Prezident İlham ƏLİYEV:
Hər bir şəhərdə
yaşayış üçün normal şəraitin yaradılması son illərdə apardığımız siyasətin
əsas istiqaməti olmuşdur
Elə Prezident İlham Əliyevin
fevralın 28-də Qəbələ rayonuna səfəri də
ölkə regionlarına göstərilən qayğı və
diqqətin növbəti təzahürü idi. Onu da deyək
ki, son illər ölkəmizin bütün bölgələri
kimi, Qəbələ rayonu da xeyli inkişaf etmiş, gözəlləşmişdir.
Artıq Qəbələ rayonu təkcə ölkəmizin
deyil, eləcə də regionun ən yaraşıqlı bir
bölgəsinə çevrilmişdir. Ötən illər ərzində
Qəbələdə geniş quruculuq işləri həyata
keçirilmiş, sosial-iqtisadi həyatın bütün sahələrində
əsaslı dəyişkiliklərə nail olunmuşdur.
Rayona səfərini ümummilli lider Heydər Əliyevin abidəsinin
ziyarəti ilə başlayan dövlət
başçısı burada yenicə istifadəyə
verilmiş, eləcə də tikintisi davam etdirilən bir sıra müəssisələrlə
tanış olmuş, ictimaiyyət nümayəndələri
ilə görüşmüşdür. Qəbələ Mədəniyyət
Mərkəzinin açılışını bildirən rəmzi
lenti kəsən Prezident elə buradaca rayon ictimaiyyətinin nümayəndələri
qarşısında çıxış etmiş, son illər
rayonda həyata keçirilmiş abadlıq və quruculuq
işlərini yüksək qiymətləndirmişdir.
Dövlət başçısı demişdir: “Azərbaycan
dövləti uğurla inkişaf edir. Biz bu inkişafı Qəbələrayonunun
timsalında açıq-aydın görürük.
Çünki burada həm sosial, həm mədəniyyət,
infrastruktur layihələri uğurla icra edilir... Qəbələ
artıq dünyada çox məşhur bir şəhərə
çevrilibdir”. Həmişə
olduğu kimi, bu dəfə də millli-mənəvi dəyərlərimizə
sadiqliyini nümayiş etdirən dövlət
başçısı Qəbələdəki yeni məscid
binasının da açılışında iştirak
etmişdir.
İctimaiyyət
nümayəndələri ilə görüşü
zamanı Qəbələnin ölkəmizin turizm və mədəniyyət
mərkəzlərindən birinə çevrildiyini
vurğulayan Prezident İlham Əliyev buradakı “Tufan”
Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin tikintisi
ilə tanış olmuşdur. Daha sonra dövlət
başçısı Qəbələ atıcılıq
klubunun birinci mərhələsinin
açılışında iştirak etmiş və konqres mərkəzində
aparıln tikinti işlərinin gedişi ilə tanış
olmuşdur.
Son
illər bütün ölkədə olduğu kimi, Qəbələ
rayonunda da sahibkarlığın inkişaf etdirilməsi istiqamətində
mühüm tədbirlər həyata keçirilir. Elə
rayonun Qaradeyn kəndi ərazisində “Aspi-Aqro” MMC-nin “Aspi
Winery” üzüm emalı zavodunun
fəaliyyətə başlaması həmin tədbirlərin
davamlılığından xəbər verir. Dövlət başçısı
Qəbələyə rayonuna səfəri çərçivəsində
bu müəssisənin fəaliyyəti ilə tanış
olmuşdur. Zavodun təsisçisi olan “Aspi Aqro” MMC-nin əsas
məqsədi respublikada geniş yayılmış və qədim
tarixə malik şərabçılıq sahəsinin əvvəlki
şöhrətinin bərpa edilməsi və Azərbaycan
süfrəsinin dünyanın ən gözəl, yüksək
keyfiyyətli üzüm növləri və şərab
çeşidləri ilə təmin olunmasıdır. Müəssisə
öz fəaliyyətində müasir texnologiyanın tətbiqinə
və Azərbaycan şərabçılarının ənənələrinə
əsaslanaraq, üzümün yetişdirilməsindən
yüksək keyfiyyətli şərab və konyak məhsullarının
buraxılışınadək tam bir istehsal prosesini
özündə birləşdirir.
