Baxarsan, Oğuzun
nə cəlalı var...
Köç haqqında çox
eşitmişdim. Elatın dağ-arana köçməsinin
özünün bir neçə şəkildə ifadəsi
var idi. Ancaq Oğuzun mart-aprel günlərini nəzmə
çəkən bir həmkarımızın şeirindəki
köç tamamilə qeyri-adi idi. “Yamacdan zirvəyə
köç edəndə qar, Baxarsan, Oğuzun nə cəlalı
var...” Necə də yerinə düşür. Bu günlər
elə dağların qarı yavaş-yavaş əriyir və
ağ çalma yamacdan zirvələrə doğru
köç edir. Bu isə o deməkdir ki, təbiət yenidən
oyanmağa, həyat yenidən qaynamağa başlayır...
İnsafən,
Oğuzda camaatın əhval-ruhiyyəsi elədir ki, burada həyat
yay-qış daim qaynayır. Çünki oğuzlular ölkədə
gedən sosial-iqtisadi inkişafdan geridə qalmaq istəmirlər.
Rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanovun
2012-ci ilin sosial-iqtisadi inkişafı və qarşıda duran
vəzifələrə həsr olunmuş toplantıda söylədiyi
fikirlər də bu dediklərimizi sübut edirdi. Öncə
respublikamızda gedən böyük sosial-iqtisadi inkişafdan
söz açan rayon rəhbəri Oğuzun da geridə qalan
ildə əhatəli uğurlara imza atdığını
söylədi. Eyvaz müəllim dedi ki, “Şəki, Qəbələ,
Qax və Oğuz rayonlarının sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə
tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 noyabr
2011-ci il tarixli sərəncamına əsasən Oğuz rayonu
üçün ayrılmış iki milyon manat vəsait
hesabına şəhərin Heydər Əliyev prospektininin
abadlaşdırılması və
işıqlandırılması işləri yerinə
yetirilib. Həmçinin
“Oğuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin sərəncamına əsasən
ayrılmış dörd milyon beş yüz min manat vəsait
hesabına rayonun 6 yaşayış məntəqəsini birləşdirən
ümumi uzunluğu 17,6 kilometr, eni 6 metr olan dördüncü
dərəcəli avtomobil yolu əsaslı tikilərək
istifadəyə verilib.
Dövlət
Sosial Müdafiə Fondunun rayon şöbəsinin yeni inzibati
binasının tikintisi başa çatmaq üzrədir.
Oğuz rayonu üzrə Maliyyə İdarəsinin yeni
binası isə tikilib istifadəyə verilib.
Oğuz
şəhərinin su və kanalizasiya sistemlərinin yenidən
qurulması layihəsi üzrə tikinti-quraşdırma
işləri isə yaxın günlərdə yekunlaşacaq.
Bəli, sevindirici haldır. Belə ki, artıq şəhərdaxili
küçələrdə su və kanalizasiya xətlərinin
çəkilişi başa çatıb, küçələrin
dağıdılmış hissələrinin bərpası
işləri isə davam etdirilir.
Oğuz
şəhərinə Qəbələ rayonu istiqamətindən
daxil olanda təəccüblənməyə bilmirsən, gecə
saatlarında bu, xüsusilə ləzzət verir. Belə ki,
2050 metr məsafədə yol oxu boyunca 1600 metr tomet döşənmiş,
66 ədəd iki lampalı
işıq dirəkləri quraşdırılıb. Rayonun
Filfili və Dəymədərə kəndlərində Oğuz rayon İcra Hakimiyyətinin
sifarişi ilə 180 şagird yerlik yeni məktəb
binaları tikilib istifadəyə verilib. Ərmənət kəndində
180, Qumlaq kəndində 360 şagird yerlik yeni məktəb, həmçinin
Oğuz şəhərində 115 yerlik yeni uşaq
bağçası binalarının tikintisinə
başlanıb və hazırda tikinti işləri davam
etdirilir. Bu işlər də rayon icra hakimiyyətinin
sifarişi ilə görülür. Sincan kəndində isə
Təhsil Nazirliyinin sifarişi ilə 220 şagird yerlik yeni məktəb
binasının tikintisinə başlanmış və
hazırda tikinti işləri davam etdirilir. Rayonun Xaçmaz, Kərimli,
Böyük Söyüdlü , Bayan, Bucaq və Muxas kəndlərinin
içməli su təchizatının
yaxşılaçdırılması layihəsi üzrə
yeni su xətləri tikilib istifadəyə verilib.
