Vətəndaşların
müraciətinə həssas münasibət cəmiyyətin
inkişafına xidmət edir
Azərbaycan Prezidenti İlham Əliyevin icra strukturları
qarşısında müəyyənləşdirdiyi ciddi tələblərdən
biri də vətəndaşların qəbulu, onların ərizə
və şikayətlərinə ciddiliklə yanaşılması
ilə bağlıdır. Binəqədi Rayon İcra Hakimiyyəti
də fəaliyyətini bu tələblər çərçivəsində
quraraq vətəndaşların qəbulunun təşkili,
onların müraciətlərinə vaxtında
baxılması, icra aparatında nizam-intizamın gücləndirilməsi
üçün zəruri tədbirlər görür. Rayon rəhbərliyinə
edilən müraciətlər cavabsız qalmır, vətəndaşların
problemlərinin aradan qaldırılması üçün
mütəmadi işlər görülür.
Bir
müddət bundan əvvəl Binəqədi rayonunda ötən
ilin sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
hesabat yığıncağında da yuxarıda bəhs edilən
məsələ ilə bağlı ətraflı
danışılmışdır. Hesabat məruzəsi ilə
çıxış edən rayon icra hakimiyyəti
başçısının müavini İlqar Süleymanov
bildirmişdir ki, dövlət qurumlarında vətəndaşların müraciətlərinə
diqqətlə baxılması sahəsində son illərdə
mühüm dəyişikliklər baş vermişdir. Bir
sıra yeniliklərin tətbiqi, o cümlədən, innovasiya texnologiyalarının
imkanlarından geniş istifadə edilməsi bunun bariz ifadəsidir.
Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan
Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2010-
2012-ci
illər üçün Dövlət Proqramı” da həmin məqsədin reallaşmasında
öz müsbət təsirini göstərir.
Binəqədi
Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu,
onların ərizə və şikayətlərinə
baxılması sahəsində vəziyyətlə əlaqədar icra hakimiyyəti başçısının
müavini İlqar Süleymanov söhbət zamanı dedi:
-Azərbaycanın bu gün
sosial-iqtisadi yüksəlişi, beynəlxalq imicinin
artması, regionun lider dövlətinə çevrilməsi və
dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından
biri olmasının əsas səbəbi ulu öndər Heydər
Əliyevin siyasi kursunun, müəyyənləşdirdiyi inkişaf strategiyasının
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsi və dövrün tələblərinə uyğun
məzmun və keyfiyyətcə yeniləndirilməsidir.
“Bizim
siyasətimiz şüar, boş-boş vədlər,
reallığı əks etdirməyən bəyanatlar deyildir.
Bizim siyasətimiz konkret işlərdir. Hər bir insanın
qayğısına diqqət yetirmək, hər bir insanın,
hər bir rayonun problemini çalışıb həll etməkdir”
- deyən ölkə başçısı cənab İlham
Əliyev bütün fəaliyyəti
boyu daim bu prinsiplərə sadiq olduğunu təsdiq
etmişdir. Elə buna görə də Azərbaycan vətəndaşları
Prezident İlham Əliyevin simasında özlərinin ən
yaxın hamilərini, güvənc yerlərini görür və
bununla da fəxr edirlər.
Azərbaycan
Prezidenti İlham Əliyev çıxışlarında və
ictimaiyyət nümayəndələrilə görüşlərində korrupsiyaya qarşı mübarizənin
daha da gücləndirilməsini, bütün sahələrdə
şəffaflığın artırılmasını, vətəndaşları
narahat edən süründürməçilik
hallarının və bürokratik maneələrin aradan
qaldırılmasını həmişə diqqət mərkəzində
saxlamışdır.Dövlətimizin başçısı
bu barədə dəfələrlə demişdir:
“Bürokratik əngəllər aradan qaldırılmalı,
rüşvətxorluğa və korrupsiyaya qarşı
mübarizə daha da ciddi aparılmalı, ictimai nəzarət
gücləndirilməlidir. Bütün
bunlar çox vacib məsələlərdir”.
