Xocalı faciəsi Meksikada anıldı

 

Azərbaycanın Meksikadakı səfirliyinin mətbuat xidmətinin məlumatına görə, Xocalı soyqırımının 21-ci ildönümü  ilə bağlı tədbir “Xocalıya ədalət” beynəlxalq kampaniya çərçivəsində keçirilmişdir. Tədbirdə  Türkiyə və Gürcüstanın Meksikadakı səfirləri, habelə bu ölkədə akkreditə edilmiş diplomatik nümayəndəliklərin üzvləri, orada yaşayan həmvətənlərimiz və yerli sakinlər iştirak etmişlər.

 

Mərasimdə çıxış  edən səfir İ.Muxtarov  bildirmişdir ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü nəticəsində Xocalıda baş vermiş qətliam insanlıq tarixində törədilmiş ən dəhşətli faciələrdən biri olmuşdur. Xocalı soyqırımı haqqında ətraflı məlumat verən səfir bu işdə  məsuliyyət daşıyanların beynəlxalq ədalət qarşısında  hələ də cəzasız qaldığını diqqətə çatdırmışdır. Səfir onu da vurğulamışdır  ki, hazırda beynəlxalq ictimaiyyət tərəfindən Xocalıda baş vermiş cinayətlərin tanınması prosesinin genişlənməsi ədalətin bir gün bərqərar olacağına böyük ümidlər yaradır.

 Natiq çıxışının sonunda Xocalı soyqırımı qurbanlarının bir dəqiqəlik sükutla xatirəsinin yad edilməsini xahiş etmişdir.

Tədbirdə  XVII əsrə məxsus Konsepsion Santisima kilsəsinin baş keşişi Eduardo Lozano Xuarez çıxış edərək, sülhün əleyhinə olan təcavüzləri və insanların ölümü ilə nəticələnən bütün cinayətləri pisləyərək , Xocalıda baş vermiş soyqırımının da məhz belə bir təcavüzkarlığın nəticəsi olduğunu nəzərə çatdırmışdır.

“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən nəşr edilmiş ispan dilində broşürlər, jurnallar, “Xocalı soyqırımı” adlı sənədli filmlər, “Xocalıya ədalət” yazılı köynəklər və matəm döş nişanları iştirakçılar arasında paylanmışdır.

Mərasim Mexiko şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş abidənin yerləşdiyi Tlakskoake-Xocalı meydanında   Meksika ştatının simfonik orkestrinin anım konserti ilə davam etmişdir.

Daha sonra dünya və Azərbaycanın klassik musiqi bəstəkarlarının əsərlərindən ibarət konsert proqramında, habelə xalqımızın dahi bəstəkarı Qara Qarayevin kompozisiyaları ifa edilmişdir.

Sonda Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinin rəmzi kimi tədbir iştirakçıları tərəfindən üzərində “Xocalıya ədalət” sözləri yazılmış şarlar havaya buraxılmışdır.

 

 

Ülviyyə VAHİDQIZI

 

Xalq qəzeti.- 2013.- 1 mart.- S. 7.