə 42,5 faiz artmışdır.
Dövlət mülkiyyətli təşkilatlar əsas kapitala 3 milyard 495,4 milyon manat, qeyri-dövlət müəssisələri isə 2 milyard 267,2 milyon manat vəsait sərf etmişlər.
Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5,8 milyard manat məbləğində vəsait yönəldilib, 3,7 milyard manat məbləğində tikinti-quraşdırma işləri görülüb.
Dövlət Statistika Komitəsindən məlumata görə, investisiya qoyuluşu 2012-ci ilin müvafiq dövrünə nisbətən 27,4 faiz, tikinti-quraşdırma işlərinə sərf olunmuş vəsaitin həcmi isə 42,5 faiz artıb. Əsas kapitala yönəldilmiş vəsaitin 4,2 milyard manatını və ya 73,4 faizini daxili investisiyalar təşkil edib və ötən ilki səviyyədən 22,3 faiz , xarici investisiya isə 44,1 faiz yüksək olub.
Yanvar-may aylarında ümumi sahəsi 664,4 min kvadratmetr yaşayış evləri, 2 818 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 130 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisəsi, 457 yerlik məktəbəqədər təhsil müəssisələri, 724 yerlik klub, Bakıda “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyi, Heydər Əliyev Beynəlxalq Aeroportunda anqar kompleksi və Beynəlxalq Logistika Mərkəzi, Sumqayıt şəhərində “Gilan” tekstil parkı, Abşeron rayonunda “Milla” süd məhsulları və dondurma istehsalı zavodu, birdəfəlik plastik qablar və priforminqlər istehsalı zavodu, Buzovna-Mərdəkan-Qala avtomobil yolu, Qobustan rayonunda İdman kompleksi, Qəbələ rayonunda Mədəniyyət Mərkəzi, Atıcılıq Klubunun birinci mərhələsi, heyvandarlıq-südçülük kompleksi, “Aspi Winery” üzüm emalı zavodu, Hacıqabul rayonunda seramik plitələr zavodu və digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istifadəyə verilib.
Cari ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 7,019 milyon manat vəsaitin 2 474,7 milyon manatından istifadə olunub.
Qeyd edək ki, son vaxtlar yol-nəqliyyat strukturunun müasir tələblərə uyğun yenidən qurulması da diqqət mərkəzində saxlanılır. Hansı bölgəyə, şəhər və qəsəbəyə yol çəkilirsə, həmin ərazidə yeni infrastruktur yaradılır, investisiya cəlb olunur, bir sözlə, bu bölgədə həyat sözün əsl mənasında canlanır. Nahaq yerə demirlər ki, müasir yol dövlətin iqtisadi qüdrətini nümayiş etdirməklə yanaşı, həm də həyatın başlanğıcıdır.
Pzezident İlham Əliyev demişdir ki, Dövlət İnvestisiya Proqramında magistral yolların çəkilişinin davamı və yeni yolların çəkilişinin başlanması vardır. Biz son illər ərzində bu sahədə də çox işlər görmüşük, magistral yollarımızı böyük dərəcədə bərpa edə bilmişik və yeni yollar salınıbdır. İndi bütün magistral yollarda işlər gedir və bu işlər artıq tamamlanır. Bununla bərabər, şəhərlərarası yolların çəkilişi də gedir. Bu sahəyə də bu il vəsait qoyulacaqdır. Biz artıq bir neçə ildir ki, kənd yollarının çəkilişi ilə çox ciddi məşğul olmağa başlamışıq. Bütün rayonlarda bu layihələr icra edilir. Bu layihələrin icrası rayonlardan gəlmiş sifarişlər, əhalidən gələn müraciətlər əsasında təşkil edilibdir. İlk növbədə, biz çalışmışıq ki, əhalinin ən çox məskunlaşdığı kəndlərimizi yeni yollarla təmin edək. Kəndlərarası yolların çəkilişi geniş vüsət almışdır. Keçən il bu məqsədlər üçün həm dövlət büdcəsindən, həm Prezidentin Ehtiyat Fondundan yüz milyon manatdan artıq vəsait ayrılmışdır. Bu il də bu məbləğ ondan az olmamalıdır. Çalışmalıyıq ki, yaxın illərdə bütün kənd yollarını tikək...
Hazırda Bakı şəhərində yol şəbəkələri və küçə kəsişmələrində müxtəlif səviyyəli yol qovşaqlarının tikintisi, avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və yenidən qurulması, qəsəbə və kənd ərazilər də daxil olmaqla yolların, prospektlərin və küçələrin asfaltlaşdırılması, ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının reabilitasiyası və yenidən qurulması, yerli əhəmiyyətli yolların tikintisi, əsaslı təmiri, yeni körpülərin tikintisi üzrə layihələr həyata keçirilir.
Onu da qeyd edək ki, cari ilin yanvar-may aylarında inşaat bölməsində çalışmış işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz artaraq, 94,6 min nəfər olmuşdur.
Tikinti sektorunda çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,7 faiz artaraq 592, 3 manat təşkil etmişdir. Mülki təyinatlı inşaat bölməsində isə fəaliyyət göstərən işçilərin əmək haqları 21,5 faiz, ixtisaslaşdırılmış tikinti işlərində 6,6 faiz, binaların tikintisində isə 1,2 faiz artmışdır.
Yer gəlmişkən, tikinti işləri respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter almışdır. Belə ki, mühüm nəqliyyat və kommunikasiya xarakterli inşaat layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Bizim düşünülmüş siyasətimiz, eyni zamanda, planlı addımlarımız məhz ona hesablanıb ki, bütün infrastruktur layihələri bu ilin sonuna qədər başa çatsın. Bu layihələrin bəziləri əvvəlki illərdə, bəziləri keçən il başlanmışdır. Ancaq bu layihələrin icra edilməsi nəticəsində biz bütün infrastrukturumuzu yeniləşdirəcəyik. Çünki bizim infrastruktur layihələrimizin yaradılması sovet dövründən başlamışdır. Onların bir hissəsi köhnəlmiş, bir hissəsi sıradan çıxmışdır. Həyat yerində durmur, indi yeni texnologiyalar vardır, yeni ixtiralar üzə çıxıbdır. Biz elə etməliyik ki, gələn ildən başlayaraq bizim infrastruktur sahəsində heç bir çatışmazlıq olmasın...”
Prezident İlham Əliyev qeyd etmişdir ki, bu cür layihələr həm ölkəmizin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır, həm insanların daha rahat infrastrukturla təmin olunmasına səbəb olur, həm də Azərbaycanın regionda gücünü artırır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 29 iyun.- S. 6.