Azərbaycan
Prezidenti cənab İlham Əliyev vətəndaşların ərizə,
şikayət və təkliflərinə qanunvericiliyə
uyğun olaraq müəyyən edilmiş müddətlər ərzində
və obyektiv baxılmasını, onların haqlı tələblərinin
təmini istiqamətində zəruri tədbirlərin
görülməsini bütün dövlət orqanları və
məmurları qarşısında mühüm vəzifələrdən
biri kimi qoymuşdur. Bu məsələyə daim toxunan
dövlət başçısının əsas tələblərindən
biri vətəndaşı narahat edən problemlərə həssaslıqla
yanaşılmasıdır. Cənab İlham Əliyev bununla
bağlı demişdir: “Hər bir dövlət məmuru xalqa
xidmət etməlidir. Hər bir icra
başçısını vəzifəyə təyin edərkən,
qəbul edərkən göstəriş verirəm ki, get,
xalqa xidmət elə, bu yüksək məsuliyyəti, bu
etimadı doğrult. Mənim birinci tələbim xalqa xidmət
etməkdir, problemləri həll etmək, şərait
yaratmaq, insanları incitməmək, əsassız tələblər
irəli sürməməkdir. Yəni belə olmalıdır,
ədalət olmalıdır. Birinci növbədə sosial ədalət”.
Dövlət
başçısının bu cür mövqeyinin nəticəsidir
ki, Binəqədi Rayon İcra Hakimiyyətində də vətəndaşlar
təkcə qarşılaşdıqları problemlər barədə
deyil, həm də onların aradan qaldırılması
yolları haqqında öz təklif və mülahizələrini
bildirirlər. Artıq rayonun xidmət qurumlarında
süründürməçilik halları xeyli dərəcədə
azalmışdır. Hazırda dövlət məmurları vətəndaşların
gündəlik qayğılarına daha həssas
yanaşır, onların əksər haqlı tələblərini
müsbət həll edirlər.
Rayon
icra hakimiyyətinə daxil olan ərizə və şikayətlər,
müraciətlər həmin gün qeydiyyata alınır, hərtərəfli
araşdırılır, ilk növbədə, onların
yaranma səbəbləri təhlil edilir, qaldırılan məsələlərin
həlli üçün müvafiq tədbirlər
görülür.
-Bu
gün Binəqədi rayonunda əhalinin həyat şəraitini
hər vasitə ilə yaxşılaşdırmaq, adamları
narahat edən problemləri aradan qaldırmaq qarşıda
duran ən mühüm vəzifələrdəndir. Rayon sakini
kimi deyə bilərəm ki,
icra hakimiyyəti rəhbərliyi bu məsələyə
daim önəm verir.
– Sosial problemlərin uğurlu həllinə
nail olmaq üçün təbii ki, əhali ilə əlaqə
saxlamaq, narahatlıq doğuran məsələləri öyrənmək,
adamların istək və arzularını bilmək vacib
amildir. Rayon rəhbərliyi ilə əhali arasında
qurulmuş normal münasibət vətəndaşların qəbuluna,
onların ərizə və şikayətlərinə həssaslıqla
yanaşılmasının məntiqi nəticəsidir. Təsadüfi
deyil ki, rayon icra hakimiyyətinin yeni rəhbərliyinin fəaliyyət
göstərdiyi bir ildən də az bir dövrdə vətəndaşlardan
daxil olmuş müraciətlərin sayı əvvəlki
vaxtlarla müqayisədə xeyli azalmışdır. Bunun əsas
səbəbi yerlərdə vətəndaşlarla
görüşlərin sistemli şəkildə keçirilməsi,
bu görüşlər zamanı qaldırılan məsələlərin
böyük əksəriyyətinin operativ qaydada həll
olunmasıdır. Vətəndaşlarla canlı əlaqənin
yaradılmasında səyyar qəbullar daha cox səmərə
verir. Bütün qəbullarda rayon icra hakimiyyəti
başçısı Xaləddin İsgəndərovla
yanaşı, rayonun hüquq-mühafizə orqanlarının,
xidmət təşkilatları rəhbərlərinin geniş
tərkibdə iştirakı təmin olunur. Səyyar qəbullarda
vətəndaşlar tərəfindən edilən
bütün müraciətlər qeydə alınır. Rayonun
imkanları daxilində olan məsələlərin qısa
müddət ərzində həlli adamların
razılığına səbəb olur, hər kəsdə
minnətdarlıq hissi doğurur.
