Əqidəsi, sözü və əməli bir
olan vətəndaş-alim
Bütün dövrlərdə hər
bir cəmiyyəti, milləti, dövləti öz yüksək
amalları və əməlləri ilə tarixdə
yaşadan, onun mənəvi dəyərlərinə söykənərək
gələcəyi naminə qurub yaradan,
çalışıb vuruşan, çətinliklərə
sinə gərərək irəliyə inamlı addımlar
atan, tarixə yeni səhifələr yazan görkəmli şəxsiyyətlər
olmuşdur. Onların sırasında şair də,
yazıçı da, dövlət xadimi də, diplomat da, alim
də, sənətkar da var. Müasir dövrümüz də
bu qəbildən olan insanlardan xali deyil.
Onlardan
biri də öz dəyərli elmi əsərləri,
çıxışları, məruzələri, müsahibələri
ilə həm ölkəmizdə, həm onun sərhədlərindən
uzaqlarda, elektron informasiya mühitinin interaktiv kanallarında
tarix yaddaşımızı, torpaqlarımız uğrunda
haqq-ədalət savaşımızı dönə-dönə
dünyanın gözü önünə qoyan Yaqub Mikayıl
oğlu Mahmudovdur. Maraqlı elmi axtarışların və
ciddi tədqiqatların müəllifi olan alimin respublikanın
ictimai həyatındakı fəaliyyəti - onun insanpərvəliyi,
qayğıkeşliyi, həqiqətin yorulmaz, təmənnasız
müdafiəçisi olması, hər cür əyintilərə
qarşı barışmazlığı ilə səciyyələnir.
Yaqub müəllim xalqının layiqli oğlu, onun etibar
etdiyi mandatı sinəsində gəzdirən Milli Məclisin
deputatı, mötəbər bir elmi idarənin — A.Bakıxanov
adına Tarix İnstitutunun – rəhbəridir. Alimin qeyri-ciddi
elmi mülahizələr və tarixi saxtakarlıqlara,
xalqının haqqını tapdalayanlara qarşı sərt
çıxış və bəyanatlarının, elmi qənaətlərini
ifadə edən fikirlərinin arxasında qaynar ürəyi, dərin
təfəkkür və düşüncə tərzi
dayanır. İctimai-sosial həyatda isə ona üz tutub
yardımına ehtiyacı olanlara qarşı həssaslığı
ilə seçilən bu insanın əlləri təmiz, əməlləri
pakdır. Bu xüsusiyyətlərinə görə də o,
cəmiyyətdə sevilən və daim hörmətlə
qarşılanan şəxsiyyətdir.
Deməli,
“Vətən üçün yaşayanlar yaşadırlar Vətəni!
Seçdiyim ömür yolunun mənası, mayası budur”, –
deyən vətəndaş-alımin əqidəsi,
sözü və əməli düzmütənasibdir.
“Vətən
tarixi”ni, “Ata yurdu”nu vərəqləyən məktəblidən
tutmuş ən görkəmli şəxsiyyətlərə qədər
insanların ürəyində özünə qarşı
ehtiram hissi oyatmış Yaqub müəllimdən bəhs etmək
istəyimiz təsadüfi deyil. Elmi yaradıcılıq fəaliyyətindəki
uğurlara görə fəaliyyəti dövlət səviyyəsində
dəfələrlə qiymətləndirilən tarixçi
alim 1992-ci ildə “Əməkdar elm xadimi” fəxri adına
layiq görülmüş, 1999-cu ildə Azərbaycanda tarix
elminin inkişafındakı xidmətlərinə və
respublikanın ictimai-siyasi həyatında fəal
iştirakına görə “Şöhrət” ordeni ilə ,
2009-cu ildə Azərbaycanda tarix elminin tədqiqi və tədrısində
böyük xidmətlərinə görə “Şərəf”
ordeni ilə təltif edilmişdir.
