Yevlax: camalına ellər baxıb sevinir

 

Salam, yaşıl şəhər...

 

Bizə elə gəlir ki, mülayim-isti yarımsəhra və quru çöl iqlimi olan Yevlax haqqında işlətdiyimiz “yaşıl şəhər” ifadəsi yalnız son 7-8 ildə bu regionda olmayanları təəccübləndirəcək. Amma qədim İpək yolunun üstündə, Azərbaycanın mərkəzində mühüm kommunikasiyaların kəsişməsində yerləşən bu şəhərin az qala hər addımında park və xiyabanları, yaşıllıqları görənlər nə qədər haqlı olduğumuza yəqin bəraət qazandırarlar. Bir vaxtlar günorta üstü Günəşin adamın canını dağlayan al şəfəqləri altında tək-tük insanların gözə dəydiyi bu şəhərdə indi min zəhmətlə çəkilən yaşıl çələngin kölgəsi ruha səfa verən bir sərinlik gətirir. Sağı – solu xan çinarların, eldar şamlarının xüsusi yaraşıq verdiyi yollarla Yevlax Rayon İcra Hakimiyyətinin çox az-az rayonlarda gördüyümüz əzəmətli binasına yaxınlaşırıq. Binanın qarşısındakı və ətrafındakı göz oxşayan yaşıllıqlar, pardaxlanmış qızıl gül və səliqə ilə kəsilmiş bəzək kollarının yaratdığı mənzərə sözün əsl mənasında heyranlıq doğurur.

Yelax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov söhbətimizdən bu yaşıllıqların tarixi və taleyinə olan marağımızı ayırd edəndə dedi:

– Əslində, qonaqlarımızın çoxu buna bir qədər təəccüb və heyrətlə yanaşır. Amma gəlin unutmayaq ki, hələ hakimiyyətinin ilk dövründə ulu öndər Heydər Əliyev nəinki Muğanda, Aranda, ümumən, bütün Azərbaycanda  belə yaşıllıqların salınmasına xüsusi diqqət və qayğı ilə yanaşırdı.  Yevlaxda bir çox yaşlı ağaclar da məhz onun sovet dövrü hakimiyyəti illərində əkilmişdi. Lakin Heydər Əliyevin Moskvaya gedişindən sonrakı illərdə bu nəcib təşəbbüs tamam yaddan çıxdı. Yevlaxda indi  nəticəsini gördüyünüz yaşıllaşdırma işləri reallaşdırılmasına 2004-cü ildən start verilmiş genişmiqyaslı tikinti-yenidənqurma və abadlıq layihələrinin yalnız bir istiqamətidir...

Bu istiqamətdə görülən işlərin rəqəmlə ifadəsini eşidəndə həqiqətən heyrətləndik. 2004-cü ildən 2012-ci iln sonuna qədər Yevlaxda ümumi sahəsi 12, 6 hektar olan 14 park, xiyaban və istirahət bağı, 17 nümunəvi məhəllə və 27 fəvvarə-şəlalə tikilmişdir.  Ümumilikdə rayon ərazisində 2 milyondan çox ağac, 5 milyon gül kolu əkilmişdir. Şəhər ərazisində, Kürün sahili boyu salınmış  bulvar kompleksinə gəldikdə isə, etiraf edək ki, bura paytaxt sakinlərinin sevimli istirahət yeri olan  Xəzərin sahilindəki Milli Parkdan  heç  nə ilə geri qalmır. Ümumi sahəsi  8,2 hektar olan bulvarın sahil boyunca bir hissəsi Kürün üzərində estakadalarda yerləşdirilmişdir. Təkcə bulvar ərazisində 22 fəvvarə, 1 şəlalə, bir neçə xidmət obyekti, “Ana və uşaq” otağı, uşaq əyləncə mərkəzi, 4 karusel, idman meydançaları tikilmiş, müasir işıqlandırma sistemi quraşdırılmış, çimərlik salınmışdır.  Qoca Səmədov bulvar kompleksindən danışarkən bildirdi ki, sahil boyu 2,5 kilometr ərazidə salınmış bulvarın tikintisi davam etməkdədir və layihə üzrə onun uzunluğu 6 kilometrə çatdırılacaq...