Binəqədi
rayonunun yeni rəhbərliyinin mütərəqqi iş
üslubunun diqqətçəkən məqamlarından biri də
vətəndaşlarla işin müasir tələblər səviyyəsində
qurulması, ərizə və şikayətlərə
baxılmasının mütərəqqi üsul və vasitələrinin
tapılmasıdır. Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 5 sentyabr tarixli “Açıq hökumətin təşviqinə
dair 2012-2015-ci illər üzrə Milli Fəaliyyət
Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə
dair 2012-2015-ci illər üzrə Milli Fəaliyyət
Planı”nın icrası ilə əlaqədar rayon icra hakimiyyəti
başçısının müntəzəm olaraq yerli
sakinlərlə görüşləri, o cümlədən səyyar
qəbulları təşkil edilir. Vətəndaşların
müraciətləri, irad və təklifləri öyrənilərək
onların icrası ilə əlaqədar tədbirlər
planı təsdiq olunmuşdur. Təsdiq olunmuş qrafikə
uyğun olaraq 2012-ci ildə yerlərdə 32 görüş
keçirilmişdir. Bu görüşlərdə
ümumilikdə 5067 rayon sakini iştirak etmiş və onlar tərəfindən
579 məsələ qaldırılmışdır.
Qaldırılan məsələlərin əksəriyyəti
ümumi sosial və digər məişət məsələləri
ilə bağlı olmuşdur. Keçirilən
görüşlərdə vətəndaşların
qaldırdıqları 49 məsələ yerində həllini
tapmış, həlli vaxt tələb edən 530 məsələ
ilə əlaqədar Tədbirlər Planı təsdiq olunaraq
aidiyyəti qurumlara göndərilmişdir. Tədbirlər
Planı üzrə 362 məsələ icra edilmiş, 37 məsələnin
icrası plan üzrə müəyyən edilmiş müddət
əsasında hazırda aidiyyəti təşkilatların
icraatındadır.
Dövlət
başçısı İlham Əliyevin 14 aprel 2009-cu il
tarixdə imzaladığı “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”na uyğun olaraq Binəqədi rayonundakı yaşayış evlərinin
elektrik enerjisi, təbii qaz, içməli su təchizatının
yaxşılaşdırılması istiqamətində tədbirlər
davam etdirilir. Bundan başqa, proqram çərçivəsində
mərkəzi istilik sisteminə qoşulmuş
yaşayış binalarının, təhsil, səhiyyə və
mədəniyyət obyektlərinin keyfiyyətli istiliklə təmin
olunması, mövcud infrastrukturun müasirləşdirilməsi,
yeni təhsil, səhiyyə, mədəniyyət, idman,
ekologiya, rabitə, mühəndis-kommunikasiya obyektlərinin
inşası, küçə və məhəllələrdə
asfalt örtüyün çəkilməsi, tarix-memarlıq
abidələrinin bərpası nəzərdə
tutulmuşdur. Bütün bunlar isə təbii ki, insanları
narahat edən problemlərin aradan qaldırılması, ərizə
və şikayətlərin, müraciətlərin azalması
deməkdir.
Onu
da xatırladım ki, Binəqədi RİH
informasiya-kommunikasiya texnologiyalarının ən son
imkanlarından istifadə etməklə fəaliyyətini
müasir formada qurmağa, vətəndaşların
etimadını qazanmağa çalışır. Bu
baxımdan Avtomatlaşdırılmış İnformasiya
Sisteminin (AİS) yaradılması sənəd dövriyyəsinin
real vaxt rejimində (online) həyata keçirilməsinə,
beləliklə, fəaliyyətin daha müasir, çevik
formada qurulmasına imkan yaratmışdır.
