2013-cü il Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sahəsində mühüm uğurlar dövrü olacaq
Son illər ölkəmizdə həyata keçirilən
davamlı islahatlar öz müsbət nəticələrini
verir. Azərbaycan bütün
sahələrdə
böyük uğurlara
imza atır. Heç təsadüfi
deyil ki, respublikamız
artıq Cənubi Qafqazda
lider dövlətə
çevrilmişdir. Neft
kapitalının insan kapitalına
çevrilməsi istiqamətində böyük layihələr
reallaşdırılır. İnformasiya kommunikasiya
texnologiyalarının
artan inkişaf tempi buna əyani sübutdur.
Cənab Prezident İlham Əliyev bu sahəni
inkişafımızın prioritet istiqaməti elan edib və onu həmişə
xüsusi diqqət mərkəzində saxlayır. Dövlət
başçısı Nazirlər Kabinetinin 2012-ci ilin
yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə
həsr olunmuş
iclasında bu ili “İnformasiya
kommunikasiya texnologiyaları ili”
elan etmişdir. Prezident
iclasdakı yekun nitqində demişdir: “Bu müstəqillik dövründə,
doğrudan da, biz elə böyük uğurlara imza
atmışıq ki, hər bir Azərbaycan vətəndaşı
bununla fəxr edə bilər. Onların içində peykin
buraxılması xüsusi yer tutur. Bu, həm böyük məna
daşıyır, həm də bunun böyük rəmzi mənası
vardır. Əminəm ki, bu hadisə gələcəkdə
müasirliyə, inkişafa doğru atılan
addımlarımızı artıracaqdır. Bu hadisəni və
ümumiyyətlə, İKT sahəsinə verilən diqqəti
və bu sahədə əldə edilmiş uğurları nəzərə
alaraq mən 2013-cü ili “İnformasiya kommunikasiya
texnologiyaları ili” elan edirəm və hesab edirəm ki,
2013-cü ildə bu sahədə biz daha da böyük nailiyyətlərə
çatmalıyıq”.
Bu
gün qlobal iqtisadi inkişafın gələcəyini müəyyənləşdirən
texnologiyalar dünyanın ən aparıcı dövlətlərinin
həyata keçirdikləri siyasətlərdə əsas xətti
təşkil edir. Sürətlə yayılmaqda olan informasiya
və kommunikasiya texnologiyaları və onların fonunda
formalaşaraq yeni inkişaf vüsəti qazanan qloballaşma
prosesləri ölkələrin sosial-iqtisadi həyatına
birbaşa təsir göstərməkdədir. Təsadüfi
deyil ki, artıq dövlətlərin iqtisadi
üstünlüyü də məhz texnologiyalara yiyələnmə,
onları mənimsəmə gücünə əsaslanır.
Bir sözlə, iqtisadi qüdrəti müəyyən edən
meyarların, qazanılan makro və mikro iqtisadi göstəricilərin
önündə bu gün məhz həmin ölkələrdə
informasiya kommunikasiya texnologiyalarının tutduğu yer və
onun inkişafı dayanır.
Texnoloji
proseslərin, innovasiyaların insanlara xidmət, korrupsiyaya
qarşı mübarizə, şəffaflıq, yenilik
baxımından müasir dünyamızın əsas tələbinə
çevrildiyi belə bir mühitdə ölkəmiz də
qlobal çağırışlardan kənarda qalmayıb.
2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya
kommunikasiya texnologiyaları ili” elan edilməsi də bu
reallıqlardan irəli gəlmişdir.
Ölkə
rəhbəri tərəfindən İKT-nin prioritet sahə
elan edilməsi “İKT sahəsində böyük layihələrin
başlanğıc ili” adlandırılan 2013-cü ilin Azərbaycanın
rabitə sahəsi, ümumilikdə respublikamız
üçün əlamətdar hadisələrlə zəngin
ilə çevriləcəyinə böyük ümidlər
yaradır. Məlum olduğu kimi, artıq Azərbaycan
özünün ilk peykini fəzaya qaldırdı. İlk
peykimiz olan “Azərspace-1” Cənubi Amerikada yerləşən
Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan “Ariane
Space” fransız şirkətinin raket
daşıyıcısı vasitəsilə
qaldırılmış və geostasionar orbitə
çıxarılmışdır. Şərqi Avropa,
Şimali Afrika, MDB, Mərkəzi Asiya, Şərqi Asiya
ölkələrini əhatə edəcək peyk ölkəmizin
bütün ərazisində internet və digər rabitə, televiziya
yayımı üzrə xidmətlər təqdim edəcək.
