15 İyun - Qurtuluşun zəfər günü

 

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, qısa zaman kəsiyində milli dövlətçilik sahəsində mühüm nailiyyətlər əldə etmiş, özünün hüquqi-siyasi və sosial-iqtisadi dayaqlarını möhkəmləndirərək beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun lider dövlətinə çevrilmişdir. Əldə edilmiş nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına və dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuşdur. Bu isə, öz növbəsində, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandıraraq onların ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün ciddi zəmin yaratmışdır.

Təbii ki, ölkəmizin inkişafında harada yaşamalarından  asılı olmayaraq bütün həmvətənlərımizin xüsusi rolu var. Bu gün onlar dünyanın harasında yaşamalarından asılı olmayaraq Azərbaycanla fəxr edir, onun  uğurlarından qürur duyur və fərəh hissi keçirirlər. Məhz bu  milli birliyə və dünya azərbaycanlılarının həmrəyliyinə nail olduğumuz üçün türk dünyasının dahi şəxsiyyəti, ümummilli liderimiz Heydər Əliyevə borcluyuq.

Məlumdur ki, azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızı, müstəqilliyimizi illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Başqa sözlə desək,  qüdrətli və möhkəm dövlət olmasa azadlıq və müstəqillik də yoxdur.

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və ona arxa olan bir insan — Heydər Əliyevdir.

Ümummilli liderin saf ideyaları hər zaman bizimlədir və bu dahi insan haqqında keçmiş zamanda danışmaq çox çətindir. Təəssüf  ki, bəzən bu həyatın reallıqları ilə barışmağa məcburuq. Bütün bunlarla yanaşı, danılmaz həqiqətdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev zəmanəmizin böyük filosofu və mütəfəkkiri, öz dövrünün dahi siyasətçisi, dünya siyasətinin tanınmış siması olub. Məhz bunun nəticəsidir ki, ümummilli liderin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanı dünyaya tanıtdı, onun müasir dünyada xüsusi yerini müəyyən etdi, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək bütün dünya azərbaycanlılarının vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi üçün möhkəm zəmin yaratdı. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə ulu öndər Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçdi. Xalqımızın dahi oğlu Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratdı və gələcəyə aparan uzunmüddətli uğurlu strategiyanı müəyyən etdi.

Heydər Əliyevin dövlətçilik proqramında azərbaycançılıq məfkurəsi ilə bağlı diqqəti bir də məhz belə bir cəhət çəkir ki, burada mənəvi, bədii, habelə iqtisadiyyat, sənaye, tıkinti və təsərrüfatdakı böyük nailiyyətlərlə, güzərandakı elliklə yaxşılaşma və kütləvi ruh yüksəkliyi ilə birləşərək vahid axarda gerçəkləşib.

Məlumdur ki, xalqımızın son qırx illik tarixi məhz Heydər Əliyev kimi böyük bir şəxsiyyətin adı ilə bağlı olmuşdur. Hələ 1969-cu ildə Azərbaycan KPMK-nın I katibi vəzifəsinə təyin olunmuş Heydər Əliyev tez bir zamanda öz gərgin əməyi sayəsində Azərbaycan Respublikasını digər SSRİ respublikaları arasında önə çıxarmışdır. Hakimiyyətinin ilk illərindən etibarən daim öz qayğısını xalqdan əsirgəməmiş, istər I katib işləyərkən, istərsə də ondan sonra İttifaq səviyyəli vəzifələrdə çalışarkən hər zaman Azərbaycan xalqını, onun maraq və mənafeyini bütün maraqlardan üstün tutan Heydər Əliyev dəfələrlə öz sinəsini sipər kimi qabağa verərək xalqımızın və dövlətimizin əleyhinə qərar qəbul edilməsinə mane olmuş, mötəbər tribunalardan dəyərli, tutarlı və kəskin fikirləri ilə düşmənləri yerində oturtmuşdur. Başqa sözlə desək, Azərbaycan xalqının keçmişi, bu günü və gələcəyi, məhz ümummilli lider Heydər Əliyevin Azərbaycanın xoş gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlarla bağlıdır. Bu addımlar həm müxtəlif dövrləri, həm də ayrı-ayrı istiqamətləri əhatə edirdi.

