GƏNCƏ: yüksələn xətt üzrə dəyişən şəhər

 

Yazını qələmə almazdan əvvəl bir daha şəhərə çıxdım, onun əksər küçə və dalanlarına baş çəkdim, park və xiyabanlarında oldum, saysız-hesabsız çoxmərtəbəli yaşayış  binalarının yanından keçdim, sakinlərlə görüşüb söhbət etdim və tam səmimi deyirəm: Gəncənin bu günü qəlbimdə qürur hissi oyatdı. Qısa vaxt ərzində qədim şəhər necə də dəyişib! Diqqətimi çəkən ən başlıca məqam fəslindən, hava durumundan asılı olmayaraq şəhərdə aparılan işlərin bir an belə səngiməməsidir. Hansı prospektdə, küçədə oldumsa, orada fəhlələrin, ustaların, iş icraçılarının bir an belə boş dayandığını görmədim. Kimi bardür düzür, kimi asfalt salır, kimi də aqlay döşəməsi işi ilə məşğul olurdu. Açıq deyim, hətta ətrafdan keçənləri belə sanki görməyən bu adamları işdən ayırmaq, nəsə soruşmaq da çətindir. Gəncə bax, beləcə neçə vaxtdır məhz onların əli ilə hər gün, hər saat dəyişir, gözəlləşir.

 

İkinci sənaye mərkəzi

 

Gəncə yenə Bakıdan sonra ikinci sənaye mərkəzinə çevrilir. Ona görə “yenə” sözünü işlətdim ki, ötən əsrin 70-80-ci illərində Gəncə doğrudan da öz gücünə, potensialına görə respublikamızda ikinci  sənaye şəhəri  kimi ad çıxarmışdı. Şəhərdə onlarla sənaye müəssisəsi yaradılmışdı və onlar tam gücü ilə işləyirdi. Gəncənin məhsulları - xalçası, çinisi, qənnadı məmulatları, elektron cihazları, mahudu və sair haralara gedib çıxmırdı!.. Amma sonralar bu sahə məlum səbəblərdən sonra geriləməyə başladı və elə bir vəziyyət yarandı ki, şəhəri “sənaye şəhəri” adlandırmaq da olmurdu.

Artıq Gəncə əvvəlki adını bərpa etməyə başlayıb. Təkcə 2012-ci ildə şəhər üzrə ümumi daxili məhsulun həcmi 670 milyon manatı keçib ki, bu da əvvəlki illə müqayisədə 210,7 milyon manat çoxdur. Təbii ki, sənaye inkişaf etdikcə yeni iş yerləri də açılır, adamlar yaxşı maaş alır. Gəncədə sənayenin bu qədər sürətlə inkişaf etməsinə təkan verən şəxsən ölkə Prezidenti İlham Əliyevdir. Hələ 5 il əvvəl təməli qoyulan Gəncə DET.AL Alüminium zavodunun keçən ilin yanvarında ölkə başçısının iştirakı ilə birinci fazasının işə salınması nəticəsində 640 nəfər işlə təmin edildi. Artıq illik istehsal gücü 50 min ton olan bu faza özünü doğruldub. İndi 2013-cü ildə kompleksin ikinci fazası işə düşəcək və müəssisənin istehsal gücü 100 min tona çatdırılacaqdır. Burada həmçinin yeni Pelet zavodunun, Polad kompleksinin və “DRİ” zavodunun tikintisinə 630 milyon manat həcmində investisiya yönəldiləcək. Bu layihələrin tam icrası 2016-cı ildə başa çatdırılacaq və 5 mindən çox yeni iş yerlərinin açılmasına şərait yaranacaqdır.

Son illər Gəncədə “Qənnadı”, “Elba”, “Neon”, “Gəncə Şərab-2", ”Əlvanmetal" və digər müəssisələr öz istehsal güclərini xeyli artırıblar, yeni istehsal sahələri yaradılıb, ən müasir avadanlıqlar quraşdırılıb, məhsulların çeşidi çoxalıb. Təkcə “Gəncə Şərab-2" ASC-nin üzüm bağlarının sahəsi 265 hektara çatıb.

