Azərbaycan Cənubi Qafqaz regionunun
lider dövlətidir
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev doqquz ildən bir qədər
çoxdur ki, ölkəyə rəhbərlik edir. Əlbəttə,
doqquz il vaxt göstəricisi kimi çox
qısa bir zaman kəsimidir, amma bu illər ərzində
ölkəmizdə çox böyük nailiyyətlər əldə
edilmişdir. Cənab İlham Əliyevin qətiyyətli,
düşünülmüş və məqsədyönlü
siyasi addımları Azərbaycan Respublikasında mövcud təbii-iqtisadi
resurslardan düzgün və səmərəli istifadəni təmin
etməklə, qısa müddətdə ölkəmizi
regionda lider dövlətə, beynəlxalq aləmdə
nüfuzlu söz sahibinə və ən əsası, öz sərvətlərinin
şəriksiz sahibinə çevirdi.
Artıq Azərbaycan Respublikası beynəlxalq aləmə
sürətlə inteqrasiya olunan, dünyada cərəyan edən
iqtisadi proseslərdə özünəməxsus yeri və
mövqeyi olan, dinamik iqtisadi inkişafını və siyasi
stabilliyini təmin etmiş müstəqil bir dövlətdir. Müasir Azərbaycan
mötəbər kürsülərdən öz
sözünü deməyə, öz haqlı mövqeyini
bildirməyə və qorumağa tam qadirdir və zəngin
iqtisadi potensiala malikdir. Xalqımız müstəqilliyin
ilk illərində məlum səbəblərdən bərbad
hala düşmüş ölkə iqtisadiyyatında tərəqqiyə
nail olunmasına, çox kövrək, zəif və xaotik
dövlət siyasətinin güclü və aparıcı
mövqeyə yüksəlməsinə, eləcə də
vahid məqsədə xidmət etməsinə, qədim tarixi
və çoxəsrlik zəngin mədəniyyəti olan uca
millətimizin bütün dünyada tanıdılması
istiqamətində yorulmaz fəaliyyətinin nəticələrinə
görə ümummilli lider Heydər Əliyevə minnətdardır.
Dünya təcrübəsindən də məlumdur
ki, dövlət başçısı ölkənin inkişaf
tələblərini və xalqın mənafeyini dəqiqliklə
qiymətləndirməyə qadir olan, ölkənin mədəni,
iqtisadi və təbii resurslarını, potensialını əhalinin
rifahı və dövlətçiliyin inkişafına
yönəltməyi bacaran şəxs olmalıdır. Bu
mənada Azərbaycan xalqı xoşbəxtdir ki, tarix
xalqımıza Heydər Əliyev kimi dünya miqyaslı
şəxsiyyət, eləcə də xalqımızın və
dövlətimizin qarşısında duran çətinlikləri
aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda
hüquqi, dünyəvi, demokratik inkişaf yoluna
çıxarmağa qadir olan dövlət başçısı,
ümummilli lider bəxş etmişdir. Eyni
zamanda, belə bir reallıq da mövcuddur ki, əsl siyasətçinin
və liderin başlıca xüsusiyyətlərindən biri də
özündən sonrakı dövrü düzgün təhlil
etməsi, layiqli davamçı yetişdirməsidir. Əlbəttə, dahi Heydər Əliyevin
ucalığını, vətənə və millətə
məhəbbətini, əsl ümummilli lider olmasını
sübut edən nümunələrdən biri də İlham Əliyev
kimi uzaqgörən, Heydər Əliyev ideyalarını
layiqincə davam etdirməyə qadir olan siyasətçi
yetişdirməsidir. Başqa sözlə
desək, biz ümummilli lider Heydər Əliyevə həm də
ona görə borcluyuq ki, o, özündən sonrakı Azərbaycanı
təsadüflərin ixtiyarına buraxmadı, layiqli
davamçı və gənc lider yetişdirdi.
