ZAQATALA: tarixi ənənə də qayıdır,
şöhrət də...
Bu dağlar
diyarında elə bir adam
tapılmaz ki, öz rayonuna, elinə, obasına sidq-ürəklə
bağlanmamış olsun. Bu barədə əvvəllər
dönə-dönə yazmışam və qeyd
etmişəm ki, həmin keyfiyyət
insanların xoşbəxtliyidir. İndi
isə belə qənaətdəyəm ki,
ən böyük xoşbəxtlik bütün insanların yurda
bağlılığının, Vətən sevgisinin
bir istiqamətə yönəldilməsi,
el gücünün
yaradılmasıdır.
Rayon icra
hakimiyyətinin başçısı Mübariz
Əhmədzadə həmin keyfiyyətin – el
gücü yaratmağın ustasıdır.
Mübariz müəllim təkcə yaxşı rəhbər
deyil, həm də gözəl həmsöhbətdir.
Özümün də yadımda deyil, nə zamansa onunla söhbət edəndə Zaqatalada çayçılığın nə
vaxt bərpa ediləcəyi barədə soruşmuşdum. Son
görüşümüzdə həmin məqamı yada saldı və qeyd etdi ki, artıq bu istiqamətdə mühüm
addımlar da atılıb. Bu addımların ildən-ilə daha da səmərəli
olacağını da söylədi. “Yeni istehsalat sexi yaradılır, plantasiyalar
salınır”, - dedi. Ancaq
Mübariz müəllimlə söhbətimiz
bütövlükdə Zaqatalanın sosial-iqtisadi
inkişafı barədə idi:
—
2012-ci il rayonumuz üçün həqiqi mənada
böyük sınaq ili oldu. May ayının 7-də və
ondan sonra baş vermiş dağıdıcı zəlzələlər
insanlarımızı sarsıtdı, evlər
dağıldı, minlərlə ev və sosial obyektlər qəzalı
vəziyyətə düşdü. Bizi bu
sıxıntıdan, adamlarımızı qorxu, təlaş və
sarsıntıdan çıxaran Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev oldu. Zəlzələ
baş verəndən dərhal sonra cənab Prezidentin göstərişi
əsasında Fövqəladə Hallar Nazirliyinin birləşmələri
rayonumuzda operativ qərargah yaradaraq, sözün həqiqi mənasında,
fədakarlıq göstərdilər, ərzaqla,
çadır və digər sığınacaqlarla təmin
etdilər, onlara hər cür yardımlar göstərdilər,
nəticədə insan tələfatına yol verilmədi.
Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər
Nazirliyi əməkdaşlarının həyata keçirdiyi
operativ tədbirlər sayəsində zəlzələdən
zərər çəkmiş insanların əmlakının
və asayişin hərtərəfli mühafizəsi təmin
olundu, heç bir neqativ hallara yol verilmədi.
Möhtərəm
Prezidentimizin belə ağır gündə bölgəmizə
gələrək zəlzələdən zərər çəkmiş
insanlarla bir yerdə olması, onlara ürək-dirək verməsi
isə müqayisə olunmayacaq dərəcədə
böyüklük və qətiyyət, inam və əzmkarlıq
yaratmağın ən parlaq təzahürü idi. Azərbaycan
Prezidentinin sentyabr ayının 9-da zəlzələdən zərər
çəkmiş insanlarımızla təkrar
görüşü, dağılmış evlərin və məktəblərin
yerində yeni, daha gözəl və geniş fərdi evlərin,
sosial obyektlərin açılışını etməsi qəlblərimizi
qürur hissi ilə doldurdu.
Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının
icra olunması nəticəsində 2012-ci ildə rayonda
ümumi məhsul buraxılışının həcmi 2,5 dəfə,
2003-cü illə müqayisədə isə 10 dəfə
artıb. Məhsul buraxılışı sənayedə 1,3,
kənd təsərrüfatında 2,6, nəqliyyatda 2,4,
informasiya və rabitədə 3,6, ticarətdə 0,9 faiz
çox olub, əhalinin pul gəlirləri 9, pərakəndə
əmtəə dövriyyəsi 1,8, pullu xidmətlərin həcmi
isə 2,4 faiz artıb.
