Elektron idarəçilik sahəsində Azərbaycanın təcrübəsi” mövzusunda konfrans

 

Əfqanıstan İslam Respublikası nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində iyunun 11-də Bakıda “Elektron idarəçilik sahəsində Azərbaycanın təcrübəsi” mövzusunda konfrans öz işinə başlamışdır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı ilə keçirilən tədbirdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) siyasətinə həsr olunmuş geniş təqdimatla çıxış etmişdir. 2013-cü ilin Azərbaycanda “İKT ilielan olunduğunu diqqətə çatdıran nazir müavini ölkədə inkişaf xəttinin “qara qızıl”ın insan kapitalına çevrilməsi üzərində qurulduğunu vurğulamışdır.

İKT sektorunun ölkədə prioritet istiqamət təşkil etməsi və bu istiqamətdə ilk inkişaf strategiyasının 2003-cü ildə qəbul edilməsinə diqqət çəkən Elmir Vəlizadə ötən müddətdə bir sıra dövlət proqramlarının qəbul edildiyini, xüsusən “Elektron Azərbaycan” Dövlət Proqramının mərhələli icrasının həyata keçirildiyini, bu kontekstdə ölkədə “Elektron hökumət” infrastrukturunun qurulduğunu, elektron imzaelektron xidmətlərin tətbiqinə başlanıldığını, Nazirlər Kabineti tərəfindən hazırlanan elektron xidmətlər siyahısına 417 xidmətin daxil olunduğunu, artıq 40 dövlət qurumununElektron hökumət” portalına qoşulduğunu, hazırda elektron xidmətlərin çeşidinin artırılması və əhatə dairəsinin genişləndirilməsi ilə bağlı işlərin davam etdirildiyini bildirmişdir.

Ölkənin gələcək inkişaf istiqamətlərində İKT-nin mühüm yer tutacağına, qarşıdakı illərdə iqtisadi inkişafda məhz bu sektorun rolunun artacağına toxunan nazir müavini İKT üzrə gələcək inkişaf strategiyasında yüksək texnologiyalar, telekommunikasiya sahəsinin inkişafı və bu bazarın liberallaşdırılmasının yer aldığını, hazırkı inkişaf mərhələsində İKT sektorunun inkişafında özəl sektorun payının yüksək olduğunu, növbəti illərdə bu payın xüsusi çəkisinin daha da artacağını, bu məqsədlə innovativ sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılacağını və bu sahəyə dəstək veriləcəyini, ölkədə Yüksək Texnologiyalar Parkının, eləcə də İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyətinin təşkili üzrə işlərin aparıldığını qeyd etmişdir.

Azərbaycanın İKT sektoru üzrə təqdimatını böyük maraqla qarşılayan Əfqanıstanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Baryalai Hessam ölkəmizin İKT sahəsi, xüsusən Yüksək Texnologiyalar Parkının təşkili üzrə təcrübəsinə böyük maraq göstərdiklərini, bu sahədə təcrübənin bölüşdürülməsinin Əfqanıstan tərəfi üçün faydalı ola biləcəyini vurğulamışdır.

BMT-nin İnkişaf Proqramının Əfqanıstandakı baş müşaviri Sultan Hacıyev isə hər iki dövlətin oxşar problemlər dövrünü keçdiyinə diqqət çəkərək, Əfqanıstanın hazırda Azərbaycanın 20 il əvvəlki problemləri ilə üz-üzə qaldığını bildirmişdir. Hazırda isə elektron idarəçilik sahəsində Azərbaycan modelinin digər dövlətlər üçün yaxşı nümunə, uğurlu təcrübə modeli olmasını qeyd edən S. Hacıyev beynəlxalq təcrübəyə əsaslanaraq hər iki ölkənin birgə araşdırmalar aparacağına əminliyini ifadə etmişdir.

Daha sonra tədbir elektron idarəçilik, elektron həllər sahəsində Azərbaycan tərəfinin müxtəlif təqdimatları və müzakirələr əsasında davam etmişdir.

 

Xalq qəzeti.- 2013.- 13 iyun.- S. 7.