 

Harada təşşəbbüs varsa, orada tərəqqi var

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq  2004-cü ildən Yevlaxda həyata keçirilən layihələr aydın şəkildə göstərir ki,  bu rayon  həqiqətən regionun böyük potensialı olan sənaye mərkəzlərindən birinə çevrilmişdir. Əlbəttə, bu potensial da öz-özünə yaranmamışdır. İqtisadi araşdırmalardan görünür ki, təkcə 2004 - 2011-ci illər ərzində Yevlax şəhərində və rayonun kənd yaşayış məntəqələrində bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 847 milyon manat olmuşdur. Əgər bura 2012-ci ildəki 189,9 milyon manatlıq kapital qoyuluşunu da əlavə etsək, görülən işlərin ümumi miqyasını təsəvvür etmək o qədər də asan olmayacaq.

Rəqəmlər göstərir ki, 2004-2011- ci illərdə  Yelax şəhərində və rayonun digər ərazilərində sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə 2236 layihə həyata keçirilmişdir. Bu müddətdə tikilən və rayonun sənaye potensialını gücləndirən müəssisələrdən 4 istehsal və 5 köməkçi sexdən ibarət uşaq, qadın və kişi geyimləri istehsal edən “Lalə-Tekstil”MMC-yə məxsus tikiş fabrikini, ildə 30 milyon kərpic istehsal edən “Dan” MMC-nin kərpic zavodunu, “Arfa” mebel fabrikini, gündəlik 20 ton dəri emal edən “Gilan dəri” MMC-yə məxsus dəri emalı zavodunu, biri saatda 160 ton, digəri 60 ton istehsal gücünə malik 2 asfalt zavodunu, günə min ədəd şərti banka konserv məhsulu istehsal edən “Karvan-K” MMC-yə məxsus konserv zavodunu, hər biri saatda 30 kubmetr istehsal gücünə malik 2 beton zavodunu və sairi göstərmək olar.

Yeddi ildə 2 fabrik, 8 zavod, 4 istehsal sexinin istifadəyə verildiyi, bir zavodun yenidən qurulduğu, 2 zavodun fəaliyyətinin bərpa edildiyi Yevlaxda 2012 -ci ildə və 2013-cü ilin birinci rübündə də  rayonun sənaye potensialının artırılması istiqamətində yeni layihələrin həyata keçirilməsi davam etdirilmişdir. Nəticə isə ilk növbədə rayonun ümumdaxili məhsulunun artan dinamikasında özünü göstərmişdir.

2012-ci ildə ümumdaxili məhsulun həcmi 2011-ci ilə nisbətən 42,1 milyon manat artaraq 383, 1 milyon manata çatmışdır ki, bunun da 98,5 faizi özəl sektorun payına düşür. 2013-cü ilin birinci rübündə isə ümumdaxili məhsulun həcmi 115, 7 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,7 milyon manat çoxdur.

İlk baxışdan adi quru rəqəmlər kimi görünsə də böyük zəhmət bahasına qazanılan bu nailiyyətlər son nəticədə bölgədə insanların sosial rifah halının günü-gündən yüksəldiyindən xəbər verir. Statistikaya görə 2012-ci ildə adambaşına 3122 manatlıq ümumdaxili məhsul istehsal olunmuş, əhalinin pul gəlirləri 1717,1manata çatmışdır. Bu ilin birinci rübündə rayon üzrə orta aylıq əmək haqqı 232,2 manat olmuşdur ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 42,7 manat çoxdur.

Diqqət çəkən əsas məqamlardan biri də rayonda əhalinin iş yerləri ilə təmin olunmasıdır ki, bu da sosial rifaha təsir edən əsas amillərdən sayılır. Yevlaxın sənaye potensialının artırılması istiqamətində həyata keçirilən layihələr öz-özlüyündə bu problemin də son illərdə sürətlə aradan qalxmasında mühüm rol oynamışdır. Belə ki, əgər 2004-2011-ci illərdə rayonda 14360 yeni iş yeri yaradılmışdırsa, 2012-ci ildə yeni açılan iş yerlərinin sayı 1793-ə çatmışdır və bunun da 1613-ü daimidir.

 

Nə əkərsən onu da biçərsən...

 

 Bu el məsəlinin çox vaxt mənfi çalarda işlənməsinə baxmayaraq, bu yazıda onu tam müsbət mənada yarımbaşlığa çıxarmışıq və bu da əsassız deyil. Yevlaxda son səkkiz ildən artıq bir müddətdə bütün sahələrdə “əkilən və səpilən toxumlar cücərdikcə onların məhsulu”  bu regionun zənginləşməsinə, şəhər və kəndlərin abad və gözəl olmasına, insanların sosial rifahının durmadan yaxşılaşmasına xidmət etmişdir. Sözün müstəqil mənasında da bu rayonda əkinçilik və ümumiyyətlə, kənd təsərrüfatının  ümumdaxili məhsul istehsalında xüsusi payı var. Əgər 2012-ci ildə Yevlaxda 75, 9 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdursa, bu ilin təkcə birinci rübündə 11, 2 milyon manatlıq məhsul əldə olunmuşdur.

