İqtisadiyyatın
dövlət tənzimlənməsində təcrübə,
elm və müasirliyin koordinasiyası
Müasir, davamlı və innovativ iqtisadi inkişafın banisi, dünya şöhrətli siyasətçi, nadir idarəçilik qabiliyyəti olan ümummilli lider Heydər Əliyev Azərbaycana iki dəfə başçılıq etmişdir. Birinci dövrdə (1969-1982-ci illər) qarşıya qoyulan əsas məqsəd sovet respublikaları arasında qabaqcıllar sırasına çıxmaq idi. Bu məqsədlə Heydər Əliyev öncə respublikanın geridə qalmasının səbəblərini müəyyən etmiş, təhlillər aparmış, çoxşaxəli və uzaqgörən siyasət işləyib hazırlamışdır.
1970-ci ildə Azərbaycan KP MK-nın plenumunda
Heydər Əliyev Azərbaycan neftinin itirilmiş şöhrətini
bərpa etmək və iqtisadiyyatı sürətlə
inkişaf etdirmək xəttini bəyan etmişdir. Neft sənayesinin
vəziyyətini ətraflı təhlil edən ulu öndər
geriliyin səbəblərini göstərmiş və
görüləcək işlərin proqramını
vermişdir. Ulu öndər Azərbaycanda hakimiyyətə gəldiyi
ilk illərdə ölkə iqtisadiyyatının
aparıcı sahəsi olan kənd təsərrüfatı
böhran və tənəzzül içərisində idi. Azərbaycan
əksər göstəricilər üzrə müttəfiq
respublikalar arasında axırıncı yerlərdən birini
tuturdu. Hər hektardan
orta hesabla cəmi 10-12 sent taxıl, 15-16 sentner pambıq, 40
sentner üzüm, 14 sentner meyvə istehsal olunurdu. Aqrar sahənin inkişaf etdirilməsini təmin etmək
üçün 1975-ci ilin iyunun 9-da Sov.İKP MK və
SSRİ Nazirlər Soveti “Azərbaycan SSR-də kənd təsərrüfatı
istehsalını daha da intensivləşdirmək tədbirləri
haqqında” qərar qəbul etmişdir. Bundan
sonra respublikada kənd təsərrüfatının mexanikləşdirilməsinə,
meliorativ işlərin genişləndirilməsinə
başlandı. Aqrar sahədə işləyənlərin
fəaliyyəti stimullaşdırılırdı. 80-ci
illərin əvvəllərində 1 milyon ton pambıq, 2 milyon ton üzüm,
1,2 milyon ton taxıl əldə edilmişdi.
Ulu öndər Heydər Əliyev iqtisadiyyat sahəsində
sürətli inkişaf planlarını həyata keçirməklə
yanaşı, incəsənət, elm və təhsil sahəsində
də dəyişikliklərə nail olmağa
çalışırdı. Onun Azərbaycan dilinin mövqeyini möhkəmləndirmək
siyasəti 1977-ci ildə SSRİ Konstitusiyasının qəbulundan
bir il sonra bu dilin Azərbaycan SSR Konstitusiyasında rus dili ilə
yanaşı, ikinci rəsmi dil olaraq təsbit edilməsi ilə
nəticələndi. Əhalinin işlə təmin edilməsi
və ölkədə yoxsulluq səviyyəsinin
azaldılması o illərdə Azərbaycan
iqtisadiyyatının inkişaf etdirilməsi və
respublikamızın dünyada tanıdılması məqsədilə bir
sıra müasir elektrotexnika müəssisələri
yaradıldı, o cümlədən
SSRİ-də yeganə olan Bakı kondisionerlər zavodu
tikildi.
Beləliklə,
ulu öndər Heydər Əliyevin məqsədyönlü fəaliyyəti
nəticəsində tədricən Azərbaycan
iqtisadiyyatı inkişaf etdi, əhalinin maddi rifahı
yaxşılaşdı, respublika bütün sahələrdə
özünü təmin etməyə başladı. 1969-1982-ci illər respublika hər
sahədə qabaqcıl təcrübə məktəbinə çevrildi.
Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan
Respublikasına rəhbərliyi ölkənin düçar
olduğu müharibə, hakimiyyət uğrunda mübarizə
və bütün bunların nəticəsində əhalinin
maddi durumunun çox aşağı düşməsi, əldə
olunan müstəqilliyimizin itirilməsi qorxusu dövrünə
təsadüf etdi. Bu, ölkə iqtisadiyyatının tənəzzül
dövrü idi. 1991-1994-cü illər ərzində
ölkə iqtisadiyyatında ümumi daxili məhsul hər il
orta hesabla 16,5 faiz azalırdı. Sənaye istehsalı 1985-ci ilə nisbətən 50
faizə qədər azalmışdı. Əsas
makroiqtisadi göstəricisi olan ÜDM 1991-ci ildə 0,7 azalmışdırsa, 1992-ci ildə 22,4 faiz,
1993-cü ildə 23,3 faiz, 1994-cü ildə isə 19,7 faiz
aşağı düşmüşdü. İstehsal
potensialının təxminən üçdə ikisi itirilmişdi.
İnflyasiya 1763 faizlə hiperinflyasiya səviyyəsinə
çatmışdı. Bütün bunların nəticəsində
1991-1995-ci illərdə əhalinin pul gəlirləri orta
hesabla 3,6 dəfə aşağı düşmüş, 1991-ci ildən
4 il ərzində əhalinin əmək haqqı 5,7 dəfə
azalmışdı.
Belə ağır vəziyyətdə hakimiyyət
başına gələn Heydər Əliyev ilk növbədə
iqtisadi sistemin transformasiyası ilə bazar iqtisadiyyatına
keçid konsepsiyasını reallaşdırılmağa
başladı.
Bazar iqtisadiyyatı şəraitində dövlətin
iqtisadiyyatda iştirakı arzuolunmaz olsa da, məşhur ingilis
iqtisadçı alimi C.M.Keyns liberal iqtisadiyyatın dövlət
tərəfindən tənzimlənməsinin vacibliyini irəli
sürmüşdür.
Dövlət qəbul etdiyi qanun, qərar və sərəncam
və proqnozlara əsaslanan proqramların
reallaşdırılması ilə bazar iqtisadiyyatını tənzimləyə bilər. Alim göstərmişdir ki, dünyanı idarə
edən ayrı-ayrı dövlətlərin
başçılarıdır, onların buraxdığı
cüzi səhvlər böyük fəlakətlər
yaradır. Azərbaycan Respublikasını müstəqilliyin
ilk illərində iqtisadi tənəzzüldən xilas edən,
dinamik inkişaf edən, regionda və dünyada qabaqcıl bir
ölkə kimi tanıdan səbəb məhz zəngin idarəçilik təcrübəsi olan,
xalqını sevən ümummilli lider Heydər Əliyev
olmuşdur. Ulu öndərin siyasi xəttini
yeni çalarlarla, uğurla davam etdirən İlham Əliyev
ölkəmizi tərəqqi və
modernləşmə yolu ilə irəli aparır.
Azərbaycanın yeni neft strategiyasının həyata
keçirilməsi üçün 1990-1993-cü illərdə
çoxsaylı xarici şirkətlərlə, maliyyə-kredit
institutları ilə görüşlər
keçirilmişdi. Anlaşma, sazişlər olsa da real iş, sərmayə yox idi. Azərbaycanın
xarici neft şirkətləri ilə “Azəri”,
“Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinə
dair beynəlxalq sazişlə bağlı
danışıqlara hazır olduğu ancaq 1994-cü ilin may
ayında atəşkəs elan edildikdən sonra bəyan edildi. Sonrakı 10 ay ərzində
(iyul 1993 - may 1994-cu il) Azərbaycanın
çoxşaxəli, onillikləri əhatə edən neft-qaz
strategiyası üzərində gərgin işlər
aparılmışdı.
Ulu öndərin neft-qaz strategiyasının uğurlu nəticələri
regional siyasətə, Avrasiya məkanında güclər
balansına, geosiyasi tarazlığa ciddi təsir göstərdi. Getdikcə
aydın olur ki, Heydər Əliyevin neft-qaz strategiyası Azərbaycanın
mövcud lider dövlətə çevrilməsinin əsasıdır.