Tarixlə
tarixşünaslığın, biblioqrafik fəaliyyətlə
internet mühitinin qovuşduğu məcradan ötən
onilliklər boyu alimin keçdiyi həyat yolu, elmi
yaradıcılıq və təşkilatçılıq fəaliyyətinə
nəzər saldıqda, onlarca monoqrafiya, yüzlərlə
elmi məqalə, müsahibələr, ən yüksək
kürsülərdən səslənən
çıxışlar, məruzələr, haqqında
yazılan külli miqdarda materillar diqqəti cəlb edir.
Onların hər birində tarixçi alimin azərbaycançılıq
düşüncəsinin işığını
görürük:
–
Atama “Qara Mikayıl”, – deyirdilər. 1918-20-ci illərdə
Şəki bölgəsində daşnaklara qarşı
mübarizədə xalq könüllülərinə
başçılıq edən kişilərdən olub. O
zaman Nuru Paşa kömək istəyib və atam Biləcəriyə
qədər öz dəstəsi ilə gəlib. Sonradan onu dəfələrlə
həbs ediblər. 30-cu il Göynük-Şəki
üsyanının başçısı olub. Çox
türkçü, qeyrətli kişi idi. Mən bütün
addımlarımda özümü o dünya üçün
hazırlayıram ki, ruhlarımız görüşən
zaman başım aşağı olmasın...”
“Universiteti
bitirəndə, 1966-cı ildə mənə birbaşa
doktorluq adı verdilər. 24 yaşım var idi. Amma ertəsi
gün dünya-aləm məndən ötrü dəyişdi...
Altı ay tələb elədilər ki, doktorluqdan imtina edim...
Amma həyat elə gətirdi ki, 1989-cu ildə Moskva Dövlət
Universitetinin Elmi Şurasında doktorluğu müdafiə
etdim...”
“Tarix
olduğu kimi öyrənilməlidir. Biz tariximizdən əl
çəkə bilmərik... . Mən belə hesab edirəm
ki, biz İran tarixçiləri ilə fikir birliyi yaradaraq daha
böyük tədqiqatlar apara bilərik. Tarixdə, elmdə
qarşıdurma yaratmaq lazım deyil... ”.
“ Bizə
bircə təsir var, o da Azərbaycançılıq, Vətənçilik,
Türkçülük və İslam dünyasıdır,
ümumbəşəri dəyərlər də bızim
üçün doğmadır... . Tarix İnstitutunda
xalqımızın mənşəyinin öyrənilməsinə
diqqəti artırmışıq, itırilmiş
torpaqlarımızın tarixinin öyrənilməsinə diqqəti
yönəltmişik, Borçalının, Dərbəndin,
İrəvan xanlığının, Naxçıvanın, Cənubi
Azərbaycanın tarıxinə bu gün institutda
böyük diqqət yetirilir. Elmi planlarımız da əsaslı
şəkildə dəyişdirilib. Ölkəmizin gələcəyinə,
azərbaycançılığa, türkçülüyə,
İslam dəyərlərinə və ümumbəşəri
dəyərlərə xidmət edirik”.
-
Bizim Vətənimiz, Azərbaycanımız var, 60 milyonluq
xalqımız var, bizim üçün bu xalqın mənafeyi,
Türk dünyasının mənafeyi hər şeydən əzizdir
və institut olaraq dünya dəyərlərindən də
geri qalmayacağıq, onları öyrənməyə
çalışırıq... . Tarixdə Azərbaycanı
bütöv saxlayırıq, mənəviyyatımızda,
düşüncəmizdə Azərbaycanı
parçalamırıq!..”
“Qonşularımız
Naxçıvana qarşı ərazi iddiaları irəli
sürüb növbəti işğalçılıq
planlarını həyata keçirməklə bütün
dünyaya sübut etmək istəyirlər ki, guya bu torpaqlar
onlara məxsusdur... . Qarabağda isə onlar alban mədəniyyətinə
məxsus tarixi abidələri özününküləşdirməyə
çalışaraq, burada olmayan erməni dövlətçiliyinin
kökünü axtarırlar... . Azərbaycan alimləri hər
zaman belə əsassız böhtan və yalanları ifşa
ediblər və bundan sonra da bu işi davam etdirəcəklər.