“Mən hər
bir Azərbaycan vətəndaşının Prezidenti
olacağam” deməklə fəaliyyətə başlayan cənab
İlham Əliyev ötən illər ərzində öz
praktiki fəaliyyətində, sözün əsl mənasında,
hər bir kəsin prezidenti olduğunu sübut edərək,
ölkəmizdə dinamik sosial-iqtisadi tərəqqini təmin
edən ictimai-siyasi sabitliyin qorunub saxlanması, Azərbaycan
Respublikasının beynəlxalq arenada nüfuz və
mövqelərinin möhkəmləndirilməsi, ictimai həyatın
bütün sahələrində mütərəqqi
islahatların aparılması istiqamətində çox
mühüm addımlar atmışdır. Ümummilli
liderin iqtisadi strategiyasının “...biz Azərbaycanı
güclü dövlətə çevirməliyik. Bu vəzifə bir müddət əvvəl
qarşıya qoyulmuşdur və biz bu məqsədə
doğru irəliləyirik. Azərbaycanda
aparılan iqtisadi islahatlar öz səmərəsini verməkdədir...”
söyləyən cənab İlham Əliyev tərəfindən
inamla həyata keçirilməsinin nəticəsi olaraq Azərbaycan
dövləti müstəqilliyin möhkəmləndirilməsi,
tarazlı və davamlı inkişafın təmin edilməsi
istiqamətində atdığı addımları və əldə
etdiyi iqtisadi uğurları ilə dünyanın
aparıcı dövlətinə, eləcə də beynəlxalq
aləmdə nüfuzlu söz sahibinə çevrilmişdir.
Artıq dünya birliyinə yaxından
inteqrasiya olunan müstəqil Azərbaycan Respublikasında
bütün proseslər xalqımızın milli mentalitetinə
və dövlətçılik prinsiplərinə uyğun
olaraq beynəlxalq birliyin, nüfuzlu beynəlxalq təşkilatların
rəyləri nəzərə alınmaqla müasir
dövrün tələbləri səviyyəsində
qurulmaqdadır. Ölkə
başçısı cənab İlham Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə reallaşan iri yerli və regional
layihələr nəticəsində Azərbaycan dövləti
öz iqtisadi nəticələri ilə dünyanın sürətlə
inkişaf edən ölkələri sırasındadır.
2003-cü ildən həyata keçirilən
sosial-iqtisadi inkişaf siyasəti iqtisadi islahatların dərinləşdirilməsi,
mövcud potensialın gücləndirilməsi və ondan
istifadənin səmərəliliyinin yüksəldilməsi əsasında
ölkədə dinamik sosial-iqtisadi inkişafın
davamlılığının təmin olunmasına, bu sahədə
artıq əldə olunmuş nailiyyətlərin daha da
möhkəmləndirilməsi və artırılmasına
xidmət etmişdir. Ümumilikdə, İlham Əliyevin 2003-2012-ci illəri
əhatə edən prezidentlik dövründə əldə
edilmiş iqtisadi uğurlara makroiqtisadi sabitliyin qorunub
saxlanılması və davamlı iqtisadi artımın təmin
edilməsi, iqtisadi idarəetmənin səmərəliliyinin
yüksəldilməsi, qeyri-neft sektorunda inkişafın
sürətləndirilməsi, investisiya mühitinin
yaxşılaşdırılması və regionlarda
sahibkarlığın, istehsal, sosial infrastrukturların
inkişafı, bu sahədə stimullaşdırıcı
addımların atılması, ölkədə yoxsulluğun
səviyyəsinin əhəmiyyətli şəkildə
azaldılması, məşğulluğun təmin edilməsi,
milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli
inteqrasiyası istiqamətində fəaliyyətin gücləndirilməsi
və s. kimi məsələləri aid etmək olar. Bu uğurlu siyasətin sosial-iqtisadi nəticələrini
statistik məlumatlar da bir daha təsdiq edir.
