Qurtuluşun mübarək, Azərbaycan!
15 İyun Milli Qurtuluş gününü bayram edən Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin üzvləri, qonaqlar və ictimaiyyətin nümayəndələri əvvəlcə müstəqil Azərbaycanın memarı və qurucusu, dövlətçiliyimizin xilaskarı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri qoydular. YAP Xətai rayon təşkilatının iclas zalında keçirilən təntənəli bayram tədbirini icra hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirdi ki, bu gün sözün əsl mənasında Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və uzun əsrlər həsrətində olduğu azadlığının xilas gününün bayramıdır. Bu xilas gününün banisi isə bütün ömrü boyu “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” düşüncəsi ilə çarpışan xalqımızın dahi oğlu Heydər Əliyevdir.
R.Məmmədov Azərbaycanın taleyində müstəsna rol oynamış bu günün tarixinə qısaca nəzər salaraq bildirdi ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı anbaan dərinləşməyə başladı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Erməni təcavüzünün gündən-günə gücləndiyi bir vaxtda orduda da xaos dərinləşir, fərarilik artırdı. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında sözün əsl mənasında gərgin mübarizə gedirdi. 1992-ci il mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün səriştəsizliyi, qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilmək qüdrətində olmadığını göstərirdi. Ermənistanın işğalçılıq planlarının qarşısını almalı olan hakimiyyət qüvvələri, bunun əvəzinə əllərinə düşən fürsətdən istifadə edib siyasi rəqiblərini, xüsusilə xalq arasında nüfuzu və etimadı sürətlə artmaqda olan, sağlam siyasi qüvvələrin liderinə çevrilmiş Heydər Əliyevi bütün vasitələrlə neytrallaşdırmağa çalışırdılar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin müstəqil, tarazlı və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının diqqətini cəlb edir, ona ümidləri artırırdı. İqtidar isə onun artan siyasi nüfuzu ilə barışa bilmir, fəaliyyətini separatçılıq kimi qiymətləndirir və Naxçıvan Muxtar Respublikasında hakimiyyət çevrilişi etməyə, qeyri-demokratik yolla Xalq Cəbhəsini hakimiyyətə gətirməyə cəhd edirdi.
1992-ci il oktyabrın 24-də Xalq Cəbhəsi yerli qurumlarına məxsus silahlı dəstələr Daxili İşlər Nazirliyi binasını, televiziya studiyasını ələ keçirdi. Qiyamçılar xalqa televiziya ilə müraciət edib mövcud hakimiyyət əleyhinə bəyanatlar versələr də xalqın böyük əksəriyyəti Heydər Əliyevin çağrışı ilə ayağa qalxdı. Silahlılar dövlət idarələrindən qovulub çıxarıldı.
Azərbaycanda isə vətəndaş müharibəsi təhlükəsi günbəgün yaxınlaşırdı. 1993-cü ilin iyununda baş vermiş Gəncə qiyamı vəziyyəti daha da ağırlaşdırdı. Hökumətə tabe olmayan Surət Hüseynovun rəhbərlik etdiyi bir qrup zabit “hərbi birlik” yaratmışdı və onlar Müdafiə Nazirliyinə tabe olmurdular. İqtidar bir vaxtlar özünün yaratdığı hərbi müxalifətin öhdəsindən gələ bilmirdi.
Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi və çox az bir zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.
Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb.
Natiq həmçinin qeyd etdi ki, Heydər Əliyevin tarixi şəxsiyyət kimi böyüklüyü, XX əsrin sonu və XXI əsrin əvvəllərində ictimai siyasi həyatın bir çox sahələrində özünü göstərdi. Lakin tarixin çox mürəkkəb, dramatik və məsul bir dövründə xalqın əsrlərdən gələn azadlıq və müstəqillik arzularını gerçəkləşdirərək, müstəqil və suveren Azərbaycan Respublikasını qurması onun dövlətçilik fəaliyyətini daha parlaq şəkildə nümayiş etdirdi.