Rayonun
Bucaq və Yaqublu kəndlərində Azərbaycan Respublikası
Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət
Baytarlıq Xidmətinin sifarişi ilə sahə baytarlıq
məntəqələrinin tikintisi başa
çatdırılıb. Oğuz şəhərinin sel
sularından qorunması və kiçik su keçidlərinin
qoyulması layihəsi üzrə başlanmış tikinti
işləri sona çatıb.
Oğuz
rayonunda hamının ağsaqqal kimi tanıdığı
Xalid Babayevlə gəzə-gəzə gəlib Şəhidlər
Xiyabanına çatırıq. Bura başdan-başa yenidən
qurulub. Əsaslı təmir edilib. “Bu gün Şəhidlər
Xiyabanı, sözün həqiqi mənasında, gənclərin
and yerinə çevrilib, - deyə, - Xalid Babayev söhbətə
başlayır, - oğul, - deyir, oğuzlular torpağa, vətənə
bağlı adamlardır. Neçə-neçə mərd
balamız Qarabağ uğrunda döyüşlərdə fədakarlıq,
qəhrəmanlıq nümunəsi göstərib, neçə-neçə
oğlumuz bu mübarizədə şəhidlik zirvəsinə
ucalıb”.
Baxıram,
Xalid müəllim əməlli-başlı kövrəlib. Səsi titrəyir. Fikrini tamamlaya
bilmir. Deyəsən, bayaq səhv etdim
axı. Tək Oğuzda yox, neçə-neçə
bölgədə Xalid Babayevi bu gün bir ağsaqqal kimi qəbul
edirlər. Uzun illər hüquq-mühafizə
orqanlarında rəhbər vəzifələrdə işləyib.
Gözəl ailə
başçısıdır. Oğlanları
onun yolunu böyük sayğı və ehtiramla davam etdirirlər.
Bu günlərdə 70 yaşı tamam olub.
Rayon səviyyəsində qeyd ediblər. Həmin gün mən də zəng etmişdim.
Sevincimin həddi-hüdudu yox idi. “Sağ
olsun rayon rəhbərliyini, - dedi, - bu diqqəti yaddan
çıxara bilmərəm” Xalid müəllimin iki nəvəsi
– Nizami ilə Zaur bu gün əsgərdirlər. Vətənin keşiyində dayanıblar.
Sağ-salamat qayıtsınlar...
Rayonda
iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin
ümumi həcmi əvvəlki ilə nisbətən
faktiki qiymətlərlə 26,5
faiz artaraq 110414,1 min manat təşkil edib. Əsas kapitala
yönəldilən investisiyalar 29,95 faiz
artaraq 60,2 milyon manat olub. Hesabat ilində rayonun sənaye müəssisələri
tərəfindən faktiki qiymətlərlə 3084,9 min
manatlıq sənaye məhsulu istehsal edilib.
40557 ton dənli və dənli paxlalılar istehsal edilib. Bunun 38596 tonu
payızlıq taxıldır. Hər hektardan
qarğıdalı da daxil olmaqla 22,7 sentner
taxıl yığılıb. 2306 ton kartof, 2547 ton tərəvəz,
3288 ton meyvə, 98 ton bostan məhsulları, 65 ton üzüm
istehsal edilib. 2013-cü ilin məhsulu
üçün 16986 hektar sahədə payızlıq
taxıl, o cümlədən 11037 hektar sahədə buğda,
5949 hektar sahədə arpa səpilib. Südlük
və ətlik istiqamətli mal-qara yetişdirilməsi işləri
davam etdirilir. Kərimli Quşçuluq
fabrikində 14 ton quş əti istehsal edilərək əhaliyə
satılıb. “Aqrolizinq” ASC-nin Oğuz Aqroservis
filialı 62 ədəd kənd təsərrüfatı
texnikası, o cümlədən 14 ədəd
taxılyığan kombayn, 11 ədəd traktor və 37 ədəd
digər kənd təsərrüfatı texnikası ilə təmin
edilib.
