Azərbaycanın
AFR-dəki səfirliyi Azərbaycan Xalq
Cümhuriyyətinin 95 illiyi münasibətilə
qəbul təşkil etmişdir
Azərbaycanın Almaniyadakı səfirliyi mayın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 95 illiyinə həsr olunmuş rəsmi qəbul etmişdir. Qəbulda 300-dən çox qonaq, o cümlədən Bundestaqın deputatları, xarici ölkələrin AFR-də akkreditə olunmuş səfirləri, Almaniyanın müxtəlif nazirliklərinin yüksək vəzifəli əməkdaşları, elm və incəsənət xadimləri iştirak etmişlər.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov tədbir iştirakçılarını salamlayaraq müsəlman Şərqində ilk parlamentli demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının tarixindən danışmışdır. Səfir vurğulamışdır ki, AXC parlamentində bir yer Azərbaycanda yaşayan almanların nümayəndəsi üçün nəzərdə tutulmuşdu.
P. Şahbazov 1991-ci ildə öz müstəqilliyini bərpa etmiş Azərbaycan qarşısında duran çağırış və vəzifələrdən də danışaraq demişdir ki, söhbət ilk növbədə ölkə ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması problemindən gedir. Çıxışda Azərbaycanın enerji siyasətinin əsas istiqamətləri də göstərilmiş, müstəqilliyini bərpa etdiyi vaxtdan ölkənin siyasi və iqtisadi nailiyyətləri vurğulanmışdır. Səfir tədbir iştirakçılarının diqqətini belə bir fakta cəlb etmişdir ki, Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin 80 faizi məhz Azərbaycanın payına düşür.
Pərviz
Şahbazov çıxışının
sonunda 2015-ci ildə Azərbaycanda birinci Avropa Olimpiya Oyunlarının keçiriləcəyini bildirmiş,
tədbir iştirakçılarını
həmin oyunlara dəvət etmişdir.
Rəsmi hissədən sonra Azərbaycanın dövlət
bayramı şərəfinə
ziyafət verilmişdir.
Vüqar Seyidov
Xalq qəzeti.- 2013.- 2 iyun.- S. 3.