Naftalan dünya şöhrətli kurort şəhərinə çevrilir

 

Son illər dünya şöhrətli Naftalan şəhərinin iqtisadi, sosial və mədəni inkişafını, tərəqqi və yüksəlişini əks etdirən çoxlu rəqəm, fakt və göstəricilər sadalaya bilərik. Ancaq biz onlardan yalnız birini misal göstərməklə kifayətlənəcəyik. Əvvəllər şəhərdə fəaliyyət göstərən sanatoriyalar yalnız yay aylarında, özü də yarı gücü ilə işləyirdi. İndi isə sanatoriyaların, demək olar ki, hamısı ilboyu fəaliyyət göstərir. Təsadüfi deyildir ki, hazırda Naftalana müalicəyə və istirahətə gələnlərin sayı 3 dəfədən çox artmışdır.

 

Fevral ayının 22-də Naftalan şəhərinin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2012-ci ildə görülmüş işlər və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumşəhər toplantısı belə bir xoş və nikbin əhval-ruhiyyə, görülmüş və görüləcək işlərdən doğan böyük fərəh hissi ilə keçirildi. Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanovun hesabat məruzəsində də qeyd edildiyi kimi, son illər respublikamızın böyük inkişaf yolu keçən şəhərlərindən biri də Naftalandır. Şəhərdə geniş vüsət almış abadlıq-quruculuq işləri yüksələn templə davam etdirilir. Statistik göstəricilər də belə fikri bir daha təsdiq edir ki, Naftalan hazırda öz tərəqqi dövrünü yaşayır.

2012-ci ildə Naftalan şəhərində ümumi daxili məhsulun həcmi 2011-ci illə müqayisədə 14 faiz artaraq 8694,2 min manat, sənaye məhsulunun həcmi 13 faiz artaraq 1294,4 min manat olmuşdur. Əsas kapitala yönəldilən investisiya 1181,5 min manat, nəqliyyat sahəsində görülən işlərin həcmi 251,4 min manat, rabitə sahəsində xidmətlər 149,7 min manat təşkil etmişdir. Əhaliyə 9443,5 min manatlıq pullu xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 13552,5 min manat, orta aylıq əmək haqqı isə 2011-ci illə müqayisədə 10 faiz artaraq 219 manat olmuşdur.

Sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Naftalan şəhərində əmanətlərin ödənişi ilə əlaqədar 2012-ci il ərzində 2046 nəfərə 816 min manat birdəfəlik ödəmə edilmişdir. İşsizliyin böyük sosial problem olduğunu nəzərə alaraq, Məşğulluq Mərkəzi tərəfindən bir sıra işlər görülmüşdür. Mərkəzdə 243 nəfər işaxtaran qeydə alınmış, bundan 198 nəfəri müvafiq işlə təmin olunmuşdur. Ötən il icra hakimiyyəti və Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə əmək yarmarkası təşkil olunmuş, 56 nəfərə şəhərin idarə, müəssisə və təşkilatlarında daimi işlə təmin olunmaları üçün göndərişlər verilmişdir.

2012-ci ildə Əhalinin Sosial Müdafiəsi Mərkəzində 94 ailənin 371 üzvünə Ünvanlı Dövlət Sosial Yardımı təyin edilmişdir. Bir ailəyə düşən yardımın məbləği 104 manatdır. Bundan başqa, mərkəzin sosial xidmət sektoru tərəfindən şəhərdə yaşayan 46 nəfər tənha ahıla və əlilə xidmət göstərilmişdir.

2012-ci ildə əhalinin etibarlı ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi ilə bağlı müsbət irəliləyişlər əldə olunmuşdur. Naftalan şəhərinin tərkibində olan 2 kənddə, ümumilikdə, ötən ildə 1876 sentner buğda, 9174 sentner arpa istehsal olunmuşdur. Həmçinin kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi 2012-ci ildə də davam etdirilmiş, 166 nəfərə əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə 12900 manat yardım verilmişdir.