 

Bir ildə 175 milyon manatdan çox vəsait

 

2012-ci ildə şəhərin iqtisadi və sosial sahələrinin inkişafına bütün maliyyə mənbələrindən əsas kapitala 175,2 milyon manatdan çox vəsait yönəldilmişdir. Gəlin razılaşaq ki, az vəsait deyil və Gəncənin bu gün gözlərimiz önündə necə dəyişməsinin şahidi oluruq. İstifadə edilmiş vəsaitin çox böyük bir qismi, yəni 85,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Başqa sözlə, əvvəlki illə müqayisədə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı 34,6 faiz  artmışdır.

Yazının əvvəlində qeyd etdik ki, Gəncədə abadlıq, quruculuq işləri bir an belə dayanmayıb, onun davamlılığı ilə yanaşı sürətləndirilməsi də təmin edilib.

Obyektlər, özü də nəhəng obyektlər çoxdur. Onların hamısında aparılan tikinti-quraşdırma işlərinə şəhər icra hakimiyyəti tərəfindən həm nəzarət var, həm də konkret köməklik. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev kiçik bir dalanda da aparılan təmir-tikinti işlərinə özü baş çəkir, işin gedişi ilə maraqlanır, problem yaranırsa, onu yerindəcə həll edir, sakinlərlə görüşür, onların arzu və istəklərini nəzərə alır. Nəticədə Gəncənin hər yerində yeni binalar ucaldılır, bərpa edilir, yollar genişləndirilir, kommunikasiya xətləri dəyişdirilir və sair.

Ulu öndər Heydər Əliyevin əvəzedilməz irsinin daha da mükəmməl öyrənilməsi, onların gənc nəslə aşılanması, layiqincə çatdırılması məqsədi ilə ən müasir layihəyə əsasən faydalı sahəsi 4500 kvadratmetr olan üçmərtəbəli Heydər Əliyev Mərkəzinin tikintisi davam etdirilir. Bu möhtəşəm binada müxtəlif dərnəklər, sərgi zalı, elektron və adi kitabxana, ekspozisiya və müşavirə zalları da nəzərdə tutulub.

Ölkə Prezidentinin xeyir-duası ilə təməli qoyulmuş, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvi muzeyinin, “İmamzadə” kompleksinin, Uşaq Yaradıcılıq və Məhsəti Mərkəzlərinin, Gəncə Dövlət Filarmoniyasının da tikintilərində işlərin sürəti artmışdır.

Nizami, Xətai prospektlərində, F.Əliyev, Ə.Məmmədov, Ü.Hacıbəyov, M.Xələfov, V.Xuluflu, Q.Hüseynli keçələrində yollar genişləndirilmiş, bardürlər düzülmüş, asfalt örtüyü salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Yolkənarı tikililər də abadlaşdırılır, dam örtükləri dəyişdirilir, hasarlar inşa olunur, fasadlara   aqlay vurulur, gül-çiçək kolları əkilir, reklam-dizayn işləri yenilənir.

Maraqlı, həm də ürəkaçan məqamlardan biri budur ki, yol genişləndirilərkən, küçədə və ya dalanda abadlıq işləri aparılarkən əhali narazılıq yox, minnətdarlıq bildirir. Mən özüm küçədə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin əllərini sıxıb öz səmimi ürək sözlərini bildirən, ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını çatdırmağı xahiş edən neçə-neçə şəhər sakini görmüşəm. Təbii ki, bu cür mənzərəni kənardan izləmək, görmək olduqca xoşdur.

Gəncənin gündüzləri ilə yanaşı, gecələri də gözəldir. Bir vaxtlar qaranlığa   bürünən küçə və prospektlər indi süd kimi bəyaz işıqlara qərq olur. İşıq dirəkləri, çıraqlar özünün orijinallığı, milli-memarlıq üslubuna görə çox baxımlıdır və yoldan ötənlərin istər-istəməz diqqətini cəlb edir.

