15 İYUN –
müstəqil dövlətçiliyin, demokratiyanın,
haqqın-ədalətin qalibiyyət günü
Dünya sivilizasiyasını, bəşər xəzinəsini çoxsaylı elm və sənət zirvələri, misilsiz maddi və mənəvi mədəniyyət abidələri, qüdrətli qılınc və qələm dahiləri ilə zənginləşdirən Azərbaycan xalqının tarixində ağır, faciəli məqamlar, sarsıdıcı böhranlar da çox olub. 1993-cü ilin yayında, iyun ayının əvvəllərində Azərbaycanda yaranan son dərəcə gərgin, böhranlı hərbi, sosial-siyasi situasiya tariximizin heç bir ağır dövrü, heç bir faciəsi ilə müqayisəyə gəlmir.
Çünki həmin vaxt, yəni 1993-cü il iyunun əvvəllərində Azərbaycan xalqı yenicə yaranan müstəqil dövlətindən məhrum olmaq, kiçik dövlətciklərə, quberniyalara parçalanmaqla bütöv varlığını itirmək təhlükəsi, ümummilli süqut, fəlakət ilə üz-üzə dayanmışdı. Yaxın-uzaq imperiya maraqları, daxili və xarici düşmən fitnələrilə baş qaldıran “Sadval”, “Talış-Muğan” separatizmi gənc dövləti vətəndaş müharibəsi, bütöv iflas, qlobal məhvolma məqamına gətirib çatdıran səhvlər ölkəni diz çökdürmüşdü. Azərbaycan öz tarixinin ən fəlakətli, ən böhranlı günlərini, qanlı ölüm-qalım yolayrıcının tragik məqamlarını yaşayırdı. Və bu dəhşətli tarixi şəraitdə bütün ümidlər, arzular Naxçıvana, dahi dövlət xadimi, müdrik siyasətçi Heydər Əliyevə dikilmişdi. Bütün xalqımız yeganə xilas yolunu Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışında görür, çoxsaylı təkidli çağırışlarla onu gözləyirdi.
Bu böyük ümumxalq inamını, etibarını, etimadını Heydər Əliyev Azərbaycan xalqına sədaqətli, şərəfli xidmətilə qazanmışdır. Mən bu tarixi xidmətin bir neçə məqamını qısaca olaraq xatırlatmaq istərdim.
Xalqa qarşı cəza
maşını kimi istifadə olunan, yad, antiazərbaycan
qüvvələrin çoxluq təşkil etdiyi təhlükəsizlik
orqanı Heydər Əliyevin tarixi hünəri, uzaqgörən
müdrik siyasəti ilə mərhələ-mərhələ
saf milli kadrlarla yenidən komplektləşdirildi, milli
mövqeli əsl təhlükəsizlik sisteminə
çevrildi. Bu yolla dəhşətli repressiyalara son qoyuldu, əslində,
xalq xilas edildi.
Azərbaycan dili xalqın neçə min illik həyatının,
duyğu və düşüncəsinin, milli mənəviyyatının
canlı abidəsidir. O, unudulan, unutdurulan abidəni təkidlə Azərbaycan
gerçəkliyinin ön mövqeyinə, diqqət mərkəzinə
çəkdi, xalqı öz milli-tarixi yaddaşı ilə
silahlandırdı, səfərbər etdi Heydər Əliyev.
Dilə, dilçilik elmimizə böyük qayğı
nəticəsində qısa bir dövrdə fundamental əsərlər
yarandı, neçə-neçə dilçi alimimiz dövlət
mükafatlarına layiq görüldü.
İmperiya maraqları ilə keçmişi unutduran Azərbaycan
xalqı 70-ci illərdə qeyd edilən böyük yubiley
yığıncaqlarında özünə qayıdır,
misilsiz tarix-mədəniyyət dərsləri keçir,
öz milli yaddaşı, tarixi gücü ilə silahlanaraq
ayağa qalxırdı. Bu, xalqın mənəvi xilası, səfərbərliyi,
sonrakı xalq azadlıq hərəkatının ilk qüvvə
toplama mərhələsi idi.
Təəssüf ki, Heydər Əliyevin Azərbaycan
naminə yeritdiyi geniş miqyaslı, uzaqgörən siyasət,
həyata keçirilən böyük işlər bəzən
qısqanclıqla, hətta düşmənçiliklə
qarşılanırdı. Moskvaya, Kremlə
axın-axın anonim məktublar, teleqramlar göndərilir, Azərbaycanda
millətçiliyin baş qaldırması iddia olunurdu. Heydər Əliyev bəzən Kremlin yüksək vəzifəli
dövlət məmurları ilə də mübarizə
aparır və qalib gəlirdi.