Rayonda aparılan quruculuq və abadlıq işləri ilə
əlaqədar Oğuz şəhərinin Heydər Əliyev
prospekti və digər küçələrində elektirik
dirəkləri, qaz və su xətləri dəyişdirilir. Cavanşir
küçəsində işıqlandırma işləri
aparılıb.
Bayan,
Calut, Muxas, Baş Daşağıl, Xaçmaz,Böyük
Söyüdlü, Yemişənli, Ərmənət, Xalxal, Dəymədərə,
Tərkeş və Sincan kəndlərinin
qazlaşdırılması üçün maliyyə-smeta sənədlərinin
hazırlanması üçün sifariş verilib. Padar kəndində qazlaşdırma işlərinə
başlanıb, tikinti-quraşdırma işləri gedir.
Oğuz şəhərini təbii qazla təmin
edən əsas daşıyıcı qaz kəmərinin Əlican
çayı üzərindən keçən 305 metr hissəsi
təmir edilib. Yaqublu, Yenikənd kəndlərində
yeraltı qaz kəmərlərinin yenidən qurulması
işlərinə başlanılıb.
Balaşum-Böyük Söyüdlü su kəmərinin
tikintisi və Böyük Söyüdlü kəndində kənddaxili
şəbəkələrin işlənməsi davam etdirilir.
Böyük Söyüdlü kəndində 29,9 kilometr dəmir və plastik borular, su qəbuledici
kamera quraşdırılıb, su anbarı tikilib. Xlorator və nəzarət məntəqəsi
binalarının tikintisi davam etdirilir.
Rayon mərkəzinin sel sularından mühafizəsi
üçün 2 bəndin tikintisi başa
çatdırılıb. Daşqın və selə
qarşı mühafizə məqsədi ilə ekskavatorla 113
min, buldozerlə 259 min kubmetr çay məcralarının təmizlənməsi
işləri görülüb. Sahilbərkitmə
məqsədilə 150 kubmetr daş-beton bəndinin təmiri
aparılıb və 91 kubmetr qabion bəndi
quraşdırılıb.
Rayonda
regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramında nəzərdə tutulmuş tədbirlərə
uyğun olaraq sahibkarlar üçün imkanlar
yaradılması, investisiyaların cəlb olunması sahəsində
kifayət qədər işlər görülür. Sahibkarlığa, özəl sektorun
inkişafına, bu sahədə qanunsuz müdaxilələrin
qarşısının alınmasına xüsusi diqqət
yetirilir.
Göstərilən qayğı nəticəsində kənd
təsərrüfatı məhsulları istehsalı və
emalı, südlük və ətlik növ mal-qara
yetişdirilməsi sahəsində işlər davam etdirilir. Mal-qara və
quşların sayı artırılır, rayonda fərdi
sahibkarlar tərəfindən yeni inkubasiya sexi
quraşdırılıb.
Eyvaz
Qurbanov bildirdi ki, 2012-ci ildə İqtisadi İnkişaf
Nazirliyin yanında fəaliyyət göstərən
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
rayonun sahibkarlarına 4 milyon 390 min manat məbləğində
kreditlər verilib. Bu, 2011-ci ildəkindən 3 milyon manat artıqdır. Bu cür kreditlərin
verilməsi rayonda sahibkarlığın inkişafına
güclü təkan verib. Kənd təsərrüfatı məhsulları
istehsalçılarına dövlət dəstəyi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23
yanvar tarixli 1907 nömrəli Sərəncamından irəli gələn
vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar
rayonda istehsalçılara yanacaq və motor yağlarına,
buğda əkinlərinə görə yardımların
verilməsi ilə bağlı xeyli işlər
görülüb. Bakı şəhərində keçirilən kənd təsərrüfatı
məhsullarının satış-yarmarkalarında hər həftə
və bayram günləri oğuzlu sahibkarlar həvəslə
iştirak ediblər.
Sonra rayon icra hakimiyyətinin başçısı
Oğuzun elektrik enerjisi və qaz təminatı ilə
bağlı görülən işlərdən
danışdı. Qarşıda duran vəzifələri
sadaladı.