“İKT
ili” çərçivəsində həyata keçiriləcək
digər bir mühüm layihə Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi (RİTN) və Dövlət Neft Fondu
tərəfindən hazırlanıb. Bu layihəyə görə,
“Azərbaycanda evlərə optika” modeli üzrə ölkənin
bütün yaşayış məntəqələrinə
yüksəksürətli genişzolaqlı internet xidmətlərini
verən optik şəbəkənin qurulması nəzərdə
tutulur. 2013-cü ildə artıq bu layihəyə 103,6 milyon
manat vəsait ayrılıb. Layihə üç il müddətində
həyata keçiriləcək və yüksək
rentabellidir, 2014-cü ildən başlayaraq ümumi dəyərin
30-35 faizi reinvestisiya hesabına ödəniləcək. Əsas
hədəf ucqar kəndlər də daxil olmaqla, ölkə ərazisini 10-100 meqabitsaat arasında sürətli
internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin
sayını təxminən 85 faizə çatdırmaqdır
ki, bu da bizə 2017-ci ildə inkişaf etmiş ölkələrlə
bir səviyyədə olmağa imkan verəcək.
Peykin
buraxılması kimi mühüm mərhələnin
ardınca, RİTN fevral ayında ölkənin informasiya
texnologiyaları şirkətlərinin fəaliyyətinin
genişləndirilməsinə və inkişafına yönələn
daha bir tədbirin reallaşmasına başlayacaq və 2012-ci
ilin 6-9 noyabrında İnternet İdarəçiliyi Forumu və
“Bakutel” İKT həftəsi çərçivəsində
Bakıda keçirilmiş ilk “Azərbaycan-ABŞ İKT
forumu”ndan sonra nazirliyimiz daha bir yeniliyə imza atacaq. Belə
ki, 27-28 fevralda birinci “Yaponiya - Azərbaycan İKT forumu”
keçirilmişdir.
Bu
gün Azərbaycan İKT-nin inkişaf göstəricilərinə
görə inkişaf etməkdə olan ölkələrlə
inkişaf etmiş ölkələr arasında qiymətləndirilir
və son 5-7 ildə ən dinamik inkişaf edən 10 ölkə
qrupuna daxildir. Eyni zamanda, son illərdə məqsədyönlü
dövlət siyasəti nəticəsində ölkənin
İKT sektoru hər üç ildə 2 dəfə artıb və son 8-10
ildə orta illik artım tempi 20-25 faiz təşkil edib. Bu
artım tempi ümumdünya inkişaf tempini 2-3 dəfə
qabaqlayır. Təkcə yola saldığımız 2012-ci
ilin göstəricilərinə nəzər salsaq, 2012-ci il ərzində
ölkə üzrə ümümi daxili məhsulun (ÜDM) həcmi
54 milyard manat, ötən illə müqayisədə real
artım tempi isə 2,2 faiz təşkil edib. İKT, poçt
və informasiya sektoru üzrə əldə olunan gəlirlərin
ÜDM-də payı 1,9 faiz təşkil edib. İKT,
informasiya və poçt sektorunda əldə olunan gəlirlərin
həcmi ötən illə müqayisədə 17,3 faiz artaraq
1503,4 milyon manat təşkil edib. Ötən illə
müqayisədə artım tempi İKT sektorunda 16,6 faiz, o
cümlədən telekommunikasiya sektorunda 17,4 faiz, informasiya
texnologiyaları sektorunda 8,6 faiz, eyni zamanda, poçt sektorunda
18,2 faiz, informasiya sektorunda isə 50,1 faiz təşkil edib.
2012-ci ilin sonuna əhalinin hər 100 nəfərinə
düşən kompyuterlərin sayı 20 ədədə,
internet istifadəçilərinin sayı 70-ə bərabər
olub. Hazırda ölkədə hər 100 nəfərə
düşən genişzolaqlı internet istifadəçilərinin
sayı 50-yə bərabərdir.
