SUMQAYIT 25 İL ƏVVƏL
— fevralın 28-dən 29-na keçən gecə Tarixə
obyektiv baxış
Tarixə obyektiv baxış
(əvvəli
otən saylarımızda)
Sumqayıtda
qan axıdılandan sonra erməni millətçiləri
çirkin təbliğat mexanizmini işə saldılar. Mart
ayının əvvəllərində Sumqayıtda həlak
olmuş ermənilərə Stepanakertdə abidə qoyuldu.
Yazıçı
P.Lyukimson “Sumqayıt bir yəhudinin gözü ilə”
kitabında yazırdı:"Operatorlar çox soyuqqanlı
şəkildə Sumqayıtda baş verən hadisələri
ilk dəqiqələrindən lentə aldılar. Bir neçə
gündən sonra isə Avropa telekanallarında göstərməyə
başladılar". Bununla onlar film vasitəsilə azərbaycanlıları
başkəsən, quldur və bandit bir millət kimi qələmə
verməyə çalışırdılar.
Dağlıq
Qarabağda yaradılan “Krunk” cəmiyyətinin millətçi
siyasəti Sumqayıtda öz yerini tapmışdı. SSRİ
Baş Prokurorluğunun istintaq qrupu Sumqayıtda fəaliyyətə
başladı. Belə məlum oldu ki, ayrı-ayrı müəssisə
və təşkilatlarda “Krunk”un fəal üzvləri ermənilər
arasında gizlin təbliğat işi aparırdılar.
Bunlardan bir neçəsini misal çəkmək olar. Azərbaycan
boru-prokat zavodunda baş mühəndisin müavini Osipov, orta məktəb
müəllimi Akopov, kimya istehsalat birliyində sex rəisi
Abramyan, superfosfat zavodunda növbə rəisi Babayan,
sintetik-kauçuk zavodunda sex rəisi Qazarov və
başqaları. “Krunk” cəmiyyətinin üzvləri ayda 10
manat üzvlük haqqı toplayırdılar. Kim imtina edirdisə,
onları qara siyahıya salırdılar. Onu da qeyd etmək
lazımdır ki, hadisələrdən əvvəl
Sumqayıtda 17 min erməni yaşayırdı. Əksəriyyəti
gəlirli yerlərdə, bəziləri isə qeyri-leqal şəkildə
məhsul istehsalı ilə məşğul idilər.
Sumqayıtda mebel, trikotaj, ayaqqabı və daş
karxanaları sahələri onların əlində idi və
ayda külli miqdarda vəsait toplayırdılar. Baş verəcək
hadisələrdən qabaqcadan xəbərdar olan “zirək” ermənilər
1987-ci ilin dekabr, 1988-ci ilin yanvar-fevral aylarında əmanət
kassalarında olan bütün pullarını
çıxardıb şəhəri tərk etmişdilər.
Onları buna məcbur edən nə idi? Bütün bunlar
qabaqcadan planlaşdırılmış təxribatın ilk
rüşeymləri idi. Təhlükədən uzaqlaşmaq
üçün “Krunk”un üzvləri Sumqayıtı tezliklə
tərk etdilər.
Maraq
üçün həmin vaxt kassalardan çıxarılan
pulların sahiblərinin familiyalarını təqdim edirik:
N.Ağacanyan-16765 r., S.Gevorqyan-11244 r., K.Martirosyan-8730 r.,
Z.Melkumyan-13580 r, R.Mikaelyan-7610 r., V.Avanesova-13760 r., A.Poqosyan-9360
r., A.Tanyan-5619 r., S.Kaprielova-16697 r., Q.Qaxşiryan-8795 r., R.Sərkisyan-7752
r., S.Ağanbekyan-6754 r., Q.Akopov-6519 r., A.Sarkisyan-8880 r.,
Q.Davidyants-8202 r., B.Sərkisyan-5377 r., L.Babayan-17890 r.,
A.Ambartsumyan-12760 r., R.Tomosyan-8670 r., J.Xaçaturyan-8877 r.,
E.Baqdasaryan-9228 r., K.Xankoryan-6574 r., M.Azaryan-8570 r...
