Qələmlə xalqa xidmət nümunəsi

 

Elçin Əfəndiyev - 70

 

Azərbaycan  Respublikası Baş  nazirinin müavini,  xalq yazıçısı,  professor  Elçin  Əfəndiyevin  anadan olmasının 70 illiyi   münasibətilə  AMEA  Ədəbiyyat  İnstitutunda   keçirilən  elmi  məclisdə   görkəmli  ədib,   alim və dövlət  xadiminin mənalı  həyat yoluna,  bədii-elmi yaradıcılığına,  ictimai-siyasi fəaliyyətinə  geniş  nəzər  salınıdı,  məruzə və çıxışlarda yubilyarın  çoxcəhətli  xidmətləri  açıqlandı.

Ədəbiyyat İnstitutunun direktoru vəzifəsini icra edən,  AMEA-nın  müxbir  üzvü Teymur  Kərimli Elçin Əfəndiyevi ədəbiyyatımızın son  yarım əsrini  dərin realizmi,  xəlqiliyi  ilə seçilən  nəsr    dramaturgiya  nümunələri  ilə zənginləşdirmiş məhsuldar yazıçı,  dövrün  ədəbi-estetik  problemlərini, yaradıcılıq  meyillərini  daim  diqqətdə saxlayan  nüfuzlu ədəbiyyatşünas,  ədəbi-elmi aləmin  mötəbər  təşkilatçılarından  biri,  hökumətdə  humanitar  sahəyə  məsul  bacarıqlı rəhbər  kadr  kimi  səciyyələndirdi.

AMEA-nın  vitse-prezidenti,  akademik   İsa Həbibbəyli xalq yazıçısı Elçinin  bədii  yaradıcılığının  başlıca  məziyyətlərindən  söz açaraq  bildirdi ki, çağdaş  Azərbaycanın görkəmli  yazıçı-dramaturqu  ədəbiyyata  elmdən, bədii  təcrübədən deyil,  bənzərsiz  istedadı  ilə  gəlmişdir. Elçin  hekayə  və povestlərində,  roman   pyeslərində  həmişə  həyatın  ağrılı  tərəflərini   qələmə almış, “kiçik  adamlar”ı böyük ədəbiyyata gətirməklə  yeni  bir  istiqamət açmışdır.  Onun  əsərləri çağdaş  bədii  zövqün kamilləşməsinə, yeni nəsil  yazıçıların  yetişməsinə  ciddi  təsir  göstərmişdir.

Ədəbiyyat  İnstitutunun  şöbə  müdiri,   professor  Şirindil  Alışanov  Elçinin  ədəbi-elmi  yaradıcılığı  barədə  məruzəsində   onun  təbiətlə cəmiyyətin  harmoniyasını  yaradan,  sənətkar    xalq  tandeminə  qovuşan  ədib,  yeni  ədəbiyyatı yaradan  aparıcı  nasirlərdən biri  kimi  dəyərləndirdi.  NatiqElçin  teatrı”, “Elçin ədəbi tənqidi” barədə  mülahizələrini  söyləməklə yanaşı,  ədəbiyyatşünaslıqda “elçinşünaslığın yarandığını  da  söylədi.

Professor  Bədirxan  Əhmədov  Elçinin  dramaturgiyası,  filologiya  üzrə fəlsəfə doktoru  Tehran Əlişanoğlu  nəsr  yaradıcılığı,  filologiya üzrə  fəlsəfə doktoru  Sara  Osmanova  ədəbiyyatşünaslıq fəaliyyəti  barədə  məruzələrlə  çıxış  etdilər, hər 3  sahədə  ədibin  bədii-estetik  məziyyətlərinə  geniş  nəzər saldılar.

BDU-nun  professoru,  AMEA-nın  müxbir üzvü  Tofiq Hacıyev Elçinin  geniş dünyagörüşlü  ziyalı,  bənzərsiz  yazıçı  olduğunu  vurğuladı, onun böyük  bədii-elmi potensialından söz  açdı.  Alim  bildirdi ki,  Elçin  yaradıcılığının  əlvan,  bitkin  poetikası,  özünəməxsus  üslubu ilə ana dilimizi  zənginləşdirən  nadir  bir  yazıçıdır. Professor  Qəzənfər  Paşayev isə  Elçinin  xalq  həyatına, folklora,  etnomühitə dərin  bağlılığını  qeyd etdi.

Elmi  məclisdə  mötəbər  ədəbiyyatşünas   Elçinin  adının  akademiklər  sırasında  olması  arzusu da səsləndi. Ədəbiyyat  İnstitutu  həmkarlar  təşkilatının  sədri,  filologiya  elmləri  doktoru, professor  Asif  Rüstəmli  Elçinə  “Fədakar alim  diplomunu  təqdim  etdi.

Sonda  Elçin  Əfəndiyev  söylənən  dəyərli  mülahizələrə,  yaradıcılığına  verilən  yüksək  qiymətə görə  məclis  iştirakçılarına   təşəkkürünü bildirdi,  qələmi ilə  bundan sonra da  xalqa  sədaqətlə xidmət  edəcəyini  söylədi.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2013.- 13 iyun.- S. 7.