Azərbaycan
internet istifadəçilərinin sıxlığına
görə MDB ölkələri arasında birinci yerdədir
və dünya orta göstəricisini təqribən 2 dəfədən
çox qabaqlayır. Əldə olunan nailiyyətlər beynəlxalq
aləmin də diqqətindən yayınmayıb. Belə ki,
“Dünya İqtisadi Forumunun Qlobal İnformasiya Texnologiyaları
- 2012” (“The Global Information Technology Report 2012”) hesabatında Azərbaycan “Şəbəkələşmə
hazırlığı indeksi”nə görə (Networked
Readiness Index) əvvəlki mövqeyindən 9 pillə irəliləyərək
dünyanın 142 ölkəsi arasında 61-ci yerə yüksəlib.
Bu hesabata əsasən, ölkəmiz hər 100 nəfərə
düşən internet istifadəçilərinin say
çoxluğuna görə MDB-də I yerdədir. Həmçinin,
Dünya İqtisadi Forumunun “The Global Competitiveness Report
2012-2013” hesabatında “Qlobal rəqabətqabiliyyətlilik
indeksi” üzrə Azərbaycan əvvəlki mövqeyindən
9 pillə irəliləyərək dünyanın 144 ölkəsi
arasında 46-cı yeri tutub. Beynəlxalq Telekommunikasiya
İttifaqının (BTİ) İnformasiya Cəmiyyətinin
ölçülməsi “Measuring the Information Society - 2012”
adlı hesabatında “İKT inkişaf indeksi” (IDI) üzrə
əvvəlki hesabatla müqayisədə 6 pillə irəliləyərək
155 ölkə arasında 68-ci yeri tutub. Bu hesabatda Azərbaycan
10 “Ən dinamik inkişaf edən ölkələr” qrupunda
yerini möhkəmlədib. Məhz bu göstəricilərə
əsaslanaraq, beynəlxalq təşkilatlar ölkəmizdə
İKT sahəsinin gələcək inkişafı ilə
bağlı müsbət fikirlər səsləndirirlər.
Bu proqnozlara görə, Azərbaycan hökuməti İKT sahəsinə
investisiya yatırmaq, eyni zamanda, İKT sahəsinin
inkişafına xüsusi şərait yaratmaqla, bu istiqamətdə
islahatları davam etdirərsə, 2025-ci ildə Azərbaycanda
informasiya-kommunikasiya texnologiyaları sahəsindən əldə
olunan gəlirlər neft sektorundan gələn gəlirlərə
bərabər olacaq və daha sonra bu gəlirləri üstələyəcək.
Heç
təsadüfi deyil ki, ölkə başçısı bu
yaxınlarda Davosda Dünya İqtisadi Forumu (DİF) çərçivəsində
keçirilən və “Mərkəzi Asiya üçün
yeni üfüqlər” mövzusuna həsr olunmuş sessiyada
çıxışında İKT-nin ölkəmizdə
prioritet sahə elan edildiyini, dövlətin bu sahənin
inkişaf etdirilməsinə stimullaşdırıcı maliyyə
dəstəyi verəcəyini, eləcə də bu ilin
“İKT ili” elan edildiyini bir daha beynəlxalq birliyə bəyan
edib.
Həmçinin,
Prezident İlham Əliyev Davosda “Booz&Co”, “McKinsey”, “Microsoft”
və “ThalesAlenia” şirkətlərinin rəhbərləri
ilə keçirdiyi görüşlərdə də İKT,
internet, peyk sənayesi və əlaqədar sahələrin
ölkəmizdə vüsətlə inkişafını təmin
etmək üçün kompleks işlərin görüləcəyini
potensial investorların diqqətinə çatdırıb.
Bu
gün ölkə iqtisadiyyatının şaxələndirilməsi,
gücləndirilməsi və genişləndirilməsi
üçün yaxın illər ərzində həyata
keçirilməsi nəzərdə tutulan tədbirlər
respublika Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı
ilə təsdiqlənən “Azərbaycan 2020: Gələcəyə
baxış” İnkişaf Konsepsiyasında öz əksini
tapıb. Bu konsepsiyada texnologiyaların, innovasiyaların inkişafı,
onların digər sahələrdə də geniş tətbiqindən
əldə olunacaq uğurlu gözləntilərə ümidlər
böyükdür.