Məlumdur ki, bir sıra böyük zavod və fabriklər,
nəhəng sənaye və kənd təsərrüfatı
kompleksləri Heydər Əliyevin nüfuzu, təkidi nəticəsində
məhz Azərbaycanda tikilirdi. Bunlar Azərbaycanın
iqtisadi potensialına onun tarixi töhfələri idi.
Qafqazda ən güclü elektrik enercisi sisteminin Azərbaycanda
yaradılması Heydər Əliyevin dərindən
düşünülmüş, uzaqgörən siyasətinin
nəticəsi idi. İndi azad, müstəqil Azərbaycanın
enerji sarıdan korluq çəkməməsi Heydər
Əliyevin keçən əsrin 70-ci illərindəki
böyük xidmətinin nəticəsidir.
Bir
sözlə, 70-ci illərdə Azərbaycan başdan-başa
tikinti-quruculuq, sosial-mədəni tərəqqi, bütöv
dirçəliş meydanına dönmüşdü; bu illərdə
Azərbaycan öz qədim tarixinin qızıl
dövrünü - keçmişin bərpası və bu günün,
gələcəyin quruculuğunda təkrarsız dirçəliş,
intibah dövrünü yaşayırdı. Həmin
dövrün dahi strateqi, baş memarı Heydər Əliyev
idi. Yalnız öz xalqını, Vətənini həqiqi
övlad məhəbbəti ilə sevən qüdrətli
dövlət rəhbəri belə uzaqgörən siyasət
yeridə bilər, belə misilsiz, fenomenal nəticələrə
nail ola bilərdi.
İlk baxışda adi görünən bütün bu
və digər konseptual istiqamətlər nəticəsində
Heydər Əliyev xalqı daxilən, ruhən səfərbər
edib böyük məqsədlərə doğru yönəldə
bildi, sözün həqiqi mənasında, Azərbaycanı
Azərbaycana qaytara bildi.
Xalq öz böyük oğlunun, dahi rəhbərinin
tarixi xidmətlərini unutmamışdı. Odur ki, dar
ayaqda yenə ona üz tutdu, onun ağlına,
bacarığına, xilaskar qüdrətinə bel
bağladı. Mən özüm canlı şahidəm
ki, 1993-cü ilin 4 iyun qiyamı, faciəli vətəndaş
müharibəsi ərəfəsində yüzlərlə,
minlərlə məktub, teleqram, faks gəlirdi
Naxçıvana – Heydər Əliyevin ünvanına. Bu saysız-hesabsız məktub və teleqramlarda,
faks və telefon danışıqlarında xalq Heydər
Əliyevi təkidlə Bakıya dəvət edir, Azərbaycanı
düşdüyü son dərəcə böhranlı, faciəli
vəziyyətdən xilas etməyə
çağırırdı. Xalqın bu arzuları,
ümidləri, təkidi, tələbi, Azərbaycanın
siyasi hakimiyyətində kimi görmək istəyi ən yeni
tariximizə “91-lər” adı ilə daxil olan
ziyalıların, görkəmli elm və sənət
adamlarının bir qədər əvvəl, 1992-ci ildə
Heydər Əliyevə ünvanlanan tarixi məktubunda daha əhatəli,
konseptual şəkildə qeyd olunmuşdur. 91 nəfər Azərbaycan
ziyalısının, respublikamızda çox böyük
hörməti, nüfuzu olan elm və sənət
adamlarının imzalayıb göndərdiyi həmin tarixi sənəd,
əslində, bütün xalqın, Azərbaycanın məqsəd
və məramını, ümummilli
narahatlığını, Heydər Əliyev
xilaskarlığına dərin inam və etiqadını ifadə
edirdi.
Bəli,
Heydər Əliyev 1993-cü ilin yayında, iyunun əvvəllərində
faciələr girdabında boğulan, dəhşətli vətəndaş
müharibəsinin ilk qurbanlarının qanı ilə sinəsi
dağlanan Azərbaycanın fəryadını eşitdi, onun
səsinə səs verdi.
