Professor Cəbi BƏHRAMOV: “QURTULUŞ
GÜNÜ mənim üçün vətənimin
– Azərbaycanın xilası deməkdir”
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirirdi. Vətənin bu ağır dövründə 1969-1982-ci illərdə, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyi vaxt ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan Azərbaycanın daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsi təhlükəsinin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması, Azərbaycanın bir dövlət kimi varlığına son qoymaq həddinə çatmışdı. İki il əvvəl müstəqillik qazanmasına baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni uçuruma sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı səhv və xaotik addımlar vəziyyəti daha da gərginləşdirirdi. Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü, itaətsizlik göstərən hərbi hissənin rəhbərliyi əvvəlcə baş nazirin və Parlamentin sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun tabeçiliyində olan qüvvələr Gəncə civarlarından çıxaraq üzü Bakıya doğru hərəkət edirdi. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda qorxuya düşən AXC–Müsavat iqtidarı Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.
İyunun 9-da Heydər Əliyev Bakıya gəldikdən sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşdü. Böyük dövlət xadimi Gəncədən qayıtdıqdan sonra Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. İyunun 15-də Heydər Əliyev parlamentin sədri seçildi.
1997-ci ildə millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.
Azərbaycan Milli Elmlər Akademiyasının A. Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramov Milli Qurtuluş Günü ilə bağlı öz fikirlərini bizimlə bölüşdü. 15 iyunun Azərbaycan dövlətinin tarixində taleyüklü xüsusi gün olduğunu vurğulayan Cəbi Bəhramov bugünkü uğurlarımızın, nailiyyətlərimizin təməlində Heydər Əliyev siyasətinin dayandığını qədirbilənliklə yüksək dəyərləndirdi:
“15 iyun 1993-cü il, tarixi Azərbaycan Respublikasının ən yeni tarixində müstəsna rolu olan bir gündür. Bu gün baş vermiş hadisə sonrakı dövrlər üçün əlbəttə ki, bir örnək olacaq. Söhbət nədən gedir. Əgər biz Azərbaycanın son 300 illik tarixinə nəzər salsaq, XVIII əsrin I yarısı, XIX əsrin I yarısı, XX əsrin I yarısı və nəhayət, XX əsrin sonu XXI əsrin əvvəli – bu mərhələlər Azərbaycanın tarixində xüsusi əhəmiyyət kəsb edən dövrlərdir.
O vaxtlar Pyotrun tapşırığı ilə İrana qarşı hərbi planlar hazırlanırdı. Çox qəribədir ki, bu mərhələdə, bu çirkin işğalçı niyyəti həyata keçirmək üçün Qafqaz xalqlarının psixologiyası, onların mentaliteti və bir-biriləri ilə münasibəti öyrənilirdi. Amma Qafqaz xalqları içində bir-birinə xəyanət edən xalq tapılmırdı. Bu məsələdə isə Pyotr İran və Osmanlı torpaqları ərazisində yaşayan ermənilərdən istifadə etməyə qərar vermişdi. 1701-ci il iyun ayının 30-da Pyotr onların nümayəndələrini qəbul edir. Bu görüşdən 21il sonra o, Azərbaycanın Xəzər sahillərinə ilk yürüşünü həyata keçirir. Lakin əvvəlcə ermənilər vasitəsilə bu ərazilər öyrənilir və alimlər adı altında kəşfiyyat xarakterli ekspedisiyalar göndərilir. Müxtəlif şəxsləri bura göndərərək əsas hərbi strateji əhəmiyyət kəsb edən yolları öyrənirlər. 1722-ci ildə Dərbəndə hücum edirlər. Dərbəndi 3 gün top atəşinə tutduqdan sonra şəhəri ələ keçirirlər. Amma Pyotr burada bir həftə qala bilir. Çünki, bu məsələdə 1711-ci ildə baş verən Azov yürüşü yadına düşür və ona çatdırırlar ki, əgər siz burada çox qalsanız Qafqaz xalqları sizi əsir götürərək edam edəcəklər. Bununla da onlar geri qayıdırlar.
