Layihələri idarəetmə üzrə 52 nəfər məzun beynəlxalq magistr sertifikatı aldı

 

Azərbaycanda əsas neft-qaz layihələrinin operatoru olan bp şirkəti bir sıra mühüm təhsil təşəbbüsləri  ilə çıxış edir. Bu günlərdə şirkət özünün “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” və Cənubi Qafqaz boru kəməri  layihələrindəki tərəfdaşları ilə birlikdə təsis etdiyi və maliyyələşdirdiyi Layihələri İdarəetmə Məktəbi məzunlarının ikinci buraxılışını qeyd etdi. Bu münasibətlə keçirilən mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Dövlət Neft Fondu, Təhsil Nazirliyi, eləcə də bp-nin ölkəmizdəki layihələri üzrə tərəfdaş şirkətlərinin nümayəndələri iştirak edirdilər.

bp-nin Bakıdakı ofisində keçirilmiş tədbiri şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə regionu xarici əlaqələr şöbəsinin meneceri Tamam Bayatlı açaraq qeyd etdi ki, 2011-ci ildə fəaliyyətə başlayan Layihələri İdarəetmə Məktəbi ötən müddətdə özəl və dövlət sektoruna aid 96 təşkilatdan 205 mütəxəssisə uğurla təlim keçmişdir. Həmin məzunların 103 nəfəri Corc Vaşinqton Universitetinin magistr,  102 nəfəri isə bakalavr sertifikatını almışdır. Qeyd olundu ki, Layihələri İdarəetmə Məktəbi bu sahədə beynəlxalq səviyyədə qəbul olunmuş xüsusi tədris proqramından istifadə edirbu proqram artıq ingilis dili ilə yanaşı, Azərbaycan dilində də mövcuddur. Ötən iki il ərzində Layihələri İdarəetmə Məktəbi dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi layihəsi çərçivəsində müxtəlif nazirliklərdən olan 30 nəfər nümayəndədən ibarət bir qrupa təlim keçmək üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə müqavilə bağlamışdır.

Tədbirdə çıxış edən bp-nin əlaqələr, xarici işlər və təhlükəsizlik üzrə vitse-prezidenti Hüseyn Məmmədov bildirdi ki, iki il bundan əvvəl bponun tərəfdaşları Azərbaycanda yeni bir layihələri idarəetmə məktəbinin təsis edilməsi məqsədilə bir milyon dollar vəsait ayırdıqlarını elan etmişlər. Ötən müddətdə bu  təşəbbüs uğurlu və mötəbər bir təhsil layihəsinə çevrilmişo, Azərbaycanın qeyri-neft sektorunun idarə olunmasında keyfiyyəti və standartları beynəlxalq tələblərə uyğun səviyyəyə qaldırmaq səylərini dəstəkləyir. Builki məzunlar arasında qeyri-neft sektorundan olan nümayəndələrin sayının neftqaz sektoruna nisbətən çox olduğunu diqqətə çatdıran H. Məmmədov onu da qeyd etdi ki, bponun tərəfdaşları bu məktəbi təsis edərkən qarşıya qoyduqları məqsədlərə nail olmaqda davam edəcək, Azərbaycanda səriştə və bacarıqların yaradılması səylərini gücləndirməyə yönəlmiş böyük təhsil təşəbbüslərinin dəstəklənməsi öhdəliyinə sadiqdirlər. Məzunları bu nüfuzlu beynəlxalq layihələri idarəetmə təlimini başa vurmaları münasibətilə təbrik edən natiq layihəni uğurla  idarə edən Xəzər Universitetinə, eləcə də  bu mükəmməl təşəbbüsü yüksək keyfiyyətlə yerinə yetirdiyinə görə “ESİ İnternational” təşkilatına minnətdarlığını bildirdi.

Sonda bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell neft-qaz, hökumət, layihələndirmə və tikinti, dəniz və geologiya, təhsil, bank və maliyyə, telekommunikasiya, həmçinin digər sektorları təmsil edən 52 nəfər məzuna layihələri idarəetmə ixtisası üzrə beynəlxalq magistr sertifikatlarını  təqdim etdi.

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2013.- 12 iyun.- S. 6.