Çox vacib və çətin, xeyli maliyyə vəsaiti tələb edən dam örtüklərinin dəyişdirilməsi, mansard formasında tamamilə yenidən qurulması keçən il də davam etdirilmişdir. Təkcə 2012-ci ildə 25 min 300 kvadratmetrdən çox ictimai yaşayış binalarının dam örtükləri təmir olunmuş, ayrı-ayrı ərazilərdə səliqə-sahman işləri aparılmışdır. Belə getsə, tezliklə Gəncədə bir dənə də olsun yararsız dam örtüyü  olan bina qalmayacaq.

Binaların özlərinin xarici görkəmi tamamilə dəyişdirilir və bəzən onları tanımaq da olmur. Adi, yöndəmsiz beşmərtəbəli bir bina tarixi-memarlıq üslubunda olan bir binaya çevrilir. Təbii ki, bütün bunlar asanlıqla başa gəlmir, vaxt tələb edir, vəsait lazım olur və sair.

Gəncəçayın şəhərin içərisindən keçən hissələrində də məqsədyönlü, planauyğun işlər görülür, sahilbərkitmə tədbirləri həyata keçirilir. Ötən il ərzində bu işlərə 500 min manatlıqdan çox vəsait yönəldilmişdir. Gəncəçayın sağ hissəsində ilkin olaraq 1,2 kilometr uzunluğunda salınacaq parkda yeni infrastruktur layihələr həyata keçiriləcək ki, bu da şəhərin qədim görkəminə yeni bir müasirlik gətirəcəkdir.

Hacıkənd qəsəbəsi də öz görkəmini dəyişdirir. Keçən il burada min metrlərlə istinad divarları hörülmüş, aqlayla üzlənmiş, qəsəbədaxili küçələr abadlaşdırılmış, yeni işıqlandırma sistemi quraşdırılmış, onlarla bina əsaslı təmir olunmuşdur. Sel sularının zərərli təsirinin qarşısını almaq üçün yeni bəndlər tikilmişdir. Qəsəbədə kommunal infrastruktur yenidən qurulur. Z.Tağıyev adına park, “Qoşa”, “Çömçə” bulaqları əsaslı təmir olunmuşdur. Qəsəbənin girişində “Qapı” kompleksinin inşası davam etdirilir. Ümumiyyətlə, təkcə Hacıkənd qəsəbəsi deyil, şəhərin digər qəsəbə və yaşayış məhəllələri də necə deyərlər, “ikinci həyatı” yaşayır. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə yeni yaradılmış qəsəbələri şəhərdaxili yollarla birləşdirən avtomobil yollarının tikintisi üçün Gəncə Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır. Artıq Məhsəti, Natəvan və Şıxzamanlı qəsəbələrində 81 min kvadratmetrdən  çox asfalt örtüyü salınmış, bir neçə min paqonmetr səki daşı düzülmüş, digər təmir-tikinti işləri aparılmışdır.

Şəhərdə yaşıllıqların salınmasına, onların qorunmasına, qulluğuna xüsusi diqqət göstərilir. Bu gün şəhərin nəinki mərkəzi meydanında, eləcə də müxtəlif yerlərində 120 min ədəddən çox ağac, 96 minə yaxın mövsümi gül və çiçək əkilmiş, 11 hektar sahədə çəmənlik salınmış, 13 ədəd subartezian quyusu təmir olunaraq istifadəyə verilmişdir.

Məişət tullantılarının yığılması və zərərsizləşdirilməsi istiqamətində də mühüm işlər aparılır. Görülən tədbirlərdən biri də ölkə başçısının tapşırığına əsasən Gəncə şəhərinə müxtəlif təyinatlı 7 ədəd sanitar kommunal nəqliyyat vasitələri və 350 konteynerin  gətirilməsidir.

Gəncədə bu gün nə iş görülürsə, hamısı yerli mühəndislərin, ustaların, fəhlələrin əlləri ilə ərsəyə gəlir. Hazırda yuxarıda adlarını çəkdiyimiz obyektlərdə 800 nəfərə yaxın işçi çalışır.