“Aspi-Aqro”
MMC üzümçülük tingləri istehsalı və
satışı üzrə dünyanın ən qabaqcıl
şirkətləri olan İtaliyanın “VİVA Cooperative
Rausedo” VCR və Fransanın “Gontard Freres” şirkətləri
ilə sıx əlaqə yaradaraq, Qəbələ rayonunda
nadir iqlim şəraitinə malik, vaxtilə şərab sənayesinin
çiçəkləndiyi yerdə - Böyük Qafqaz
dağlarının ətəklərində, Savalan vadisində
geniş üzüm sahələri salmışdır. Ərazinin
təbii şəraiti, dəniz səviyyəsindən 400 metr
yüksəklikdə yerləşməsi, illik
yağıntıların miqdarı, illik temperatur göstəriciləri
və müxtəlif yerlərdən
götürülmüş torpaq nümunələrinin
İtaliya və Fransa şirkətlərinin
laboratoriyalarında aparılmış analizləri bu yerdə
yüksək keyfiyyətli nadir üzüm növlərinin
yetişdirilməsinin mümkünlüyünə əsas
verir. Bu göstəricilərə əsasən ərazidə əkiləcək
üzüm növləri və onların kök sistemləri
seçilmişdir. Seçilmiş növlər üzrə
yüksək keyfiyyətli üzüm tingləri gətirilmiş
və onlar mövcud normativlər əsasında lazımi
aqrotexniki tədbirlərin həyata keçirilməsi yolu ilə
əkilmişdir. Üzüm bağlarında əkin və becərmə
işləri aparmaq üçün xüsusi texnika da
alınmışdır. Bütün bu amillər ixrac qabiliyyətli
yüksək keyfiyyətli məhsul istehsalına təminat verir.
Prezident
İlham Əliyev Qəbələyə səfəri çərçivəsində
zavodun fəaliyyəti ilə yaxından tanış olmaqla
yanaşı, müəssisənin
avtoparkında üzüm plantasiyalarında əkin, becərmə
və məhsul toplanışında istifadə
üçün nəzərdə tutulmuş texnika,
maşın və avadanlıqlar, eləcə də
üzümün qəbulu prosesi ilə
maraqlanmışdır. Xatırladaq ki, “Aspi Winery” üzüm
emalı müəssisənin illik istehsal gücü min tondur.
İtaliyanın ən məşhur şirkətlərinin
avadanlığı ilə təchiz olunmuş zavodda 7 növ
məhsul istehsal olunur. Gələcəkdə isə 11 növ
məhsulun istehsalı planlaşdırılır. Yeri gəlmişkən,
hazırda burada istehsal olunan “Savalan” şərabları öz
keyfiyyətinə görə müştərilərin diqqətini
getdikcə daha çox cəlb edir. Zavodun konyak istehsalı
sexində də bütün məhsullar yüksək
ixtisaslı xarici mütəxəssislərin rəhbərliyi
ilə istehsal olunur və yoxlanılır. Şərablar
bütün müəyyən olunmuş normalara riayət edilməklə
zirzəmidə palıd çəlləklərdə
saxlanılır ki, bu da ona əlavə ətir verir. Təsadüfi
deyil ki, öz keyfiyyətinə görə seçilən
şərab məhsulları artıq ölkəmizin sərhədlərini
aşaraq qonşu Rusiyaya ixrac olunur. Yaxın gələcəkdə
isə bu məhsulların Ukrayna, İtaliya, İsveç kimi
ölkələrə ixrac edilməsi nəzərdə
tutulur.
Hələlik
isə layihə gücünün 20-30 faizi həddində
işləyən “Aspi Winery”
üzüm emalı müəssisəsi yaxın illərdə öz fəaliyyətini
genişləndirmək niyyətindədir. “Aspi-Aqro”ya məxsus 340 hektar üzüm sahəsində
İtaliyadan gətirilən 22 şərab sortu, 14 süfrə
sortu üzümləri əkilmişdir. Həmin sahədə
200 nəfər mövsümi işlə təmin
edilmişdir. Bütövlükdə
isə bu müəssisə Qəbələ rayonunda əhalinin
məşğulluğunun təminatında əhəmiyyətli
rol oynayacaqdır.
