Yalnız yazılan qalacaq...

 

Dünya şöhrətli ədib Bryemson Byemstörne Nobel mükafatçısı olaraq etdiyi çıxışında xüsusi olaraq vurğulayırdı ki, mən yazıçının cəmiyyətdə, zamanın axarında mənəvi məsuliyyət daşımadığını düşünənlərdən deyiləm: “Əksinə, yazıçı başqaları ilə müqayisədə daha çox böyük cavabdehlik daşıyır. Çünki o, kütləvi hərəkatın, yürüşün  önündə gedir, başqaları onu arxadan izləməlidirlər...”

Bu deyilənləri bütün anlamı ilə yazıçı Xeyrəddin Qocanın sənətkar ömrünü şərtləndirən başlıca keyfiyyət kimi də qəbul etmək olar. Xalq yazıçısı Elçin məhz bu dəyərləri nəzərdə tutaraq qeyd edir ki, “Xeyrəddin Qocanın bədii yaradıcılığı da, publisistik fəaliyyəti də həmişə xalqımızın istək və arzularını ifadə etmişdir. Onun satirası əyriliyə nifrət, eybəcərliklərə barışmaz yazıçı-vətəndaş münasibətini meydana çıxarır, xalqa məhəbbəti, xeyirə inamını ifadə edir”. Bizcə, bu vacib missiya X.Qocanın cəmiyyət və zaman qarşısındakı mənəvi məsuliyyət hissinin tam çevrəsini ifadə edən başlıca amildir. Bu deyilənləri yaxın günlərdə “Yazıçı” nəşriyyatı tərəfindən nəfis şəkildə nəşr edilən “Həyati proseslərin axarında” adlı topluya daxil edilən məqalə, sənəd və fotoşəkillər daha dolğun şəkildə əhatə edir. Kitabda Xeyrəddin Qocanın şəxsiyyəti, yaradıcılığı, şərəfli ömür yolu haqqında görkəmli qələm sahiblərinin, elm, mədəniyyət və incəsənət xadimlərinin müxtəlif nəşrlərdə, kütləvi informasiya vasitələrində dərc edilən dəyərli məqalələri, onların fikir və düşüncələrini əks etdirən yazılarından seçmələr, müxtəlif sənədlər, ədibin ziyalılarla, dostları ilə çəkdirdiyi fotoşəkilləri toplanmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin yazıçının adıyla bağlı sərəncamları, tanınmış dövlət xadimlərinin, siyasətçilərin X.Qocaya ünvanladıqları məktublar, təbriklər də yeni nəşrdə öz əksini tapmışdır.

Kitaba “Xeyrəddin Qoca mövzusuyaxud köhnə təqdimatla yeni tanışlıq” adlı maraqlı ön söz yazan ədəbiyyatşünas Sərvaz Hüseynoğlu dərin səmimiyyətlə qeyd edir ki, Xeyrəddin Qoca obrazı mənim üçün sözsüz şəkil, şərhsiz yazı kimidi:Bu əziz obrazın, imzanın arxasında dayanan şəxsi göz önünə gətirən kimi əlbəəl adamın ruhunu, düşüncəsini tam şəffaf bir aura qapsayır - bütün səmimiyyəti, təbiiliyi ilə bir arada. O, heç vaxt fərman imzalamır, əmr, göstəriş vermir... Sadəcə, diqqəti problemə yönəldir, düşünməyə vadar edir. Onun dünyası düşünə və anlaya bilənlərə daha doğmadı... Təqdim olunan toplu təkcə bir yazıçının ömür və sənət yoluna həmkarlarının münasibətini özündə ehtiva etmir, burada Azərbaycan, eləcə də bütöv Türk dünyası ziyalılığının, görkəmli fikir adamlarının cəmiyyətə, ədəbi mühitə baxışlarının tam çevrəsi öz əksini tapır. Topluda Xeyrəddin Qoca obrazı bir fon kimidi. Bu fonun kölgəsində cəmiyyətdə baş verənlərə yetərli vətəndaş münasibəti sərgilənir. Adama şans verilir ki, düşündüyün kimi yazmaq, gördüyün kimi göstərmək mümkündübu, çox zəruridi. Ən əsası, bu toplu belə bir maraqlı, vacib qənaəti qəti şəkildə ortaya qoyur ki, Xeyrəddin Qocanı oxuyub, onun yanında olub qorxaq, müti böyümək mümkün deyil...”

Həmkarları onun yaradıcılığından söz açarkən haqlı olaraq qeyd edirlər ki, “əsasən publisisitik məqalələrin müəllifi kimi tanınan Xeyrəddin Qoca satirik hekayə ustası kimidaha maraqlıdı. Çünki cəmiyyətimizin inkişafına, respublikamızın irəliləməsinə çidar olan tiplərin yumoristik üslubda kəskin ifşası, “sapı özümüzdən olan baltaların” qamçıya tutulması onun kitablarında tamamilə yeniorijinal formada oxucuya çatdırılır”. “Onu tanıyıb-bilənlər üçün artıq bitib-tükənməyən bir Xeyrəddin Qoca mövzusu var. Bu mövzu da onun öz mövzusudur. Özü kimi, xarakteri kimi mövzusu da orijinaldır...”.