Bir məqamı xüsusilə vurğulamaq istəyirəm. Həmin vaxt
iqtidarda olan qüvvələr - AXC-Müsavat
cütlüyü də öz səhvləri nəticəsində
yaranmış böhranlı vəziyyətdən xilas olmaq
üçün dönə-dönə Naxçıvana
üz tutur, Heydər Əliyevi Bakıya dəvət edirdilər.
Çox ibrətamiz faktdır: hətta ulu öndər
Əliyevə düşmən gözü ilə baxan qüvvələr
də yeganə xilas yolunu Heydər Əliyevdə, onun siyasi
hakimiyyətə qayıtmasında görürdülər.
Özünün çoxsaylı səhvləri, siyasi səriştəsizliyi,
dövləti idarəetmədə buraxdığı kobud
nöqsanları ilə gənc, müstəqil Azərbaycan
Respublikasını “ölüm-qalım” yolayrıcına,
qlobal iflas uçurumuna gətirib çıxaran bədnam
AXC-Müsavat cütlüyü də başqa yol tapmayaraq Heydər
Əliyevin xilaskar gəlişinə müntəzir idi,
intizarla onun gələcəyi yollara boylanırdı.
1993-cü
il iyunun 9-da dahi dövlət xadimi Heydər
Əliyevi gətirən təyyarə Bakı hava limanında
yerə endi. O gün bütün Azərbaycan sevinc içində
idi; ürəklərin kədərinə, həsrətinə,
ümidsizlik və intizarına son qoyulmuşdu. Xalq
inandığı, etibar etdiyi oğlunu və rəhbərini
gül-çiçəklə, qəlbinin ən böyük
sevgisi, sevinci ilə qarşılayırdı. Həmin
sevgi, sevinc ümmanında mənim yadıma orta əsr salnaməsindən
yaddaşıma həkk olunmuş bir cümlə
düşdü: “Şah İsmayıl Xətai ruhun bədənə
qovuşduğu kimi Təbrizə daxil oldu”. 1501-ci
ildə Şah İsmayıl Xətainin Təbrizə daxil olub
Səfəvilər dövlətini yaratmasına işarə
edilən bu tarixi cümləni xatırlaya-xatırlaya Heydər
Əliyevin Bakıya gəlişini izləyir, Azərbaycan
dövləti və dövlətçiliyinin xilasına
sevinirdim. Heydər Əliyev də ruhun bədənə
qayıtdığı kimi Bakıya daxil olurdu. Bu tarixi analogiyada böyük bir tarixi həqiqət
var. Heydər Əliyev də Şah İsmayıl Xətai kimi
Azərbaycan dövləti və dövlətçiliyini xilas
etdi, qorudu və möhkəmləndirdi.
1993-cü
ilin 15 iyununda Azərbaycan Respublikası Ali Sovetinin sədri
seçilən Heydər Əlirza oğlu Əliyev Azərbaycan
Respublikası Milli Məclisinin 15 iyun 1993-cü il
tarixli iclasındakı proqram xarakterli
çıxışında deyirdi: “Azərbaycanın bu faciəli
dövründə biz böyük fəlakət
qarşısındayıq. Bu dövrdə
bütün qüvvələr birləşməlidir,
bütün siyasi partiyalar, bütün siyasi qurumlar,
bütün siyasi və ya ictimai təşkilatlar,
bütün insanlar hamısı birləşməlidir. Hamı kin-küdurəti kənara qoymalıdır,
hamımız birləşib Azərbaycanı bu ağır vəziyyətdən
qurtarmalıyıq”.
Bu, haqqın, həqiqətin səsi idi. Bu, dahi
xilaskarın Azərbaycan xalqına ünvanlanan tarixi
çağırışı idi. Xalq bu səsi, tarixi
çağırışı eşitdi, ona hay verdi, Heydər Əliyevin, onun xilaskar
ideyalarının ətrafında birləşdi, alınmaz
qalaya, güclü səngərə döndü. Xalq bütün tarixi gücü, milli-mənəvi
yaddaşı ilə, bütün qəlbi, ruhu ilə səfərbər
oldu, ayağa qalxdı.
Beləliklə, Azərbaycan Respublikasında dövlət
və cəmiyyət həyatının, sosial-siyasi vəziyyətin
saflaşdırılması,
sağlamlaşdırılması prosesi başlandı. Çox böyük sürətlə,
misilsiz qətiyyətlə həyata keçirilən bu
mürəkkəb proses nəticəsində, sözün həqiqi
mənasında, Heydər Əliyevin hakimiyyət
ustalığı, fenomenal xilaskarlığı ilə Azərbaycan
gəmisi dəhşətli girdabdan, gizli-aşkar
qayalıqlara çırpılıb məhv olmaqdan qurtuldu.
