AZƏRBAYCAN 2020:
Gələcəyə baxış konsepsiyası
qarşıya yeni məqsədlər qoyur
Azərbaycan Respublikası ötən
illər ərzində siyasi və iqtisadi müstəqilliyini
möhkəmləndirərək dövlətçiliyini
inkişaf etdirmiş, demokratik dəyərlərə yiyələnmiş,
özünün liberal prinsiplərə əsaslanan iqtisadi
modelini yaratmışdır. Yəni keçid
dövrünü arxada qoyan respublikamızda sərbəst
bazar münasibətlərinə və siyasi plüralizmə
söykənən, öz qanunauyğunluqlarına malik yeni
sosial-iqtisadi sistem bərqərar olmuşdur.
Əhalinin
etibarlı sosial müdafiə sistemi qurulmuş və bu sistem
daha da təkmilləşdirilməkdədir.
Bütövlükdə ölkə iqtisadiyyatının
inkişafı, qeyri-neft sektorunun xüsusi əhəmiyyətə
malik sahələrinin yaradılması və ölkə əhalisinin
iş yerləri ilə təmin olunması üçün kompleks
tədbirlər planı həyata keçirilmişdir.
Hazırda 60-a yaxın dövlət proqramı, strategiya və
konsepsiya fəaliyyətdədir ki, bunlar da ölkəmizin
ictimai həyatının bütün sahələrinin
inkişaf etdirilməsində mühüm əhəmiyyətə
malikdir. Təbii ki, hər bir ölkənin uzunmüddətli
inkişafının hədəflərini və prinsiplərini
özündə əks etdirən konkret bir sənədə
ehtiyacı vardır. Əminliklə deyə bilərik ki, bu
baxımdan Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş
“Azərbaycan 2020: Gələcəyə baxış”
İnkişaf Konsepsiyası böyük əhəmiyyətə
malik bir strateji sənəddir. Təqdirəlayiq haldır ki,
bu mükəmməl konsepsiyada heç bir sahə diqqətdən
kənarda qalmamış, yoxsulluğun azaldılması, məşğulluğun
səviyyəsinin yüksəldilməsi, həssas qrupların
sosial müdafiəsi, sahibkarlığın inkişaf etdirilməsi,
yüksək keyfiyyətli təhsil sisteminin yaradılması,
təbii sərvətlərdən istifadənin
azaldılması və digər məsələlər barədə
əsaslı inkişaf proqramı ortaya qoyulmuşdur. Bu məqsədlərə
nail olmaq üçün isə ciddi elmi əsaslara söykənən
ən müasir idarəetmə üsullarının tətbiqi
tələb edilir və strateji yanaşmaların daha
uzunmüddətli dövrü əhatə etməsi zərurəti
yaranır. Elmin və inkişafın
planlaşdırılması və idarə edilməsinə əsaslanan
səmərəli idarəetmə sistemi, davamlı yüksəliş,
ekoloji sivilizasiya və digər bu kimi sahələrin də
konsepsiyada öz əksini tapması sənədin əhəmiyyətini
artırmaqdadır. Yəni “Azərbaycan 2020: Gələcəyə
baxış” İnkişaf Konsepsiyasını davamlı
inkişafın yol xəritəsi hesab etmək olar.
Çünki bu sənəd önümüzdəki 7 il ərzində
Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin
artırılması, nəqliyyat, tranzit və logistika
infrastrukturunun təkmilləşdirilməsi, bölgələrin
tarazlı inkişafı, informasiya cəmiyyətinə
keçidin təmin olunması, insan kapitalının
inkişafı, səmərəli sosial müdafiə sisteminin
qurulması, institusional islahatların davam etdirilməsi və ətraf
mühitin qorunması məsələlərini geniş şəkildə
əhatə edir.
Məlumdur
ki, bir qayda olaraq, beynəlxalq təcrübədə
hazırlanmış uzunmüddətli strateji sənədlər
daha çox sosial-iqtisadi hədəfləri özündə əks
etdirir. Ancaq Azərbaycanın strateji konsepsiyası ölkəmizin
və cəmiyyətimizin qarşısında duran məsələlərin
böyük əksəriyyətini ehtiva edir. Azərbaycan
Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyevin qeyd etdiyi kimi, “Azərbaycan 2020: Gələcəyə
baxış” İnkişaf Konsepsiyasının qəbul edilməsinin
məntiqi davamı olaraq strateji hədəflərin
reallaşdırılması üçün müxtəlif
sahələri əhatə edən məqsədli proqramlar qəbul
edilib və ediləcəkdir. Sənəd, həm də orta və
uzun müddətli iqtisadi proqnozlaşdırma və
planlaşdırma ilə əlaqələndirilir ki, bu da
müəyyənləşdirilən hədəflərə
nail olmağın etibarlı yollarını, həmçinin
resursların rasional bölüşdürülməsini təmin
edəcəkdir. Bu barədə fikirlərini bildirən
akademik Ramiz Mehdiyev demişdir: “Konsepsiya çərçivəsində
Azərbaycan qlobal miqyasda çağırışlara cavab
verərək innovasiya və modernləşmə fəaliyyətini
keyfiyyətcə yeni müstəviyə qaldıracaqdır.