Toplantıda çıxış edən Milli Məclisin deputatı Səməd Seyidov qeyd etdi ki, zaman, şərait necə dəyişsə də siyasi təcrübə, müdrüklik, uzaqgörənlik və mətin siyasətçi nüfuzu ən mürəkkəb problemləri belə zaman -zaman arxada qoyurdu.
Heydər Əliyevə iqtisadiyyatı dağılmış, Ermənistanla Dağlıq Qarabağ savaşında məğlub duruma düşmüş, minlərlə qaçqının çöllərə səpələndiyi, anarxiya və separatizmin meydan suladığı, vətəndaş müharibəsi həddində olan viranə bir məmləkət miras qalmışdı. Digər tərəfdən, bu məqamda dağılan SSRİ-nin xarabalıqlarında ən qiymətli parça kimi Azərbaycanı öz qabağına çəkmək istəyən nəhəng xarici ölkələr arasında da gizli bir diplomatiya müharibəsi gedirdi. 8 milyona yaxın xalqını, canı qədər sevdiyi Azərbaycanı taleyin hökmünə buraxmaq, həyatın qaçılmaz zərbələrinə qarşı həmişə mərdi-mərdanə durmağı bacaran Heydər Əliyevin manevrasında deyildi. Çünki o, heç zaman, hətta Moskvada, nəhəng bir ölkənin yüksək dövlət postundan istefa verəndən sonra, onun çörəyini yeyənlər, onun xeyir duası ilə karyera pillələrində irəliləyənlər ona dönük çıxanda belə, xalqına arxa çevirmədi. Çünki o, bu naqisliklərin kökündə duran şeytan əməllərindən xəbərdar idi.
Belə ağır bir durumda Heydər Əliyev eyni vaxtda bir çox strateji sahələrə rəhbərlik edərək, bu istiqamətdəki problemlərin həllinə nail olmalı idi. Əvvəla, o ölkənin xarici siyasət məsələlərinə rəhbərliyi ələ alıb, ölkəni seyt-notdan, informasiya blokadasından çıxarmalı idi. İkinci, dövlət idarəçilik orqanlarının işlək sistemini yaratmalı və vəzifə ierarxiyalarında subordinasiyanı bərpa etməli idi. Üçüncü, müharibə aparan dövlətin hərbi fəaliyyətinə rəhbərlik etməli, ölkədə sabitliyi bərpa etmək üçün dövlət təhlükəsizlik orqanlarının işini nizama salmalı, iflasa uğramaqda olan iqtisadiyyatı ayağa qaldırmaq üçün islahatlara başlamalı idi. Sosial sahələrə və mədəniyyətin inkişafına rəhbərlik də onun üzərinə saysız -hesabsız qayğılar qoyurdu. Lakin son dərəcə böyük və polad iradə onu qələbədən qələbəyə aparırdı.
Milli Məclisin üzvü, yazıçı-dramaturq, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov da hadisələrin təfərrüatını xatırladaraq bildirdi ki, bir anlıq o böyük dühanın qayıdışını düşüncəmizdən kənara qoysaq, xəyalımızda ağıla gəlməyən, fəlakət dənizində batmış bir Azərbaycan görmüş olarıq. Gərgin, əzablı, qan-qadalı günlərin uzanması, Azərbaycanın təslimə yol getdiyi 1993-cü ildə vətənpərvər qüvvələrdə müstəqilliyi itirmək xofu yarananda böyük siyasət ustasına, xalqın əksər hissəsinin xilaskar kimi gördüyü millət atasına müraciət ünvanlandı. Tariximizə “91-lərin müraciəti” kimi daxil olan bu məktub bəlkə də 91-minlərin, 910-minlərin böyük sərkərdəni əslində hakimiyyətə çağırışı idi. Heydər Əliyev öz fəhmi ilə bu müraciətin arxasında 91 nəfər yox, bütöv bir xalqın durduğunu görürdü. Məhz həmin ərəfədə böyük öndərin göndərdiyi cavab məktubu bütün ölkəni silkələdi.Vəziyyətin elə də qorxulu olmadığını zənn edənlər yalnız bu məktubdan, Heydər Əliyevin şəraiti dəqiq-dürüst təhlilindən sonra dərk etdilər ki, belə getsə xalq nəinki müstəqilliyini, hətta Vətənini, keçmişini və gələcəyini itirə bilər.
