Xocalı: məhv
edilmiş şəhərin gizlinləri
(Əvvəli qəzetin 27 fevral
tarixli sayında)
366-cı alayın canfəşanlığı
Alay
Xocalı və Şuşanın azərbaycanlı kəndlərinin
atəşə tutulması və işğalında dəfələrlə
iştirak etmişdir. Əslində bu hərbi birləşmə
SSRİ-dən daha çox Ermənistanın irqçi
maraqlarının birbaşa təminatçısına
çevrilmişdi. Bunun səbəblərindən biri də
bu idi ki, alay rəhbərliyindən tutmuş, sıravi əskərlərədək
şəxsi heyətin yarısını milliyyətcə ermənilər
təşkil edirdi. 1991-ci ilin avqust ayında SSRİ-nin
dağılması prosesi sürətləndi, çox
keçmədən sovet ordusu Azərbaycan ərazilərini tərk
etməyə başladı. Bu proses ermənilər
üçün bir fürsətə çevrildi,
çünki ermənilər hələ SSRİ
dağılmazdan əvvəl Qarabağı ələ
keçirmək üçün gərgin əmək sərf
edirdilər. 1998-2008-ci illərdə Ermənistanın
prezidenti olmuş Dağlıq Qarabağ ermənisi Robert
Köçəryanın çoxdan hazırladıqları bu
plana necə aydınlıq gətirməyi barədə “BBC”,
“Moscou Times” və “The Times of London” - da çalışan
jurnalist, “Black Garden” kitabının müəllifi Tomas de Vaal
yazır: “Sovet ordusu Qarabağdan çıxandan sonra biz azərbaycanlılarla
baş-başa qaldıq. Lakin biz təşkilatlanmışdıq
və ən azı 3-4 illik gizli təcrübəmiz var idi. Ərazidəki
bütün sovet silahları bizə qaldı və onların
silahları aparmalarına icazə vermədik”.
Sovet
silahlarını ələ keçirdikdən sonra ermənilərin
Qarabağa hücumları intensivləşdi. Onların ilk məqsədləri
Xankəndi ətrafındakı kəndlərdən azərbaycanlıları
çıxarmaq və Ermənistanla qurudan əlaqələri
bərpa etmək idi. 1991-ci il sentyabrın 24-də Ağdərənin
İmarət Qərvənd, oktyabrın 30-da Tuğ,
noyabrın 12-də Axullu, 19-da Xocavənd, dekabrın 15-də
isə Cəmilli kəndləri 366-cı motoatıcı
alayın hərbçiləri və zirehli texnikanın dəstəyi
ilə işğal olundu. Fevralın əvvəlində isə
növbəti Azərbaycan kəndləri Malıbəyli,
Qaradağlı və Ağdaban ermənilər tərəfindən
işğal olundu və bu zaman 99 mülki insan həyatını
itirdi, 140 nəfər isə yaralandı.
Beləliklə,
Xankəndinin ətrafı azərbaycanlılardan təmizləndi.
Xocalı ətrafındakı mühasirə həlqəsi isə
yavaş-yavaş daralmağa başladı. Bununla da
Xocalının işğalı reallaşdı.
Hərbi
hissənin komanda heyətinin mənəviyyatsızlığı
o həddə çatmışdı ki, guya əhalinin
müqaviməti ilə rastlaşdıqlarına görə
alayın sərbəst çıxarılmasını təmin
edə bilmədilər. Bu məqsədlə Gəncədə
yerləşən desant diviziyasının qüvvələri
cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək
alayın 103 nəfər, əsasən ermənilərdən
ibarət olan və qırğında iştirak etmiş hərbçisi
əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda
qaldı. Alayın komandanlığının cinayət
sövdələşməsi və alayın
çıxarılmasına məsul olan digər şəxslərin
məsuliyyətsizliyi nəticəsində hərbi
texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə
təhvil verildi. Nəticədə silahsız Azərbaycan əhalisi
güclü silahlanmış erməni nizami birləşmələri
ilə üz-üzə qaldı.