-
İlqar müəllin, Binəqədi Rayon İcra Hakimiyyəti
başçısının 11 dekabr 2012-ci il tarixli əmri ilə
1646 Sakinlərin Müraciət Xidməti sisteminin
yaradılması da sakinlər tərəfindən son dərəcə
təqdirəlayiq addımlardan biri kimi qiymətləndirilir.
Belə bir sistemin təşkili rayon rəhbərliyinin ölkədə
gedən proseslərə adekvat siyasət
yürütdüyünün, ölkə
başçısının fərman və sərəncamlarından
irəli gələn vəzifələrə böyük həssaslıqla
yanaşdığının bariz ifadəsidir.
-
Qeyd etmək istərdim ki, rayonumuzda 1646 müraciət xidmətinin
yaradılması vətəndaşlar üçün daha
çevik, müasir müraciət imkanları
yaratmışdır ki, bu da ölkəmizin müasir
inkişaf səviyyəsinin diktə etdiyi obyektiv tələbatdır.
Bu gün inamla deyə bilərəm ki, 1646 Sakinlərin Müraciət Xidmətinin
fəaliyyəti daxil olan yazılı müraciətlərin
sayının azalmasına, bununla da qismən maliyyə xərclərinə
və əməkdaşların əlavə vaxt itkisinə qənaət
edilməsinə imkan yaratmışdır. Yeni xidmət
hökumət orqanının hesabatlılığını
və korrupsiyaya qarşı mübarizədə əhalinin
rolunu artıraraq rayonun yerli struktur orqanlarının məsuliyyət
hissini gücləndirmiş, mübahisələrin həllinə
və əhalinin informasiya əldə etmək
imkanlarının genişlənməsinə səbəb
olmuşdur.
Xatırladım
ki, bu il fevralın 6-dan etibarən Sakinlərin Müraciət
Xidməti rayon sakinlərinin istifadəsinə verilmişdir.
Bunun ölkədə dövlət qulluqçusu-vətəndaş
münasibətlərinin keyfiyyətcə yeni müstəviyə
keçməsinə təkan verməsi şübhəsizdir.
Sözügedən ideyanın
maraqlı cəhətlərindən biri də odur ki, rayon sakinləri
üzləşdikləri problemlərin həlli
üçün yalnız bir ünvana müraciət edirlər.
Həmin müraciətlər qeydə alınır və “bir
pəncərə” prinsipi üzrə həllini tapır. Bu,
sakinlərin fərdi xərclərinin azalmasına, vaxt
itkisinin aradan qaldırılmasına, şəffaflığın
və onların rahatlığının təmin edilməsinə
imkan verir.
Yeri
gəlmişkən, 1646 nömrəsinə edilən
bütün zənglər xidmətin səviyyəsinin
ölçülməsi məqsədilə avtomatik rejimdə
qeydə alınır və lent yazısında yaddaşda
saxlanılır. Hər hansı mübahisəli məsələ
meydana çıxdığı zaman həmin lent
yazısına qulaq asmaq mümkündür.
Sakinlərin
Müraciət Xidmətinin 1646 nömrəli telefonuna edilən
zənglər ödənişsizdir. Sakinlər bütün
stasionar və mobil telefonlardan zəng edə bilirlər. Bu xidmətin
fəaliyyətində operativlik, nəzakətlilik və məsuliyyət
əsas yer tutur. Vətəndaşlara
göstərilən xidmət proqram təminatı yüklənmiş
informasiya texnoıogiyaları vasitəsilə
reallaşdırılır, mübahisələrin həllini və
əhalinin müvafiq informasiya əldə etməsini sürətləndirir.
Telefon
xidməti zamanı daxil olan zənglərin, verilən məlumatların
və göstərilən xidmətlərin qeydiyyatı
aparılır. Məhz bunun nəticəsidir
ki, hazırda rayon icra hakimiyyəti
rəhbərliyində yerli strukturların fəaliyyətinə
nəzarət daha da gücləndirilmişdir.
