Azərbaycanla
Əfqanıstan arasında İKT sahəsində əməkdaşlıq
müzakirə olunmuşdur
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Əfqanıstan İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əmirzai Sanginin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Görüşdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dostluq müstəvisində inkişaf etməkdə olan Azərbaycan-Əfqanıstan münasibətlərində İKT sektorunun xüsusi rolu olduğunu vurğulamışdır. Ölkəmizin bu gün iki böyük transmilli layihə - BMT-nin Baş Assambleyasının xüsusi qətnaməsi ilə 2012-ci ildə növbəti dəfə siyasi dəstək alan “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) üzrə koordinator, artıq istismarına başlanılan “Europe Persia Express Gateway (EPEG)” layihəsində isə əsas təşəbbüskar və iştirakçılardan olduğunu diqqətə çatdıran nazir layihələrin Əfqanıstanın da İKT sektorunun inkişafına töhfə verə biləcəyini diqqətə çatdırmışdır. Nazirlikdən aldığımız məlumatda bildirilir ki, Azərbaycanın ilk telekommunikasiya peykinin istifadəsi ilə ölkədə İKT sektorunun inkişafında yeni mərhələnin başlandığını qeyd edən Əli Abbasov “Azerspace-1”in artıq ixrac xidmətləri yerinə yetirdiyini, onun əhatə dairəsinə daxil olan Əfqanıstanın da ilk milli peykimizin imkanlarından yararlana biləcəyini demişdir.
Ölkəsində İKT sektorunun inkişaf təməlinin 10 il əvvəl qoyulduğunu bildirən nazir Əmirzai Sangin artıq Əfqanıstanda fiber-optik kabel xətlərinin çəkilişlərinin genişləndirildiyini, bəzi ərazilərin 3G texnologiyaları ilə təmin olunduğunu, buna baxmayaraq hələ də problemlərin mövcud olduğunu və bu problemlərin həllində beynəlxalq əməkdaşlıq, o cümlədən Azərbaycanla xüsusən elektron idarəçilik, elektron həllər sahəsində təcrübə mübadiləsində maraqlı olduqlarını, “Azerspace-1”in xidmətlərindən yararlanmalarının mümkünlüyünü vurğulamışdır. Görüşün sonunda işçi qrupun yaradılması və tərəflər arasında gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması qərara alınmışdır. Qeyd edək ki, Əfqanıstanın inkişafına Azərbaycanın dəstəyi daha çox e-idarəçilik sahəsində özünü büruzə verir. Əfqanıstana dəstək olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən verilən bəyanatlardan sonra Azərbaycan Əfqanıstan hökumətinin müvafiq qurumları ilə əməkdaşlığını daha da genişləndirmişdir. 2012-ci ildə Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) vasitəsilə Əfqanıstanın inkişafı üçün 150 min ABŞ dolları məbləğində maliyyə yardımı ayırmışdır. Əfqanıstan hökuməti informasiya və kommunikasiya texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlığa böyük maraq göstərdiyini dəfələrlə qeyd etmiş və Azərbaycanın e-idarəçilik sahəsində nailiyyətlərini nəzərə alaraq, BMTİP-nin Azərbaycanda və Əfqanıstanda ölkə üzrə nümayəndəlikləri e-idarəçilik sahəsində Azərbaycanın Əfqanıstana yardım göstərməsinə dəstək verməsinə dair razılığa gəlmişlər.
Samirə
ƏLİYEVA
Xalq qəzeti.- 2013.- 11 iyun.- S. 3.