Avropanın “Axilles dabanı”

 

(əvvəli qəzetin 22 iyun tarixli sayında)

 

Avropanın humanist qanunlarına görə, hətta ana bətnindəki uşağın da cəmiyyətin bir üzvü  kimi vətəndaş hüquqları vardır. Ancaq eynicinsli “ailə” bir ana bətnindən doğulan, fəqət hələ heç bir iradəsi olmayan bir körpəni - vətəndaşı  övladlığa  götürür ,  süni ata və süni ana bu körpənin gələcək taleyini müəyyən edir. Axı, bu körpə – klon deyil, İnsandır və onun da insan-vətəndaş hüquqları var!  Hələ nələrin baş verdiyini anlamayan bir körpənin – vətəndaşın aqibətini homoseksual cütlüklərin kaprizlərinə uyğun şəkildə müəyyən etmək hüququnu mənimsəməkdə dövlət nə qədər haqlıdır?   Bəs hanı mükəmməl Avropa qanunlarındakı mükəmməl “İnsan haqları”?! Bəs belə ailələrə verilən uşaqların İnsan haqları yoxdurmu və Avropada bu haqları qorumaq mümkün olmadımı?!  Belə “ailələrə” övladlığa verilən uşaqların hansı ağlasığmaz psixoloji zədələrə məruz qalacağını əvvəlcədən təsəvvür etmək heç də çətin deyil.

Digər ehtimallarla yanaşı,  bu övladların  həddi-buluğa çatanda himayəsində olduğu “ailəyə” nifrət edəcəklərini, bəlkə də belə bir “ailənin” rəsmən mövcud olmasına fürsət verən cəmiyyətdən ikrahla üz döndərəcəklərini də istisna etmək olmaz. Belə olduqda bu cür psixoloji zədələrin qurbanı olan vətəndaşın cəmiyyətdə hansı addımları atacağını  kim proqnozlaşdıra bilər. Bu Avropada yeni “Anders Breyvik”lərin sayını artırmayacaqmı? Avropa üçün ən faciəlisi isə odur ki, bu uşaqlar  da böyüyəndə eynicinsli “ailə” praktikasını qəbul edib,  homoseksual  ailənin  “ata” və ya “ana” tituluna sahib olmaq istəsin və onlar da  öz növbəsində  məsum bir körpəni övladlığa götürsün və  onu da  özləri  kimi əxlaqsızlıq qəfəsinə salsın.

Bu cür doğub-törəməyən “ailələrin” hər dəfə bir körpəni “udması”  Avropa cəmiyyətini hansı sonsuzluğa sürükləyir? Bu azmış kimi, məsələyə yanaşmada fərqli mövqeyə malik olan Avropa dövlətlərinə Avropa İttifaqı tərəfindən təzyiqlər də edilir. Məsələn,  Konstitusiyasında ailənin yalnız  kişi ilə qadının ittifaqı əsasında yaranan bir təsisat olduğunu təsbit etmiş Macarıstandan öz Konstitusiyasına müvafiq dəyişikliklər etməsi və eynicinslilərin yaratdığı “ittifaqın” da məhz “ailə” kimi tanınması tələb olunur. Haqlı olaraq belə bir dəyişikliyi etməkdən çəkinən Macarıstan hökümətinə qarşı insan haqlarının pozulması iddiaları  irəli sürülür. Görəsən, həmişə yüksək standartlarla qavranılan Avropa dəyərləri nə üçün bu qədər aşınır, deqradasiyaya uğrayır, dəyərsizlik durumuna yuvarlanır?

Belə bir vəziyyətdə - mənəviyyatından siyasətinə qədər ciddi problemlər yaşanılan, öz dəyərlərini çürüdə-çürüdə, onunla siyasi alver edən Qərb sivilizasiyası qeyri-Qərb sivilizasiyaları üzərində “üstünlüyünü” əvvəlki kimi sürdürə bilməyəcək. Çünki hər cür iqtisadi böhranlar, maliyyə böhranları, hətta siyasi böhranlar konkret bir şəraitdə mövcud olub qısa bir zamanda  aradan qaldırıla bilər. Tarixdə belə hallar dəfələrlə olub. Cəmiyyətdə mənəvi böhranların aradan qaldırılması isə daha çətin və daha uzun zaman tələb edən və eyni zamanda daha böyük itkilərlə müşayiət olunan bir prosesdir. Bunun da presedentləri tarixdə kifayət qədər olmuşdur.

Məhz kütləvi mənəvi deqradasiya cəmiyyətin “Axilles dabanını” xatırladır. Nədən həmişə öz təhlükəsizliyi üstündə əsən Qərb və onun Avropa “nüvəsi”  indi ən həssas bir məsələdə -   mənəviyyat məsələsində belə bir təhlükəsizliyə yetərincə təminat yarada bilmir? Avropa özünün “Axilles dabanını” niyə belə açıq və müdafiəsiz qoyur"? Axı, həmin zəif nöqtəyə sancılan “zəhərli oxdan” - yəni, mənəviyyatın aşınması səbəblərindən  bir çox qüdrətli dövlətlərin və cəmiyyətlərin tənəzzülü, hətta yer üzündən silinməsi tarixin yaddaşında qalıb. Bunun ən bariz nümunəsi kimi nə zamansa Ölü dənizin yerində mövcud olmuş  Sadom və Qamorra şəhərlərinin tarixi haqqında əfsanə isə hansısa məhəbbət dastanında deyil, məhz avropalıların müqəddəs kitabı olan Bibliyada təsvir olunmuşdur. Bunu bilərək, vaxtilə SSRİ-ni “Allahsız cəmiyyət” qurmaqda ittiham edən Avropa niyə indi özünün xristian dəyərlərinə  bu qədər etinasızlıq göstərir?