Vladimir
Savelyev Xankəndindəki 366-cı alayda yerləşən
02270 nömrəli hərbi hissəsinin əks-kəşfiyyat
şöbəsinin rəisi olub. Xocalı faciəsinin ilk məlumatlarını
toplayan, hadisələrin şahidi olan polkovnik 1992-ci il noyabr
ayının 26-da, 1994-cü il martın 19-da, 1998-ci il avqustun
22-də və nəhayət, 2000-ci ilin iyul və dekabr
aylarında BMT-yə, Avropa Şurasına, sonda Baş Kəşfiyyat
İdarəsinə “məxfi arayış”ını təqdim
edir. O, son arayışlarını “zabit Puqaçov”
imzası ilə göndərib. Polkovnik erməni terror təşkilatları
ilə Rusiya qoşun birləşmələrinin Dağlıq
Qarabağda keçirdikləri hərbi əməliyyatları
izləyərək, fakt və sənədlərdə,
“Agentura” gücü ilə əldə etdiyi informasiyalarda
bütün olub- keçənlərin şərhini verib
etiraf edir: “... Mən bütün bunları yazmaya bilmərəm.
Hər şey gözlərim önündə baş verib.
İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin
güllədən keçmiş bədənlərini unuda
bilmirəm. Qoy azərbaycanlılar məni
bağışlasınlar ki, bütün bu qanlı və
amansız sonluğu olan hadisələrdə əlimdən
heç nə gəlmədi. Təkcə on doqquz səhifəlik
məxfi arayışı həm Kremlə, həm də MN-ə,
VKİ-nin generallarına göndərdim. Oxuyun , – dedim”.
Bu,
bir zabitin xatirələridir. Kaşki 366-cı alayın
bütün kontingenti bu cür düşünəydi. Lakin
onlar bu bəşəri cinayətə imza atmaqdan çəkinmədilər.
Baxmayaraq ki, V.Savelyevin özü də 366-cı alayın heyətinə
daxildir. Lakin o, rus zabitinin şərəfinə ləkə gətirən
bu cinayətdə iştirakından vicdan əzabı çəkdiyini
etiraf edir. Polkovnik bu barədə yazır: “... Bütün
bunları anlaya bilmirəm. Bu oyunlara rus zabitlərini
qoşmaqla onları alçatdılar, şərəfinə
lənət damğasını vurdular... Mən on
addımlığımda güllə yarasından can verən
səkkiz-doqquz yaşlı qızcığaza heç cür
kömək əlimi uzada bilmədim. Allahın mənə lənət
edəcəyi gündən qorxuram...”
Onu
da xüsusi olaraq qeyd edək ki, həmin gün ermənilərin
özünümüdafiə dəstəsi adı ilə
vuruşan, əslində ASALA terror təşkilatının
Xankəndində yaradılmış özəyinin
başçısı kimi tanınan İllarion Allahverdiyan 24
nəfər rus zabitinə və əsgərinə pul
mükafatları elan etdi. Məsələn, şəxsi heyətin
önünə çıxarılmış rus zabiti Yevgeni
Qolubevə üstündə ASALA yazılmış 25
qramlıq qızıl medal və beş min ABŞ
dollarını təntənəli surətdə təqdim
etdi. Və yaxud, həmin gün sıravi Anastas S. İvanova 10
min ABŞ dolları təqdim etməklə İrəvanda onu
gözləyən “Hunday” markalı avtomobilin sənədlərini
verdi. Bu fakt ermənilərin Xocalı faciəsini törətmək
üçün 366-cı alayın heyəti ilə əvvəlcədən
razılığa gəldiyini və bu aktın sırf
soyqırımı və qarətçilik xarakteri
daşıdığını təsdiqləyir. Ermənilər
üçün nəyin bahasına olursa-olsun Xocalı
işğal edilməli və əhali məhv edilməliydi.
Onlar bu işğal üçün tarixlərində
görünməmiş şəkildə “səxavət”
göstərməyə hazır idilər. ASALA və
dünyada öz mənfur əməlləri ilə ad
çıxarmış digər erməni terror birləşmələrinin
Xocalı faciəsində iştirakını “Valer aktuel”
jurnalı (Paris) 14 mart 1992-ci il tarixli nömrəsində verilən
məlumatlarla da təsdiqləyir: “ Bu muxtar regionda erməni
silahlı dəstələri Yaxın Şərqdən
çıxmışlarla birlikdə müasir texnikaya, o
cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və
Livanda hərbi düşərgələri və silah
anbarları vardır. Ermənilər yüzdən artıq
müsəlman kəndlərində qırğınlar törədərək
Qarabağdakı azərbaycanlıları məhv etmişlər
”.