 

Sosial problemlər diqqət mərkəzində

 

Gəncədə əhalinin sosial problemlərinin həllinə bir kompleks yanaşma var. Qaz, elektrik enerjisi, su, nəqliyyat, ticarət, iaşə, səhiyyə və digər xidmətlər günü-gündən təkmilləşdirilir və müasir səviyyəyə çatdırılır. Ötən il bu sahədə nə işlər görülüb, onları sadalamaq fikrində deyilik. Təkcə onu qeyd etmək lazımdır ki, görülən işlər - tez-tez sıradan çıxan dəmir boruların polietilen borularla əvəz olunması, onların hamısının torpağın altına basdırılması, sayğacların quraşdırılması, eybəcər elektrik xətlərinin yığışdırılması, şəhərə 4 istiqamətdən yeni su xətlərinin çəkilməsi və digər işlər Gəncəni tezliklə ən müasir, inkişaf  etmiş Avropa şəhərləri ilə bir araya qoymağa imkan verəcəkdir. Onsuz da elə indinin özündə Gəncəyə gələn xarici qonaqlar öz heyrətlərini gizlədə bilmir, şəhərin necə füsunkar, gözəl olduğunu dilə gətirirlər.

Gəncə artıq ən böyük beynəlxalq tədbirlərin mərkəzinə çevrilir. Keçən il dahi Nizami Gəncəvinin yubiley tədbirlərinə 45 ölkədən 150 nəfərdən çox qonaq qatılmışdı. Qonaqların şəhərdən aldıqları təəssüratlar barədə qəzetimizin əvvəlki nömrələrində yazmışdıq və deyilənləri bir cümlə ilə belə ifadə etmək olar: Gəncə qədimliyi və müasirliyi özündə birləşdirən füsunkar şəhərə çevrilir.

Abidələrə əl gəzdirilir. “Şah Abbas və Uğurlu xan” karvansaralarında əsaslı təmir-bərpa işləri davam edir. “Zərrabi” Nizami Poeziya teatrı əsaslı təmir-bərpa edilərək istifadəyə verilmişdir.

Şəhərin girişində Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən “Qala” kompleksinin tikintisi sürətləndirilmişdir. Dövlət Kamera Orkestrinin binasında, Uşaq Rəssamlıq Məktəbində, İncəsənət Məktəbinin Gülüstan yaşayış sahəsindəki filialında, uşaq musiqi məktəblərində təmir işləri aparılmışdır.

Dövlət başçısının tövsiyəsi ilə sonuncu dəfə XIX əsrdə bərpa edilmiş “İmamzadə” kompleksində indi yüksək səviyyədə,  keyfiyyətlə aparılan təmir-bərpa və tikinti işləri də sürətləndirilmişdir. Bu il əzəmətli dini tarixi kompleks təmirdən sonra istifadəyə veriləcəkdir.

Şəhər əhalisinin asudə vaxtının və istirahətinin yaxşılaşdırılması məqsədi ilə Fikrət Əmirov, A.Səhhət, C.Cabbarlı, M.Hadi və İstiqlal parkları ilə yanaşı Əziz Əliyev və Məhsəti Gəncəvi adına yeni parklar salınır. Nizami guşəsində, Z.Tağıyev parkında aparılan yenidənqurma və bərpa işləri başa çatmışdır.

Nizami Gəncəvi muzeyinin və Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzinin tikintisi davam edir. Cari ildə yeni kitabxana-informasiya kompleksinin tikintisi nəzərdə tutulur.

Ötən il Dövlət Bayrağı Meydanı yenidən qurulmuş, “Xəmsə” memarlıq kompleksi, N.Nərimanov parkı və digər mədəniyyət obyektləri turistlər üçün şəhər üzrə səyahət proqramına daxil edilmişdir.