Ermənistanda
“Qarabağ bizimdir!” şüarı altında mitinqlər
keçirilirdi. Yerevanda, Xankəndidə və Ermənistanda yaşayan
bütün azərbaycanlıları qovmaq, müqavimət
göstərənləri qətlə yetirmək
şüarları səslənməyə başlandı.
Haşiyə:
29 oktyabr 2010 - cu il saylı “Azərbaycan konqresi” (rus dilində,
Moskvada nəşr olunur) qəzeti əlimə
düşdü. Burada uzun müddət Sumqayıt Kimya Sənayesi
birliyində baş mühəndis vəzifəsində
çalışan milliyyətcə yunan olan Lazar Avlastimovun “Mən
bu xalqa borcluyam” adlı müsahibəsi dərc olunmuşdur. Həmin
müsahibədən bir parçanı maraqlı bilib
oxucuların diqqətinə çatdırmaq istərdim.
“Sumqayıtda baş verən hadisələrdən sonra mən
və Azərbaycan Respublikası Nazirlər Sovetinin sədr
müavini M. Məmmədovla Yerevana yola düşdük. Məqsəd
Sumqayıtdan Yerevana pənah aparan ermənilərlə
görüşmək, onları geri qaytarmaq idi. Niyyətimizi
bilən Ermənistan hökuməti buna etiraz etdi. Bizim söhbətimiz
alınmadı. Sumqayıtdan gəldiyimizi bilən bir qrup
azğınlaşmış gənc qaldığımız
pansionata hücuma keçdi, bizə
təzyiqlər göstərildi, təhqirlər
yağdırıldı. Bir gün axşam eyvana
çıxıb siqaret yandırdım, bu vaxt bir erməni mənə
yaxınlaşdı və dedi:
—
Yaxşı oldu. İndi onları bütün dünyada
biabır edəcəyik. — Necə? - deyə soruşdum. —
Çox asan. Hadisələri video kameraya çəkmişik.
Bilirdik ki, Sumqayıtda erməniləri qətlə yetirəcəklər.
Təəccübləndim.
Mənə hər şey aydın oldu. Ertəsi gün bir fəhlə
ilə görüşməli idik, o, məni
tanıyırdı. Lakin ona da imkan vermədilər ki, bizimlə
söhbət etsin. Bir gün pəncərə
önündə dayanmışdım. İki gənc erməni
öz aralarında söhbət edirdilər. Mən erməni
dilini yaxşı bildiyimdən onlara qulaq asmağa
başladım. Söhbətdən məlum oldu ki, onlar Bakıdan
gələn nümayəndələrin qəhvələrinə
zəhər qatıb, onların hamısını
öldürmək niyyətləri vardı. Təcili onlardan
ayrılıb bizə ayrılmış otağa daxil oldum və
Məmmədova dedim.
— Biz
getməliyik.
— Nə
olub, axı işimizi hələ qurtarmamışıq.
—
Sözümə inanın və gəlin çıxaq gedək,
yolda izah edərəm.
Sonra bizi gizlin yolla Yerevandan çıxartdılar".
Yuxarıda
qeyd etdiyimiz kimi, Sumqayıtda 32 nəfər adam
öldürülmüşdü. Erməni və
ermənipərəst mətbuat isə 32 nəfərin yox,
500, 1000 nəfərin həlak olduğunu bildirirdilər.
SSRİ Baş Prokurorunun müavini A.Katusevlə
1988-ci ilin aprel ayında “İzvestiya” qəzetində
müsahibə dərc olunmuşdu. Aleksandr
Filippoviç Sumqayıtda baş verən hadisələri
Dağlıq Qarabağ hadisələri ilə
bağlayırdı. O qeyd edirdi ki, “fevralın 22-də
DQMV-də başlanmış kütləvi ixtişaşlar Azərbaycanın
ən böyük sənaye mərkəzlərindən biri
olan Sumqayıtda vəziyyəti gərginləşdirmişdi.
Nəticələr məlumdur: 32 nəfər adam
ölmüşdür. 94 təhrikçi və
iştirakçı həbs edilmişdir”. Ermənilər
Katusevin rəsmi bəyanatına inanmaq istəmir, mətbuatda
böhtan xarakterli yazılarla çıxış edir,
oxucuları çaşdırır, azərbaycanlılara
qarşı nifrət hissi oyadırdılar.
Katusev müsahibəsində daha sonra bildirdi ki,
Sumqayıtda yayılan şayihələr, uydurmalar
istintaqın işinə mane olurdu.
