AZƏRBAYCAN
dünyanın ən xoşbəxt 10 ölkəsindən biridir
Azərbaycanın beynəlxalq aləmdəki reytinq göstəricilərinin getdikcə yaxşılaşması ölkəmizdə iqtisadi və siyasi islahatların düzgün həyata keçirilməsini göstərir. Müstəqil dövlətimizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı getdikcə artır. İndi respublikamıza beynəlxalq aləmdə böyük dəstək var. Bu da ölkəmizə olan etimadın nəticəsidir. İki il əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərkən də biz bunun şahidi olduq. Onu da qeyd edək ki, respublikamızın belə nüfuzlu bir quruma qeyri-daimi üzv seçilməsi ölkəmizin müstəqillik tarixində çox böyük uğur hesab olunur. Dünyanın 155 dövlətinin Azərbaycanı dəstəkləməsi ölkəmizə olan inamın, etimadın göstəricisidir. Bu ondan xəbər verir ki, biz müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik və Azərbaycanın etibarlı tərəfdaş olması bu illər ərzində öz təsdiqini tapıb. Ölkəmizlə əməkdaşlıq etmək istəyənlərin sayının artması uğurla həyata keçirilən siyasətimizin təntənəsi və dövlətimizin qələbəsidir.
Son illər bir sıra beynəlxalq təşkilatların apardıqları rəy sorğularında da Azərbaycanın reytinqinin sürətlə artması öz təsdiqini tapıb. Bu günlərdə daha bir rəy sorğusunun nəticəsinə görə ölkəmizin adı dünyanın inkişaf etmiş dövlətləri sırasında çəkilib. “Gallup İnternational” təşkilatının ənənəvi olaraq keçirdiyi “Qlobal sevinc və kədər barometri” sorğusu zamanı Azərbaycan dünyanın ən xoşbəxt 10 ölkəsi arasında yer alıb. Builki sorğuda 54 ölkədən 60 min insan iştirak edib və onlar özlərini ölkələrində nə dərəcədə xoşbəxt hiss etmələri ilə bağlı sualları cavablandırıb. Alınan cavablar qlobal xoşbəxtlik indeksinin hesablanmasında istifadə olunub.
Azərbaycanla yanaşı onluğa düşən ölkələr arasında Latın Amerikası ölkələri, Finlandiya və İsveçrə də var. Qonşu Rusiya bu il siyahıda 33-cü, Almaniya 37-ci, Fransa 36-cı, Amerika isə 34-cü yerdə qərarlaşıb.
Bu il dünyanın ən bədbəxt ölkələri arasında Livan (49), Fələstin (11) və Rumıniya (10) yer alıb. Qeyd edək ki, Rumıniyada ötən il də analoji nəticələr qeydə alınıb.
Azərbaycan adının dünyanın ən xoşbəxt 10 ölkəsi arasında yer alması təsadüfi deyil.Bu bir fakdır ki, ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu, birmənalı olaraq özünü təsdiqləyib. Artıq 2014-cü ildə ATƏT Parlament Assambleyasının ilk yay sessiyasının Azərbaycanda keçirilməsi haqqında təşkilatın Daimi Komitəsində qərar qəbul olunub. Bu, Azərbaycanın beynəlxalq aləmdə qazandığı çox böyük uğurların davamıdır. Belə mötəbər tədbirlərin Azərbaycanda yüksək səviyyədə keçiriləcəyinə böyük inam var. Çünki nüfuzlu təşkilatlar ölkəmizin beynəlxalq tədbirlərə necə yüksək səviyyədə ev sahibliyi etdiyinin dəfələrlə şahidi olub.
İqtisadi tərəqqinin dayanıqlı xarakter aldığı respublikamızda sosial rifah göstəriciləri də artmaqda davam edir. Təkcə onu qeyd etmək kifayətdir ki, ölkəmizdə orta pensiya məbləği 190 ABŞ dollarınadək, orta aylıq əmək haqqı isə 460 dollaradək yüksəlmişdir. Son 9 ildə yeni yaradılan iş yerlərinin sayı bir milyonu ötmüş, hətta inkişaf etmiş ölkələrdə işsizliyin artdığı bir vaxtda respublikamızda işsizlik səviyyəsi 5,4 faizə enmişdir. Onu da qeyd edək ki, insanları ən çox narahat edən işsizlik problemi idi. Hamımızın xatirindədir ki, gənclərimiz iş dalınca Rusiyanın müxtəlif ölkələrinə üz tuturdular. İndi isə əksinədir. Xarici ölkə vətəndaşları işləmək üçün Azərbaycana gəlirlər. Son illər ölkəmizdə dünya standartlarına cavab verən çoxlu sayda istehsal və sənaye müəssisələri yaradılıb.
Bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkələr sırasındadır. Respublikamız öz müstəqilliyini bərpa etdiyi 22 il ərzində iqtisadiyyatın 3 dəfə, dövlət büdcəsinin 20 dəfə artımına nail olub. Hazırda 50 milyard ABŞ dolları həcmində strateji valyuta ehtiyatına malikik. Azərbaycanın hərtərəfli inkişafı, ölkədə gedən quruculuq və abadlıq işləri dünya səviyyəsində qəbul edilir. Son illər beynəlxalq maliyyə institutları və ən nüfuzlu agentliklər tərəfindən hazırlanan reytinq cədvəllərində və hesabatlarda Azərbaycanın adı davamlı islahatları sürətləndirən ölkələr sırasında yer alıb. Azərbaycanın beynəlxalq aləmdəki reytinq göstəricilərinin getdikcə yaxşılaşdığını düzgün müəyyənləşdirilmiş strategiya və həyata keçirilən sistemli islahatlarla əlqələndirən dövlətimizin başçısı İlham Əliyev demişdir: “Bizim iqtisadi siyasətlə bağlı planlarımız bax bundan ibarətdir. Biz bu siyasəti uzun illərdir ki, aparırıq, iqtisadi islahatları davam etdiririk. Bu islahatların davam etdirilməsi prosesi hələ getməlidir. Çünki xüsusilə sistem xarakterli islahatlara böyük ehtiyac vardır. Azərbaycan beynəlxalq iqtisadi inkişafla bağlı reytinqlərdə həmişə yüksək yerlər tutur. Dünya İqtisadi Forumu, Davos İqtisadi Forumu iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı MDB məkanında birinci yerə layiq görür. “Standard and Poor” beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini artırıb, halbuki inkişaf etmiş Avropa ölkələrinin kredit reytinqləri aşağı salınıb. Hazırda regional güc mərkəzi kimi Cənubi Qafqaz iqtisadiyyatında 80 faizdən artıq paya malik olan ölkəmizdə modern islahatlar, müasir texnologiyaların tətbiqi prosesi geniş vüsət almışdır. İqtisadiyyatın şaxələndirilməsi, irimiqyaslı infrastruktur layihələrinin icrası, özəl sektorun genişlənməsi, regionların inkişafı sahəsində mühüm uğurlar əldə edilmişdir. Nüfuzlu “Standard and Poors” beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatının mövcud durumunu “Stabil”dən “Pozitiv”ə yüksəltmişdir".
Ölkəmizdə son on ildə əldə edilən nailiyyətlər beynəlxalq birliklərin diqqətindən yayınmayıb. Ona görə də ənənəvi olaraq beynəlxalq aləmdə keçirilən rəy sorğularında Azərbaycanın adı ön sıralarda yer alır. Dünya Bankının Azərbaycanı bir nömrəli islahatçı elan etməsi də həyata keçirilən düşünülmüş siyasətin nəticəsi idi. Dünya Bankı ilə Beynəlxalq Maliyyə Korporasiyasının dünya ölkələrində biznes mühitinə dair “Doing Business - 2009" hesabatında Azərbaycan dünyanın 181 ölkəsi arasında 1 nömrəli islahatçı ölkə elan edilib. Göründüyü kimi, respublikamız MDB ölkələrini və Avropanın bir neçə inkişaf etmiş ölkəsini geridə qoyub. Reytinq cədvəli müəyyənləşdirilərkən iqtisadi inkişafın regional baxımdan tarazlığının təmin edilməsi, rayonlarda vətəndaşların sosial rifahı və həyat səviyyəsinin daha da yüksəldilməsi, ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun dinamik inkişafına yönəlmiş tədbirlərin ardıcıl və əlaqəli şəkildə həyata keçirilməsi faktoru əsas amillərdən hesab olunub.
Dünyanın nüfuzlu maliyyə və reytinq təşkilatları Azərbaycanın sürətli iqtisadi inkişafını, ölkədə bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olduğunu, liberal iqtisadiyyat qurulduğunu xüsusi qeyd edirlər. Təsadüfi deyil ki, Azərbaycan nüfuzlu maliyyə və reytinq təşkilatlarının hesabatlarında ilk yerlərdən birini tutur.
Bir neçə il əvvəl BMT İnkişaf Proqramının İnsan İnkişafı Hesabatında da ölkəmizin adı inkişaf etmiş dövlətlər sırasında yer almışdı. Hesabata əsasən, Azərbaycan “Orta insan inkişafı” qrupundan “Yüksək insan inkişafı” qrupuna yüksəlmişdir. Hesabatın əhatə etdiyi 169 ölkə arasında son 5 ildə Azərbaycan ən sürətli irəliləyişə nail olan dövlət olmuşdur. Azərbaycan “Orta insan inkişafı” qrupu ölkələrini tərk edərək Braziliya, Türkiyə və Malayziya kimi “Yüksək insan inkişafı” ölkələri kateqoriyasına daxil olmuşdur.