1993-cü il oktyabrın 3-də respublika əhalisinin
böyük əksəriyyətinin - 98,8
faizinin səs verməsi ilə Azərbaycan Prezidenti seçilən
Heydər Əliyev 1993-cü il oktyabrın 10-da vətənə,
dövlətə, xalqa sədaqət andı içdi.
Andiçmə mərasimindəki nitqində dahi rəhbərimiz
deyirdi: “Azərbaycan Respublikası bundan sonra heç vaxt
başqa bir dövlətin tərkibinə daxil olmayacaq,
başqa bir dövlətin tabeliyinə düşməyəcək,
öz müstəqilliyini daim qoruyacaqdır”. Milli
qurtuluş yolunun bu əsas istiqaməti Heydər Əliyev
qüdrətilə günbəgün, ilbəil möhkəmləndirildi,
əbədi və dönməz xarakter aldı.
Bəli, Azərbaycanın tale kitabına Milli Qurtuluş
Günü kimi əbədilik yazılan 1993-cü ilin 15 iyunu
ilə yeni bir dövr başlandı. Həmin gün xalqın arzusu,
ümidi, təkidli çağırışı, tarixi
ehtiyacı ilə yenidən hakimiyyətə qayıdan dahi
siyasətçi Heydər Əliyev Vətən və xalq
naminə, azad, müstəqil, bütöv Azərbaycan naminə
qüdrətli xilaskarlıq fəaliyyətinə
başladı.
Azadlığına yenicə qovuşan Azərbaycan
Respublikası daxili və xarici düşmən fitnələrilə,
imperiya maraqları ilə parçalanaraq
bölüşdürülmə faciəsindən, milli
iflasdan, dövləti məhvolmadan xilas edildi.
Heydər Əliyevin müdrik siyasəti nəticəsində
qanlı vətəndaş müharibəsinin
qarşısı alındı. Respublikamızın
şimalında və cənubunda alovlanmaqda olan separatizmə,
xəyanətlərə son qoyuldu, qısa müddətdə
məmləkətimizdə sosial-siyasi sabitlik bərqərar
edildi. Dövlətçilik sisteminin
möhkəmlənməsi, daxili və xarici siyasətdə
uğurlar, tarixi quruculuq dövrü başlandı. İqtisadiyyatda geriləməyə, tənəzzülə
son qoyuldu, ilbəil müsbət dəyişikliklər
çoxaldı, əsaslı yüksəliş ardıcıl
xarakter aldı. Ona görə
xalqımız, dünyada yaşayan bütün azərbaycanlılar
15 iyunu Milli Qurtuluş Günü kimi bayram edir. Həmin gün, həqiqətən, ümummilli,
ümumxalq qurtuluşunun əsası qoyuldu.
Bu, cəmiyyəti məhv edən qorxulu anarxiyadan,
dağıdıcı separatizm və
özbaşınalıqdan, terror və banditizmdən sivil,
sabit, dünyəvi, demokratik dövlətçilik sisteminə
qayıdış bayramıdır.
Bu, parçalanma məğlubiyyətindən
bütövləşmə, birləşmə qalibiyyətinə,
tənəzzüldən tərəqqiyə qayıdış
bayramıdır.
Əsrimizin əvvəllərində Mustafa Kamal
Atatürk Türkiyəni necə xilas etmişdisə, iyirminci
yüzilliyin sonlarında Heydər Əliyev də Azərbaycanı
eləcə xilas etdi. Türkiyənin beynəlxalq Atatürk
mükafatının Heydər Əliyevə verilməsi
müasir tariximizin ibrətamiz bir hadisəsi, əslində,
haqqın, həqiqətin təntənəsi idi.
Bütün
bunlara görə tam təbiidir ki, hər il
15 iyunda - Milli Qurtuluş Günündə Heydər Əliyev
zirvəsinə boylanırıq. Azərbaycanın
əbədi müstəqillik, azadlıq, milli istiqlal yoluna məşəl
kimi yanan ürəyin – Heydər Əliyev dühasının
işığı düşür. Bu
bayramda – Milli Qurtuluş Günündə o qalib, qüdrətli
işığa üz tuturuq.
Nizami
XUDİYEV,
filologiya elmləri doktoru, professor,
əməkdar elm
xadimi
Xalq qəzeti.- 2013.- 15 iyun.- S. 3.