“Krunk”un fəal
üzvü Babayan Moskvadan gələn nümayəndələri
görüb qışqıra-qışqıra
danışmağa başladı ki, bu gecə, yəni
martın 3-də Səməd Vurğun adına mədəniyyət
sarayının arxasında iki erməni uşağının
başını kəsib atıblar. İstintaq qrupunun rəhbəri,
SSRİ Baş Prokurorluğunun mühüm işlər
üzrə müstəntiqi V.Qalkin təcili olaraq söylənilən
faktı yoxlamaq üçün hadisə yerinə adam göndərdi. Şayiə
yalan çıxdı. Sonralar Babayan kimiləri
qeyd etdilər ki, 15 nəfər erməni qadınını
öldürüb, Corat qəsəbəsinin qəbiristanlığına
atıblar. Bu şayiə də yalan oldu.
Guya Ceyranbatan gölünün yanında erməni millətindən
olan bir qrup adam
yandırılmışdır. Müstəntiqlər
“hadisə” yerindən qayıdıb bu xəbərin də
yalan olduğunu bildirdilər.
Katusevin
müsahibəsində maraqlı bir fakt ermənilərin
iç üzünü ifşa etdi. Müsahibədə
deyilirdi: “Bu yaxınlarda istintaq qrupuna Ermənistan sakini
Q.Ulubabyanın məktubu daxil olmuşdur. O, məktuba
A.Qriqoryanın ərizəsini də əlavə etmişdir. Ərizədə kütləvi ixtişaş
zamanı onun arvadının və üç
uşağının həlak olduğu bildirilirdi. Bu vəziyyətlə
əlaqədar olaraq Qriqoryan iyulun 4-də SSRİ
Prokurorluğunun müstəntiqinə eynən
aşağıdakıları qeyd etmişdir: ”Biz
hamımız — mən, arvadım, oğlum Pavel və
qızım Yelena sağ-salamatıq. Mənim
heç vaxt Vladimir adında oğlum olmayıb. Guya, arvadım və uşaqlarım həlak olublar.
Mən bu barədə heç kimə deməmişəm
və bununla əlaqədar Moskvaya da getməmişəm.
Mənim adımdan yazılmış ərizənin
surəti mənə təqdim edilmişdir. Lakin imza mənim deyil. Bu ərizədə
göstərilənlər uydurmadır".
Bu cür uydurmalar erməni şovinistləri tərəfindən
hər gün yazılır, müxtəlif instansiyalara
göndərilirdi. Vaxt keçdikcə ermənilərin təbliğat
mexanizminin yalan və böhtan üzərində qurulduğu
hamıya bəlli oldu.
Sual
olunur: Sumqayıtda baş verən hadisələrin
qarşısı alına bilərdimi? Mənə
elə gəlir ki, alınardı. Lakin
gözə görünməyən qüvvələr
vardı ki, Sumqayıt hadisələrində maraqlı idilər.
1988-ci ilin iyul ayının 18-də SSRİ Ali Sovetinin
sessiyasında M.Qorbaçov tribunadan çıxış edərək
demişdir ki, “qoşunlar Sumqayıta bir neçə saat gecikmişdilər”.
Bu ağ yalan idi. Bu yalanı
SSRİ müdafiə naziri D.Yazov ifşa etdi. Onun bu sətirlərin
müəllifinə verdiyi müsahibəyə belə cavab verdi. “Sovet qoşunu heç bir
vaxt, heç bir yerə gecikmir. Mən Ali
Baş Komandanın əmri olmadan şəhərdə
komendant saatı elan edə bilməzdim. Qorbaçov
Sumqayıtda iğtişaşların baş alıb getdiyindən
xəbərdar idi, lakin nədənsə susurdu. Qətllərin sayı artanda mən bu əmri
aldım və Sumqayıtda komendant saatı elan etdim”. Deməli, bu əvvəlcədən
planlaşdırılmış bir aksiya idi.
Bu, təxribatı ifşa etmək üçün
mütləq Sumqayıtda baş verən hadisələrin izinə
düşmək lazım idi. Bunu özümüz etməsəydik,
əvəzimizə kim edərdi? “Sumqayıtın əks-sədası” sənədli
filmi də belə yarandı.