Onlardan biri də azərbaycanlı gəncləri gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasının qoyulması idi. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi. Hakimiyyətə gəldiyi ilk günlərdən ulu öndər Heydər Əliyevin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dilinə qayğı xüsusi olaraq diqqət mərkəzində idi. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr baxımından sözün əsl mənasında qəhrəmanlığa bərabər belə bir addım məhz gələcəyin müstəqil yeni Azərbaycanı naminə atılmışdı. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, demək olar ki, bütün böyük klassiklərin ittifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin ümumittifaq miqyasda ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidələrin planlı tədqiqi və nəşri - bütün bunlar ulu öndər Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticələridir.

Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını da məhz ulu öndər Heydər Əliyev yaratmışdır. Son illərdə sosial-iqtisadi, siyasi, mədəni və s. sahələrdə əldə etdiyi uğurlar isə uzaqgörən xalqımızın öz inamında həqiqətən də yanılmadığını göstərir. Əgər dönüb arxaya, kəşməkəşli müstəqillik tariximizə, təlatümlərlə dolu illərə nəzər salsaq bir daha ümummilli liderin ucalığının şahidi olarıq.

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra nail olduğu bütün uğurlar dahi Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev zəngin dövlətçilik təcrübəsindən yararlanaraq uçuruma yuvarlanan, böhranlar içində çabalayan, gələcəyini heç kimin aydın təsəvvür etmədiyi bir ölkəni xilas etdi. Öz sinəsini sipər edərək Azərbaycanın dünya birliyinin müstəqil bir subyekti olmaq hüququnu özünə qaytardı. 1993-cü ildən sonra dahi Heydər Əliyevin qətiyyəti sayəsində müstəqilliyin ilk illərində obyektiv və ya subyektiv səbəblərdən ölkəyə vurulan yaralar sağalmağa başladı, Azərbaycan dinamik inkişaf yoluna qədəm qoydu.

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başladı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar  və s. əldə  edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin, beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Ana Yasa - Konstitusiya qəbul olundu. Beləliklə də, ölkədə daha geniş miqyaslı islahatların aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlandı.