O ki qaldı düşmənlərimizin son iddialarına, biz
Tarix İnstitutu olaraq işimizi yenıdən qurur, ermənilərə
qarşı əks-zərbə hazırlayırıq...
Artıq “İrəvan xanlığının tarixi”ni
yazıb ortaya qoymuşuq”.
Xalqımızın
tarixi və soykökünə qarşı yönəlmiş
“elmi” iddialara qarşı cəsarətlə, faktlarla
silahlanmış şəkildə çıxan Yaqub müəllim
və onun səfərbər etdiyi tarixçi alimlər ordusu
müsəlləh əsgər timsalında hər an cavab verməyə
hazırdır və verir də. Bunu həm internet
saytlarında gördüyümüz materiallar, həm də çap
olunan əsərlər – “Azərbaycan: beynəlxalq münasibətlər
və diplomatiya tarixi. Dövlətlərarası müqavilələr
və digər xarici siyasət aktları. 1639-1828” (4 cilddə),
”İrəvan xanlığı. Rusiya işğalı və
ermənilərin Şimali Azərbaycan torpaqlarına
köçürülməsi”, “Qarabağ: real tarix, faktlar, sənədlər”,
“Azərbaycan xalçaları. Naxçıvan qrupu” və s.
- yüzlərlə kitab təsdiq edir. Bunlardan hər biri hədəfə
doğru açılan sərrast atəşdir. Çünki
bütün araşdırmaların, fikirlərin əsasında
həm Azərbaycanın, həm də dünya ölkələrinin
ən mötəbər arxiv və muzeylərindən,
kitabxanalarından, elmi mərkəzlərindən
toplanmış, tədqiq edilmiş tarixi faktlar, elmi mənbələr
durur.
Ötən
il də görkəmli alimin rəhbərlik etdiyi institut
kollektivinin uğurlu tədqiqatlarının layiq
görüldüyü dövlət və beynəlxalq
mükafatlarla yadda qaldı. 2012-ci il mayın 25-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev
Qarabağın, Naxçıvanın və İrəvan
xanlığının tarixinə dair silsilə əsərlərə
görə AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşlarından
ibarət işçi qrupunun — Yaqub Mikayıl oğlu Mahmudov,
Kərim Kərəm oğlu Şükürov, Tofiq Teyyub
oğlu Mustafazadə, Süleyman Abbas oğlu Məmmədov,
Güntəkin Cəmil qızı Nəcəfli, Nazim Yusif
oğlu Mustafayev, Göhər Nağı qızı Məmmədova,
Hacı Nuru oğlu Həsənov, İsrafil Süleyman
oğlu Məmmədov, Vidadi Umud oğlu Umudlu, Səidə
Müzəffər qızı Hacıyeva, İradə Malik
qızı Məmmədova və Nigar Rövşən
qızı Gözəlovanın Azərbaycan
Respublikasının elm sahəsində Dövlət
mükafatına layiq görülməsi haqqında sərəncam
imzaladı.
Eyni zamanda, AMEA A.Bakıxanov adına
Tarix İnstitutu Beynəlxalq Sokrat Komitəsi tərəfindən
elmi-tədqiqat fəaliyyətinə görə ən
yaxşı müəssisə “Best Enterprises - 2012” diplomuna
layiq görüldü. AMEA A.Bakıxanov adına Tarix
İnstitutunun öz fəaliyyəti sahəsində Cənubi
Qafqazda ən aparıcı elmi müəssisələrdən
biri olması faktını mükafatı təqdim edən
Oksford sammiti də təsdiqlədi. İnstitutun direktoru,
AMEA-nın müxbir üzvü Yaqub Mahmudov isə
böyük təşkilatçılıq qabiliyyətinə,
yüksək peşəkarlığına, rəhbərlik
istedadına və liderlik keyfiyyətinə görə ”Ən
yaxşı baş menecer” fəxri adına layiq
görüldü. Avropa Biznes Assambleyasının Sosial Tərəfdaşlıq
Cəmiyyəti, Böyük Britaniya və Şimali
İrlandiya Patent İdarəsi tərəfindən AMEA Tarix
İnstitutunun direktoru Yaqub Mahmudova marketinq məqsədləri
üçün 5 illik lisenziya verildi.