Ölkəmizin
ərzaq təhlükəsizliyinin təminatını
mühüm vəzifə kimi qarşıya qoyan dövlət
başçısı İlham Əliyev bu məqsədlə
kənd təsərrüfatının inkişaf etdirilməsinə
xüsusi diqqət və qayğı göstərir. Təsadüfi
deyil ki, hazırda ölkənin bu sektorunda fəaliyyət
göstərən şəxslər torpaq vergisi istisna olmaqla
bütün vergilərdən azaddırlar. Bundan əlavə,
fermerlərə texnika və yanacaq güzəştli şərtlərlə
satılır. İqtisadi İnkişaf Nazirliyi
Sahibkarlığa Kömək Milli Fondunun güzəştli
kreditlərinin paylanmasında da kənd təsərrüfatı
istehsalçılarına daha çox üstünlük
verilir. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən
il ölkə üzrə verilmiş güzəştli kreditlərin
83 faizi regionların payına düşmüşdür.
İl ərzində fond tərəfindən maliyyələşdirilmiş
94 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə
başlamışdır ki, bunun da 84-ü aqrar sənaye
kompleksləri, o cümlədən 15 quşçuluq, 7
heyvandarlıq, 4 ət emalı, 9 istixana, 11 kənd təsərrüfatı
məhsullarının tədarükü, saxlanması və
satışı, 11 çörək zavodu, 7
üzümçülük, 2 taxılçılıq, 5
meyvə-tərəvəz emalı müəssisəsi, 10-u isə
digər sənaye sahələridir. Göründüyü
kimi, güzəştli kreditlər hesabına regionlarda aqrar-sənaye
komplekslərinin sayı getdikcə artmaqdadır. Bununla
yanaşı, regionlarda təşəbbüskarlıq meyillərinin
getdikcə güclənməsi kənd təsərrüfatının,
o cümlədən heyvandarlıq komplekslərinin
yaradılmasına səbəb olur. Son illər Qəbələ
rayonunda da bu istiqamətdə xeyli iş
görülmüşdür. Elə Qəbələ
heyvandarlıq-südçülük kompleksi də buna əyani
sübutdur. Ümumi dəyəri 12,9 milyon manat təşkil
edən bu layihənin də
inşasında dövlətin güzəştli kreditlərindən
istifadə olunmuşdur. Xatırladaq ki, İqtisadi
İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli
Fondu tərəfindən kompleksin inşasına 3 milyon manat
güzəştli kredit ayrılmışdır. Kompleksdə
tikinti işlərinin aparılmasına və avadanlıqla təchiz
edilməsinə 2011-ci ilin sonunda başlanmışdır. Bu
ilin fevral ayında isə işlər tam başa
çatdırılmışdır.
Fevralın
28-də müəssisə ilə tanış olan Prezident
İlham Əliyevə məlumat verilmişdir ki, kompleks
sağmal inəklər üçün fermalar, yem təsərrüfatı,
avtopark və digər köməkçi sahələrdən
ibarətdir. Müəssisə ABŞ-ın “BouMatic” şirkətinin
ferma avadanlığı, avtomatik yönləndirmə və
yemləmə sistemləri, birdəfəyə 40 baş inək
tutumlu “Paralel” tipli sağım avadanlığı, soyutma
sistemləri və digər avadanlıqla təchiz
edilmişdir. Hər biri gündəlik 25 litrdən çox
südvermə qabiliyyətinə malik 500 baş “Holstein
Friesian” cinsindən olan inək gətirilmişdir. Hazırda
sağmal heyvanların sayı 660 başa
çatdırılmış, onlardan 150 bala
alınmışdır. Gələcəkdə kompleksdə
sağmal inəklərin sayının min başa
çatdırılması nəzərdə tutulur. Kompleksdə
bəslənilən hər bir inəkdən ildə 8 min 500 litr, ümumi fermada
isə gündəlik təqribən 15 ton süd
sağımı proqnozlaşdırılır. İstehsal
olunan süd Qəbələdəki süd emalı zavoduna
göndərilir. Burada “Jalə” brendi ilə ağartı məhsulları
istehsal olunur. Kompleks üçün Qəbələ rayonu ərazisində
mövcud əkin sahələri hesabına yem təsərrüfatı
yaradılmışdır. Bütün aqrotexniki normalara riayət
etməklə aparılan növbəli əkin hesabına təsərrüfatda
yüksək məhsuldarlığa nail olunur. Bunun nəticəsində
müəssisənin yemə olan tələbatı tam ödənilir.