15 iyun 1993-cü il – Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə həkk olunan bu tarix təkcə dövlətçiliyimizin xilası deyildi. 15 iyun həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi. Amma çox təəssüf ki, bu gün sözügedən tarixi hadisəyə yanaşmanın özündə qüsurlar ortaya çıxır. Bəs əslində o gün nələr baş verirdi? 15 iyunda Azərbaycan xalqı nədən qurtulmuşdu? Bu suallara cavab tapmaq üçün həmin dövrə qısa bir ekskursiya edib bu tarixi hadisənin əsil mahiyyətini, onun siyasi, iqtisadi, mənəvi aspektlərini müəyyənləşdirmək mümkün və kifayətdir.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası SSRİ-nin tərkibindən çıxıb müstəqilliyini elan etdi. Bir əsrdə ikinci dəfə idi ki, Azərbaycan xalqı bu xoşbəxtliyi yaşayırdı. Əsrin əvvəlindən fərqli olaraq, bu dəfə müstəqilliyin ömrü əbədi olmalı idi. Bunun üçün isə çalışmaq, sözün həqiqi mənasında çox çalışmaq, lazım gələrsə vuruşmaq, ölmək lazım idi. Çünki bu müstəqillik ölüm, qan bahasına başa gəlmişdi və çox qurbanlar almışdı. Həmin dövrdə ölkədə vəziyyət get-gedə pisləşir, iqtisadiyyatın bütün sahələri sıradan çıxır, siyasi gərginlik artır, mənəvi aşınma baş verirdi. Siyasi fəaliyyətin mürəkkəbliyindən xəbərsiz, dövlətçiliyin, dövləti yaşatmağın nə qədər çətin olduğunu düzgün dərk etməyən, universitet auditoriyalarından yenicə ayaqları kəsilmiş səriştəsiz, bacarıqsız siyasətçilərin cəhdlərinin uğursuz olacağı elə ilk aylardan bəlli idi. Hakimiyyətə gəldikləri 1992-ci ilin iyulundan sonra hər addımları nöqsanlı, hər çıxışları qüsurlu olan hakimiyyət komandası həm özlərini, həm də Azərbaycanı fəlakətə sürükləyirdi. Sovetlərin dağılmasından sonra düzəni pozulmuş dövlətin yeni düzəndə irəliləməsi üçün proqram, layihə və hər şeydən önəmlisi düşünən beyinlərə ehtiyacı var idi. Amma bu beyinlər dövlət üçün düşünmürdü. Prezident Aparatı dövlətin idarə olunduğu ünvan olmaqdan çıxıb, şəxsi mübahisələrin, dava-dalaşların qaynaq nöqtəsinə çevrilmişdi. Bunun fonunda ölkədə bütün istiqamətləri əhatə edən dərin böhran davam edirdi. İnflyasiya 1800 faizə çatmış, dövlət büdcəsinin kəsiri 100 dəfəyə qədər artmışdı. Ölkənin borcları durmadan artır, vətəndaşların əmək haqlarının və pensiyalarının dəyəri düşür, bahalaşma, aclıq baş alıb gedirdi. Belə bir şəraitdə, hakimiyyətdə olanlar dahi Heydər Əliyevlə məsləhətləşməyə ehtiyac duyaraq, Bakıya dəvət etdilər. Düzdür, ulu öndər Heydər Əliyev hakimiyyət tərəfindən Bakıya dəvət edilsə də, bu təkcə o zamankı hakimiyyətin seçimi deyildi. Azərbaycan xalqının iradəsi bunu tələb edirdi, tarixi şərait hakimiyyəti buna məcbur edirdi.

Beləliklə, 1993-cü il 9 iyun tarixində Azərbaycan xalqının XİLASKARI Bakıya qayıtdı. Ümummilli lider Heydər Əliyev, məhz belə bir şəraitdə gəldi Azərbaycana. 1969-cu ildə olduğu kimi yenə çiyinlərini çox çətin və şərəfli bir vəzifənin altına verdi. Amma indi 69-cu il deyildi,nə Azərbaycan geridə qalmış  sovet respublikası idi, nə Azərbaycan insanı 69-cu il insanı idi, nə də Heydər Əliyev ölkəsinə mərkəzi hakimiyyətin təyinatı ilə gəlməmişdi. Ulu öndər Heydər Əliyevə bu təyinatı canından çox sevdiyi Azərbaycan xalqı vermişdi. 1993-cü ilin 13 iyun tarıxində isə, Bakıya 4 gün öncə gəlmiş Heydər Əliyev Gəncəyə Surət Hüseynovla görüşməyə, qiyamı yatırmağa getdi. Dahi siyasətçi öz siyasi bacarığını ortaya qoyaraq başladığı işi tamamlamağı bacardı. Bu isə həm inkişafa mane olan, müstəqillik üçün təhlükə yaradan hallar üçün bir sonluq, həm də sürətli və dinamik inkişafa gedən yolun başlanğıcı idi.