Yelax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov haqlı olaraq  qeyd edir ki, bu nailiyyətlərin əldə olunmasında dövlətin kənd təsərrüfatında çalışan sahibkarlara  dəstəyi xüsusi qeyd olunmalıdır. Təkcə 2012-ci ildə bu sahədə çalışan məhsul istehsalçılarına 1milyon 977, 7 min manat dövlət yardımı verilmişdir. Torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə 1573 ton mineral gübrə satılmışdır. Amma bunlar da rayonun dövlət strukturlarının kənd təsərrüfatının inkişafı üçün gördüyü işlərin hamısı deyil. Bura rayonun meliorasiya və su təsərrüfatı infrastrukturunun yenidən qurulması və bərpası layihələrini də əlavə etsək, onda dövlət dəstəyinin miqyası bir qədər də aydın görünər.

Q.Səmədov məsələyə diqqətin nədən yarandığına toxunaraq qeyd etdi ki, aqrar sahədə bizə çətinlik yaradan ötən əsrin 70-ci illərində tikilmiş kollektor-drenaj sistemlərində son zamanlara qədər əsaslı təmir işlərinin aparılmamasından yararsız hala düşmələri idi. Nəticədə, şorlaşmaya meyilli olan torpaqlarımız şorlaşmaya məruz qalır, torpaqların məhsuldarlığı aşağa düşür və qoyulmuş vəsait, sərfedilmiş əmək gözlənilən nəticəni vermirdi.

Əlbəttə, rayon rəhbərliyi bunu nəzarətsiz buraxa bilməzdi və vəziyyətdən çıxmaq üçün konkret iş görmək, mövcud imkanları hərəkətə gətirmək lazım idi. 2012-ci ildə bu istiqamətdə bir çox işlər görüldü. Onlara  rayonun Qaraməmmədli, Rüstəmli kəndlərinin 1000 hektar əkin sahəsinin suvarılmasını yaxşılaşdırmaq məqsədilə “Bakı” suvarma nasos stansityasının əsaslı surətdə yenidən qurulmasını, 530 millimetrlik təziyqli boru xəttinin çəkilməsini, Əlican çayı üzərindən 260 metr istinad bəndinin tikilməsini, əkin sahələrinin suvarılması üçün 350 metr beton kanalın çəkilməsini, Aran-1, Aran-2, Aran-6 nasos stansiyalarında əsalı təmirin aparılması və nəticədə 3 min hektar sahənin suvarılmasının təmin edilməsini misal göstərmək olar. Məhz görülən bu işlərin sayəsində ötən il 16655 hektar  taxıl əkilmiş sahədən 51, 2 ton min məhsul əldə  edilmişdir ki, bu da 2011-ci illə müqayisədə  8,8 min ton çoxdur. Rayonun təsərrüfatları 2011-ci illə müqayisədə ötən il 206 ton çox ət, 669 ton çox süd, 15 tondan çox yun, 509 ton çox pambıq istehsal etmişlər. Şübhə yoxdur ki, “Azərtoxum” MMC-nin 2009-2012-ci illərdə tikilmiş 7 hektar ərazidə yerləşən toxum emalı müəssisəsinın və onun ötən il istifadəyə verilmiş   saatda 15 ton yem istehsal edən sexinin də  bu artımda payı az deyil.

 

Aranda bir şəhər var...

 

Hər bir insan üçün onun yaşadığı kəndin, qəsəbənin, şəhərin görkəminin xüsusi bir önəmi var.  Bu sadəcə zövq məsələsi yox, həm də qürur məsələsidir. Yevlaxlıların bu cəhətdən bəxti gətirib desək, qətiyyən yanılmarıq. Bu gün inkişaf tempinə, şəhərdə aparılan tikinti abadlıq işlərinə  görə Yelaxın adının Azərbaycanın ən müasir və füsunkar şəhərləri sırasında çəkilməyə tam haqqı çatır. Çünki ona bu haqqı verən sıralamaqla bitməyən, bir-birindən yaraşıqlı evlər və binalar, rahat yollar və küçələr, güllü-çiçəkli park və xiyabanlar, insan rahatlığına imkan verən müasir kommunikasiyalar və sair var. Sadə bir statistikaya nəzər yetirək: rayonda, əvvəldə də qeyd etdiyimiz kimi, 2004-2012-ci illərdə 2300-ə yaxın layihə həyata keçirilib. Rayonun sosial-iqtisadi, mədəni-ictimai həyatının ən müxtəlif  istiqamətlərini əhatə edən bu layihələr mərhələ-mərhələ reallaşdırılaraq həm şəhərin, həm də qəsəbə və kəndlərin simasını sürətlə dəyişmişdir.