Bu və
digər uğurları ilə Yaqub Mahmudovun rəhbərlik
etdiyi A.Bakıxanov adına Tarix İnstitutu öz tarixi salnaməsinə
də yeni bir səhifə əlavə etmiş oldu. Bu səhifə
yüzlərlə elmi əsər, kitab, məqalələr,
müsahibə, konfraslar, səyyar seminarlar , müşavirələr,
elmi sessiyalar və s. şəklində icra edilərək
yaddaşlara həkk olundu.
Yaqub
müəllimin tarixşünaslıq elminə böyük
bir xidməti də sırf tarixşünaslıq
biblioqrafiyasının inkişafına dəstək verməsidir.
Bunun nəticəsi olaraq nəinki nəşr və dərc
edilən heç bir material gözdən qaçmır, qeydə
alınaraq informasiya bazalarına əlavə edilir, eyni zamanda,
tarixi araşdırmalar üçün daim inkişafda olan, zənginləşən,
yeni tədqiqat perspektivlərinə yol açan
tarixşünaslıq biblioqrafiyası məktəbi
yaranır.
İnternet
saytlarını axtarış brauzerlərini hərəkətə
gətirib, yenə bir biblioqraf gözü ilə materiallara
diqqət yetirsək, ilk növbədə Yaqub müəllimin
saysız-hesabsız çıxışları, müsahibələri,
iştirak etdiyi, keçirdiyi tədbirlər, seminarlar,
konfranslar, görüşlər və bu tədbirlərdə
səslənən konkter və tutarlı, elmi yükü olan
fikirlərinin anonsları diqqətimizi çəkər:
“Azərbaycan
tarixi anlayışı böyük Azərbaycan səltənətini
əks etdirməlidir”, “Azərbaycan həqiqətlərinin
elmi əsaslarla dünyaya çatdırılması alimlərin
üzərinə düşən vacib məsələlərdən
biridir”, “Azərbaycan xalqı 31 Martı yalnız bu gündə
deyil, təqvimin bütün günlərində yada
salmalıdır”, “Arazdan cənubda bizim qədim tariximiz, mədəniyyətimiz,
elmımiz yatır”, “Xalqımızın saxtalaşdırılan
tarixi 1918-20-ci illərdir”, “1918-ci ilə kimi Cənubi
Qafqazın siyasi xəritəsində ermənilərin adı
olmayıb... ”, “Biz tariximizə sahib çıxmalıyıq,
tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur”,
“Ermənilər Asiya qitəsinə gəlmədir. Moskvada
keçirilən konfransın elmə heç bir aidiyyatı
yoxdur...”, “Xocalı soyqırımının dünyada
tanıdılmasının çıxış yolu
bütün Türk dünyasının ayağa
qalxmasıdır”, “Quba məzarlığında yaranan təhlükə
aradan qaldırılmalıdır... ”, “Dərbənd
xanlığının, Tiflis əmirliyinin tarixi tam araşdırılmayıb”
və s. sadaladıqca sadalamaq olar.