Qeyd olunduğu kimi, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən dahi rəhbər ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. İttifaq səviyyəsində mövcud olan iqtisadi əlaqələr dağıldıqdan sonra milli iqtisadiyyatın dirçəldilməsi üçün ölkənin malik olduğu təbii resurslardan istifadə edilməsi və milli məhsulların xarici bazarlara çıxışının təmin edilməsi mühüm əhəmiyyət kəsb edirdi. Məhz belə bir dövrdə, Azərbaycanın zəngin neft ehtiyatlarının mövcudluğunu nəzərə alan ümummilli lider Heydər Əliyev ilk vaxtlardan başlayaraq danışıqlar prosesinə ARDNŞ-in vitse-prezidenti, millət vəkili İlham Əliyevi də cəlb etdi. Beləliklə də, cənab İlham Əliyev  yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün dəfələrlə vurğuladığı bir ideya dururdu: “Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir”.

Ümumilikdə neft strategiyası ilə sürət götürən inkişaf dinamikası sonrakı illərdə də daha genişmiqyaslı formada davam etdirildi. 1995-1998-ci illər əsasən müvafiq normativ hüquqi bazanın yaradılması ilə yadda qalsa da, bu dövr həm də dövlət mülkiyyətinin özəlləşdirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi və s. istiqamətlərdə mühüm dövlət sənədləri də qəbul edilmişdir. Bazar iqtisadiyyatı şəraitində iqtisadi inkişafın əsas amilinin özəl mülkiyyət və sahibkarlığın müxtəlif formalarının təşəkkül tapması olduğunu çox düzgün qiymətləndirən dahi şəxsiyyət Heydər Əliyev ölkədə stabilliyə nail olunan kimi sahibkarlığın inkişaf etdirilməsinə xidmət edən qərarlar qəbul etdi. Bu sahədə görülən işlərin əsl mahiyyətini qiymətləndirmək üçün ümummilli lider Heydər Əliyevin hələ 1996-cı ildə söylədiyi bir fikri yada salmaq məqsədəuyğun olardı: “Bir Prezident kimi, mən iqtisadiyyatda dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdırilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara bərabərlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılması yoludur”.

Məhz bu diqqət və qayğının nəticəsidir ki, ölkədə yerli sahibkarlıq fəaliyyəti ilbəil genişlənir, möhkəmlənir və dövlət büdcəsinin əsas gəlir mənbələrindən birinə çevrilir. Artıq başlıca məqsəd bu mühüm sahənin inkişafını genişləndirməklə ölkənin sosial-iqtisadi inkişafında əhəmiyyətini artırmaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün ulu öndər Heydər Əliyev təkcə 2002-ci ilin avqust-sentyabr aylarında altı mühüm fərman imzalamışdır. Bu tarixi fərmanların qəbul edilməsi, mahiyyət etibarı ilə, ilk növbədə ölkəmizin sosial-iqtisadi durumunun keyfiyyətcə yeni inkişaf mərhələsinə qalxmasında böyük potensiala malik milli sahibkarlığın qarşısında konkret vəzifələr qoyaraq onun həlledici rolunu daha da gücləndirdi. Məhz həmin dövrdə məqsədyönümlü formada həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, artıq sahibkarlıq iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilərək istər məşğulluğun təmin olunması, istərsə də büdcə gəlirlərinin artırılması istiqamətində öz bəhrəsini verməkdədir.

Etiraf edilməlidir ki, ümummilli liderin titanik səyləri nəticəsində yaradılan bünövrə və müəyyənləşdirilən siyasət indiki dinamik yüksəlişin ilkin əsası rolunu oynamaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ulu öndər Heydər Əliyevin siyasəti Azərbaycanın hərtərəfli inkişafına indi də xidmət etməkdədir. Bu gün gerçəyə çevrilənlərin əsası ümummilli lider tərəfindən qoyulan ideyalardır. Ona görə də gündən-günə yüksələn inkişaf dinamikası hər şeydən əvvəl ulu öndər Heydər Əliyevin siyasətinin və ideyalarının təntənəsi sayılmalıdır. Lakin göstərilənlərlə yanaşı ümummilli liderimiz Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyevin liderlik xüsusiyyətlərini nəzərə almadan, onun rəhbərlik manevrlərinin özünəməxsusluğunu və ən başlıcası, müasir dövrün tələblərinə uyğunluğunu lazımınca dəyərləndirmədən, Azərbaycanın müasir inkişafının amillərini bütün tamlığı ilə qavramaq qeyri-mümkündür.

Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev ümummilli liderin müəyyənləşdirdiyi kursu yaradıcılıqla inkişaf etdirən siyasi xadimdir. Heydər Əliyev siyasi kursunun Azərbaycan xalqına xoşbəxtlik gətirəcəyinə millətimizdə böyük inam hissi var. Azərbaycan ümummilli lider Heydər Əliyevin yolu ilə əbədiyyətə qədər inamla irəliləyəcək. Bu gün Prezident İlham Əliyevin xarici siyasətdə əldə etdiyi bütün uğurlar onun şəxsi müdrikliyi və diplomatik bacarığı ilə bərabər, eyni zamanda ümummilli lider Heydər Əliyevin vaxtilə yaratdığı inkişaf strategiyasına söykənir. Ən böyük uğur isə ondadır ki, məhz son bir neçə ildə Azərbaycan dövləti regionun liderinə çevrilib. Prezident İlham Əliyevin ölkənin və ayrılıqda regionların iqtısadi inkişafının sürətləndirilməsi üçün imzaladığı dövlət proqramları, ayrı-ayrı vaxtlarda bu proqramların icrasına şəxsən nəzarət etmək üçün bölgələrə səfərlər etməsi, xalqın içində olması onun yalnız ölkənin rifahı üçün bütün səylərini ortaya qoymasından xəbər verir. Bir sözlə, məhz ümummilli liderimizin görmək istədiyi Azərbaycan bu günün reallığına çevrilib və Heydər Əliyev yolu ilə inamla daha yüksək inkişafa doğru addımlayır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

İqtisadi sahədə əldə edilmiş uğurlar da bunu bir daha təsdiq edir. Belə ki, müstəqillik illərində iqtisadiyyatın inkişafını müxtəlif mərhələlərə bölmək mümkündür ki, bu mərhələləri də aşağıdakı kimi xarakterizə edə bilərik. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi, əvvəldə də qeyd olunduğu kimi, iqtisadi dirçəlişin əsasını qoydu. Beləliklə də, ulu öndərin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar nəticəsində milli iqtisadiyyatın davamlı inkişaf dövrü başladı ki, bu da 1995-2003-cü illəri əhatə edir. Sabitlik və davamlı iqtisadi  artım ilə xarakterizə olunan bu dövr ulu öndər Heydər Əliyevin ölkədə ictimai-siyasi sabitliyi təmin etməsi, makroiqtisadi sabitlik və davamlı iqtisadi inkişaf, “Əsrin müqaviləsi”nin reallaşması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyası, 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanması, Dövlət Neft Fondunun yaradılması, Beynəlxalq Maliyyə İnstitutları ilə sıx əməkdaşlıq (stabilləşdirmə proqramları), dövlət mülkiyyətinin özəlləşdirilməsi, iqtisadiyyatda mülkiyyətin çoxnövlülüyünün təmin olunması və sahibkarlığın inkişafı kimi məsələlərlə xarakterizə olunur. Eyni zamanda, 1995-2003-cü illər ərzində MDB-də ilk dəfə olaraq, torpaq islahatlarının həyata keçirilməsi, sahəvi sosial-iqtisadi inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi, qiymətlərin, xarici iqtisadi fəaliyyətin, valyuta bazarının liberallaşdırılması, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılması, bazar institutlarının formalaşdırılması (valyuta birjası, kredit, qiymətli kağızlar, sığorta və lizinq bazarlarının yaradılması), sahibkarlıq fəaliyyəti və xarici investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin yaradılması və s. məsələlər də öz həllini tapmışdır. Bu dövrün statistik mənzərəsinə nəzər saldıqda aydın olur ki, yalnız 1995-2003-cü illər ərzində ÜDM-in orta illik artımı 9 faiz, adambaşına düşən ÜDM artımı 3 dəfə, özəl sektorun ÜDM-də payı 2 dəfədən çox artaraq 73 faiz təşkil etmiş, dövlət büdcəsinin gəlirləri 3 dəfə, orta aylıq real əmək haqqı 5,6 dəfə, xarici investisiya qoyuluşları 10, daxili investisiya qoyuluşları isə 5 dəfə artmışdır. Bununla da, Cənubi-Qafqaz iqtisadiyyatında müstəqil Azərbaycan Respublikasının payı 50 faizi ötüb keçmişdir.