İdmanda nailiyyətlər qazanılmışdır. Gəncə güləş məktəbinin yetirməsi Toğrul Əsgərov London Yay Olimpiya Oyunlarında qızıl medal qazanmışdır. Bütövlükdə son bir ildə müxtəlif səviyyəli respublika, Avropa, dünya birinciliklərində və digər beynəlxalq yarışlarda iştirak edən Gəncə idmançıları 245 müxtəlif əyarlı medal, o cümlədən 117 qızıl, 68 gümüş və 60 bürünc medal əldə etmişlər.

Təhsildə, səhiyyədə, mədəniyyətdə və digər sahələrdə olan yeniliklər, yeni tikilən və əsaslı təmir olunan obyektlər, ən müasir avadanlıqların tətbiqi və digər işlər vəziyyəti əsaslı surətdə dəyişdirmişdir. Səhiyyə ocaqlarında, tədris müəssisələrində hərtərəfli şərait yaradılır, istilik sistemləri yenidən qurulur, infrastruktur dəyişdirilir.

Şəhərin elmi potensialı, imkanları da genişlənir. Ötən ilin dekabrında ölkə Prezidentinin imzaladığı “Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin təsis edilməsi haqqında” sərəncamı hamının ürəyindən xəbər vermişdir və buna görə Gəncə ziyalıları cənab İlham Əliyevə hədsiz minnətdarlıqlarını bildirmişlər. Həmin sərəncama əsasən  Gəncədə bir neçə institut, o cümlədən Nizami Gəncəvi Mərkəzi, Nəbatat Bağı yaradılacaqdır.

 

 Yuxarı təşkilatlara ərizələrin sayı azalır

 

Gəncə Şəhər İcra Hakimiyyəti və onun strukturları əhali ilə əlaqələri daha da möhkəmləndirir, daim onların problemləri ilə maraqlanır. Bu baxımdan səyyar qəbullara xüsusi fikri verilir, hər bir ərazidə qaldırılan problem operativ öyrənilir və konkret köməklik göstərilir. Çox zaman qaldırılan məsələlər elə yerindəcə həll olunur. Məhz bunun nəticəsidir ki, şəhər icra hakimiyyəti başçısı aparatına daxil olan müraciətlərin sayı getdikcə azalır. Məsələn, keçən il azalma 2011-ci illə müqayisədə 19,2 faiz təşkil etmişdir. Rəhbər orqanlardan, o cümlədən Prezident Administrasiyasından daxil olmuş müraciətlərin sayı da müvafiq olaraq 11,2 və 16,8 faiz azalmışdır. Onu da qeyd edək ki, müraciətlərin böyük bir hissəsi, yəni 74 faizi mənzil, torpaq, tikinti məsələləri ilə əlaqədardır.

Şəhid ailələrinə və digər imtiyazlı adamlara daim diqqət və qayğı var. Şəhidlər Xiyabanının yenidən qurulması əzəmətli bir abidənin ucaldılmasını şəhər əhalisi, xüsusilə şəhid valideynləri hədsiz razılıqla qarşılamışlar.

...Gəncə dinamik inkişaf edir   bu, göz qabağındadır. Başqa sözlə, Gəncə  yüksələn  xətt üzrə  dəyişən bir şəhərdir.

Yazını bu günlərdə 2012-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda hesabat məruzəsi ilə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin bu sözləri ilə yekunlaşdırırıq:

-“Şəhərimizə növbəti səfəri zamanı cənab Prezidentimizin bir fikrini xatırlatmaq istərdim: “Gəncə çox qədim, gözəl tarixi şəhərdir. İndi şəhər qədim simasını saxlamaqla, yeni müasir yanaşma ilə daha da gözəlləşir. Parklar, binalar bərpa edilir, gözəl küçələr salınır, Gəncə dünya səviyyəli şəhərə çevrilir”.

Ölkə başçısının bu uzunmüddətli proqram xarakterli fikirlərinin həyata keçirilməsi istiqamətində artıq şəhərimizdə konkret işlər görülür. Gəncə öz tarixiliyini və qədimliyini qorumaqla yanaşı, dinamik inkişaf yolunu tutaraq qısa zaman kəsiyində simasını gündən-günə dəyişməkdədir".

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2013.- 6 mart.- S. 7.