Nərimanov rayonunda tarixi Qurtuluş Günü münasibəti ilə şənlik

 

Xalqımızın müstəqillik salnaməsinin parlaq səhifələrindən birini təşkil edən Milli Qurtuluş Günü ölkəmizin hər yerində olduğu kimi, paytaxtın Nərimanov rayonunda da böyük bayram təntənələri ilə qeyd olundu. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Daxili Qoşunların “N” saylı hərbi hissəsində keçirilən bayram tədbirində  idarə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, gənclər iştirak edirdilər.

Tədbirin əvvəlində müstəqil Azərbaycan dövlətçiliyinin memarı, ulu öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Bayram mərasimini giriş sözü ilə açan hərbi hissənin komandiri, polkovnik Zəfər Əliyev azadlığın müqəddəs nemət olduğunu vurğulayaraq bu amal uğrunda şəhid olanların heç vaxt unudulmayacağını diqqətə çatdırdı. Qeyd olundu ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün son dərəcə əziz bir tarixdir. Bu tarixi yaradan isə daim xalqa arxalanan ulu öndər Heydər Əliyev olmuşdur.

Yaranmış çətin siyasi mühitdə xalqımızın nicat yolu kimi ümummilli liderimiz Heydər Əliyevə üz  tutduğunu deyən natiq qeyd etdi ki, həmin çətin tarixi məqamda xilaskarlıq missiyasını üzərinə götürən bu parlaq şəxsiyyət, görkəmli siyasət lideri müstəqil dövlətimizi parçalanmaq təhlükəsindən qurtardı, bununla da əbədi və firavan Azərbaycanın əsası qoyuldu. Natiq, həmçinin ulu öndərin silahlı qüvvələrə daim xüsusi diqqət və qayğı göstərdiyini diqqətə çatdırdı.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd etdi ki, 1993-cü ilin təlatümlü  iyun günlərində ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda yeni dəyərlər sistemininyeni ideyaların meydana çıxmasına stimul yaratdı. Məhz ulu öndərin gərgin səyi sayəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı.  Ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ictimai münasibətlər sisteminin bütün sferalarında sabitlik və qarşılıqlı anlaşma mühiti formalaşdırıldı.

Natiq Prezident  İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atdığı addımlardan, eləcə də   Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə, o cümlədən, Daxili Qoşunlara xüsusi diqqət və qayğısından, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, Daxili Qoşunların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində gördüyü işlərdən bəhs etdi. Daxili Qoşunların qısa zamanda böyük inkişaf yolu keçdiyini diqqətə çatdıran Abdin Fərzəliyev onun torpaqlarımızın qorunmasında fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdiyini, yüzlərlə şəhid verdiyini, Azərbaycan xalqına, dövlətçiliyinə xidmətin Daxili Qoşunların fəaliyyətində daim aparıcı istiqamət olduğunu və sonrakı illərdə respublikamızda daxili sabitliyin və əmin-amanlığın təmin olunmasında əzmkarlıq nümayiş etdirdiyini, qoşunların yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığa malik mobil bir quruma çevrildiyini məmnunluqla bildirdi.

Polkovnik-leytenant Nəsib İbadov daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı general-leytenant Zakir Həsənovun təbrikini şəxsi heyətə çatdırdı.

Hərbi hissənin əsgərləri təntənəli marşın sədaları altında tribunanın önündən keçdilər,  xüsusi təyinatlı dəstənin əsgərləri hərbi çıxışlar nümayiş etdirdilər. Eyni zamanda, xidmətdə fərqlənən əsgər, çavuş və zabitlər Nərimanov Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri ilə mükafatlandırıldılar.

Bayram tədbiri hərbi hissənin klubunda Azərbaycanın tanınmış musiqi ifaçılarının iştirakı ilə keçirilmiş möhtəşəm konsert proqramı ilə başa çatdı.

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2013.- 15 iyun.- S. 5.