“Stratfor”un rəhbəri “Forbes”
jurnalında Azərbaycan haqqında məqalə dərc etdirmişdir
Corc Fridman: “Azərbaycan
ABŞ-ın müttəfiqi olmaq üçün bütün
keyfiyyətlərə malikdir”
“Üç böyük dövlətin - Rusiya, Türkiyə və İranın kəsişmə nöqtəsi var - bu, Qafqazdır. Hazırda onların maraqları indi Azərbaycan adlı dövlətdə toqquşur. Bu fakt Azərbaycanı uzun əsrlər boyu bir-biri ilə mübarizə aparan üç böyük dövlətin döyüş meydanına çevirib”. APA-nın məlumatına görə, bu fikir “Stratfor” Fondunun rəhbəri Corc Fridmanın nüfuzlu “Forbes” jurnalında dərc olunan “Azərbaycan Amerika üçün niyə vacibdir” adlı məqaləsində öz əksini tapıb.
Corc Fridman Azərbaycanın ən böyük enerji hasilatçılarından birinə çevrildiyini xatırladır: “Azərbaycan bir vaxtlar imperiyanın mükafatı olub. Hazırda ölkə müstəqildir və çox təhlükəli yerdədir”.
Məqalə müəllifi Azərbaycanı Qafqazda ABŞ üçün həlledici ölkə saydığını bəyan edib. Onun fikrincə, son illər Azərbaycanda marağı olan şəxslərin sayı qəflətən artıb: “Mənim Azərbaycanda şəxsi marağım böyük izahat tələb edir. Mən Avropa Birliyinin ciddi şəkildə zəifləməsindən tutmuş Rusiyanın nisbi hakimiyyətinin güclənəcəyinə qədər bir sıra hadisələr proqnozlaşdırıram. Rusiyanın öz problemləri var, lakin Avropanın Rusiyanın enerji resurslarından asılılığını və Moskvanın Avropada aktivləri almaq üçün kifayət qədər pulu olduğunu nəzərə alsaq, onda Avropanın qürubu Rusiyanın böyük hakimiyyəti anlamına gəlir. Və bunu ilk növbədə Polşadan Türkiyəyədək sərhəd boyu yerləşən postsovet respublikaları, daha sonra Azərbaycan, Şərqi Avropa və Xəzər sahilində yerləşən ölkələr hiss edirlər”.
Fridmanın fikrincə, ABŞ dünyada həlledici güc rolunu oynamaqda davam edəcək, lakin bu, “yeniyetmə gücüdür”, hərəkətlərində hansısa öncəgörmələrə və balansa əsaslanmır: “Birləşmiş Ştatlar fövqəldövlətdir, lakin münaqişədən münaqişəyə, konsepsiyadan konsepsiyaya tərəddüd keçirir. Bu hakimiyyəti (gücü) necə istifadə etməyi anlamaq üçün müəyyən vaxt tələb olunur”.
Məqalə müəllifi hesab edir ki, Rusiyanın strategiyası Avropanın bu ölkədən enerji asılılığını dəstəkləmək və dərinləşdirməkdən ibarətdir: “Bu strategiyanın ikinci mərhələsi Avropa ölkələri, o cümlədən Türkiyə üçün alternativləri məhdudlaşdırmaqdır. Neft və qaz kəmərləri ətrafında kompleks gərginliyin səbəbi odur ki, Rusiya onun nəzarətindən kənar enerji mənbələrinin Avropaya çıxışı olmasını istəmir. Avropanın zəif və yekdil olmadığı bir dövrdə Qərbə meyilli dövlətlərdə stabillik yaratmaq məqsədilə Rusiyanın bu təsirini azaltmaq məhz Amerikanın marağında olan məsələdir. Azərbaycan ABŞ-ın müttəfiqi olmaq üçün bütün keyfiyyətlərə malikdir. Bu ölkə çox münasib ərazidə yerləşib, İranda hadisələrin gedişinə təsir etmək, Xəzərin dibi ilə çəkiləcək qaz kəməri ilə Mərkəzi Asiya qazını Avropaya çıxarmaqla, Avropaya alternativ enerji mənbələri təqdim etməklə Rusiyanın təsirini zəiflətmək imkanına malikdir”.
Məqalə müəllifi hesab edir ki, bu durum nəzərə alınmaqla Azərbaycan üçün silaha çıxış lazımdır və ölkə bu silahın pulunu ödəməyə hazırdır: “Bununla belə ABŞ bu ölkənin silaha çıxışını məhdudlaşdırır. Bunun iki səbəbi var. Onlardan biri ABŞ-da yaşayan güclü erməni icmasıdır. Azərbaycan lobbisi hələlik silah satışını əngəlləmək, səfir təyinatını cəncələ salmaq üçün Konqresə təsir göstərən erməni lobbisinin malik olduğu təsir imkanlarına sahib deyil. İkinci səbəb isə hüquq-müdafiə təşkilatlarının insan haqlarının vəziyyətinin qənaətbəxş olmadığını əsas gətirərək silah satışının əleyhinə çıxmasıdır”.
Məqalədə qeyd olunur ki, Azərbaycan neftinin Rusiya və ya İran ərazisindən ixracı Türkiyəyə təzyiqlərin artmasına və Rusiyanın periferiyası boyunca alternativ enerji mənbələrinin aradan qalxmasına gətirib çıxaracaq.
“Birləşmiş Ştatlar strateji tərəfdaşlarına
münasibətdə düşünülmüş
strategiya həyata keçirməlidir,
proqnozlaşdırılmayan böhranlara qəfil
hərbi cavablar verməməlidir. Müstəqil
Azərbaycan ... Türkiyə üçün isə enerji
mənbəyidir. Həm Hitler, həm Stalin o zamanlar
yaxşı anlayırdılar ki,
Bakıya nəzarət bütün Avrasiya qitəsinə nəzarət deməkdir.
O zamandan energetikanın reallıqları bir az dəyişib, lakin bu, Bakının son dərəcə mühüm
statusunu azaldacaq dərəcədə
dəyişməyib”.
Xalq qəzeti.- 2013.- 13 iyun.- S. 8.