Getdikcə
artan qloballaşma şəraitində innovasiya fəaliyyətinin
keyfiyyətcə yeni müstəviyə qədəm
qoyması və bu xətt üzrə genişlənməsi
müasir dövrün çağırışlarında
mühüm istiqamətlərdən birini tutur ki, Azərbaycan
da bu qlobal mühitdə digər ölkələrdən kənarda
qala bilməz. Dünya iqtisadiyyatına inteqrasiya yolunda bu
inkişafdan geri qalmamaq üçün ölkəmiz ənənəvi
iqtisadiyyatı arxada buraxaraq, inkişaf tempini məhz
texnologiyaların inkişaf etdirilməsi hesabına
artırmağı hədəfləyir. Beləliklə,
konsepsiyanın icrası nəticəsində Azərbaycanın
rəqabət qabiliyyətini
artıraraq, iqtisadi və siyasi cəhətdən daha çox
inkişaf etmiş bir ölkəyə çevriləcəyi
gözlənilir. “İnformasiya kommunikasiya
texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə
keçidin təmin edilməsi” konsepsiyada əsas istiqamətlərdən
birini təşkil edir. Burada qoyulan məqsədlərə
görə, 2020-ci ilə qədər informasiya cəmiyyətinə
keçid təmin edilməli, innovasiya yönümlü və
biliyə əsaslanan iqtisadiyyat qurulmalı, dövlət və
yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi
və elektron xidmətlər, həmçinin informasiya təhlükəsizliyi
sahəsində fəaliyyət genişləndirilməlidir. 2020-ci ilə qədər “Elektron hökumət” xidmətlərinin
100 faiz tətbiqi nəzərdə tutulur ki, bununla da əhali
hökumət orqanları tərəfindən göstərilən
daha asan, qısa zaman ərzində, keyfiyyətli xidmətlərlə
təmin olunacaq.
Həmçinin,
qarşıdakı illər ərzində kosmik sənayenin
inkişaf etdirilməsini hədəf götürən Azərbaycan
aşağıorbitli peykini
2015-ci ildə, ikinci telekommunikasiya peykini isə
2016-cı ildə kosmosa buraxmağa hazırlaşır.
Telekommunikasiya peyklərinin geostasionar orbitə
çıxarılması isə ölkəni daha etibarlı
peyk rabitəsi ilə təmin edəcək, bu da öz
növbəsində respublikanın informasiya təhlükəsizliyinin
gücləndirilməsinə xidmət edəcək.
Konsepsiyaya uyğun olaraq, telekommunikasiya şəbəkəsində
yeni texnologiyaların tətbiqi genişləndiriləcək,
milli radio və televiziya proqramlarının peykdən paket
yayımı təşkil ediləcək.
Aşağıorbitli peyklərin orbitə
çıxarılması isə respublikada ətraf mühitin
mühafizəsi, kənd təsərrüfatı, topoqrafiya və
kartoqrafiya, eləcə də milli təhlükəsizlik sahəsində
fəaliyyəti daha səmərəli edəcək.
Rəqəmli TV-yə keçidin başa
çatdırılması və əhaliyə yüksəkkeyfiyyətli
radio-TV yayımının təşkili qarşımızda
duran əsas məsələlərdən
biridir. Rəqəmli televiziya yayımının tətbiqi TV
proqramlarının keyfiyyətinin və sayının
artırılması ilə yanaşı, məhdud resurslar
olan tezliklərdən daha səmərəli istifadə edilməsinə,
xüsusilə genişzolaqlı mobil rabitə xidmətlərinin
inkişaf etdirilməsinə geniş imkanlar yaradacaq.
Hazırda Azərbaycanda televiziya diapazonunun konversiyası
hesabına LTE texnologiyasının tətbiqinə
başlanılıb.
2020-ci
ilə qədər ölkənin regionun İKT xidmətləri
bazarına çıxışını təmin etmək məqsədilə
tranzit informasiya magistrallarının, regional informasiya
resurslarının və şəbəkə idarəetmə
sistemlərinin qurulması kimi layihələr də gerçəkləşdiriləcək.
Onu da əlavə edim ki, Azərbaycanın təşəbbüsü
ilə irəli sürülmüş və 2009-cu ildə BMT
Baş Assambleyası tərəfindən xüsusi qətnamə
ilə yekdilliklə qəbul edilmiş Trans-Avrasiya Super
İnformasiya Magistralı (TASİM) layihəsinin də
başa çatdırılması nəinki ölkəmizdə,
həmçinin, böyük bir regionda yüksəksürətli
internet üçün geniş imkanlar yaradacaq. Eyni zamanda, Azərbaycan
bu gün Avropa-Yaxın Şərq İnformasiya Magistralı
(EPEG - Europe Persia Express Gateway)
layihəsində həm əsas, həm də ehtiyat
marşrut olaraq iştirak edir.