2004-2012-ci illərdə masir arxitektura üslubunda tikilmiş Heydər Əliyev muzeyi, Heydər Əliyev Sarayı, Tarix-diyarşünaslıq muzeyi, Teatr binası, Şahmat məktəbi, Elektron kitabxana, Gənclər evi, xüsusi layihə əsasında tikilmiş müasir şəhər Avtovağzal kompleksi, Regional İnformasiya Mərkəzi ilə yanaşı, Yeni Azərbaycan Partiyası şəhər təşkilatının, Daşınmaz Əmlakın Dövlət Reyestr XidmətininYevlax ərazi idarəsinin, Yelax Gömrükxanasının, Yevlax Bələdiyyəsinin,  Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinin, bir sözlə, bütövlükdə 29 idarə, müəssisə və təşkilatın inzibati binaları da şəhərin ümumi ansamblına hələ uzun illər xüsusi yaraşıq verən tikililər siyahısında olacaqdır.

Bu siyahıya  yeni tikilmiş təhsil və səhiyyə müəssisələrini də əlavə etmiş olsaq, reallaşdırılan layihələrin ümumi mənzərəsi bir qədər də  aydın canlanmış olar.  Çünki respublikanın diğər bögələrində olduğu kimi, Yevlaxda da müasir məktəb binalarının tikintisi əsas diqqət mərkəzində olmuşdur. Ona görə  də 2004- 2012-ci illərdə şəhərdə və rayonun bir çox ərazilərində 10-dan artıq orta məktəb, 3 əsas, 2 ibtidai məktəb, 3 məktəbdə 360 şagird yerlik 18 sinif otağı tikilmişdir. Bu məktəblərdən 480 şagird yerlik 1 saylı, 960 şagird yerlik  2 saylı və 360 şagird yerlik 2 saylı Aran qəsəbə tam orta məktəblərinin adları daha tez-tez çəkilir.

Amma bununla da hər şey bitmir. Hazırda Yevlaxda rayon təhsil şöbəsinin inzibati binası ilə yanaşı  daha 3 məktəbin tikintisi həyata keçirilir.

Rayonun səhiyyə infrastrukturunda da yeniləşmə davam etməkdədir. Bu illər ərzində şəhərdə 25 çarpayılıq Uşaq Xəstəxansı, Gigiyena və Epidemologiya Mərkəzi, Əlillərin Reabilitasiya Mərkəzi, bir sözlə, ümumilikdə rayonda 9 tibb müəssisəsi  tikilmiş, müasir tibbi avadanlıqla təchiz edilərək istifadəyə verilmişdir. Hazırda isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Yevlax rayonuna  2012-ci il oktyabrın 7-də növbəti səfəri zamanı təməlini qoyduğu 180 çarpaylıq Mərkəzi şəhər, 50 çarpaylıq Ağ çiyər xəstəlikləri xəstəxanalarının, həmçinin Regional ReferensToksikologiya və Karantin Ekspertiza labaratoriyasının tikintisi aparılır.

Rayonda həyata vəsiqə alan layihələrin böyük bir hissəsi də yaşayış komplekslərinin salınması və müasir tələblərə cavab verən mənzil tikintisi ilə bağlıdır. Aparılan tikinti işlərinin təhlilindən də aydın görünür ki, bu sahədə də diqqət çəkən maraqlı təcrübə var. Faktlara əsasən, təkcə 2004-2012-ci illərdə 111 min 50 kvadratmetr mənzil sahəsi istifadəyə verilmişdir ki, bunun 44 min 31 kvadratmetri dövlət vəsaiti hesabına tikilmişdir. Qarabağ əlilləri və şəhid ailələri  üçün  tikilmiş binalarda 120 ailənin mənzil şəraiti yaxşılaşdırılmışdır. Tikintisi yarımçıq qalmış ikimərtəbəli 16 mənzilli, 2 altımərtəbəli 72 mənzilli, BTC kəmərinin Regional Mühafizə İdarəsinin işçiləri üçün üçmərtəbəli 18 mənzilli yaşayış binası və qaçqınlar üçün 65 fərdi yaşayış evi tikilərək “İrəvanlı” qəsəbəsi salınmışdır. Təkcə 2010-cu ildə məcburi köçkünlər üçün 615 mənzilli 10 beşmərtəbəli yaşayış, 440 şagird yerlik orta məktəb, 50 yerlik uşaq bağçası tikilməklə bütün infrastruktura malik yeni yaşayış məhəlləsi salınmışdır. Hazırda qəzalı vəziyyətdə olan binaların sakinləri üçün dördmərtəbəli 20 mənzilli yaşayış binasının tikintisi aparılır.