Bu da
bir biblioqraf müşahidəsinin nəticəsidir ki, Yaqub
müəllimdə vaxtını zərgər dəqiqiliyi ilə
bölüşdürüb fəaliyyətinin bütün
istiqamətlərinə paylaşdırmaq bacarığı
var. Alim Ermənistan-Azərbaycan münaqişəsi
başladığı ilk gündən erməni faşizmi ilə
üz-üzədir. Heç nədən çəkinməyərək,
cəsarətlə, elmi dəlillərə, tarixi faktlara əsaslanaraq
xain qonşularımızın saxta “Böyük Ermənistan”
xülyalarını ifşa edir, məruzə və
çıxışlarında onların xain xislətini
dünyaya tanıtmaq üçün böyük səy
göstərməklə bərabər,
başçılıq etdiyi kollektivi də bu işlərə
səfərbər edir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin tarix
elminə göstərdiyi dövlət
qayğısının, A.Bakıxanov adına Tarix
İnstitutunun məhsuldar fəaliyyətinin, Yaqub Mahmudovun
özünün tarixi saxtalaşdıranlara qarşı
yönəlmiş, elmi faktlara əsaslanan
çıxışlarının, yazdığı əsərlərin,
verdiyi müsahibələrin, fikir və mülahizələrinin
qəsbkar qonşularımızda doğurduğu rezonans da
böyükdür. İnternet səhifələrində çox
geniş miqyasda öz əksini tapan bu əks-sədanın
babayanlarda, qriqoryanlarda, yegizaryanlarda, yerkanyanlarda, xanbabayanlarda,
qazozyanlarda... oyatdığı ciddi narahatlığı, Azərbaycan
informasiya mühitinin tarix elmi və Yaqub Mahmudovun adı ilə
bağlı materiallarını gecə-gündüz, saatbasaat
izləməyə məhkum olduqlarını aydın göstərir.
Görkəmli
tarixçi alimimizin ünvanına təriflər,
bayağı sözlər, mübaliğəli ifadələr
söyləməkdən çox uzağıq. Biblioqraf
gözü ilə baxsaq, bu qəbildən materialları
heç internet saytlarında da, mətbuat səhifələrində
də görmək mümkün deyil, çünki onlar
yoxdur.
Yaqub
müəllim riyazi təfəkkürə, işıqlı
intellektə, çoxlarının həsəd apara biləcəyi
yaddaşa malikdir. Bu cəhəti onun bədahətən verilən
sualları cavablandırmasında,
çıxışlarında, xüsusilə Azərbaycanın
tarixi ilə bağlı məsələlərin müzakirələri
zamanı söylədiyi fikirlərdə müşahidə
etmək olar. Bütün bunlarla yanaşı, ciddi, bəzən
yeri gəldikdə, sərt görünən bu insanın
yazdığı tarixi əsərlərin sətirləri
arxasından şairanə qəlbi də görünür. Gələcəyi
nikbin baxışlarla qarşılayan alim
yazılarının birində deyir: “Açılan hər
sabahın dan şəfəqini qarşılayarkən daha bir
günümüz arxada qalır, ümidlər, arzular isə
yenidən baş qaldırır. Həyat davam edir, günlər
günlərə qovuşur, açılan hər sabah dönüb
bu gün olur, bu gün dünənə, dünən isə
keçmişə çevrilir. Beləcə tərcümeyi-halımız
yaranır... Zaman bu günü də, gələcəyi də
tarixə çevirəcək, keçmişə
qovuşduracaq. Amma keçmişlə bu gün
arasındakı tarix körpüsü - dialektik əlaqə həmişə
yaşayacaq. Bəşəri arzular, nurlu ideyalar
çalışan-vuruşan insanları bu müqəddəs
körpüdən keçirib gələcəyə
aparacaq...”Budur Yaqub müəllimin tarixə elmi
baxışlarının romantikası.
Yazıb-yaradan
insanların müqəddəs tarix körpüsündən
keçib əbədiyyətə qovuşacağı
danılmaz həqiqətdir. Deməli, deyilmiş söz,
yazılmış əsər, söylənilmiş qiymətli
fikirlər də heç vaxt yox olmayacaq, yaşayacaq, gələcəyə
yol göstərəcəkdir. Bu da tarixçi alimin həyat və
yaradıcılıq yoluna, elmi fəaliyyətinə
biblioqrafın kiçik bir baxışı idi.
Sonda
isə görkəmli alimimizə
cansağılığı, yeni-yeni nailiyyətlər
arzusuyla deyirik: ürəyinə təpər, qələminə
qüdrət, qoluna qüvvət, Yaqub müəllim!.
Əmin ƏFƏNDİYEV,
filologiya üzrə fəlsəfə
doktoru
Xalq qəzeti.- 2013.- 6 mart.- S. 9.