Azərbaycan
region ölkələri
üçün informasiya xidmətlərini ixrac edən
bir mərkəzə çevrilməkdədir. Artıq bu
istiqamətdə də işlər aparılır. Belə ki,
bu gün ölkəmizdən Gürcüstana, İrana, Orta
Asiyaya internet xidmətləri ötürülməkdədir. “Azərbaycan 2020: inkişaf
konsepsiyası”na əsasən əsas məqsədi İKT-nin illik artımını təxminən
18-20 faiz ətrafında saxlamaqla, qarşıdakı 8 ildə
sektorun gəlirlərini 8-9 milyard dollara
çatdırmaqdır.
Konsepsiya
üzrə həyata keçiriləcək işlər
sırasında innovativ sahibkarlığın dəstəklənməsi,
informasiya texnologiyaları şirkətlərinə
imtiyazlı və münbit biznes mühitinin yaradılması,
bu yolla ölkədə yeni sahibkarlığın
inkişafını gücləndirmək də yer alıb.
Artıq bu ildən RİTN-in nəzdində
yaradılmış İnformasiya Texnologiyalarının
İnkişafı Dövlət Fondu (İTİDF) fəaliyyətə
başlayacaq ki, onun da əsas istiqaməti informasiya kommunikasiya
texnologiyaları sektorunda stimullaşdırmanı həyata
keçirməkdir. Azərbaycan
Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə
yaradılmış “Yüksək Texnologiyalar Parkı”nın əsas
məqsədi İKT sektoru üzrə elm və istehsal sahələri
arasında bir körpü yaratmaqdır. Həmçinin,
“Yüksək Texnologiyalar Parkı” innovasiyalı
iqtisadiyyatın inkişafına, biliklərə əsaslanan
iqtisadiyyatın qurulmasına, intellektual biznesin dəstəklənməsinə,
iqtisadiyyatımızın və xüsusilə İKT
sektorunun rəqabət qabiliyyətliliyinin
yüksəldilməsinə, milli məhsulların dünya
bazarlarında layiqli yer tutmasına, idxal olunan məhsulların
yerli istehsal hesabına təmin olunması və ixracın təşviq
edilməsinə, xarici investisiyaların cəlb edilməsinə,
menecment bazasının yaradılmasına və insan
resurslarının inkişafına öz töhfəsini verəcəkdir.
Hal-hazırda “YT Park”ın fəaliyyətinin təmin
olunması istiqamətində işlər aparılır.
“İKT
ili”ndə, həmçinin, qarşıdakı illərdə
insan kapitalının yaradılması da diqqət mərkəzində
olacaq ki, konsepsiyada nəzərdə tutulan istiqamətlərdən
biri də məhz informasiya texnologiyaları sahəsində
kadrların hazırlanması ilə bağlı tədbirlərdən
ibarətdir. Artıq bildiyiniz kimi, ölkə Prezidentinin sərəncamı
ilə İnformasiya
Texnologiyaları Universiteti yaradılıb və 2013/2014-cü
tədris ilindən tələbə qəbuluna başlanacaq.
Bu, İKT-nin gələcək inkişafı
üçün çox mühüm bir qərardır. Eyni
zamanda, “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı”
çərçivəsində də İKT ixtisasları üzrə kadr
hazırlığının genişləndirilməsi nəzərdə tululur.
Apardığımız araşdırmalar göstərir ki,
ümumi inkişafa öz töhfələrimizi vermək
üçün qarşıdakı 8 ildə İKT sektorunun
həcmini təxminən 4,5-5,0 dəfə
artırmalıyıq. Artıq
hədəflər müəyyənləşib, məqsədimiz
aydındır. Rabitə və informasiya texnologiyaları
sektorundan gözlənilən inkişafın həcmi kifayət
qədər böyükdür və biz bu gözləntilərə
nail olmaq üçün tam gücümüzlə
çalışacağıq.
İltimas MƏMMƏDOV,
rabitə və informasiya
texnologiyaları
nazirinin müavini
Xalq qəzeti.- 2013.-
5 mart.- S. 3.