İqtisadi inkişafın innovativ xarakteri rəqabətədavamlılığı
yüksəldəcək və dünya iqtisadiyyatına səmərəli
inteqrasiya imkanları yaradacaqdır”.
Azərbaycanın
gələcəyinə istiqamətlənmiş inkişaf
konsepsiyasının hazırlanması, əslində zərurətdən
meydana gəlmişdi. Çünki bazar iqtisadiyyatına
keçidin qısa müddət ərzində uğurla
başa çatdırılması və liberal iqtisadi münasibətlərin
təşəkkülü bir tərəfdən iqtisadi
inkişafın keyfiyyətcə yeni mərhələyə
keçməsini, digər tərəfdən isə qeyd
edildiyi kimi, qloballaşan dünyaya inteqrasiya ilə
bağlı çağırışlara cavab verilməsini zərurətə
çevirmişdir. Təbii ki, keçid iqtisadiyyatından
yeni modernləşmə erasına daxil olmaq milli iqtisadi
inkişafın yeni modelinin hazırlanması və tətbiqi
sayəsində baş vermişdir. Qürurla deyə bilərik
ki, respublikamız MDB-də mükəmməl iqtisadi model
hazırlayan novator ölkə kimi səciyyələndirilir.
Azərbaycan Prezidenti İlham Əliyevin novatorluğu və qətiyyəti
bu modelin yüksək səviyyədə formalaşmasına səbəb
olmuşdur. Bu mənada, müstəqilliyimizin
üçüncü onilliyində Azərbaycanın yeni
iqtisadi siyasətini müəyyənləşdirən, yeni
istiqamətlər açan milli inkişaf konsepsiyasının
əsas məqsədi də ölkəni irəliyə
aparmaqdan, cəmiyyətin daha da inkişafı
üçün geniş imkanlar yaratmaqdan ibarətdir.
Respublikamız
ilk növbədə qeyri-neft sektorunun genişləndirilməsi
hesabına davamlı iqtisadi inkişafa nail olunmasını,
ölkəmizin ümumi daxili məhsulunun tərkibində və
dövlət büdcəsinin formalaşmasında təbii
ehtiyatlar amilinin azaldılmasını və qeyri-neft amilinin
üstünlüyünün təmin edilməsini
qarşısına məqsəd qoyub. Qarşıdakı illərdə
qeyri-neft sektorunun, özəl bölmənin,
sahibkarlığın hərtərəfli inkişafı sayəsində
ümumi daxili məhsulun 2 dəfə artırılması,
dövlət və özəl qurumların birgə fəaliyyəti
üzrə yeni strategiyanın hazırlanması, ən
müasir texnologiyaları tətbiq etməklə
iqtisadiyyatın modernləşdirilməsi prioritet məsələlər
kimi qarşıda durur. Bunun üçün real imkanlar da var.
Belə ki, qeyri-neft sektorunun dinamik artımı bu sahəyə
aid ixracın da artmasına müsbət təsir göstərəcəkdir.
Ehtimal edilir ki, qeyri-neft məhsulları ixracı 2013-cü ildə
19,9 faiz, sonrakı 3 ildə orta hesabla 19,1 faiz artacaqdır. Təbii
ki, bu tendensiya gələcəkdə daha yüksək sürətlə
davam edəcəkdir.
Azərbaycan
2020-ci ilədək yoxsulluğun aradan qaldırılması
üçün qarşıya qoyduğu vəzifələri
uğurla yerinə yetirmək imkanına malikdir. Yeni iş yerlərinin
açılması, azad sahibkarlıq fəaliyyətinə dəstək
verilməsi və digər mühüm amillər bunu təmin
edəcəkdir. Ötən illərdə əldə etdiyimiz
nailiyyətlər də bu uğurların reallaşmasına əsas
yaradır. Belə ki, son illər ərzində Azərbaycanda
işsizliyin və yoxsulluğun azaldılması istiqamətində
əsaslı nailiyyətlər əldə edilmişdir.