Rayonun iqtisadiyyatının hərtərəfli
inkişafının təmin edilməsi məqsədi ilə
2012-2013-cü illər üçün Zaqatalanın
sosial-iqtisadi inkişafı Proqramı təsdiq edilərək
icrasına başlanıb. Nəzərdə tutulmuş 117 tədbirdən
36-sı icra olunub, 54-nün icrası davam etdirilir. 27 tədbirin
icrasına isə bu il başlanılacaqdır. İl ərzində
1040-ı daimi olmaqla 1166 iş yeri, 2003-cü ildən sonra isə
9451-i daimi olmaqla, 15289 yeni iş yeri açılıb.
Rayonda
quş əti və müxtəlif fındıq məmulatları
istehsalı müəssisələri, 1000 tonluq soyuducu
anbarı, 4 ədəd beton zavodu tikilib, müasir standartlara
uyğun xırman, qaraj və 300 tonluq taxıl anbarının
tikintisinə başlanılıb, yeni çörək
zavodunun, kiçik su elektirik stansiyasının tikintisi
üçün torpaqayırma işlərinə və tutumu
10000 ton olan taxıl anbarının tikintisi üçün sənədləşmə
işlərinə başlanılıb.
Respublika
Prezidentinin müvafiq fərmanına uyğun olaraq indiyədək
13154 nəfər sovet dövrünün əmanətçisinə
7,7 milyon manat məbləğində fərdi birdəfəlik
ödəniş həyata keçirilmişdir ki, bu da cənab
Prezidentimizin dediyi kimi “... onu göstərir ki, bizim
bütün fəaliyyətimizin mərkəzində Azərbaycan
vətəndaşı, onun rifahı dayanır”.
Mübariz
müəllim qeyd etdi ki, Azərbaycan Respublikasının
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramlarında Zaqatala rayonu üçün nəzərdə
tutulan tədbirlərin uğurla icra olunması nəticəsində
rayonda 454 milyon manat dəyərində məhsul istehsal edilib və
xidmətlər göstərilib ki, bu da 2011-ci illə
müqayisədə 2,5 dəfə, 2003-cü illə
müqayisədə isə 10 dəfə çoxdur. Ümumi
məhsul buraxılışı həcminin 90 faizini istehsal,
10 faizini isə xidmət sahələri təşkil edib.
2012-ci ildə əsaslı kapitala yönəldilən
investisiyaların həcmi 299,5 milyon manat təşkil edib ki,
bu da əvvəlki illə müqayisədə 12 dəfə
çoxdur. Ötən il rayonun aqrar sektoru üçün də
uğurlu olub. 90,6 milyon manatlıq kənd təsərrüfatı
məhsulları istehsal edilib ki, bu da keçən ildəkindən
2,3 milyon manat çoxdur.
Mübariz
müəllim daha sonra əlavə etdi ki, Dövlət
Proqramına uyğun olaraq çayçılığın
inkişaf etdirilməsi məqsədi ilə “Zaqatala Çay”
MMC tərəfindən alınmış güzəştli
kredit hesabına istehsalat sexinin təmiri və 3 hektar çay
plantasiyasının bərpasına başlanılıb.
Qeyd etsəm, yerinə düşər
ki, Respublika Prezidentinin “Kənd təsərrüfatı məhsulları
istehsalçılarına dövlət dəstəyi
haqqında” müvafiq sərəncamının icrası olaraq
2012-ci ildə kənd təsərrüfatı məhsullarının
istehsalçılarına əkin sahəsinin becərilməsində
istifadə etdiyi yanacaq və motor yağlarına görə
973309,20 manat yardım verilib, buğda sahəsinin becərilməsinə
görə 242471 manat subsidiya hesablanıb, güzəştli
qaydada 114768 manat dəyərində mineral gübrələr
satılıb. Eyni zamanda rayonda 2134 ton kondisiyalı toxum istehsal
edilərək, təsərrüfatlardan satılan 1-ci və
2-ci reproduksiyalı toxumlara görə dövlət büdcəsindən
131980 manat yardım verilib. Bununla belə qeyd etmək
lazımdır ki, bəzi fermer təsərrüfatları
dövlət yardımının verilməsi üçün
müvafiq sənədlərini komissiyaya vaxtında təqdim
etmədiklərindən bu sahədəki dövlət
yardımlarını ala bilmirlər. Rayonda 2013-ci ilin məhsulu
üçün 11939 hektar sahədə payızlıq
taxıl, o cümlədən 8314 hektar sahədə buğda səpilmişdir.