Bir gerçəkliyi də unutmaq olmaz ki, 1993-cü ildə xalqın böyük əksəriyyəti artıq Heydər Əliyevin məhz indi ölkəyə daha çox lazım olduğunu dərk etmişdi. Hətta hakimiyyətə yiyələnib onu eybəcər hala salmış insanlar belə. Çünki daim özlərindən iki boy ucada gördükləri bu böyük dahiyə, hakimiyyətdən gedəcəklər deyə, nə qədər nifrət bəsləsələr belə, Azərbaycanın böyük faciəsindən və xalqın qəzəbindən qorxub onun qayıdışına əl çaldılar.
Qurtuluşun 20 illiyinin bu bayram tədbirində çıxış edən natiqlər YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, görkəmli alim Vaqif Abbasov və digərləri çıxışlarında qeyd etdilər ki, çox haqlı olaraq tarixçi alimlər, politoloqlar Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışını Azərbaycan müstəqilliyinin yeni tarixində ikinci mərhələnin - qəti dönüş mərhələsinin başlanğıcı kimi səciyyələndirirlər. Heydər Əliyevin az bir müddətdə bu istiqamətdə atılmış düşünülmüş və hədəfə ünvanlanmış addımları öz bəhrəsini verdi. 1994-cü il sentyabrın 20-də təzyiq və hədələrə baxmayaraq, “Əsrin müqaviləsi” imzalandı. Şübhəsiz, bu müqavilənin çox böyük iqtisadi dəyəri ilə yanaşı ölçüyə gəlməyən siyasi əhəmiyyəti də var idi. Yaxın vaxtlara qədər dünyanın tanımadığı, iflas və məhv olmaq təhlükəsi qarşısında olan gənc, müstəqil Azərbaycan beynəlxalq iqtisadi-siyasətin maraq mərkəzlərindən birinə, bu siyasəti müəyyənləşdirən qüdrətli dövlətlərin mühüm iqtisadi tərəfdaşına çevrilirdi.
“Əsrin müqaviləsi” imzalanandan sonra əlverişli və etibarlı investisiya mühitinin formalaşdırılması üçün güclü qanunvericilik bazası yaradılmağa başlandı. Ölkə iqtisadiyyatında aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sisteminin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, yeni iqtisadi münasibətlərə cavab verməsi 1994-cü ildə artıq iqtisadi tənəzzülün qarşısını almağa, sabitliyin əldə edilməsinə gətirib çıxardı. Bunun başlıca amili isə ölkəyə xarici investisiya axınının başlanması idi.
Dünyada “Enerji diplomatiyası” əsrinin yeni mərhələyə qədəm qoyduğunu gözəl bilən Heydər Əliyevin bu sahədə strateji taktiki gedişlərinin ilk uğuru 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə gəldi. Həmin dövrdə tanınmış rus siyasətçilərindən biri yazırdı ki, “vaxtilə Neft Daşlarının kəşfi Azərbaycanı Xəzərin hökmdarı etmişdisə, Heydər Əliyevin ağıllı kombinasiyalarının, dərin zəkasının və qətiyyətinin təntənəsi olan “Əsrin müqaviləsi” gənc müstəqil Azərbaycanı dünyanın qüdrətli dövlətlərinin mühüm iqtisadi tərəfdaşına çevirdi”. Azərbaycan üçün məhz bu tarixi uğurdan sonra iqtisadiyyatda yeni bir dövr başladı – iqtisadi yüksəliş və tərəqqi dövrü. Artıq 10 ilə yaxındır ki, Heydər Əliyevin siyasi varisi, sədaqətli silahdaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz misilsiz uğurları ilə bu dövrün qlobal layihələrini gerçəkləşdirməklə, ölkəsini nəinki regionun, dünyanın söz sahibi olan dövlətlərindən birinə çevirmişdir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilmiş üzvlərə partiya biletləri təqdim olundu və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olundu.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2013.- 14 iyun.- S. 5.