Sabirabad Muğanın abad mərkəzinə çevrilir

 

Bu gün Sabirabad öz keçmiş şöhrətini qaytarmaq əzmindədir. Rayonda böyük tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gündəlik qayğısı sayəsində Sabirabadın infrastukturu dinamik inkişaf etməkdədir. 2012-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş fəallar yığıncağının nikbin ruhda keçməsi də ilk növbədə, məhz bu amillə izah edilməlidir.

 

İcra hakimiyyətinin başçısı Nazim İsmayılov fəallar yığıncağını açaraq yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin yekunlarının müzakirəsi zamanı Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrdən danışdı.

Bütün bu inkişafın kökündə dövlət başçısının gərgin işinin, yorulmaz fəaliyyətinin dayandığını deyən icra başçısı Sabirabad rayonunda da aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində yüksək nailiyyətlər əldə edildiyindən ətraflı bəhs etdi. O bildirdi ki, rayonda iqtisadiyyatın bütün sahələrində 2011-ci illə müqayisədə nəticələr yüksəlmişdir. Hesabat dövründə istehsal olunan məhsulun həcmi 313 milyon 599 min manat olmuşdur ki, bu da 2011-ci ilə nisbətən 10,5 faiz çoxdur. 2012-ci ildə 4 milyon 740 min manatlıq sənaye məhsulu, 150 milyon 659 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Əhaliyə 557 min manat həcmində poçt, rabitə, 36 milyon 716 min manat pullu xidmətlər göstərilmişdir. Əmtəə dövriyyəsi 157 milyon 743 min manat təşkil etmişdir. 95 milyon 186 min manatlıq tikinti-quraşdırma işləri aparılmışdır ki, bu ötən illə müqayisədə 8 milyon 356 min manatya 9,6 faiz çox olmuşdur. Əsas kapitala 104 milyon 773 min manat investisiya yönəldilmişdir ki, bu da ötən dövrlə müqayisədə 21 milyon 79 min manatya 25,2 faiz çoxdur. Adambaşına düşən pul gəlirləri əvvəlki ildəkindən 89 manat artaraq 1788 manat olmuşdur.

Hesabat ilində rayonda 2012-ci ildə 13 yeni müəssisə yaradılmış, 553 iş yeri açılmışdır ki, bunun da 448-i daimi, 105-i isə müvəqqəti iş yerləridir.

Rayonda gedən abadlıq-quruculuq işləri sürətlə davam etdirilərək şəhərin Heydər Əliyev prospektində və 20 Yanvar küçəsində yerləşən beşmərtəbəli yaşayış binalarının fasad hissələri, pəncərələri və dam örtükləri müasir üslubda yenidən qurulmuş, prospekt boyu istinad divarları plitələrlə üzlənmişdir. Heydər Əliyev prospektində yerləşən 15 və 17 saylı beşmərtəbəli yaşayış binalarının həyətində uşaqlar üçün əyləncə parkı salınmışdır. Ulu öndərin adını daşıyan parkda yenidənqurma işləri aparılır. Həmin ərazidə sahəsi 4 min kvadratmetr olan Heydər Əliyev Mərkəzi inşa edilir. Rayon icra hakimiyyətinə və keçmiş rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinə məxsus inzibati binalarda, həmin ərazidəki meydanda əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Yeni Azərbaycan Partiyası rayon təşkilatı və Maliyyə idarəsi üçün üçmərtəbəli binalar tikilir. Heydər Əliyev prospekti boyunca müasir işıqlandırma sistemi quraşdırılmışdır. Eyni zamanda, prospektdə olan yüksək gərginlikli hava verilişi xətləri yeraltı kabellərlə əvəz olunmuşdur. Yağış sularının ötürülməsi ilə bağlı prospekt və küçələrdə suötürücü kanallar çəkilmişdir.

Yığıncaqda vurğulandı ki, 2010-cu ilin mayında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə “2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş fəlakətin fəsadlarının aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2012-ci il tarixli sərəncamı əhali tərəfindən razılıqla qarşılanmış və bu sahədəki problemlərin aradan qaldırılmasını təmin etmişdir. Təbii fəlakətdən keçən dövr ərzində rayon üzrə 1439 ev tikilmiş, 380  evdə  son tamamlama işləri gedir. Rayonun Ulacalı kəndində sel daşqını nəticəsində evləri yararsız vəziyyətə düşmüş sakinlər üçün bütün infrastruktura malik 77 fərdi yaşayış evindən ibarət yeni qəsəbə salınmışdır. Ötən müddət ərzində təbii fəlakətdən ziyan çəkmiş 16099 ailəyə 17 milyon 286 min manat məbləğində müxtəlif təyinatlı kompensasiya ödənilmişdir.

Rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının inkişafından da ətraflı danışıldı. Qeyd olundu ki, torpaq islahatının aparılması nəticəsində rayonda 23763 ailəyə (102583 nəfər) 45236 hektar torpaq payı verilmişdir. İndi rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının hamısı özəl sektorun payına düşür. Rayonda 114 kənd təsərrüfatı və xidmət təşkilatları fəaliyyət göstərir ki, onun da 77-si kənd təsərrüfatı müəssisəsi, 4-ü kooperativ, 73-ü özəl, 37-si xidmət təşkilatı, 31-i fərdi sahibkardır. Rayonun Axısxa və Çöl Beşdəli kəndlərində torpaq mülkiyyətçiləri öz pay torpaqlarını könüllü şəkildə birləşdirərək istehsal kooperativləri yaratmışlar.