David Xerdiyanın “ Xaç
uğrunda” əsəri və Roma Papası II İohan Pavelin məxfi
məktubu
Bəzi erməni dairələri bunları etiraf etməkdən çəkinsələr
də, təkzibolunmaz faktlardan qaçmaq mükün deyil. Kimliyindən asılı olmayaraq
bu faciəni görən insanın
vicdanı oyanmalı idi, heç
olmasa bu vandalizmə haqq qazandırmamalı idi.
Bunu isə
ermənilərdən, onların ziyalılarından gözləmək
sadəlövhlük olardı. Çünki
bu millətin hətta ziyalıları belə
Xocalıda törədilən soyqırıma haqq
qazandırır və bu hadisəni
törətmələri ilə “milli” qürur duyurlar. Livanda yaşayan erməni jurnalisti David Xerdiyan da belələrindəndir.
O, özünün “Xaç
uğrunda” əsərində
yazdıqları ilə bunu bir daha təsdiqləyir.
Müəllif yazır: “Martın 2-də “Qaflan” erməni qrupu (meyitləri
yandırmaqla məşğul olurdu) 2000-ə
yaxın alçaq monqolun
(bu daşnak azərbaycanlıları
belə adlandırır) cəsədlərini toplayıb
ayrı-ayrı hissələrlə Xocalının 1
kilometrliyində yandırdı. Axırıncı yük maşınında mən
başından və qollarından yaralanmış təxminən
10 yaşlı bir qız
uşağını gördüm. Diqqətlə
baxanda gördüm ki, o, yavaş-yavaş
nəfəs alır. Soyuq, aclıq və
ağır yaralanmasına baxmayaraq, o, hələ də sağ
idi. Ölümlə mübarizə aparan bu uşağın
gözlərini mən heç vaxt yaddan
çıxarmayacam. Sonra Tiqranyan
familiyalı bir əsgər onun qulaqlarından tutub
artıq üzərinə mazut tökülmüş cəsədlərin
içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi...”
Sözsüz ki, yazıçının öz əsərini “Xaç uğrunda” adlandırmasından bəllidir ki, bu insanın qeyri dinlərin mənsublarına münasibəti hansı səviyyədədir. O, bütün əsərini xristianların tiran hakimiyyətinin qurulmasına və hər kəsin məcburi xristianlaşdırılmasına, özlərinin “müqəddəs” hesab etdiyi amallara yönəldib. Bundan əlavə, Xocalıda ağlamaq və imdad səsləri gəldiyini qeyd edən müəllifin öldürülənləri təhqir etməsi, onlara “alçaq monqol” deməsi ermənilərin nə qədər insani hisslərdən, vicdan anlayışından uzaq olduğunu bir daha isbatlayır.
Ən acınacaqlı hal isə odur ki, hətta Roma Papası belə bu soyqırımı hadisələrinə dini-tolerant mövqe sərgiləmək, qırğını pisləmək əvəzinə şəxsi mövqeyini öz statusuna yaraşmayan şəkildə nümayiş etdirmişdi. Belə ki, 1992-ci ilin fevral ayının 4-də Roma Papası II İohan Pavelin Dağlıq Qarabağ özünümüdafiə dəstələrinə və rus qoşun birləşmələrinin generallarına məxfi məktubu daxil olur. Məktubda o, bu vuruşmanın “dini mücadilə” olduğunu xatırladır, onlara dua edəcəyini açıqlayırdı. Roma Papası Dağlıq Qarabağ uğrunda vuruşmanı “din uğrunda savaş” kimi qiymətləndirib yazır: “... İmkan olarsa, Xocalıya gəlib orada həlak olan erməni qardaşlarımın ruhu qarşısında və döyüş məkanlarında baş əyəcəm...” Papa dediklərini sübut edərək 2003-cü il sentyabrın 21-də Ermənistana gəlir və Qarabağın işğalı zamanı öldürülən ermənilərin məzarlarını yad edir.
