Neft Akademiyasında Milli Qurtuluş
Günü qeyd edildi
Dünən
Azərbaycan Dövlət Neft Akademiyasında Milli Qurtuluş
gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri
giriş sözü ilə açan rektor, akademik Siyavuş
Qarayev bildirdi ki, tariximizə Milli Qurtuluş Günü kimi
daxil olmuş 1993-cü ilin 15 iyun günü Vətənini, xalqını
sevən, həmin çətin, ağrılı günlərin
dəhşətlərini yaşayan, hadisələri gözləri
ilə görən hər bir insan üçün çox əzizdir.
15 iyun - əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim
mübarizəsinin tarixidir.
Rektorun
sözlərinə görə, həmin dövrdə erməni
daşnaklarının “Böyük Ermənistan” yaratmaq niyyətləri,
Azərbaycanı Qafqazın siyasi xəritəsindən silmək
planları reallaşmaq üzrə idi. Azərbaycan
torpağı etnik əlamətə görə
parçalanıb yox olmaq təhlükəsi
qarşısında qalmışdı. Gəncədə
1993-cü il iyun qiyamı vəziyyəti daha da
ağırlaşdırmışdı. Burada polkovnik Surət
Hüseynovun rəhbərlik etdiyi hərbi hissə Müdafiə
Nazirliyinə tabe olmur, o zamankı səriştəsiz iqtidar
isə hərbi müxalifətin öhdəsindən gələ
bilmirdi. İyunun 4-də hökumət hərbi qiyamı
yatırmaq üçün Gəncəyə 3 minədək
hərbi qüvvə və texnika yeritmişdi. İki
qardaş üz-üzə dayanmışdı. Hökumət
qüvvələrini məğlub edən qiyamçı hərbi
hissələr Bakıya doğru yeriməyə, prezidentin və
hökumətin istefayasını tələb etməyə
başlamış, heç bir müqavimətə rast gəlmədən
paytaxta yaxınlaşmışdı. Yaranmış vəziyyətlə
əlaqədar parlamentin sədri,
baş nazir, üç güc nazirliyinin rəhbərləri
istefaya getməyə məcbur olmuşdular. Belə bir vaxtda
ölkənin qabaqcıl adamları, ziyalılar, sadə əməkçilər
böyük fəlakətin
yaxınlaşdığını hiss edərək Naxçıvan
Ali Məclisinin sədri Heydər Əliyevə müraciət
etmişdilər. Ziyalı insanlar dəfələrlə
Naxçıvana gedib onun yenidən böyük siyasətə
qayıtmasını xahiş etmişdilər. AXC-Müsavat
iqtidarı uzun müddət öz yarıtmaz fəaliyyəti
ilə ölkəni parçalanmaq həddinə
çatdırmış, vətəndaş müharibəsi
üçün zəmin yaratmışdı. Bu təhlükəli
proseslərin qarşısını ala bilmədiyini dərk
edən iqtidar da son anda kömək üçün Heydər
Əliyevə müraciət etmişdi.
S.Qarayev
bildirdi ki, Azərbaycanın görkəmli oğlu,
böyük vətənpərvər Heydər Əliyev bu
ağır gündə xalqın təkidli dəvətini qəbul
edərək iyunun 9-da Bakıya gəldi. Bununla da daxili və
xarici düşmənlərimizin bütün planları iflasa
uğradı. Xilaskarlıq missiyasını öz üzərinə
götürən bu nəhəng şəxsiyyət həyatını
təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin
daha faciəli nəticələrə gətirib
çıxarmaması üçün öz ağsaqqal
sözünü dedi. İndi inamla söyləyə bilərik
ki, Heydər Əliyevin Gəncəyə səfəri vətəndaş
qarşıdurmasının genişlənməsinin
qarşısını aldı. 1993-cü il iyunun 15-də Heydər
Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri
seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü
kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis
1997-ci ilin iyununda bu günü bayram elan etdi. Kəskin geosiyasi
ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsi,
Azərbaycan xalqını parçalanıb yox olmaq təhlükəsindən
qurtarması Heydər Əliyevin xalqımız və tariximiz
qarşısında ən böyük xidmətidir.
Milli Məclisin
sosial siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli
bildirdi ki, Heydər Əliyev Azərbaycanın müstəqillik
tarixində milli xilaskar kimi ad qazanmış bir şəxsiyyətdir.
O, hələ keçən əsrin 60-cı illərindən
başlayaraq cəsarətli və uzaqgörən lider kimi
tanınıb, stereotipləri sındıra bilib. Azərbaycanda
sənayenin və kənd təsərrüfatının
inkişafı üçün ittifaq dövlətindən
lazım olan hər şeyi ala bilib. Bakıda böyük sənaye
müəssisələri, o cümlədən Bakı Məişət
Kondisionerləri zavodu kimi böyük bir müəssisənin
tikilməsinə razılıq alıb. Ölkədə
böyük sənaye potensialı və vətəndaşlarımızın
sosial rifahının yaxşılaşması
üçün hər cür imkan yaradılıb. Hadi Rəcəblinin sözlərinə
görə, sovet dövləti dağıldıqdan sonra Azərbaycan
uçurum həddinə qədər gəlib çatıb.
Ölkədə xaos, anarxiya, özbaşınalıq hökm
sürüb. Erməni təcavüzü ilə bərabər
daxili hərc-mərclik, milli-etinik münaqişələr Azərbaycanı
məhv olmaq təhlükəsi ilə üz-üzə qoyub.
Belə bir vaxtda ulu öndər Heydər Əliyev xalqın
köməyinə gəlib və dövlətçiliyimizin,
müstəqilliyimizin xilası üçün ardıcıl
tədbirlər görməyə başlayıb. İlk
növbədə daxili hərc-mərcliyə son qoyulub,
separatçı dalğanın qarşısı
alınıb, cəbhədə atəşkəsə nail
olunub, ictimai-siyasi sabitlik yaradılıb və sosial problemlərin həllinə
başlanılıb. Heydər Əliyevin hakimiyyətə gəldiyi
ilk ildə dövlət büdcəsi 500 milyon dollar təşkil
etsə də, indi bu rəqəm 25 milyard dollar həddindədir.
Bu, Azərbaycanda inkişafın nə qədər sürətlə
aparıldığını göstərir. Sonrakı illərdə
hakimiyyətin varisliyi prinsipinin qorunub saxlanması, Heydər
Əliyevin yaratdıqlarının dağılmasına imkan
verilməməsi ölkəyə bü günkü nailiyyətləri
qazandırıb. Prezident İlham Əliyev Heydər Əliyev
siyasətini böyük uzaqgörənliklə davam etdirərək
Azərbaycanı hazırkı sosial-iqtisadi inkişaf mərhələsinə
gətirib çatdırıb, dünya dövlətləri
arasında söz sahibi edib. İndi ölkəmiz dünya əhəmiyyətli tədbirlərin
keçirildiyi bir məkana çevrilib. Bu günlərdə
340 ABŞ senatorunun Bakıda olması və ölkədəki
tərəqqini görməsi də göstərir ki, Azərbaycan
beynəlxalq miqyaslı məsələlərin həllinə
öz töhfələrini verir, dünyanın enerji təhlükəsizliyinin
təminatında böyük rol oynayır. Ona görə də
YAP-ın bu yaxınlarda keçirilmiş qurultayında
İlham Əliyev yenidən Azərbaycan Respublikasının
prezidenti vəzifəsinə namizəd irəli
sürüldü. Bu, eyni zamanda, Azərbaycan xalqının
iradəsidir.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.-
2013.- 14 iyun.- S. 7.