Nə üçün mən bu hadisəni xatırlatdım? Çünki, Pyotr bilərəkdən öz fərmanı ilə 1724-cü ilin oktyabrında ermənilərlə bağlı xüsusi fərman imzalayır. Yəni bu işlərdə bir xəyanətkar zümrə kimi onları götürür. Bütün bu hadisələrin 15 iyun gününə bilavasitə tarixi nöqteyi nəzərdən aidiyyatı var. Ona görə o tarixdən başladım. Əgər XIX əsrin əvvəllərinə baxsanız, eyni vəziyyət təkrar olunur. 1801-ci ildən başlanan işğal, 1809-1813-cü illər I Rusiya-İran müharibəsi, 1826-1828-ci illər II Rusiya-İran müharibəsi və 1813-cü il oktyabrın 10-da imzalanan Gülüstan müqaviləsi, 1828-ci il fevralın 10-da imzalanan Türkmənçay müqaviləsi tariximizin ağır dövrlərinin səhifələridir. Bu gün Ermənistan adlanan qondarma bir dövlətin yerləşdiyi ərazidə İrəvan xanlığı idi. Rus qoşunları dörd hərbi yürüşdən 30 ilə yaxın bir dövr ərzində çarpışmalardan sonra onu məğlub edə bilmişdir. Ümummilli liderimizin həyat yoldaşı Zərifə xanımın ana xətti İrəvan xanlığına gedir. Həmin müdafiəni, yəni rus qoşunlarına qarşı müdafiəni və xəyanətkar ermənilərə qarşı mübarizəyə onun ulu babaları Məhəmmədhəsən xan Qacar, İrəvan sərdarı Hüseynqulu xan Qacar, onun oğlu Həsən xan Qacar və nəvəsi Fətəli xan Qacarlar başçılıq ediblər.
Sonralar 1828-ci il mart ayının 21-də bütün Azərbaycanlılar Novruz bayramını qeyd edən zaman, insanlıq cildini itirmiş çar hökuməti, həmin işğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində qondarma Erməni vilayəti yaratdı. Amma bu uzun çəkmir. 20 ildən sonra, 1849-cu ildə Erməni vilayəti ləğv edilir və burada İrəvan quberniyası yaradılır. Kütləvi surətdə erməniləri bura köçürürlər. Əgər siz 1826-1830-cu illərin tarixinə nəzər salsanız, bütövlükdə Türkiyədən 85 min, İrandan isə 40 min erməni ailəsi köçürülmüşdür. Hətta onları rus məmuru, rusların çox böyük hörmətlə yada saldıqları Qriboyedov özü təşkil edib. O, İrəvanın ələ keçirilməsinə xüsusi fikir verirdi. Paskeviçdən bunu xüsusi olaraq tələb edirdi.
XX əsrin əvvəllərində
eyni proses davam edir. 1917-ci
ildə Rusiyada çar-monarxiya sistemi devrildikdən sonra, Rusiya imperiyası ərazisinə daxil olan digər ərazilər məsələn
Finlandiya, Polşa, Baltikyanı ölkələr
müstəqillik əldə
etdilər. Amma bu Cənubi Qafqaza, xüsusilə Azərbaycana
şamil edilmir. 1918-ci ildə Azərbaycan
Xalq Cümhuriyyətinin
yaradıcılarının çox böyük xidmətlərinin olmasına
baxmayaraq, onların bağışlanmaz bir səhvi olmuşdur. Bu, İrəvan şəhərinin
güzəştə gedilməsi
idi. Kim məni
qınayırsa, qınasın.
Bu, mənim subyektiv
fikrimdir. Çünki faktlar çox ağırdır. 10 min km-ə
yaxın ərazi güzəştə gediləndən
sonra, dövlətçilik
anlayışı olmayan
bir zümrə üçün Qərb dövlətləri burada bir dövlət yaratdılar. Bundan sonra
ermənilərin işğalı
getdikcə artmağa başladı.
Azərbaycana qarşı ərazi iddiasından əl çəkmədilər. 1920-ci ildən
başlayaraq, iddialar daha da artdı
və 1929-cu il fevral ayının 18-nə
qədər Sovet Rusiyasının bir başa təzyiqi ilə Azərbaycanın
19,8 min kvadratkilometr ərazisi
zorla qoparılaraq ermənilərə verildi.
Nə üçün
biz 15 iyun tarixini qeyd edirik. Çünki Heydər Əliyev bu hadisələri çox dərinliyi ilə, nöqtəsinə
qədər bilirdi.
O, 1967-ci ildə, hətta
ondan əvvəlki, dövrlərdə də Dövlətin Təhlükəsizlik
Orqanlarında işləyərkən,
tarixçi alimlərlə
mütəmadi görüşürdü.