Respublikanın bütün regionlarında olduğu kimi, Naftalan şəhərində də məktəblərin maddi-texniki bazası gücləndirilmişdir. Ən əsası isə odur ki, bu sahədə uzun illər davam edən geriliyə son qoyulmuş, intizam və tələbkarlıq daha da artırılmışdır. 2011 - 2012-ci tədris ilində şəhərin ümumtəhsil məktəblərini 70 şagird bitirmiş, onlardan hamısı attestat almışdır. 62 məzun qəbul imtahanlarında iştirak etmiş, 21 nəfər ali təhsil ocaqlarına, 8 nəfər isə orta ixtisas məktəblərinə qəbul olmuşdur. Məzunlardan 3 nəfəri 400-dən artıq bal toplamışdır. Bütün bunlarla , əlbəttə, kifayətlənmək olmaz. Ona görə də toplantıda şəhər təhsil şöbəsinin və ayrı-ayrı pedaqoji kolelktivlərin rəhbərlərindən tələb edildi ki, nəzərəçarpacaq uğurları daha da möhkəmləndirmək, təlim-tərbiyə işinin səviyyəsini müasir tələblər səviyəsində qurmaq üçün konkret və təxirəsalınmaz tədbirlər işləyib həyata keçirsinlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, 2012-ci il ölkədə “İdman ili” elan edilmişdi. Təbii ki, bu, respublikanın bütün bölgələrində olduğu kimi, Naftalan şəhərində də idmanın inkişafına böyük təkan vermişdir. Sərəncamın icrası ilə bağlı tədbirlər planı hazırlanmış, şəhərdə ayrı-ayrı idman növləri üzrə müxtəlif yaş qrupları arasında yarışlar keçirilmiş, şəhər birinciyinin qalibləri respublika turlarında uğurla çıxış etmişlər.

2011-ci ilin iyun ayında Naftalan şəhəri ilə Fransa Respublikasının Leql şəhəri arasında “Qardaşlaşma niyyəti barədə Bəyannamə” imzalanmışdır. Həm “İdman ili” ilə əlaqədar, həm də Naftalanla Leql şəhərinin dostluq münasibətlərini daha da inkişaf etdirmək məqsədi ilə hər iki şəhərin gənc güləşçiləri arasında yoldaşlıq görüşü keçirilmişdir.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası respublikanın bütün bölgələrində olduğu kimi, Naftalan şəhərində də uğurla icra edilmişdir.

Əhalinin və təsərrüfat subyektlərinin payız-qış mövsümünə hazırlığı işləri yay aylarından başlanmış, bununla əlaqədar tədirlər planı tərtib edilmiş, konkret vəzifələr müəyyənləşdirilmişdir. Nəticədə, əhali qış mövsümündə fasiləsiz olaraq istiliklə təmin edilir.

Su və kanalizasiya xilmətlərinin daha da yaxşılaşdırılması məqsədilə şəhərdə sudan istifadə edən bütün abonentlərə yeni sayğaclar quraşdırılmışdır. Yaxın günlərdə 5,9 kilmoetr uzunluğunda yeni su xəttinin çəkilməsi, ümumi həcmi 6000 kilometr olan kanalizasiya şəbəkəsinin və Sukanal İdarəsi üçün yeni inzibati binanın tikintisi işlərinə başlanacaqdır.

Onu da əlavə edək ki, Dövlət Proqramında nəzərdə tutulmayan, lakin şəhərin sosial-iqtisadi inkişafı üçün vacib olan bir çox işlər görülmüş və həmin tədbirlər bu gün də davam etdirilir. Belə ki, şəhərdə çoxmərtəbəli yaşayış binalarının fasadları milli memarlıq üslubuna uyğun olaraq aqlay daşla üzlənir, mənzillərə yeni plastik pəncərələr quraşdırılır, binaların dam örtükləri müasir üslubda yenidən qurulur, dəhlizlər təmir olunur.

2012-ci ildə Böyük Vətən Müharibəsi iştirakçılarının, Qarabağ və 20 Yanvar şəhidlərinin adlarının əbədiləşdirilməsi üçün yeni xatirə kompleksinin açılışı olmuşdur. Hazırda isə 280 yerlik körpələr evi-uşaq bağçasının, Heydər Əliyev Mərkəzinin, “Qarabağ” sanatoriyasının tikintisi işləri davam etdirilir.

Şəhərdə 2 bələdiyyə fəaliyyət göstərir ki, onların da 1-i şəhər, 1-i isə kənd bələdiyyəsidir. Bələdiyyələr yerli əhəmiyyətli problemlərin həllində mühüm rol oynayırlar. İl boyu onlar öz büdcələrinə uyğun olaraq, ərazilərdə mövcud olan yerli problemlərin aradan qaldırılması, küçə və yolların abadlaşdırılması istiqamətində tədbirlər həyata keçirmişlər. Şəhər Bələdiyyəsinin mülkiyyətində olan “Qələbə” parkında işıq dirəkləri yenisi ilə əvəz edilmiş, parkda, şəhərin digər xiyaban və küçələrində gül, çiçək kolları, eləcə də 2500 eldar şamı əkilmişdir.