2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən
regionların sosial-iqtisadi inkişafı dövlət
proqramlarının qəbulu və müvəffəqiyyətlə
icra edilməsi ölkəmizin hərtərəfli tərəqqisinə
və iqtisadi inkişafına güclü təkan
vermişdir. Bu müddət ərzində 40 mindən artıq
yeni müəssisə yaradılmış, 2003-cü ildən
bugünədək Azərbaycanda bir milyon 200 min iş yeri
açılmışdır ki, onlardan 800 mindən çoxu
daimi iş yeridir. Əgər 2003-cü ildə ölkəmizdə
işsizliyin səviyyəsi 49 faiz təşkil edirdisə,
2013-cü ildə bu rəqəm 5, 2 faiz səviyyəsinədək
düşmüşdür. Bu illər ərzində
işsizliklə bilavasitə bağlı olan yoxsulluğun səviyyəsi
də aşağı düşmüş və 6 faiz təşkil
etmişdir. Onu da qeyd edək ki, bəzi inkişaf etmiş
ölkələrdə işsizliyin səviyyəsi 25 faizdir. Gənclər
arasında isə bu rəqəm 50 faizə çatır. Yəni
qazandığımız uğur, hətta inkişaf etmiş
ölkələr üçün çox yüksək
göstərici hesab oluna bilər.
Respublikamız
informasiya-kommunikasiya texnologiyaları sahəsində 2020-ci ilə
qədər olan inkişaf xəttini müəyyənləşdirmişdir.
İKT-nin inkişafında ixrac potensialının gücləndirilməsi
əsas məqsədlərdən biridir. Regional və digər
xarici bazarlara çıxışın təmin edilməsi
istiqamətində artıq bir neçə layihə həyata
keçirilir. Bu məqamda qeyd edək ki, 2013-cü il Azərbaycanda
“İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir.
Görünən odur ki, bununla bağlı qarşıya
qoyulan vəzifələr yüksək səviyyədə həyata
keçiriləcəkdir. Keçən ay Azərbaycanın
ilk süni peykinin orbitə çıxarılması ölkəmiz
üçün əlamətdar hadisə kimi tarixə
düşdü. Əsrin müqaviləsi, Bakı-Tbilisi-Ceyhan
kəmərinin inşası, inanılmaz iqtisadi
sıçrayış, qeyri-adi infrastruktur layihələri,
Bakının ecazkar simasının yaradılması və
sair əzəmətli inkişaf nümunələri, BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməyimiz və
nəhayət, süni peykimizin orbitə
çıxarılması ölkəmizin istər
regiondakı, istərsə də beynəlxalq aləmdəki
sürətli yüksəlişinin göstəriciləri
hesab olunur.
Onu da deyək ki, kosmik sənayenin
inkişafı üzrə yer səthini müşahidə
peykinin 2014-cü ildə, ikinci telekommunikasiya peykinin isə
2016-cı ildə orbitə çıxarılması
planlaşdırılır. 2020-ci ilə qədər Azərbaycanda
İKT ilə bağlı layihələrin həyata
keçirilməsinə hökumət tərəfindən təxminən
3,6 milyard dollar vəsait xərclənməsi nəzərdə
tutulmuşdur. İndiyədək görülən işlər
isə bizim daha böyük uğurlar qazanacağımıza
ümidləri artırır.
Yüksəlişimizin
2013-2020-ci illəri əhatə edəcək yeni mərhələsində
Azərbaycanın inkişaf etmiş ölkələr
sırasına çıxarılması və əhalimizin
yüksək gəlirli topluma çevrilməsi, elm və
innovasiyalara əsaslanan cəmiyyət quruculuğunda yeni-yeni
nailiyyətlər bizi gözləyir. 2020-ci ildə
respublikamızın ümumi daxili məhsulunun iki dəfə
artırılaraq adambaşına 13 min dollara
çatdırılması üçün illik artım tempi
7-8 faiz səviyyəsində olmalıdır. Bu,
qarşıdakı yolun heç də asan olmayacağı mənasına
gəlir. Ancaq nüfuzlu beynəlxalq maliyyə
institutlarının proqnozlarına görə, dünyanın
zəngin neft-qaz ölkələrindən biri olan Azərbaycanın
valyuta ehtiyatları qarşıdakı beş ildə əhəmiyyətli
dərəcədə artaraq 100 milyard dollara
çatacaqdır. Bununla yanaşı, qeyri-neft sektorunda
artım ÜDM-də 40-45 faiz yer tutmaqla maliyyə
imkanlarının daha da yaxşılaşmasına təkan
verəcəkdir. Yəni sürətli iqtisadi
inkişafımızı davam etdirməyimiz və müəyyənləşdirilən
yeni hədəflərə çatmağımız
üçün real imkanlar var.
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2013.- 3 mart.- S. 3.