“Azəri-Çıraq-Günəşli” layihəsinə
dair danışıqlar zamanı xarici şirkətlər ən
böyük risklər kimi bəzi məsələləri
ortaya qoymuşdular. Onlar bəyan
etmişdilər ki, saziş imzalansa da, bu risklər onları
qane edən şəkildə həll edilməyincə sərmayə
qoyub yataqların dəyərləndirilməsini, işlənməsini
təmin edib, neft hasil etmək öhdəlikləri
olmamalıdır. Bu risklərdən ən
önəmlisi kimi Xəzər dənizinin statusunun qeyri-müəyyənliyi
göstərilirdi. 1994-cü ilin iyul
ayından aparılan danışıqlar faktiki olaraq
dayanmışdı. O zaman ARDNŞ-in birincı
vitse-prezidenti olan İlham Əliyev Vaşinqtonda ABŞ-ın
yüksək səviyyəli rəsmiləri ilə
görüşüb beynəlxalq hüquq normalarına,
müvafiq sazişlərə və təcrübəyə əsaslanaraq
bu tələbin əsassız olduğunu sübut edə bildi
və xarici şirkətlər həmin tələblərini
geri götürməli oldular.
Azərbaycan
tərəfinin təkidi ilə sazişdə mütləq bir
şərt öz əksini tapdı: saziş qüvvəyə
minəndən 30 ay ərzində xarici şirkətlər bu
yataqlardan neft hasilatına başlamasalar Azərbaycan tərəfi
bu sazişə birtərəfli xitam verə bilər və
xarici şirkətlər tərəfindən xərclənmiş
vəsaitləri ödəmək öhdəliyi olmayacaq.
Dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti
ilə Azərbaycanın bütün şərtlərinin qəbul
olunması üzrə razılıq əldə edildikdən
sonra 1994-cü ilin 20 sentybarında tarixə “Əsrin müqaviləsi”
kimi düşmüş məşhur
saziş imzalandı.
“Əsrin
müqaviləsi”nin imzalanması Heydər
Əliyevin uzaqgörənliyi və bəşəri nüfuzu
sayəsində mümkün olmuşdur. Bu
müqavilənin bağlanması ilə o, dünya dövlətlərini
əmin etdi ki, Azərbaycan müstəqil dövlət və
etibarlı tərəfdaşdır, burada işləmək və
sərmayə qoymaq olar. Məhz buna görə
sonralar xarici şirkətlərlə daha 33 beynəlxalq
neft-qaz müqaviləsi bağlanmışdır. Bütün bunlar böyük iqtisadi səmərəliliyi
ilə yanaşı, dünyəvi əhəmiyyət kəsb
edir. 1997-ci ildə cəmi 9 milyon ton neft hasil olunan Azərbaycanda
2010-cu ildə bu rəqəm 50,7 milyon tona, qaz hasilatı isə
2009-cu ildəki 5 milyard kubmetrdən 26 milyard kubmetrə
çatdırılmışdır.
“Əsrin müqaviləsi” Heydər Əliyevin birinci
şah əsəridirsə, uzun mübahisələrdən
sonra, böyük zəhmət bahasına ərsəyə gələn
Bakı-Novorossiysk, Bakı-Tbilisi-Supsa beynəlxalq neft boru kəmərindən
sonra Bakı-Tbilisi-Ceyhanın inşası onun ikinci şah əsəridir. Yalnız
Bakı-Tbilisi-Ceyhan beynəlxalq neft boru kəməri ilə
2013-cü ilin martın 1-nə qədər 213 milyon ton neft
ixrac edilmişdir. Neft və qaz
ixracından əldə olunan gəlirlərin toplanması,
xalqın xidmətinə verilməsi, onun rifahının
yüksəldilməsinə yönəldilməsi və ehtiyat
valyutasının toplanması məqsədilə ümummilli
lider Heydər Əliyev müdriklik və uzaqgörənlik
nümayiş etdirərək Azərbaycan Respublikası
Dövlət Neft Fondunu yaratdı. Bütün
bunlar bir daha göstərir ki, Heydər Əliyevin
qayıdışından sonra respublikada davamlı iqtisadi
inkişaf təmn edilmiş, bütün sahələrdə
müsbət dəyişliklər olmuş və digər
ölkələrdən fərqli olaraq iqtisadi inkişafın
Azərbaycan modeli yaradılmışdır.
1993-2003-cü illərdə Heydər Əliyevin rəhbərliyi
və qayğısı sayəsində Azərbaycan
Respublikasında aqrar islahatlar və onların mühüm tərkb
hissəsi olan torpaq islahatları aparıldı. Kənd təsərrüfatının
məhsulunun istehsalı tədricən artırıldı.
Tarixi ədalət bərpa edilərək kəndlilərə
pulsuz torpaq paylanıldı. Onlar mövcud olan 9 vergidən,
torpaq vergisi istisna olmaqla, azad
edilmişlər.