Nəhayət, Heydər Əliyev ideyalarının və iqtisadi strategiyasının uğurla davam etdirildiyi  2004-2011-cu illəri ölkə iqtisadiyyatının sürətli inkişaf dövrü kimi xarakterizə etmək olar. Bu dövr makroiqtisadi sabitliyin təmin edilməsi, büdcə kəsirinin minimum səviyyəsi, inflyasiyanın idarə olunması, qanunvericilik bazasının təkmilləşdirilməsi, ölkədə yoxsulluq səviyyəsinin azaldılması, məqsədli Dövlət Proqramlarının hazırlanması və həyata keçirilməsi, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın qəbul edilməsi, Dövlət İnvestisiya Proqramları çərçivəsində irimiqyaslı sosial və infrastruktur layihələrinin geniş miqyasda həyata keçirilməsi, kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin daha da artırılması (subsidiyalar, vergi, lizinq və digər güzəştlər), biznes və investisiya mühitinin köklü şəkildə yaxşılaşdırılması, eləcə də sahibkarlığın, xüsusilə, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafının dəstəklənməsi (qeydiyyat və gömrük rəsmiləşdirilməsinın sadələşdirilməsi, “Xüsusi iqtisadi zonalar haqqında” Qanunun qəbulu, vergi yükünün azaldılması, SKMF-in vəsaitlərinin verilməsi və s.) kimi xüsusiyyətlərlə xarakterizə olunur. Məhz bu dövrdə ölkəmizin qazandığı iqtisadi uğurlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də dəfələrlə qeyd edilmişdir. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar:

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business 2009” hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, 2010 və 2011-ci il hesabatlarında da öz mövqelərini qorumuşdur;

– Azərbaycan Respublikası “Qlobal Rəqabətlilik Hesabatı” - “Dünya Rəqabət Qabiliyyətliliyi İndeksi 2011-2012”: 142 ölkə arasında 55-ci yer (əvvəlki illə müqayisədə 2 pillə irəliləmiş) və MDB ölkələri arasında 1-ci yer, o cümlədən makroiqtisadi mühit amilinə görə 16-cı pillədə qərarlaşmışdır;

“Dünya İqtisadi Forumu”  İKT üzrə MDB məkanında 1-ci yeri Azərbaycana vermişdir. BMT-nin İnkişaf Proqramı tərəfindən nəşr edilən “İnsan İnkişafı Hesabatı”nda  Azərbaycan İnsan İnkişafı İndeksinə görə 2005-ci ildə 101-ci yerdən 2010-cu ildə 182 ölkə asında 67-ci yerə yüksəlmişdir. Son 5 ildə Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə imza atan ölkədir və son 10 ildə postsovet məkanında illik 1,77 artım dərəcəsi ilə ən yüksək göstəriciyə malikdir. Nəticədə Azərbaycan “orta insan inkişafı” ölkələr qrupunu tərk edərək, yüksək insan inkişafı ölkələri kateqoriyasına daxil edilmişdir.

