Alman deputat: “Xocalı aeroportu Azərbaycan ərazisində yerləşir və onun açılması tədbirləri sülh prosesini geri sürükləyir”

 

“Dağlıq Qarabağ məsələsində beynəlxalq ictimaiyyətin mövqeyi yekdildir. Almaniya beynəlxalq ictimaiyyətin qərarlarını dəstəkləyir”.

Bunu Almaniyanın Xristian Demokrat Partiyası və Bavariyanın Xristian Sosial Partiyasından olan deputat, Almaniya-İsrail parlamentlərarası dostluq qrupunun üzvü, xanım Daniela Lüdviq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Avropa Azərbaycan Cəmiyyətinin (AAC) sorğusuna cavab olaraq demişdir.

APA-ya verilən məlumata görə, Daniela Lüdviq bildirmişdir ki, işğal beynəlxalq qanunları pozur və münaqişənin sülh yolu ilə həllinin qarşısını alır: “Bura Ermənistanın Xocalı aeroportunu yenidən açmaq ətrafında keçirilən müzakirələr də daxildir. Xocalı aeroportu Azərbaycanın ərazisində yerləşir və belə tədbirlər sülh prosesini açıq-aydın geri sürükləyir.

Azərbaycanın ərazi bütövlüyü məsələsi və məcburi köçkünlərin taleyi bir-birindən ayrılmazdır. Azərbaycanın ərazi bütövlüyü yenidən tam bərpa edilmədən, məcburi köçkünlər öz torpaqlarına qayıda bilməyəcək. Bu, istənilən münaqişənin sülh yolu ilə həlli üçün məqsəd olmalıdır.

Azərbaycanla Almaniyanı dostluq əlaqələri birləşdirir. Odur ki, bu ölkədə və bütövlükdə regionda təhlükəsizlik və sabitlik yaratmaq  Almaniyanın xüsusi maraq dairəsindədir. Almaniya BMT-dəki tərəfdaşları ilə birlikdə sülh prosesinə dəstəyi davam etdirəcək. Xüsusilə də, Avropa İttifaqı çərçivəsində Almaniya öz nüfuzundan istifadə edəcək”.

 

Xalq qəzeti.- 2013.- 13 iyun.- S. 7.