Xüsusilə
qeyd olundu ki, bu gün əlillərin 16 mənzilli
yaşayış binası, şəhər 1 saylı tam orta məktəb, rayon Mərkəzi
xəstəxanası, Oğuz rayon Məhkəməsinin
binasında istilik sistemləri qurulub. Obyektlər qış
mövsümündə fasiləsiz istilik enerjisi ilə
təmin olunub.
Eyvaz müəllim rayonun təhsil, səhiyyə və turizm
sahələrindəki uğurlarından söz açdı. Dedi ki, Heydər Əliyev
Fondunun təşəbbüsü ilə “Yeniləşən
Azərbaycana yeni məktəb” devizi altında 2005-2006-ci illərdə
Oğuz şəhərində 240 yerlik, Xalxal və Zərrab
kəndlərinin hər birində 100 yerlik, Muxas kəndində
200 yerlik yeni məktəb binaları, Dövlət
Proqramına uyğun olaraq Malıx yaşayış sahəsində
60 yerlik yeni tədris binaları tikilib istifadəyə verilib.
Məktəblərin
maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində
görülən işlərin nəticəsidir ki, bu gün
rayonda təhsil alan şagirdlərin 43
faizi yeni inşa edilmiş və ya əsaslı təmir
olunmuş məktəblərdə təhsil alır.
2012-ci
ilin avqustunda respublika Təhsil, Maliyyə, Fövqaladə
Hallar və İqtisadi İnkişaf Nazirliklərinin mütəxəssisləri
2013-2015-ci illərdə respublikada təhsil müəssisələrinin
tikintisi və əsaslı təmiri ilə bağlı yeni
iqtisadi inkişaf proqramının hazırlanması ilə əlaqədar
məktəblərdə olmuş və 16 təhsil müəssisəsinin
yenidən tikilməsi, 17 təhsil müəssisəsinin əsaslı
təmirinin inkişaf proqramına daxil edilməsi tövsiyə
olunmuşdur.Bu proqramın həyata keçirilməsi nəticəsində
qarşıdakı 2 il ərzində
Oğuz rayonunda qəzalı vəziyyətdə olan,
tikintisinə və təmirinə tələbat olan heç
bir təhsil müəsssisəsi qalmayacaqdır. Ən müsbət cəhətlərdən biri də
odur ki, yeni tikilmiş və əsaslı təmir olunmuş təhsil
müəssisələri müasir inventar- avadanlıqlarla,
informasiya və kommunukasiya texnologiyaları ilə tam təmir
olunmuşlar.
Son illər
regionların sosial-iqtisadi inkişafı sahəsində əldə
edilən uğurların nəticəsidir ki, rayon mərkəzindən
xeyli aralıda yerləşən ucqar kəndlərdə, o
cümlədən, Filfilli, Böyük Söyüdlü,
Xaçmaz, Xalxal, Malux yaşayış məntəqəsində
yeni tədris binalarının tikintisi Oğuz təhsilinin
maddi-texniki bazasının möhkəmləndirilməsində
və böyüməkdə olan gənc nəslin keyfiyyətli
təhsil almasında mühüm rol oynayır.
...Bax belə,
Oğuzun baharın bir addımlığındakı günləri
barədə söz açdıq və bu cənnət-misallı
diyarı soyudan qarın yavaş-yavaş zirvələrə
doğru çəkildiyini, “köç etdiyini” sezdik və
yazdıq. Eyvaz müəllimin məruzəsində
isə başqa bir məqama da diqqət verdik. Məlum oldu ki, ən müasir məktəb
binaları da yavaş-yavaş üzü dağlara doğru, ən
ucqar kəndlərə sarı gedir. Hər bir məktəbdə
isə çoxsaylı kompyuterlər, informasiya-texnologiya vasitələri
var. Eyvaz Qurbanov qeyd etdi ki, bu gün Oğuzda hər 18
şagirdə bir kompyuter düşür. Deməli, həqiqətən,
təkcə qar deyil, həm də Oğuzun təhsili, gəncliyi,
gələcəyi üzü zirvələrə doğru
gedir...
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2013.- 6 mart.- S. 8.