Şəhriyar Məmmədyarov
dünyada birincidir!
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilmiş sürətli şahmatın rapid növü üzrə dünya çempionatında hamıdan dəqiq oynamış və 60 rəqib arasında birinci yeri tutaraq özünü də, ölkəmizi də qızıl medalla sevindirmişdir.
Qrossmeysterimiz 15 turdan ibarət çempionatın sonuncu, üçüncü günü xüsusilə fərqlənmişdir. Həmin gün Məmmədyarov keçirdiyi beş görüşün hamısında rusiyalılar Vladimir Potkin, Nikita Vityuqov və Ernesto İnarkiyevə, ermənistanlı Sergey Movsesyana, həmyerlisi Qədir Hüseynova qalib gələrək daha 5 xal qazanmışdır. Nəticədə Şəhriyar 15 mümkün xaldan 11,5 xal toplayaraq çempionatın bütün iştirakçıları üşün əlçatmaz olmuş və dünya çempionu adını qazanmışdır. İkinci-üçüncü yerləri Rusiya şahmatçıları Yan Nepomnyaşi (11 xal) və Aleksandr Qrişuk (10,5) tutmuşlar.
Xəbər verdiyimiz kimi, dünya çempionatında Məmmədyarovla yanaşı, Azərbaycanın daha üç şahmatçısı mübarizə aparmışdır. Onlar da kifayət qədər uğurla çıxış etmişlər. Finişə 9 xalla çatan Qədir Hüseynov və Rauf Məmmədov müvafiq surətdə 5-ci və 14-cü yerləri tutmuş, Eltac Səfərli (7,5 xal) 32-ci olmuşdur.
Rapid üzrə dünya çempionatına yekun vurulduqdan sonra qrossmeysterlər sürətli şahmatın digər növü blits yarışında mübarizəyə başlamışlar. Turnirin birinci günü rəqiblər hərəyə 16 görüş keçirmişlər. Bu oyunlarda Məmmədyarov və Məmmədov 10,5, Hüseynov 10, Səfərli isə 8 xal toplamışlar. Blits üzrə dünya çempionatına dünən axşam yekun vurulmuşdur. Finişdə hər bir şahmatçını daha 14 oyun gözləyirdi.
Oqtay BAYRAMOV
Xalq qəzeti.- 2013.- 11 iyun.- S. 6.