Ötən
il Macarıstan Respublikasından gətirilmiş 17 ton yüksək
reproduksiyalı qarğıdalı toxumunun fermerlərə
satılması təşkil edilib, Azərbaycan hökümətinin
və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə
dəstəyi ilə “Azərbaycanda rəqabətlilik və
Ticarət Layihəsi” çərçivəsində 2 hektar
sahədə intensiv fındıq sortları əkilib.
Torpaqların
sel sularından mühafizə edilməsi və çay
yataqları və suvarma kanallarının təmizlənməsi,
qabion və daş-beton bəndlərin tikintisinə diqqət
artırılıb, son uç ildə 8 ədəd subartezian
quyusu qazılıb, 2 ədəd subartezian quyusu bərpa edilib,
40 ədəd subartezian quyusu təmir edilib. Artıq iki pilləli
Alazan nasos stansiyasında təmir bərpa işləri
başa çatmaq üzrədir. Onu da qeyd edək ki,
Meliorasiya və Su Təsərrüfatı Açıq Tipli Səhmdar
Cəmiyyətinin sədri Əhməd Əhmədzadə
ağır gündə də, yaxşı gündə də
zaqatalalıların yanında olan
ziyalılarımızdandır.
Sevindirici haldır ki, ötən il
Prezidentin sərəncamları ilə Zaqatalanın qabaqcıl
kənd təsərrüatı işçilərindən
Fikrət Şərifov “Tərəqqi” medalı ilə təltif
edilib, Nəbi Kərimov isə “Əməkdar kənd təsərrüfatı
işçisi” fəxri adına layiq görülüb.
Rayonda
ekoloji məsələlər diqqət mərkəzində
saxlanılıb, bağsalma və bağlara xidmət
ikiaylığı keçirilərək 4565 ədədi yol
kənarlarında olmaqla, 134660 ədəd ağac əkilib.
Bütün sahələrdə olduğu kimi tikinti, abadlıq
və quruculuq sahəsində də xeyli işlər
görülüb, əsas kapitala yönəldilmiş
investisiyaların həcmi 2011-ci illə müqayisədə 12
dəfə artıb.
“Zaqatala şəhərinin su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurulması və
tikintisi” layihəsinin 2-ci mərhələsinin icrası olaraq
su və kanalizasiya xətlərinin tikintisi davam etdirilib.
Dövlət Proqramına əsasən Muxax və Sabunçu
kəndlərində hər biri 80 şagird yerlik ümumi orta,
Zəyəm və Bazar kəndlərində hər biri 180
şagird yerlik tam orta məktəb binaları tikilərək
istifadəyə verilib, şəhər 5 saylı, Yeni Suvagil kənd
1 saylı və Əli Bayramlı kənd uşaq
bağçalarında əsaslı təmir işləri
aparılaraq yeni inventar və avadanlıqlarla təchiz edilib.
Şəhərdə
Heydər Əliyev Fondu hesabına 50 yerlik uşaq
bağçası və 500 nömrə tutumluq elektron ATS
binası tikilib, Danaçı kəndində və şəhər
1 saylı tam orta məktəbin idman zallarının,
Yevlax-Balakən dəmir yolunun 151-ci mənzilində Göyəm
dayanacağının, Statistika və Baytarlıq idarələrinin
inzibati binalarının, Qımır və Maqov kəndlərində
tibb məntəqələrinin tikintisi başa
çatdırılaraq açılışları olub. Tala
çayının sağ sahilində 100 metr uzunluğunda
daş beton bəndin tikintisi yekunlaşdırılıb.
Rayon
Hərbi Prokurorluğunun, Polis şöbəsinin və Qaz
İstismar Sahəsinin yeni inzibati binalarının, Yeni Suvagil
və Göyəm kəndlərində sahə baytarlıq məntəqələrinin
tikintisi davam etdirilib. Daxili imkanlar hesabına Zilban kəndində
tibb məntəqəsinin tikintisinə başlanıb, şəhərdə
Heydər Əliyev Mərkəzinin yeni binası
üçün torpaq sahəsi seçilərək layihə-smeta
sənədləri hazırlanıb.