2004-2011-ci illər ərzində həyata keçirilmiş uğurlu iqtisadi siyasət nəticəsində, ÜDM-in orta illik artımı 14 faiz, o cümlədən qeyri-neft ÜDM-də 9 faiz olmuşdur. Eyni zamanda, adambaşına düşən ÜDM  2004-cü ilə nisbətən 5 dəfə artmış, özəl sektorun ÜDM-də payı 81,7 faizə çatmış, xarici borcun ÜDM-ə nisbəti 18 faizdən 7  faizə qədər aşağı düşmüşdür.

Bu dövrdə ölkə iqtisadiyyatına qoyulan daxili və xarici investisiyaların həcmi davamlı olaraq artmış, sosial və infrastrukturun inkişafına yönələn dövlət investisiyalarının həcmində də dinamik artım qeydə alınmışdır.

İqtisadiyyata cəmi investisiya qoyuluşları 2,4 dəfə, o cümlədən xarici investisiya qoyuluşları 1,5 dəfə, daxili investisiya qoyuluşları isə 5,5 dəfəyə qədər artmışdır. Ölkənin strateji valyuta ehtiyatları 2003-cü ilə nisbətən 14 dəfədən çox artıq yüksələrək 2010-cu ilin sonuna 29 milyard ABŞ dollarını ötmüşdür (hazırda 50 milyard dollara yaxındır). Dövlət büdcəsinin xərcləri (xüsusilə sosial və infrastruktur sahələrində) orta hesabla hər il 24 faiz artırılmışdır. Büdcə kəsiri davamlı olaraq minimum səviyyədə saxlanılmışdır. Xarici ticarət dövriyyəsi 2003-cü il ilə müqayisədə 5 dəfədən çox, o cümlədən ixrac 8 dəfədən çox artmış, ticarət saldosu 2004-cü ildən başlayaraq müsbət olmuşdur.

Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, bütün dövrlərdə həyata keçirilən tədbirlərin başlıca məqsədi sosial amillər, insanların həyat səviyyəsinin yüksəldilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması və s. kimi məsələlər təşkil etmişdir. Bu mənada həyata keçirilmiş iqtisadi siyasətin nəticəsi olaraq sosial sferada da böyük nailiyyətlər əldə edilmişdir.

Orta aylıq nominal əmək haqqı 2005-ci il ilə müqayisədə 2010-cu ildə 2,6 dəfə, əhalinin gəlirləri 3,2 dəfə, adambaşına düşən gəlirlərin həcmi isə 3,0 dəfə artmışdır. Orta pensiyanın məbləği 2003-cü il ilə müqayisədə 2011-ci ildə 6,3 dəfə, minimum əmək haqqı isə 4 dəfədən çox artırılmışdır.

2003-cü ildən etibarən ölkədə 1 milyon 100 min yeni iş yeri yaradılmış, 2161 yeni məktəb binası, 400-dən çox səhiyyə obyekti və digər sosial  obyektlər tikilib istifadəyə verilmişdir. Yoxsulluq səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 6 faizə enmişdir.

Nəhayət, 1993-cü il 15 iyununda Azərbaycan Respublikası Ali Sovetində keçirilən səsvermədə ümummilli lider Heydər Əliyev sədr seçildi. Bununla da Azərbaycanda yeni eranın başlanğıcı qoyuldu. Ulu öndər Heydər Əliyev dağılmaqda olan, parçalanan, yox olmaq təhlükəsinin bir addımlığında dayanan Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etmiş, dünyada söz və nüfuz sahibi, dinamik, inkişaf edən bir ölkəyə çevirdi. Təkcə elə buna görə də onun ikinci dəfə siyasi hakimiyyətə gəldiyi 15 iyun 1993-cü il tarixi xalqımız və dövlətimiz üçün Milli Qurtuluş Günüdür.

 

İsa ALIYEV,

AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor

 

Aqil ƏSƏDOV,

institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent

 

Xalq qəzeti.- 2013.- 12 iyun.- S. 4.