Bütün bunlarla yanaşı, fərdi mənzil tikintisi də son illər Yevlaxda böyük miqyas almış və göstərilən dövrdə şəhərdə və rayonun kəndlərində ümumi sahəsi 62 min 19 kvadratmetr, yaşayış sahəsi 43min 409 kvadratmetr olan 653 fərdi yaşayış evi tikilmişdir. Təkcə bu faktın özü Yevlaxda əsas mahiyyəti insan amilindən ibarət olan dövlət siyasətinin uğurla həyata keçirildiyinin parlaq nümunəsidir.

Yevlax rayonunda tikinti, abadlıq və yenidənqurma işlərinin əsas müsbət cəhətlərindən biri ondan ibarətdir ki, onların hər biri müasir şəhərsalma və arxitektura qaydalarının tələblərinə uyğun həyata keçirilmişdir. Bu gün də Kür çayı sahilindəki beşulduzlu hotelin, İqtisadi İnkişaf Nazirliyinin Aran regional idarəsinin, dördmərtəbəli 20 mənzilli yaşayış binasının tikintisində, Yevlax şəhəri üçün mühüm əhəmiyyəti olan Hava Limanının yenidən qurulması işlərində  bu tələblərə çox ciddi şəkildə əməl edilir...

 

Yaradan əllərə alqış

 

Bu sürətlə inkişaf edən bir bölgədə əhalinin qaz, su, elektrik enerjisi təminatından, rahat, abad küçə və yollarından və digər məişət qayğılarının necə həllini tapmasından söz açmağın da üzərimizdə bir vəzifə olduğunu yaxşı başa düşürdük. Amma rayonda  son 8-9 ildə görülən işlərin miqyası o qədər böyükdür ki, haradan başlayıb harada qurtaracağımızı heç cür ayırd edə bilmədik. Bu bir qəzet yazısı  olmasa, nə vardı ki... Kür qırağının bu əcəb seyrəngahının tilsimindən çıxana qədər yazardıq. Amma qəzetçiliyin öz tələbləri var.

Gördüyümüz və görməyə vaxt tapmayıb eşitdiklərimizin sonuna çatmadan Qoca müəllimdən soruşuruq:

 

– Görüləsi işlər hələ çoxdurmu?

 

Qoca müəllim bir anlıq fikrə dalıb, sonra tam ciddi görkəm alaraq cavab verir:

 

– Vətənə, dövlətə xidmət haqqında düşünəndə həmişə Böyük Fransa İnqilabının liderlərindən olan Robespiyerin belə bir ifadəsi yadıma düşür, “Əgər Vətən üçün mümkün olan hər şey edilməyibsə, demək, kifayət qədər iş görülməyib.” Ona görə də düşünürəm ki, hər açılan gün bizim üçün yeni işlərin başlanğıc məqamı olmalıdır...

...Günəş batana yaxın şəhər əhalisi -uşaqlı-böyüklü Kürün sahilindəki bulvara axışırdı. Biz də bir yanı ucu bucağı görünməyən ağaclara, yaşıllıqlara söykənən, digər tərəfində ana Kürün sakit axan sularının laylay çaldığı bulvarın ecazkar axşam mənzərəsini seyr etmək, insan əməyi ilə təbiətin vəhdətindən yaranan  gözəllikdən zövq almaq üçün burdaydıq. Gördük, zövq aldıq, yevlaxlılar adına qürur yaşadıq və özümüzə borc bildik deyək ki,  yaradan əllərə alqış...

 

İlqar RÜSTƏMOV,

 

 Ziyəddin SULTANOV

 

 

Xalq qəzeti.- 2013.- 11 iyun.- S. 6.