Biz
yalnız onu bilirik ki, Xocalı soyqırımında
iştirak etmiş ermənilərin və onların
havadarlarının hərəkətləri insan
haqlarının kobud şəkildə pozulması ilə
müşayiət olunmuş beynəlxalq hüquqi aktların
- Cenevrə Konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi,
Vətəndaş və Siyasi hüquqlar barədə Beynəlxaq
Saziş, Fövqəladə vəziyyətlərdə və
hərbi münaqişələr zamanı qadınların və
uşaqların müdafiəsi barədə Bəyannamənin
tələblərinə məhəl qoyulmamışdır.
Beləliklə, yuxarıda sadaladığımız faktlardan da aydın olur ki, Xocalı hadisələrinin dünyada soyqırımı kimi tanınması və qiymətləndirilməsi, həmçinin cinayətkarların cəzalandırılması üçün kifayət qədər hüquqi və real əsaslar vardır. Ermənilər tərəfindən Xocalı əhalisi olan etnik azərbaycanlılara qarşı törədilmiş əməllər beynəlxalq hüquqa müvafiq olaraq beynəlxalq cinayət - genosid kimi qiymətləndirilməli və bu ümumbəşəri cinayətə beynəlxalq məhkəmələr ədalətli hüquqi qiymətini verməli və buna görə günahkarlara cəza müəyyənləşdirməlidir.
Şahidlərin
tükürpədici etirafları
Mirzə Allahverdiyev: Biz həmin gün Horagül istiqamətində postda
dayanmışdıq. Amma “Finski”
evlər yananda geri
çəkildik. Fevralın 26-da onların çoxu
“Beşmərtəbə” deyilən yerə
toplaşmışdı. 100-ə qədər adam
vardı orda. Sonra
çıxıb Boz Dağ
istiqamətində irəlilədik. Fevralın 28-də ermənilər
mühasirəyə alıb tutdular bizi. Həmin saat əl-ayağımızı
bağlayıb başladılar döyməyə, işgəncə
verməyə. Sonra apardılar Əsgərana.
Orada bizi milis idarəsinin həbs otağında
saxlayırdılar. Bir neçə
qızıl dişim vardı. Yerə
yıxıb əl-ayağımı bağladılar.
Başladılar kəlbətinlə dişlərimi sökməyə.
Kəlbətinlə dartır, çəkiclə vururdular dişimə, ağrıdan inildəyir,
zarıyırdım. Yalvarır, yaxarır, bu
işgəncəyə son qoymağı xahiş edirdim. Neçə
saat huşsuz
qaldığımı bilmirəm. Amma gözümü açanda
hiss etdim ki, qızıl dişlərimi
sındırıb götürüblər. Ermənilərin verdiyi işgəncə yalnız qızıl
dişlərimi sındırmaqla bitmədi. Söyüş,
təhqir, təpiklə vurmaq, döymək
hər gün olurdu. Girovluqda qaldığım 18 günün
elə bir vaxtı olmadı ki, mənə işgəncə verməsinlər.
Yaman vəhşi idilər, gözlərini
qan tutmuşdu. Ürəklərində
heç bir insaf, ədalət yox idi. Bizi döyməkdən,
təpikləməkdən ləzzət alırdılar. Bir dəfə isə məni çılpaq soyundurub dubinka ilə
döydülər. Ürəkləri soyumadığından götürüb ikinci mərtəbədən
atdılar məni yerə. Bütün bədənim
əzilmişdi. Necə kinli, qəzəbli
idi bu ermənilər
bizə qarşı? Edik adında bir erməni vardı. Hər gün
içəri girib mənə özünəməxsus
xüsusi işgəncə verirdi. Ağır çəkmələri ilə
əllərimin üstünə çıxıb
tapdalayır, əzir və bundan ləzzət
alırdı. Mənim iniltim,
qışqırtım ona təsir etmirdi, əksinə kefi
açılırdı... Ermənilər tez-tez
bizə deyirdilər: “Sizi
qıracağıq, buralardan tamam qovacağıq. Donuzlarımızı gətirib
Kürdə suvaracağıq”. Hər gün
bizə bir parça
çörək, bir balaca
qabda da su verirdilər. O çörəyi, suyu verəndən sonra gəlib
möhkəm döyürdülər. On səkkiz
gün girovluqda qalandan sonra məni dəyişib
Ağdama gətirdilər. Öyrəndim ki, anamı da ermənilər
bir neçə gün
girov saxlayıb, qızıl üzüyünü alıb buraxıblar.