Dünya İqtisadi Forumunun qənaətinə görə, ölkəmiz informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə MDB məkanında 1-ci yerdə olmuşdur. Biz bunun nəticəsini bu ilin fevralında gördük. Həmin gün Azərbaycanın ilk milli “Azərspace-1" telekommunikasiya peyki orbitə buraxıldı. Bu əlamətdar hadisə dünyanın hər tərəfindən izlənilmişdir.Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması respublikamızın iqtisadiyyatının son illər əhəmiyyətli dərəcədə güclənməsinin göstəricisidir. Süni peykin orbitə çıxarılması müstəqillik tariximizin əlamətdar hadisəsi sayılmalıdır. Bununla ölkəmiz hərtərəfli inkişafının yeni hüdudlarını ortaya qoymuş oldu. Son illər şahidi olduğumuz iqtisadi dinamika, modernləşmə, yüksəliş meyillərinin nəticə etibarilə Azərbaycanın kosmik ölkələr sırasına qoşulmasına gətirib çıxarması tamamilə gözlənilən idi. Bununla da Azərbaycanın müasir, inkişaf etmiş, ən yeni və qabaqcıl texnologiyalara yiyələnən ölkə kimi imici daha da möhkəmləndi.
Beynəlxalq aləmdə keçirilən rəy sorğularının nəticələrinə görə Azərbaycanın MDB ölkələrini və Avropanın inkişaf etmiş bir sıra dövlətlərini geridə qoyması dünyanın aparıcı kütləvi informasiya vasitələrində də öz əksini tapıb. Dünyanın bir çox nüfuzlu kütləvi informasiya vasitələri ölkəmizin bütün sahələr üzrə qazandığı nailiyyətləri dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən düzgün müəyyənləşdirilmiş strategiya ilə əlqələndirirlər. Təbii ki, belə də olmalıdır. Möhtərəm Prezidentimizin ölkəyə rəhbərlik etdiyi müddətdə əldə olunan nailiyyətlər müstəqillik tariximizə əbədi həkk olunub. Nüfuzlu “The Business Year” jurnalının Azərbaycana həsr olunmuş “The Business Year-Azerbaijan 2011” adlı xüsusi buraxılışında da bu məsələ xüsusi olaraq diqqətə çatdırılmış, Azərbaycanın ötən illərdə qazandığı sosial-iqtisadi göstəricilər önə çəkilmiş və ölkəmiz “İlin dövləti” elan edilmişdir. Bir il sonra isə Böyük Britaniyanın nüfuzlu “The Times” qəzeti 2012-ci ildə dünyanın ən məşhur və nüfuzlu 100 nəfərinin siyahısını hazırlayıb və Azərbaycan Prezidentini 2012-ci ilin ən nüfuzlu şəxslərinin siyahısına daxil edib. Bu fakt Prezident İlham Əliyevin nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda da peşəkar siyasətçi, qətiyyətli dövlət başçısı və tanınmış dövlət xadimi kimi qəbul olunmasından xəbər verir.
Ölkəmizə rəsmi səfərə gələn dövlət başçıları, həmçinin tanınmış ictimai - siyasi xadimlər, diplomatlar sürətli inkişafı yüksək qiymətləndirir, Azərbaycanla əməkdaşlığı zəruri hesab edirlər. Bu baxımdan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti J.K.Minyonun ölkəmiz haqqındakı fikirlərini diqqətə çatdırmağı vacib hesab edirik. O, Azərbaycandakı inkişafı gördükdən sonra deyib: “Hazırda Azərbaycanda elə bir inkişaf var ki, bunu görməmək mümkün deyil. Heç kim Azərbaycanda baş verən bu dəyişiklikləri inkar edə bilməz. Bu gün bizim Azərbaycanda gördüyümüz odur ki, kifayət qədər addımlar atılıb, məsələn, işsizlik 50 faizdən 6 faizə endirilib. Bu kifayət qədər mütərəqqi addımdır və beynəlxalq səviyyədə də özünü göstərir. Eyni zamanda, biz onu da xüsusilə vurğulamalıyıq ki, Azərbaycan bu regionda güclü strateji əhəmiyyətə malikdir və bu, bizim üçün vacib məsələdir”.
Ölkəmizdə uğurla həyata keçirilən strategiya Azərbaycanın beynəlxalq aləmdəki reytinq göstəricilərini ildən-ilə yaxşılaşdırır. “Gallup İnternational” təşkilatının ənənəvi olaraq keçirdiyi rəy sorğusunun nəticəsi də bunu təsdiqləyir.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2013.- 30 iyun.- S. 1.