Mən
sözügedən xidmətin qısa müddət ərzində
səmərəli fəaliyyətini təsdiqləyən bəzi
rəqəmləri də diqqətə çatdırmaq istərdim.
1646 Sakinlərin Müraciət Xidmətində fevral
ayının 5-dən 27-dək 398 şikayətə
baxılmışdır. Həmin şikayətlərin187-si həll
olunmuş, o cümlədən,
139-u tam həllini tapmış, 12-nə qismən, 36-na müvafiq izahat verilmişdir.
Hazırda 211 şikayət icraatdadır. Eyni zamanda, 643
müraciət birbaşa cavablandırılmışdır.
Bundan başqa, 727 şəxslə əks-əlaqə
yaradılmışdır. Bu isə o deməkdir ki, Sakinlərin
Müraciət Xidməti tərəfindən göstərilən
sayda vətəndaşın qaldırdığı məsələnin
həll edilib-edilməməsi
araşdırılmışdır. Ümumilikdə, Sakinlərin
Müraciət Xidmətinə bu müddət ərzində
1041 zəng daxil olmuşdur.
Rayonda
Sakinlərin Müraciət Xidmətinin fəaliyyət dairəsini
daha da genişləndirmək üçün hazırda bir
sıra tədbirlər həyata keçirilir. İndiyədək
sakinlərə xidmət haqqında ətraflı təsəvvür
yaradan 10 min ədəd buklet paylanılmışdır. Bundan
sonra daha 40 min bukletin paylanılması da nəzərdə
tutulmuşdur. Eyni zamanda, rayon icra hakimiyyətinin nümayəndələri
tərəfindən yaşayış sahələrində
keçirilən yığıncaqlarda xidmətin fəaliyyəti
barədə ətraflı məlumat verilir.
Yeri
gəlmişkən, hər həftənin cümə
axşamı rayon icra hakimiyyətinin qərargah
iclasında həllini tapmayan
şikayətlərə baxılır və icrası istiqamətində
uyğun qərarlar çıxarılır. Ayda bir dəfə
isə şikayətlərin icrasına laqeyd münasibət bəsləyən
qurumların tabe təşkilatlarına bu barədə məlumatlar
verilir. Ümumiyyətlə, Binəqədi Rayon İcra
Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov
1646 Sakinlərin Müraciət
Xidmətinin fəaliyyətini diqqət mərkəzində
saxlayır, xidmətə daxil olan şikayət və
müraciətlərə həssaslıqla
yanaşılmasına mühüm önəm verir.
Sonda
demək istərdim ki, cənab İlham Əliyevin dəfələrlə
vurğuladığı kimi, Azərbaycanda hər bir məmurun
başlıca vəzifəsi xalqa, vətəndaşlara layiqli
və vicdanlı xidmət olmalıdır. Fəaliyyətini məhz
bu prinsip əsasında quran Binəqədi RİH də dinamik
yüksəliş üçün bütün zəruri tədbirləri
həyata keçirməyə, ölkədəki inkişaf
prosesinə töhfəsini verməyə
çalışır. Ulu öndərin hakimiyyəti
dövründə özü üçün güclü
istehsal potensialı, zəngin infrastruktur
formalaşdırmış Binəqədi rayonu bu gün cənab
İlham Əliyevin diqqət və qayğısı ilə
böyük uğurlar əldə etmiş, daha da gözəlləşmiş,
müasirləşmişdir. Bütün bunlar rayonun həyatında
başlanmış yeni intibah mərhələsinin uğurlu
başlanğıcıdır. Hazırda hər bir binəqədili
dövlət başçımız cənab İlham Əliyevin
rəhbərliyi altında qazanılan uğurları həyatında
daha qabarıq hiss edir, yüksəliş və tərəqqi
kursunu ürəkdən dəstəkləyir.
Söhbəti yazdı: Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 5 mart.- S. 4.