Layihənin icrası nəticəsində isə kompleksdə
95 nəfər iş yeri ilə təmin olunmuşdur.
Hazırda
regionların sosial-iqtisadi inkişafı dövlət
proqramlarına uyğun olaraq Qəbələnin Vəndam qəsəbəsində
“Gilan Holdinq”in “Aqro Kompleks Qəbələ” heyvandarlıq
kompleksi yaradılır. İyirmi hektar ərazidə inşa
olunan kompleks iki inək və iki buzov fermalarından və
doğuş zalından ibarətdir. Bu layihənin də
inşasına İqtisadi İnkişaf Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 14
milyon manat güzəştli kredit verilmişdir. Kompleks
Almaniyanın məşhur “Delovan”, “Qruber”, “Vestvalya”, “Dea”
şirkətləri ilə sıx əməkdaşlıq
şəraitində yaradılmışdır. Sağım
sexi dünyanın ən mütərəqqi “Karusel” tipli
avadanlığı, soyutma sistemləri və digər köməkçi
avadanlıqla təchiz edilmişdir.
Yeni
texnologiya hər inəkdən sağılan südün həcminin,
yağlılıq dərəcəsinin və digər keyfiyyət
göstəricilərinin ayrı-ayrılıqda
qeydiyyatının aparılmasına imkan verir. Kompleks
üçün ilkin olaraq Almaniyadan 620 baş “Simmental” cinsindən
olan südlük-ətlik istiqamətli cins düyələr
alınmışdır. Mart ayında əlavə 160 baş
heyvanın gətirilməsi təmin ediləcəkdir. Gətirilən
heyvanlar artıq yerli iqlimə uyğunlaşmış və
orta hesabla ildə 5000-6000 litr yüksək yağlılıq
göstəricilərinə malik süd verəcəkdir.
Kompleksin yemlə təmin edilməsi məqsədi ilə
rayonda 1554 hektar ərazisi olan yem təsərrüfatı
yaradılmışdır. Artıq bu ərazilərdə
müxtəlif yem bitkiləri əkilmişdir. Müəssisənin
xüsusi yem sexi və 5 silos quyusu vardır. Bundan başqa, 200
hektar ərazidə müasir suvarma sistemləri
quraşdırılmışdır. Görülən işlər
hesabına kompleksin yem təchizatı tam təmin
olunacaqdır. Əlavə olaraq 20 hektar alma bağı
salınmış və burada hər hektarın məhsuldarlığının
30-40 tona çatacağı gözlənilir. Əkin-biçin
işlərinin aparılması və əkin sahələrinə
aqrotexniki qulluq göstərilməsi məqsədi ilə
Avropanın lider şirkətlərindən 88 maşın və
texnika alınmışdır. Həmin texnika 4 qarajdan ibarət
avtoparkda saxlanılır. Tikintisi davam etdirilən ət
emalı fabrikində heyvanların kəsilməsindən ət
məhsullarının qablaşdırılmasınadək
bütün proseslər gigiyenik normalar gözlənilməklə
həyata keçiriləcəkdir. Hazırda kompleksdə 80 nəfər
işlə təmin edilmişdir. Dövlət
başçısının heyvandarlığın
inkişafının təmin edilməsi ilə bağlı
verdiyi tapşırıqların icrası nəticəsində
isə kompleksin fəaliyyəti xeyli genişləndiriləcək.
Belə ki, 2015-ci ilədək buradakı inəklərin
sayının 2400-ə, heyvanların ümumi sayının isə
4800-ə çatdırılması nəzərdə tutulur
ki, bununla da, kompleks Avropanın ən nəhəng
heyvandarlıq müəssisələrindən biri
olacaqdır.
Göründüyü
kimi, nəinki Azərbaycanın, eləcə də regionun ən
sürətlə inkişaf edib gözəlləşən
bir diyarına çevrilən Qəbələdə quruculuq
işləri, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi
istiqamətində reallaşdırılan tədbirlər bir
an da olsa səngimir. Bütün bunlar isə, heç
şübhəsiz, Prezident İlham Əliyevin ölkəmizin
regionlarına göstərdiyi qayğı və diqqətin məntiqi
nəticəsidir.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 3 mart.- S. 1-2.