2012-ci il ərzində Naftalan Şəhər İcra Hakimiyyəti Başçısı Aparatına 237 müraciət daxil olmuşdur. Bunlardan 37-si dövlət orqanlarından və digər qurumlardan, 200-ü isə vətəndaşlardan bilavasitə şəhər icra hakimiyyətinə ünvanlanan müraciətlərdir. 200 müraciətdən 74-ü müsbət, 3-ü qismən həll olunmuş, 36-na müvafiq izahat verilmiş, 4-ü əsassız sayılmış, 1-i qanunamüvafiq tədbir görülməsi üçün tabeli qurumlara, 82 müraciət isə aidiyyəti orqanlara göndərilmişdir.

Ötən il vətəndaşların müraciətlərinə baxılması ilə bağlı həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, icra hakimiyyətinə daxil olmuş müraciətlərin sayı 30 faiz, dövlət orqanlarından və digər qurumlardan müraciətlərin sayı isə 57 faiz azalmışdır.

Şəhər icra hakimiyyəti başçısı tərəfindən yerlərdə keçirilən 23 səyyar görüşdə 83 nəfər müraciət etmişdir. Bu görüşlərdə şəhərin bütün idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmiş, qaldırılan məsələlərdən 51-i müsbət həll olunmuşdur. Ümmiyyətlə, 2012-ci ildə icra hakimiyyəti başçısı tərəfindən aparatda 232 nəfər qəbul edilmişdir. Müraciətlərin 118-i müsbət həll olmuş, 98-nə müvafiq izahat verilmiş, 16-sı əsassız sayılmışdır.

Toplantıda bütün bunlarla yanaşı, görüləcək işlərdən, qarşıda duran konkret vəzifələrdən də geniş danışıldı, onların həlli yolları göstərildi. Məsələn, Naftalan kurortunu daha da inkişaf etdirmək üçün şəhərdə əvvəllər fəaliyyət göstərmiş Azərbaycan Elmi-Tədqiqat İnstitutunun Naftalan filialının açılması, bundan başqa, neftdən dərman preparatlarının və kosmetik vasitələrin hazırlanması üçün zavodun, yeni sanatoriya komplekslərinin tikintisi məqsədəuyğun olardı. Bundan başqa, müasir kurort şəhərində yeni xəstəxananın, böyük və uşaq poliklinikalarının, təcili tibbi yardım məntəqəsinin, müasir standartlara cavab verən mədəniyyət evinin, tarix-diyarşünaslıq muzeyinin, idman kompleksinin, eləcə də şəhərə müalicəyə gələn turistlərin rahat gediş-gəlişini təmin etmək üçün yeni hava limanının, avtovağzalın tikintisinə böyük ehtiyac var.

Yuxarıda da qeyd etdiyimiz kimi, əvəzsiz müalicə ocağı olan Naftalan neftinin şöhrəti getdikcə bütün sərhədləri aşmaqdadır. Bunu Naftalana gələn insanların sayı və coğrafiyası da sübut edir. Başqa sözlə desək, burada yaradılan şərait də dünya standartlarına cavab verir. Ona görə də Heydər Əliyev, Səməd Vurğun, Nəriman Nərimanov, “Qələbə”, digər park və xiyabanların daha da abadlaşdırılmasına, müasirləşdirilməsinə, yenidən qurulmasına ciddi ehtiyac var.

Bundan başqa, Naftalan şəhərinin tərkibində olan Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndlərinin bir çox sosial problemləri hələ də qalmaqdadır. Məsələn, Qaşaltı, Qaraqoyunlu kəndləri ərazisində şor suların təmizlənməsi üçün kanalların çəkilməsinə, elektrik dirəklərinin yenisi ilə əvəz edilməsinə, Qasımbəyli kəndində klub və tibb məntəqəsi üçün yeni inzibati binaların tikintisinə ciddi ehtiyac var.

Məruzə ətrafında Polis Şöbəsinin rəisi Ağakişi İsmayılov, Maliyyə şöbəsinin rəisi Saleh Tağıyev, DSMF Naftalan şöbəsinin müdiri Əlipaşa Nəbiyev çıxış edərək konkret sahələrdə əldə edilmiş nəticələrdən, görüləcək işlərdən danışmışlar.

Toplantıda Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev çıxış edərək ölkə başçısı İlham Əliyevin son çıxış və nitqlərindən irəli gələn konkret vəzifələrdən danışmışdır.

Toplantının işində Milli Məclisin deputatı Mahir Aslanov iştirak etmişdir.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2013.- 3 mart.- S. 6.