MASALLI: ilbəil uğurlar artdıqca həyat gözəlləşir

 

Ölkəmizin sürətlə inkişaf edən rayonlarından biri də Masallıdır. 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bu gerçəklik konkret faktlarla təsdiqlənmişdir.

 

Tədbir iştirakçıları əvvəlcə ümumilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş, 2012-ci ilin yekunlarına həsr olunmuş sənədli filmə tamaşa etmişlər.

Toplantıda məruzə ilə çıxış edən icra hakimiyyətinin başçısı Rafil Hüseynov qeyd etmişdir ki, ötən ilin ən mühüm hadisəsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin martın 13-də rayona növbəti səfəri olmuşdur. Respublikamızın hər yerində olduğu kimi, Masallı rayonunda da ötən il yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq və abadlıq işlərinin sürətlə davam etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.

Rayon üzrə məhsul istehsalı və əhaliyə göstərilən xidmətlərin həcmi 12,2 faiz artaraq 254 milyon manat, adambaşına düşən pul gəlirləri 2 min 67 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 260 manat olmuşdur. Hesabat ilində rayonda 428,6 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da əvvəlki ilə nisbətən 6,7 faiz çoxdur. Kənd təsərrüfatı məhsullarının istehsalı əvvəlki illə müqayisədə 28 faiz, o cümlədən, heyvandarlıq məhsullarının istehsalı 17 faiz, bitkiçilik məhsullarının istehsalı 38 faiz artmışdır. Rayonda 8 min 809 hektar sahədən 20 min 385 ton buğda, 2 min 313 hektar sahədən 4 min 823 ton arpa, 2 min 798 hektar sahədən 76 min 366 ton tərəvəz, 2 min 275 hektar sahədən 30 min 482 ton kartof, 577 hektar sahədən isə 7 min 191 ton bostan məhsulları istehsal edilmişdir. Bu dövrdə iribuynuzlu mal-qaranın sayı 72 min 905 baş, davarların sayı 79 min 667 baş olmuş, süd istehsalı 45 min 254 tona, ət istehsalı 5 min 485 tona, yumurta istehsalı 52 milyon 440 min ədədə çatdırılmışdır. Bildirilmişdir ki, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında Masallı rayonu üçün müəyyən olunmuş 16 tədbirdən 14-ü icra edilmiş, 2 tədbirin icrası istiqamətində işlər isə davam etdirilir. Bu istiqəmətdə əsasən bir sıra sosial layihələr həyata keçirilmişdir. Rayon mədəniyyət evinin əsaslı təmiri başa çatdırılmışdır. Şəhərin Zərifə Əliyeva, Azərbaycan, Füzuli, Dadva, Talışxanov və Qarabağ küçələrində geniş abadlıq-quruculuq, Heydər Əliyev Mərkəzində isə yenidənqurma işləri aparılır.

YAP Masallı rayon təşkilat üçün yeni inzibati binanın, “Qəhrəmanlar” parkının, “Ahıllar evi”nin tikintisi son tamamlama mərhələsindədir. Rayonun giriş və çıxış qapılarının tikintisi zövqlə həyata keçirilmişdir. İndi Qarabağ küçəsində məhəllələr abadlaşdırılır, ümumi yaşayış evlərinin dam örtükləri müasir üslubda dəyişdirilir. Boks və Taekvando mərkəzlərinin, Boradigah idman kompleksinin, məktəblərin, istilikxana və digər obyektlərin tikintisi isə davam etdirilir. Ötən il Bakı-Astara magistral avtomobil yoluna paralel çəkilmiş 17 kilometr uzunluğunda olan Masallı-Mahmudavar-Lənkəran magistral avtomobil yolunun Masallı-Mahmudavar hissəsi Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına qısa müddətdə müasir tələblər səviyyəsində yenidən qurulmuşdur. Bu il isə rayonun ucqar kəndlərini rayon mərkəzi ilə birləşdirən yollar təmir ediləcək.

Dövlət Proqramına müvafiq olaraq rayon mərkəzinə və 22 yaşayış məntəqəsinə birpilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar Musaküçə, Gəyəçöl, Həsənli, Təkdam, Məmmədxanlı, Köçəkli, Xırmandalı, Ərəb, Hacıtəpə, Lürən və Pircana kəndlərində 3 min 986 abonent təbii qazla təmin edilmişdir. Hazırda Eminli, Qarğalıq, Kürdəbaz kəndlərinə yeni qaz xəttinin çəkilməsi, Təklə kəndində və Ərkivan qəsəbəsində mövcud olan köhnə qaz xətlərinin yenidən quraşdırılması işləri davam etdirilir. Bu ilin sonuna qədər daha 28 yaşayış məntəqəsinin təbii qazla təmin olunması nəzərdə tutulur.

Cari ildə rayonun müxtəlif ərazilərində 56 yeni ATS binası inşa ediləcək. “Azərsu” ASC “Birləşmiş Sukanal” MMC tərəfindən Muğan zonasında yerləşən 20 kəndin və Gəyəçöl-Qızılağac istiqamətində olan 18 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işləri aparılmış və yaxın vaxtlarda “Viləşçay” su dəryaçasından həmin istiqamətlərdə olan kəndlərə içməli su xəttinin çəkilməsinə başlanacaq.

Hesabat ilində rayonda 7 yeni məktəb binası tikilmişdir. Onlardan 5-i – Qodman, Sığıncaq, Ərəb, Köçəkli, Dəmirçi məktəbləri üçün inşa edilmiş yeni binalar istifadəyə verilmiş, Kosakül və Kəbləhüseynli məktəblərində isə son tamamlama işləri görülür. Hazırda Xıl, Öncəqala və Kubin kəndlərində yeni məktəb binalarının tikintisi, Bədəlan kənd tam orta məktəbinin əsaslı təmiri davam etdirilir. Yaxın günlərdə isə Şatıroba, Çayqıraq, Dəlləkoba və Köhnə Zuvand kəndlərində yeni məktəb binalarının tikintisinə, Masallı şəhər 1 saylı və Kolatan kənd tam orta məktəblərinin isə əsaslı təmirinə başlanacaq. Ötən il rayona 17 min 800 nəfər turist gəlmişdir. Bu, əvvəlki illə müqayisədə 14 faiz çoxdur. Turistlərdən 907 nəfəri xarici ölkə vətəndaşları olmuşdur. Toplantıda çıxış edənlər 2012-ci ildə Masallı rayonunda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan danışmış, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı təkliflərini bildirmişlər. Yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.

Toplantıda Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, Milli Məclisin deputatları Elmira Axundova, Fəzail İbrahimli və Nəriman Əliyev iştirak etmiş və ürək sözlərini söyləmiş, diqqəti həllivacib məsələlərə yönəltmişlər.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2013.- 3 mart.- S. 7.