Avropada mənəviyyat dəyərlərinin bu dərəcədə aşınması bütövlükdə etik münasibətlər sferasında tarazlığı pozur, insanların fərdi və sosial psixologiyasında, cəmiyyətin və dünyanın problemlərinə yanaşmada da qeyri-müəyyənlik, etinasızlıq, meyarsızlıq, hətta ədalətsizlik komplekslərini formalaşdırır. Əxlaqi-etik münasibətlərin zədələnməsindən törəyən disharmoniya öz simptomatik inersiyası ilə qlobal siyasi münasibətlər şəbəkəsinə də  sirayət edir. Diqqətlə baxsaq görərik ki, artıq Qərb dövlətlərinin  dünyada baş verən proseslərə münasibətində də bir yarımçıqlıq, subyektiv tərəfkeşlik, sanki bir “homoseksual disharmoniya”  müşahidə olunmaqdadır. Bugünkü Avropa  siyasətində qeyri-qərb ölkələrinə  “ikili standartlar” əsasında yanaşma  elə Avropa   məişətində getdikcə güclənməkdə olan biseksual həyat tərzini xatırladır.

Azərbaycanla qarşılıqlı münasibətlərində də Qərb  həmin “ikili standartlarla” manevr etməkdədir. Bir tərəfdən, Qərb ölkələri birmənalı olaraq, BMT-nin prinsiplərinə müvafiq şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir. BMT ilə yanaşı Avropa Parlamentinin də bir sıra sənədlərində, o cümlədən 20 may 2010-cu il tarixli qətnaməsində də Ermənistan qoşunlarının işğal olunmuş bütün Azərbaycan torpaqlarından çıxarılması tələb olunur. Digər tərəfdən, ərazi bütövlüyünə qəsd edərək, Qərbin beynəlxalq siyasətinə zidd mövqedə dayanan bir dövlətin – Rusiyanın havadarlığı ilə Azərbaycan torpaqlarını ələ keçirmiş Ermənistanın işğalçılıq siyasətinə son qoyulması istiqamətində heç bir iş görülmür. Təcavüzkarla təcavüzə məruz qalana eyni rakursdan yanaşılır, beynəlxalq hüquq normalarına məhəl qoyulmur.

Qərbin özü tərəfindən irəli sürülən bütün “tələblər” kağız üzərində qalır,  Azərbaycanın haqlı səylərinə  “sülh diplomatiyası” ilə sipər çəkilir. Hələ bu azmış kimi, beynəlxalq hüququn bütün normalarını, beynəlxalq siyasətin bütün etik prinsiplərini tapdalayaraq, işğalçı dövlətə - Ermənistana maddi yardımlar da edilir.  Avropada əxlaqi-mənəvi dəyərlərin qorunmasının zərurəti haqqında car çəkən Roma Katolik kilsəsinin daha əvvəlki Papası II İohan Pavelin Xocalını  məhz  “müsəlmanlardan təmizləmək”  üçün  erməni quldurlarına  külli miqdarda maliyyə yardımı göstərməsi isə əxlaqsızın bütün dünyaya “əxlaq dərsi” keçmək cəhdini xatırladır.

Əlbəttə, siyasi və mənəvi amoralizmin təzahürü olan bu ikibaşlı mövqenin bir ucu elə Qərb siyasi mədəniyyətinin özünün dəyərsizləşməsinə və kəsərdən düşməsinə gətirib çıxarır. Ancaq bir məsələ də aydındır ki,  əgər Qərb yenə də dünya dövlətlərini şantaj yolu ilə öz “qəliblərinə” yerləşdirməyə, onları yalnız özünün  aşınmaqda olan “yeni standartlar”ına uyğunlaşdırmağa çalışsa, bu - Qərbin qələbəsi yox, məğlubiyyəti olacaq.  Əgər  Qərb  sivilizasiyası bu məğlubiyyətdən yan keçmək istəyirsə, özünün daxili və xarici siyasətində bütün cinahlar üzrə rasionalizmdən irrasionalizmə doğru meylləri  bu gün Avropada tüğyan edən  mənəviyyat böhranının, ideologiya və humanitar münasibətlər böhranının əsas səbəbləri  kimi dayandırmalı və aradan qaldırmalıdır.

 Avropa uzun əsrlər boyu özünü tapmaq üçün çox çalışıb. Başı daşdan-daşa dəyib. Yalnız XX əsrin ikinci yarısında özünü tapıb - böyük və möhtəşəm ittifaqını yaradıb. XXI əsrdə onun özünü “itirməsi” - zamanı geriyə döndərmək qədər anormaldır. Əgər Avropa  bunun baş verməsini istəmirsə,  gərək öz dəyərlərinin aşınmasının qarşısını alsın. Avropa sivilizasiyasının  mənəviyyat qalasının möhkəmlənməsi - həm də onun siyasi oriyentasiyalarına, vacib qərarlarına əhəmiyyətli təsir edən bir faktor kimi, Avropadaxili münasibətlərin  və eləcə də  Avropa - Dünya münasibətlərinin  düzgün əsaslar və ədalətli mövqelər üzərində inkişaf etməsinin mühüm şərtidir.  Avropaya münasibətində  təzadlı yanaşmaları olmayan, bütün səviyyələrdə optimal mövqe nümayiş etdirən Azərbaycan da məhz bunun marağındadır.

 

 

Cavanşir FEYZİYEV,

 

 Milli Məclisin deputatı,

 

fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2013.- 30 iyun.- S. 3.