Elektron-hökumət
infrastrukturu genişlənir
İnformasiya texnologiyaları artıq cəmiyyətin inkişafında mühüm amilə çevrilmişdir.Ulu öndər Heydər Əliyevin fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu gün ölkəmizdə uğurla həyata keçirilir.
Respublikamızda elektron xidmətin tətbiqi sahəsində qazanılan uğurlar bunu bir daha təsdiq edir. Bu gün Avropa Birliyi ölkələrində vətəndaş cəmiyyətinə və biznes sektoruna göstərilən 20 əsas elektron xidmət növünün əksəriyyəti Azərbaycanda da tətbiq edilməkdədir. Artıq ölkəmizdə sahibkarlıq fəaliyyəti onlayn qeydiyyata alınır, elektron vergi və gömrük bəyənnamələr təqdim edir, daşınmaz əmlakla bağlı sənədlərin, müxtəlif fəaliyyət növlərinə lisenziyaların, icazələrin verilməsi, pensiya və ünvanlı sosial yardımların təyinatı, telefon çəkilişi və internetə qoşulmaq üçün müraciətlərin və tələb olunan sənədlərin qəbulu elektron formada həyata keçirilir və bu say sürətlə artır.
Rabitə və İnformasiya Texnolologiyaları Nazirliyi tərəfindən bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi, nömrə resurslarının ayrılması, radiorabitə vasitələrinin qeydiyyatı, elektron imzanın verilməsi, internetə qoşulma, telefon çəkilişi, nömrənin dəyişdirilməsi və digər xidmətlərin elektron formada həyata keçirilməsi təmin edilmişdir.
2008-ci ildə yeni “Silverkey” şirkəti tərəfindən Azərbaycanda ilk onlayn ödəmə sistemi - “GoldenPay” yaradılaraq istifadəyə verilmiş və bu, ölkədə elektron ticarətin təşkili istiqamətində mühüm addım olmuşdur.
Elektron imza xidmətindən istifadə məqsədilə müraciət edən dövlət hakimiyyəti orqanlarına, hüquqi və fiziki şəxslərə ümumilikdə 11928 elektron imza verilmişdir.
Dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin aparılması və onların elektron xidmətlərinin “bir pəncərə” prinsipi əsasında göstərilməsi məqsədilə “elektron hökumət” portalı yaradılaraq 2012-ci ilin aprelindən əhalinin istifadəsinə verilmişdir. “Elektron hökumət” portalına qoşulan dövlət orqanlarının sayı 40-a çatdırılmış və portal vasitəsilə 215 elektron xidmətin göstərilməsi təmin edilmişdir.
Ölkədə elektron imzanın istifadəsi üzrə Açıq Açar İnfrastrukturu qurulmuş və Milli Sertifikat Xidmətləri Mərkəzi yaradılaraq 2011 -ci ilin sentyabrından işə salınmışdır.
Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrləri yaradılmışdır. Bütün bunlar təkcə elektron-hökumət portalının yaradılıb inkişaf etdirilməsi ilə mümkün olmuşdur. Gələcəkdə də ölkədə bu sahədə işlər davam etdiriləcək.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2013.- 29 iyun.- S. 7.