Elmə, təhsilə, əhalinin intellektual səviyyəsinin
artırılmasına ulu öndər xüsusi önəm
verirdi.
Bütün dünya tərəfindən sosial-iqtisadi
inkişafın sxemi kimi qəbul edilən “universitet - iqtisadiyyat –
hökumət” üçqat spiral modelinin Azərbaycanda
iqtisadiyyatın dövlət tənzimlənməsində tətbiqi
məhz Heydər Əliyevin adı ilə bağlıdır. Elmə əsaslanan innovativ iqtisadiyyatın
yaradılması və informasiya-kommunikasiya
texnologiyalarının bütün sahələrdə tətbiqi
müasir qloballaşma dövrünün tələbidir.
Bununla əlaqədar olaraq, xarici investorların
ölkəmizə cəlb edilməsi ilə 1994-cü ildə
“Bakcell”, 1996-cü ildə “Azərcell” birgə müəssisələri
yaradılmışdır. Hazırda isə elmin
inkişafına, müasirliyə, qeyri-neft sektoruna xüsusi
diqqət yetirən
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Rabitə və İnformasiya Nazirliyinin nəzdində
İnformasiya-Kommunikasiya Texnologiyaları İnstitutunun 15
sentyabr 2013-cü ildə fəaliyyətə başlaması
barədə sərəncam vermişdir.
Əhalinin
intellektal səviyyəsinin artırılması, tələbələrin
xarici ölkələrin qabaqcıl təhsil müəssisələrində
dövlət hesabına oxuması, əlaçı tələbələrə
“Prezident təqaüdünün” verilməsi onların təhsilə,
elmə yiyələnmək marağının
artırılması və stimullaşdırılması ənənəsinin
əsasını ümummilli lider qoymuşdur. Bu proses Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Dövlət başçısı
İlham Əliyev demişdir: “Hər bir dövlətin
qüdrəti onun təbii resurslarla təminatında deyil,
yüksək intellektual əhalisinin çoxluğundadır”.
Ümummilli
lider Heydər Əliyev yüksək ixtisaslı kadrların
hazırlanması məqsədi ilə 1999-cu ilin yanvar
ayının 13-də “Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası”nın yaradılması
haqqında sərəncam imzalamışdır. Prezident
yanında ali təhsil müəssisəsinin
yaradılması olduqca məsuliyyətli və şərəflidir.
Akademiyanı
bitirmiş yüksək ixtisaslı idarəçilik
kadrları respublikanın bütün regionlarında, bəziləri
hətta xaricdə yüksək vəzifələrdə
müvəffəqiyətlə çalışır.
Akademiyanın rektoru, akademik U.Ələkbərov beynəlxalq əlaqələrin
genişləndirilməsi üzrə böyük işlər
aparır. Akademiya həm də Azərbaycanda
yeganə təhsil müəssisəsidir ki, Beynəlxalq
İdarəçilik İnstitutuna üzv qəbul
olunmuşdur. Akademiyanın nəzdində
yaradılan yeni institutlar ölkədə yüksək
ixtisaslı idarəçilik kadrlarının
hazırlanması ilə bərabər, beynəlxalq layihələrdə
də iştirak edir.
Bütün
göstərilənlərə əsaslanaraq qeyd etmək
lazımdır ki, müasir Azərbaycan iqtisadiyyatının əsasını
qoyan, uzaqgörən idarəçi olan ümummilli lider Heydər
Əliyev iqtisadiyyatın dövlət tənzimlənməsini
təcrübə, elm və müasirliyin koordinasiyası əsasında
həyata keçirərək Azərbaycanda iqtisadiyyatın dinamik
inkişafının əsasını qoymuşdur. Hazırda Azərbaycan dünyada davamlı inkişaf
edən ölkələrdəndir. İqtisadiyyatın
dövlət tənzimlənməsindəki elmlik və
müasirliyin nəticəsidir ki, bütün dünyanı
bürüyən iqtisadi böhran Azərbaycandan yan
keçmiş və ölkəmiz Prezident İlham Əliyev tərəfindən
düşünülmüş uğurlu siyasəti ilə XXI
əsrdə dünyanın ən qabaqcıl dövlətlərindən
biri olaraq bütün sahələrdə yeniliklərini və
uğurlarını artmaqdadır.
Roza
ƏLİYEVA,
Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının
iqtisadiyyatın dövlət tənzimlənməsi
kafedrasının dosenti
Xalq qəzeti.- 2013.- 9 iyun.- S. 4.