Əhalinin
enerji təminatı sahəsində də müəyyən
işlər görülüb, 420 ədəd istismara
yararsız dayaqlar yeni dəmir beton dayaqlarla əvəz edilib.
Camaatın və obyektlərin içməli su ilə təminatının
yaxşılaşdırılması sahəsində işlər
davam etdirilib, Gözbarax kəndinin yeni yaşayış
massivinə 2 kilometr, Yeni Suvagil kəndinə 450 metr, Zəyəm
kəndinə 400 metr uzunluğunda su xətti çəkilib,
Danaçı kəndinin içməli su şəbəkəsinin
yenidənqurulması işləri aparılıb.
Rayonda
istehlak olunan elektrik enerjisinin, təbii qazın və suyun
haqlarının əhali tərəfindən ödənilməsinin
təmin edilməsi məqsədilə yaradılmış qərərgahın
fəaliyyəti gücləndirilib, xidmət haqlarının
ödənişinin təmin edilməsi sahəsində
müsbət nəticələr əldə olunub.
Ötən
il ərzində rayonda təhsil, səhiyyə və mədəniyyət
sahəsində işlər dövlət siyasətinin əsas
istiqamətlərinə uyğun olaraq aparılıb.
Belə
ki, tam orta təhsil səviyyəsini bitirmiş şagirdlərdən
604 nəfəri ali məktəblərə qəbul
üçün sənəd verib, onlardan 281 nəfər Azərbaycan
Respublikasının təhsil müəssisələrinə,
30 nəfər xaricdə ali məktəblərə qəbul
olub, 12 nəfəri 600-dan yuxarı, 30 nəfəri 500-dən
yuxarı bal toplayıb.
Rayonun
ümumtəhsil məktəblərinin müəllimləri və
şagirdləri respublika müsabiqələrində uğurla
iştirak ediblər. Aşağı Tala 1 saylı tam orta məktəbi
“İlin məktəbi”, Yuxarı Tala 2 saylı tam orta məktəbinin
informatika müəllimi Səadət Dibirova “İlin müəllimi”
müsabiqəsinin qalibi olub, rayon Təhsil şöbəsi
müsabiqələrdə fəal iştirakına görə
respublika üzrə III yerə layiq görülüb. Tala 1
saylı tam orta məktəbinin direktoru Mehnurə
İsmayılova “Tərəqqi” medalı ilə təltif
olunanlar sırasındadır.
Zaqatala
rayon Mərkəzi Xəstəxanasının baş həkimi
Zülfüqar Mahmudovla xeyli söhbət etdik. Məlum oldu ki,
rayonda səhiyyənin inkişafı ilə bağlı
müəyyən işlər görülüb, uşaqlara
elektron sağlamlıq kartlarının verilməsi işi
başa çatdırılıb, ana və uşaqların
sağlamlığının qorunması məqsədilə
perinatal mərkəz yaradılıb. Əhalinin dispanser
müşahidəsini təşkil etmək məqsədilə
Səhiyyə Nazirliyinin səyyar flüoqrafiya
maşını rayona gətirilərək risq qrupuna daxil olan
2500 nəfərdən ibarət kontingentin müayinədən
keçirilməsi təmin edilib, dekabr ayında
keçirilmiş “Sağlam həyat uğrunda”
aylığında 17515 nəfər kompleks həkim müayinəsindən
keçirilib.
Rayonda
turizmin inkişaf etdirilməsi məqsədiylə Almaniya Beynəlxalq
Əməkdaşlıq Cəmiyyəti, Mədəniyyyət
və Turizm İnstitutunun dəstəyi ilə turizmin daha da
yaxşılaşdırılmasına xidmət edən
treninqlər keçirilib.