Xeyrəddin Qocanın dərin müşahidələrinin nəticəsi olaraq araya-ərsəyə gətirdiyi əsərlərin hər birində hərənin öz payı var. O, “müstəqillik dövrü Azərbaycan ədəbiyyatında satirik nəsrin görkəmli təmsilçisidir. Yığcamlıq, konkret hədəf seçmək, sərrastlıq onun satirik nəsrinin ana xəttidir. Ədib Azərbaycan ədəbiyyatında Əbdürrəhimbəy Haqverdiyevdən sonra müasir həyatın ”marallar"ının bədii obrazlarını yaratmağa müvəffəq olmuşdur. Xeyrəddin Qocanın “marallar”ı həm də Molla Nəsrəddin “marallar”ının davamçıları, xələfləridir".

 

Görkəmli ədəbiyyatşünas alim, akademik İsa Həbibbəylinin Xeyrəddin Qoca yaradıcılığıyla bağlı bu dəqiq müşahidələri əslində hər bir söz adamının fikrini tam dolğunluğu ilə ifadə edir. Özünün dediyi kimi, Xeyrəddin Qocanın “marallar”ının böyüyü-kiçiyi yoxdur, “maral elə maraldır”, hərənin bir cür sifəti varzaman-zaman pərtətöyün toxumu kimi çoxalırlar.

Nobel mükafatı laureatı İ.V.Zinger tam haqlı olaraq bəyan edirdi: “Ciddi müasir yazıçı öz dövrünün adamlarının problemləri üçün dərin narahatlıq hissi keçirməlidir”. Qeyd-şərtsiz bir həqiqətin reallığıdı ki, Xeyrəddin Qoca bütün yaradıcılığı boyu bu vacib tendensiyanın önə çıxarılmasına cəhd edir, dönməz şəkildə dövrün, cəmiyyətin problemləri üçün böyük vətəndaş məsuliyyəti ilə narahatlıq hissi keçirir və ən əsası da, seyrçi mövqedə dayanmayıb, daha çox əməli işiylə, çabalarıyla öz münasibətini ortaya qoyur. İncə yumor, zərif ironiya və sadəliyə meyil Xeyrəddin Qocanın yaradıcılıq üslubunu səciyyələndirən əsas cəhətlərindəndir. Böyük ispan yazıçısı K.X.Sela kimi, onun da əsərlərinin əksəriyyətində süjet yoxdur. “Çox vaxt onlar bir-biri ilə bağlı olmayan səhnələrdən, müəllifin müşahidələrindən ibarətdir”. Ən əsas olan isə bu müşahidələrin son dərəcə obyektiv, qərəzsiz, incə bir eyhamla ifadə olunmasıdı. Xeyrəddin Qoca təcrübəli bir qələm adamı olaraq bunu bacarır. Bu səbəbdən də oxunur, yadda qalır, düşünürdüşündürür.

Bunları yazdıqca görkəmli fransız romançısı Andre Jidin insan amililə bağlı söylədiyi bu fikir yaddaşımda dolanır: “İnsanın birinci vəzifəsi yaşamaqözünün bütün varlıqlardan üstün olmasını təsdiqləməkdir. Bunun üçün o, ilk növbədə riyakarlıqdan, ikiüzlülükdən, qorxaqlıqdan, yalandan xilas olmalıdır”.

Xeyrəddin Qoca yaradıcılığı da bütün baxış bucaqlarından məhz bu vacib amalı, həyat ideyalını təlqin edir, o, danışmaqdan çox yaradır, yazdıqlarını öz nəfəsi və qanı ilə qızdırır. Xalq yazıçısı Anar, xalq şairləri Qabil, Cabir Novruz, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, professorlar Pənah Xəlilov, İmamverdi Əbilov, İsa Həbibbəyli, Nizami Cəfərov, Ənvər Əhməd, Tehran Əlişanoğlu, tanınmış şair və yazıçılardan Hidayət, türkiyəli yazarlar Dursun Özdən, Camal Anadol, İrfan Ülkü və başqaları da Xeyrəddin Qoca yaradıcılığının bu vacib cəhətlərindən söz açır, təqdir edirlər.

Doğru qənaətdir ki, cəmiyyətin ümumi bəlasına çevrilən tanış cizgilər, umacaqlı münasibətlər Xeyrəddin Qocanın yaradıcılığından bütün qapsamıyla, əhatəliliyilə keçir. O, ədəbi “marallar”ının yağını yağ, ayranını ayran etməyi ustalıqla bacarır, əl çala-çala alçalanların, qoyun cildində canavar xisləti bəsləyənlərin, “plova yox, hökmdara xidmət etməklə” yerini isti salanların üzünü açmağın yolunu bilir.

“Həyati proseslərin axarında” toplusunda bu deyilənlərə, bütövlükdə Xeyrəddin Qoca şəxsiyyətinə, yaradıcılığına qədirbilən dost münasibətləri sərgilənib. Birmənalı şəkildə vurğulanır ki, bu əsərlər həyat tərzimizi gücləndirməyə, cəmiyyəti doğru, düz yola səsləməyə hesablanıb.

Bütün bu yazılanlar bir əsas fikri ifadə edir ki, əməyinin qarşılığını nə etdiyindən xəbəri olmayan insanlardan ala bilməzsən və əsla bilməyənlərlə müzakirə etmə!

Beləliklə, bu nəfis topluya daxil edilənlər Xeyrəddin Qoca yaradıcılığının, şəxiyyətinin işıqlı cəhətini yetərincə duyub-anlayanların səmimi düşüncələridi.

 

Mirsaleh AXUNDLU

 

Xalq qəzeti.- 2013.- 9 iyun.- S. 7.