Qardaşım Elşəni isə mənim günümə
salıblar. Girovda işgəncələr
verib qızıl dişlərini
söküblər. Öyrəndim ki, ermənilər
iki qardaşımı öldürüblər.
10
yaşlı Ramil Həsənov: “Ermənilər gələndə
meşəyə qaçdım. 3 gün ac-susuz
orada qalmışam. Susuzluqdan ölürdüm, çoxlu qar yemişəm”.
4
yaşlı Fuad Gülməmmədov: “Ermənilər məni
tapança ilə ayağımdan vurdular”.
Sənan
Abdullayev: “Bir gün meşədə qaldıqdan sonra ermənilər
bizi tapıb Əsgərana gətirdilər. Anam, atam, 16 yaşlı bacım meşədə öldü. Ruslar, ermənilər, sırğalı zəncilər
uşaqların gözü
qarşısında mənə
işgəncələr verirdilər.
Sonra bizi içərisinə su doldurulmuş zirzəmiyə saldılar.
Suda boğulmamaq üçün
uşaqları bir gün əlimdə saxlamışam”.
Camal Orucov: “16 yaşlı oğlumu güllələdilər.
23 yaşlı qızımı iki əkiz oğlu ilə, 18 yaşlı hamilə qızımı
əlimdən aldılar”.
Xədicə Abdullayeva: “Bir sutka meşədə qaldıqdan sonra atam, anam və
16 yaşlı bacım
şaxtaya tab gətirmədilər.
Sağ qalan xocalılılarla birgə
məni də girov götürdülər.
Bizi ac-susuz, döşəməsinə
su doldurulmuş zirzəmidə saxladılar.
Bir daşnakla dəyişdirildim.
İndi iki ayağımdan da məhrumam.”
Elbrus Abbasov: “Əsirlik müddətində Artur və Slavik adlı serjantlar və Feliks adlı leytenant bizi dayanmadan döyürdülər. Onlar Xocalı
sakinləri Novruzov Ələsgər Xanlar oğlunu və Vəliyev Elçin Vəkil oğlunu döyüb işgəncə
verməklə öldürmüşdülər”.
Sonda hadisələrin
bir şahidi də var ki,
onun fikirlərini də bildirməyi özümüzə borc bilirik. Bu şahidin digərlərindən fərqi
isə onun zərərçəkən yox,
zərbəvuran tərəf
olmasıdır. Bu, bədnam Ermənistanın
cinayətkar prezidenti Serj Sarkisyandır.
“Black Garden” kitabının müəllifi Tomas de Vaal yazır:
“Hazırkı Ermənistan
prezidenti Serj Sarkisyandan Xocalının işğalı barəsində
soruşduqda o, belə
cavab vermişdir: “Düşünürəm ki,
əsas məsələ
başqa şeydədir.
Xocalı olayına qədər
azərbaycanlılar fikirləşirdilər
ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər
ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməzlər. Biz bu yanlış təəssüratı dağıda
bildik. Baş verənlər göz
önündədir”.
Beləliklə, bu, tipik bir
erməninin fikridir. Bu, o erməninin fikridir ki, dövlətə başçılıq edir
və erməni xalqının simasını
müəyyənləşdirir.
Hər halda bir şəhərin məhvi ilə nəticələnən bu
dəhşətli faciə
heç zaman Azərbaycan xalqının
yaddaşından silinməyəcək
və gec-tez haqq-ədalət öz yerini tapacaq, cinayətkarlar məsuliyyətə
cəlb olunacaqlar.
Anar TURAN
Xalq qəzeti.- 2013.- 3 mart.- S. 4.