1969-cu ildən 2003-cü ilə qədər bütün mərhələlərdə
onun maraqlandığı
sənədləri ona
veriblər. Özü də
dəfələrlə söhbətlərində
tarixçi alimlərimizə
“sizin 1918-ci il hadisələrinə, XI Qızıl
Ordu və Dağlıq Qarabağla bağlı məsələlərə
münasibətinizi bilmək
istəyirəm” deyirdi.
1945-ci ildə, 1956-cı ildə, 1967-ci ildə,
1972-ci ildə, 1977-ci ildə,
1985-ci ildə olan tarixi hadisələr bir növ 15 İyuna gedən yollardır.
XX əsrin əvvəllərində
Hacı Zeynalabdin Tağıyev kimi, insanlar öz vəsaitlərini xərcləyib
millətin çiçəklənməsi
üçün sərf
etdilər. Heydər Əliyevə gəldikdə
isə o, sovet dövlətinin bütün
imkanlarını maksimum
dərəcədə Azərbaycan
xalqının inkişafına
yönəltmişdi. Müasir Azərbaycanda müxtəlif
sahələrdə çalışan
rəhbər işçilərin
əksəriyyəti 70-80-ci illərdə SSRİ-nin ən yüksək təhsil ocaqlarında oxuyan tələbələrdir. Başda Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev olmaqla. O, tələbələr içərisində
mən də varam.
Akademik Ziya Bünyadov deyərdi ki, bir tarixi hadisəni tədqiq etmək üçün ən azı 10 il vaxt lazımdır. 1993-cü ilin 15 iyunundan düz 20 il keçir. 20 il kifayətdir ki, bu hadisəyə qiymət verilsin. Seçilən yolumuz doğrudur. Çünki bu xalq müdrik, dünyanın ən qədim xalqlarından biridir. Heydər Əliyev tərəfindən qurulan dövlətçilik mexanizimi dəqiq və səmərəli işləyir.
Azərbaycanın iqtisadi cəhətdən, hərbi cəhətdən qüdrətlənməsi, beynəlxalq lahiyələrdə əsas aktor kimi, söz sahibi kimi, regional lider kimi iştirak etməsi təsadüfi deyildir. Dövlətin qüdrəti varsa, potensialı varsa, düzgün idarə olunursa, şübhəsiz ki, o öz effektini verəcək. Elə buna görə də 15 iyun tarixinə baxanda Heydər Əliyevin xalq tərəfindən rəhbərliyə gəlməsi həyati zəruriyyət idi. Son dövrlərdə Rusiya mətbuatında çap olunan çoxsaylı əsərlərin müəllifləri də belə bir faktı bir mənalı şəkildə etiraf edirlər ki, əgər SSRİ-nin başında Heydər Əliyev kimi bir adam olsaydı, o dövlət yəqin ki, dağılmayacaqdı. Rusiya Federasiyasının Prezidenti V. Putin onun dəfn mərasimində belə bir ifadə işlətmişdi ki, Heydər Əliyev “Siyasi qayadır”.
Bu, təsadüfi deyil. Çünki keçmiş tariximizə nəzər salsaq, Atropat kimi sərkərdəmiz İskəndər kimi bir dünya hökmdarını özünə dost edib. Babək kimi bir sərkərdə, ərəb xilafətini qarşısında diz çökdürdü. 13 yaşında olan Şah İsmayıl bir dövlətin əsasını qoyub. Bunlar Azərbaycan xalqının yetişdirdiyi dühalardır. Nəhayət, bu torpağın XX əsrin II yarısında belə bir şəxsi dünyaya bəxş etməsi də təsadüfi deyil. O, dünyaya xüsusi missiya ilə gəlmişdi və bu missiyanı şərəflə yerinə yetirmişdir.
Vaxtilə Şah İsmayıl Xətai demişdir. “Mən sizə üç şeyi vəsiyyət edirəm. Birincisi, möhtəşəm Azərbaycan dilimizi, ikincisi vətənim Azərbaycanı, bir də bu torpağı qorumaq üçün qeyrət deyilən anlayışı qoruyub yaşadın.” Heydər Əliyev bunu bacardı. Azərbaycanı qorudu, xilas etdi. O, Azərbaycan dilini dövlət dili kimi Konstitusiyada təsbit etdi.
QURTULUŞ GÜNÜ mənim üçün vətənimin – Azərbaycanın xilası deməkdir.
Xəyalə
ƏLİAĞAQIZI
Xalq qəzeti.- 2013.- 15 iyun.- S. 5.