Bu
gün Azərbaycan artıq beynəlxalq aləmdə idman
ölkəsi imicini qazanıb. Zaqatalanın bir çox yeniyetmə
və gəncləri “İdman ili”ndə respublika və beynəlxalq
yarışlarda rayonu ləyaqətlə təmsil edərək
görkəmli nailiyyətlər qazanıblar. Ramin Qurbanov
cüdo üzrə Avropa kubokunda birinci yerə, Gözəl
Zutova sərbəst güləş üzrə Minsk şəhərində
keçirilən beynəlxalq turnirdə l yerə, Orxan
Hacıağalı gənclər arasında Avropa kubokunda
ikinci yerə, Oruc Vəlizadə Avropa çempionatında
üçünçü yerə layiq görülüblər.
Kompyuter oyunlarının yeddinci çempionatının zona turunda
rayon gəncləri komanda və fərdi oyunlarda birinci yeri
tutublar. Yunanıstanda keçirilən məktəblilər
arasında şahmat üzrə Avropa çempionatında
şahmat məktəbinin yetirməsi Nihat Məmmədov
Zaqatalanı layiqincə təmsil edib.
Rayon
icra hakimiyyəti ordu quruculuğunun möhkəmləndirilməsi,
dövlətin hərbi potensialının gücləndirilməsi
sahəsində Səfərbərlik və Hərbi Xidmətə
çağırış üzrə Dövlət Xidməti
rayon şöbəsi, rayon ərazisində yerləşən
Dövlət Sərhəd Xidmətinin və Daxili
Qoşunların “N” saylı hərbi hissələri ilə əlaqəli
fəaliyyət göstərir. Gənclərdə hərbi vətənpərvərlik
ruhunun yüksəldilməsi, “Sərhədçi” və
“Şahin” hərbi idman oyunlarının təşkili sahəsində,
eləcə də rayonda keçirilən kütləvi tədbirlərdə
ictimai asayişin qorunmasında hər iki hərbi hissənin
xidmətləri xüsusi ilə qeyd olunmalıdır.
2013-cü
ilin cənab Prezident tərəfindən
“İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi,
ölkəmizin tarixində ilk telekommunikasiya peykinin orbitə
çıxarılması Azərbaycanın kosmik ölkə
kimi yeni inkişaf tarixinin əsasını qoyacaqdır.
Bu
yazıya nöqtə qoymaq istəyirdik. Ancaq “Zaqatala” qəzetindən
öyrəndik ki, rayonun bir qrup ziyalısı Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə
müraciət ünvanlayıblar. Oxuduq, yazılmış bu
səmimi sözlər bizi silkələdi. Siz də ürəkdən
gələn sözlərlə tanış olun. Həmin
müraciətdə deyilir: “...İnsan üçün
yaşadığı evin tam başqa anlamı var. O, illər
uzunu öz evini kərpic-kərpic ucaldır, orada isti yuva
qurur, ailəsi ilə birlikdə bir ömür yaşayır.
Zəlzələdən sonra həyatın yenidən
canlandığı Zaqatalamızda yüzlərlə yeni evlər
sürətlə ucaldıqca indi yaşadığımız
sıxıntıların tezliklə sona çatacağına
əminliyimiz getdikcə artır. Balalarımızın ən
müasir şəraitə malik məktəblərdə
oxuyacağını düşündükcə gəlbimiz fərəhdən
dağa dönür, insana bu qədər geniş
qayğının bəxş olunduğu bir ölkədə
yaşamaqdan qurur hissi keçiririk. Hamımız
inanırıq ki, Sizin göstərişinizə uyğun
olaraq fərdi yaşayış evlərimizin, məktəb
binalarımızın və digər sosial infrastrukturların
tikintisi nəzərdə tutulan müddətlərdə
başa çardırılacaq, insanlarımız öz rahat həyat
tərzlərinə qovuşacaqlar”.
Rayon
icra hakimiyyətində öyrəndik ki, artıq
ziyalıların və ağsaqqalların bu arzuları
gerçəkliyə çevrilir. Zəlzələdən
sonra rayonda vətəndaşlara yeni fərdi evlər tikilib,
minlərlə evin tikintisi isə davam etdirilir. Qəzalı vəziyyətə
düşmüş 22 təhsil müəssisəsindən 10
məktəb və 1 uşaq bağçası artıq
istifadəyə verilib, digərlərinin tikintisi sürətlə
davam etdirilir...
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2013.- 3 mart.- S. 7.