Sumqayıtda baş verən hadisələrlə
bağlı araşdırmaların ilk müəllifləri
biz - mən Eyruz Məmmədov və kino-rejissor Davud İmanov
oldu. İllər keçdi, bu məsələ ilə
başqaları da maraqlanmağa başladılar.
Sənədli filmin necə başa gəldiyi haqqında
oxuculara məlumat vermək də maraqlı olardı. Mən və
mərhum dostum Davud İmanov ilk dəfə bu haqda Sumqayıt
Şəhər Partiya Komitəsinin rəhbərliyinə məlumat
verdik (söhbət 1990-cı ilin yay aylarından gedir - müəllif).
Sözdə irəli sürdüyümüz
ideyanı bəyəndilər. Lakin kabineti
tərk edən kimi, bu haqda Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinə və dövlət təhlükəsizlik
orqanlarına məlumat verildi. Filmin çəkilişinə
qadağa qoyuldu.
Lakin biz sözümüzdə israrlı idik. Sənədli
film çəkilməli idi. Sumqayıtda baş verən
hadisələrdə yeniyetmə və gəncləri ətrafına
toplayan qatı cinayətkar Eduard
Qriqoryandan ilk müsahibəni almaq istəyirdik. O, Stavropol vilayətinin
Budyonovsk şəhərində həbsxanada yatırdı. Bu haqda sonra ətraflı məlumat verəcəyik.
Davud İmanovla birlikdə AzTV-nin rəhbərliyinə
müraciət etdik, onlardan xahişimiz bu oldu ki, Moskvaya getmək
üçün bizə ezamiyyə vərəqəsi versinlər. Biz öz vəsaitimiz
hesabına çəkilişləri aparacağıq. Lakin bizə etiraz etdilər.
Davud İmanov “Azərbaycanfilm”də
çalışırdı. Oradan da eyni cavabı
aldıq. Aydın oldu ki, hər iki təşkilatı
artıq məlumatlandırmışlar. Bu,
bizim kəskin etirazımıza səbəb oldu. Ermənilər dünya ictimaiyyətinə
Sumqayıtda baş verən hadisələr haqqında hədyanlar
yağdırırdılar, biz isə həqiqəti üzə
çıxartmaq istəyirdik, buna isə mane olurdular. Yaxşı ki, dünyada yaxşı adamlar var. Həmin
illərdə məşhur kinorejissor Rasim Ocaqov “Ocaq”
kino-studiyasını yaratmışdı. Biz
ona da müraciət etdik, niyyətimizi bildirdik. Bir müddət dinmədi. Sonra dedi: — “Etiraz
etmirəm. Lakin studiyanın maddi imkanı demək
olar ki, yox dərəcəsindədir”.
Biz maddi vəsaitin tapılacağını ona bildirdik. Razılıq verdi. Bizimlə müqavilə
imzaladı. Sevincimizin həddi-hüdudu yox
idi. Lakin bu sevincimiz uzun çəkmədi.
Sumqayıt avtokombinatı bizə maşın
ayırmaqdan imtina etdi. Söylədilər
ki, Azərbaycanı tərk etmək üçün respublika
nəqliyyat naziri rəsmən icazə verməlidir. Dilxor olsaq da ruhdan düşmədik. Nazirə məktub yazıb nazirliyə yollandıq.
Məktubumuz qəbul olundu. Lakin
nazir mikroavtobusun ayrılmasına icazə vermədi. Sumqayıt avtokombinatın rəhbərliyinə
qadağa qoydu. Biz kor-peşman Sumqayıta
qayıtdıq. Belə qərara gəldik ki, Sumqayıt
Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin
sədri Rasim Eminbəylinin yanına gedək. Çünki
o, bizi dəstəkləyirdi və filmin tezliklə çəkilməsində
maraqlı idi, hətta özünün bəzi məsləhətlərini
də vermişdi. Kabinetinə daxil olduq. Rasim müəllim hiss
etdi ki, əhval-ruhiyyəmiz heç də ürəkaçan
deyildir. Gülə-gülə soruşdu: — Nə hadisə
baş verib, çox pəjmürdə görünürsünüz
?
Biz məsələni təfsilatı ilə
danışdıq.
