Məhəmməd
Nabul İbrahim: Azərbaycanda
müxtəlif dinlərin nümayəndələrinin
mehribanlıq və qarşılıqlı anlaşma
şəraitində yaşaması çox
müsbət haldır
Bu sözləri İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Misirdən olan iştirakçısı Məhəmməd Nabul İbrahim AzərTAc-a müsahibəsində demişdir.
“Bu mənim Bakıya ilk səfərimdir. Çox gözəl və maraqlı şəhəriniz vardır. Bu tədbirə dəvət olunanda çox sevindim. Çünki əvvəllər Azərbaycanda olmasam da, ölkəniz barədə çox eşitmişdim. Bu gözəlliyi öz gözlərimlə görəcəyim günü səbirsizliklə gözləyirdim. Vətənimə qayıdan kimi burada gördüklərimi yaxınlarımla paylaşmağı özümə borc bilirəm”, - deyə misirli qonaq vurğulamışdır.
Forumun əhəmiyyəti haqqında danışan Məhəmməd Nabul İbrahim bu tədbirin müxtəlif ölkələrdən gələn insanların bir-birilərini yaxından tanımalarına və səmərəli fikir mübadiləsi aparmalarına gözəl imkan yaratdığını qeyd etmişdir.
“Burada biz müxtəlif ölkələrin nümayəndələrini görürük. İnanıram ki, yüksək səviyyədə təşkil olunmuş bu forum ölkələr arasında mədəni əlaqələrin daha da güclənməsinə töhfəsini verəcəkdir”, – deyə o bildirmişdir.
AzərTAc
Xalq qəzeti.- 2013.- 2 iyun.- S. 3.