Hesabat ilində 67670 ton taxıl, 4053 ton pambıq, 14245 ton kartof, 43215 ton tərəvəz, 15317 ton meyvə, 54375 ton bostan, 1973 ton qarğıdalı məhsulları istehsal edilmişdir. Əvvəlki illə müqayisədə rayon üzrə 2012-ci ildə taxıl 13570 ton, pambıq 238 ton, meyvə 219 ton, yem bitkiləri 5026 ton çox məhsul istehsal olunmuşdur.

Sabirabad şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə 2012-ci il iyunun 7-də rayonda təməlqoyma mərasimi keçirilmişdir. Layihəyə əsasən Talış su kəmərindən Sabirabad şəhərinə su xətti çəkiləcəkdir. Həmin xətt vasitəsilə su borusu keçən ərazilərdə yerləşən kəndlərə və rayon mərkəzinə yaxın digər kəndlərə də içməli suyun verilməsi təmin ediləcəkdir.

16 iyul 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Hacıqabul rayonunda keçirilən Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində təqdim olunan layihədə Sabirabad rayonunun 13 kəndinə də içməli suyun verilməsi öz əksini tapmışdır.

Rayon mərkəzində çirkab sular yığınağı olan “Axmaz” adlanan ərazinin qurudulması ilə bağlı tədbirlər görülür. Həmin ərazidən Suqovuşan kəndində olan kollektora qədər 2 km məsafədə yeraltı boru çəkilmişdir. Qurudulmuş əraziyə torpaq veriliryeni nasos stansiyasının qurulması istiqamətində işlər yekunlaşmaqdadır.

Dövlət İnvestisiya Proqramı çərçivəsində respublikada yol infrastrukturunun yenilənməsi istiqamətində geniş işlər görülür. Ötən il sakinlərin rayon mərkəzinə gediş-gəlişini asanlaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 25 may 2011-ci il tarixli sərəncamı ilə Cavad kəndi ərazisində Kür çayı üzərində inşa olunan körpüdə işlər başa çatmışdır.

Hacıqabul-Bəhrəmtəpə-Horadiz magistral avtomobil yolunun Sabirabad rayonunun ərazisindən keçən hissəsində yenidənqurma və əsaslı təmir işləri davam etdirilir və cari ildə bu işlər başa çatdırılacaqdır.

Keçən il 27 km uzunluğunda Surra-Padar avtomobil yoluna asfalt döşənərək təmir edilmişdir. Rayon icra hakimiyyətinə ayrılmış vəsait hesabına bir sıra kəndarası yollarda da cari təmir işləri aparılmışdır.

Tədbirdə təhsil və səhiyyə obyektlərinin əsaslı təmir edilməsi, yenilərinin tikilməsi və onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində geniş tədbirlərin həyata keçirildiyindən də danışıldı. Bildirildi ki, yeni tədris ilində hər biri 480 şagird yerlik olmaqla Eynulla Nadirov adına şəhər 8 saylı və Nərimankənd, 240 şagird yerlik Yuxarı Axtaçı kənd tam orta, Ulacalı kənd ibtidai məktəbləri tikilərək şagirdlərin istifadəsinə verilmişdir. Nizami Gəncəvi adına şəhər 5 saylı və Hacı Zeynalabdin Tağıyev adına şəhər 6 saylı tam orta məktəblərində bərpa-gücləndirmə işləri başa çatdırılmışdır. 2012-ci ildə 2 saylı şəhər uşaq bağçası əsaslı təmirdən sonra bütün lazımi inventar və avadanlıqlarla təchiz edilərək istifadəyə verilmişdir. 1200 şagird yerlik Mirzə Ələkbər Sabir adına şəhər 1 saylı tam orta məktəb binasının tikintisi davam etdirilir. Z.Tağıyev adına şəhər 6 saylı tam orta məktəbində 200 şagird yerlik əlavə sinif otağının tikintisinin, QarağacKovlar kənd tam orta məktəblərində isə təmir işlərinə başlanılması ilə bağlı hazırlıq görülür.

Qeyd olundu ki, Mərkəzi Rayon Xəstəxanası üçün müasir tələblərə cavab verən 205 çarpayılıq xəstəxana binasının tikintisinə başlanılmışdır. Yaponiya səfirliyinin dəstəyi ilə rayonun Qəzli kəndində 15 çarpayılıq xəstəxana binası tikilərək əhalinin istifadəsinə verilmişdir. Axtaçı Muğan kəndində yerləşən sahə xəstəxanasında əsaslı təmir işləri başa çatdırılmışdır. Fövqəladə Hallar Nazirliyi tərəfindən rayonun Qasımbəyli kəndində yeni həkim məntəqəsi tikilmişdir.

“Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı M.Ə.Sabir adına mərkəzi kitabxanada Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi yaradılmış, Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamı əsasında hədiyyə olunan kitabların bazada yerləşdirilməsi işi davam etdirilmişdir.

Hazırda 456 yerlik rayon Mədəniyyət sarayında əsaslı təmir işlərinə başlanılmışdır.

Nazim İsmayılov daha sonra dedi ki, 2013-cü ildə qarşıda çox mühüm vəzifələr durur. Biz hamılıqla  çalışmalıyıq ki, onların öhdəsindən layiqincə gələk. Ümummilli lider Heydər Əliyev ideyalarını daim uca tutan sabirabadlılar bundan sonra da ölkə başçısının ətrafında sıx birləşərək onun qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2013.- 3 mart.- S. 4.