— Ermənilər
bizə hər yerdə damğa vururlar, biz isə bu
damğanı dəlil və sübutlarla üstümüzdən
götürmək istəyirik, bizə hər yerdə mane
olurlar, — Davud dilxor halda dedi.
Rasim
müəllimin sifəti ciddiləşdi, katibəsinə
tapşırıq verdi ki, avtokombinatın
rəhbərini təcili yanına çağırsın.
Bir müddətdən sonra avtokombinatın rəisi
otağa daxil oldu. Bizi gərəndə məsələnin
nə yerdə olduğunu duydu. Rasim müəllim müqəddiməsiz-filansız
dedi:
— Təcili
olaraq bu yoldaşlara təzə bir mikroavtobus ayırırsan. Sübh tezdən Stavropola yola düşməlidirlər.
Rəis bir anlığa duruxdu. Sonra astadan dedi:
— Rasim
müəllim, bunun üçün nazirin icazəsi
lazımdır.
Rasim müəllim əvvəlcə tutuldu və sonra
ucadan bildirdi.
— Mən
şəhərin meriyəm. Hər şeyə
cavabdeh də mənəm. Sumqayıtda baş verən
hadisələr ola bilsin, sizin nazirinizi
narahat etməsin, amma məni narahat edir. Nədir,
ermənilərin qabağından qaçmalıyıq?
Bu cavan oğlanlara heç kim kömək
etmək istəmir. Öz təşəbbüsləri
ilə hadisələrin izinə düşmək, əsl həqiqəti
üzə çıxarmaq istəyirlər. Biz onları alqışlamaq və dəstək vermək
əvəzinə, yaxamızı kənara çəkirik.
Get, maşını hazırla, bütün məsuliyyət mənim
boynuma. Naziriniz sənə irad tutsa, mən onunla
danışaram. Rasim müəllim axşam bizi yenidən yanına
çağırdı. Və bizə iki hərbi
maşının nömrəsini verdi.
—
Orqanlardan almışam. Azərbaycandan
çıxan kimi nömrələri dəyişin, Həmin
vilayətdə ermənilər çoxdur. Hər şey
ola bilər.
Biz minnətdarlığımızı bildirib kabineti tərk
etdik. Ertəsi gün Stavropola yola düşdük. Gecə Rusiyanın sərhədini keçdik. Nömrələri dəyişmək
yadımızdan çıxdı. Budyonovska
çatdıq. Mehmanxanada yer aldıq.
Çəkiliş qrupumuzdan iki nəfər
yorğun olduğundan sərin hava almaq üçün həyətə
düşdülər. Siqaret çəkə-çəkə
söhbət edirdilər. Şəhərdə
yaşayan bir neçə erməni onlara
yaxınlaşdılar, söz atdılar, arada mübahisə
düşdü, bu vaxt rus milisi gəlib bizim uşaqları
tutub bölməyə apardı.
Bu, bizə qarşı olan ilk təxribat idi. Rüşvət
verib onları birtəhər azad edə bildik. Budyonovskda
yaşayan azərbaycanlılar bizə dedilər:
“Sumqayıtdan gəldiyinizi bildirməyin, çəkiliş
aparmağınızdan da heç kimin xəbəri
olmamalıdır, yoxsa qoymayacaqlar. Həm də
bilsələr ki, Sumqayıtdan gəlibsiniz, qan düşə
bilər”.
Bizə hər şey aydın oldu.
Qriqoryan bizə müsahibə verməkdən
imtina etdi. Çünki o, Azərbaycanda
olanda erməni millətçiləri kütləvi informasiya
vasitələrində hay-küy qaldırmağa
başladılar. Sözlərindən belə
başa düşmək olardı ki, guya onlar Qriqoryanın təhlükəsizliyindən
narahatdırlar. Bakıda ona təzyiq edirlər,
işgəncə verirlər, təcridxanada onu öldürə
bilərlər və s. Nəticədə onu Azərbaycandan
alıb Rusiyaya, Stavropol vilayətinin Budyonovsk şəhərinə
gətirdilər. Bu işdə canfəşanlıq
göstərənlər isə Kaputikyan, Balayan, Staravoytova, Əlixanyan-Bonner
və başqaları idi.
(ardı var)
Eyruz MƏMMƏDOV,
əməkdar journalist
Xalq qəzeti.-
2013.- 2 mart.- S. 5.