Belə
ki, yalnız 2003-2010-cu illərdə ÜDM real ifadədə
3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2
dəfə, xarici ticarət dövriyyəsi 5,4 dəfə,
strateji valyuta ehtiyatları 19 dəfə artmışdır.
Eyni zamanda, adambaşına düşən ÜDM-in həcmi
2003-cü ilin göstəricisi ilə (872,7
manat) müqayisədə nominal ifadədə 5,3 dəfə,
real ifadədə isə 2,7 dəfə artaraq 2010-cu ilə
4653,3 manat təşkil etmişdir. Bu müddət ərzində
ölkə üzrə işsizlik səviyyəsi 1,6 dəfə, yoxsulluq səviyyəsi isə
4,9 dəfə azalmış, son 7 ildə əhali gəlirlərinin
artımı (4,5 dəfə) inflyasiya səviyyəsini (1,9 dəfə)
qabaqlaması nəticədə əhalinin gəlirləri real
ifadədə 2,3 dəfə artmışdır.
Bütün
bunların beynəlxalq təşkilatlar tərəfindən dəqiqliklə
qiymətləndirilməsi və Dünya Bankı kimi
nüfuzlu bir beynəlxalq təşkilatın Azərbaycanı
“Doing Business” proqramında (2008-ci il) bir nömrəli
islahatçı ölkə kimi tanıması,
dünyanın ən mötəbər qurumlarından olan
Dünya İqtisadi Forumunun makroiqtisadi sabitlik, əmək
bazarının səmərəliliyi, dövlət idarəetməsinin,
infrastruktur təminatının və maliyyə
bazarının mükəmməllik səviyyəsi və bu
kimi digər mühüm meyarlar əsasında 2009-2010-cu illər
üçün hazırladığı “Qlobal Rəqabətlilik
Hesabatı”nda Azərbaycanın 18 pillə irəliləyərək
133 ölkə arasında 51-ci, MDB ölkələri
arasında isə 1-ci yerə yüksəlməsi onu göstərir
ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli, stabil və
dinamikdir. Məlumat üçün qeyd edək
ki, adıçəkilən hesabatda qonşu ölkələrdən
Türkiyə 61-ci, Rusiya 63-cü, Qazaxıstan 67-ci, Ukrayna
82-ci, Gürcüstan 90-cı yerdədir. Bu
isə təbii ki, ölkəmizdə aparılan
islahatların, düzgün siyasətin və atılan
addımların real nəticəsidir. Məlumat
üçün qeyd edək ki, Azərbaycan Dünya
İqtisadi Forumunun hazırladığı “Qlobal Rəqabətlilik
Hesabatında” 57-ci yeri tutmuşdur. Bu nəticəyə
görə ölkəmiz MDB məkanında liderliyini
qorumuşdur. Azərbaycan makroiqtisadi
sabitlik göstəricisinə görə də bütün
MDB ölkələrini qabaqlayaraq 13-cü yerdə qərarlaşmışdır.
Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə
Korporasiyasının (BMK) “Doing Business 2011: ”Sahibkarlıq
üçün şəraitin
yaxşılaşdırılması” birgə
hesabatının nəticələrinə əsasən, Azərbaycan
sahibkarlıq fəaliyyəti üçün əlverişli
şərait reytinqində 183 ölkə arasında 54-cü
yeri tutmuşdur.
Təbii ki, ümumi iqtisadi inkişaf ayrı-ayrı sahələrin
tərəqqisi əsasında əldə edilir. Belə ki, ölkə
iqtisadiyyatının əsasını təşkil edən və
ÜDM-də xüsusi çəkisi 50 faizdən yüksək
olan (2010-cu ildə 52,5 faiz) sənaye sahəsində
2003-2011-ci illər ərzində davamlı inkişaf
müşahidə olunmuş, məhsul istehsalının real
artımı orta hesabla 14,7 faizə çatmışdır.
Neft və qaz hasilatı üzrə ölkəmizdə
qazanılmış tarixi rekord nəticələr hər il təzələnməkdədir. Belə ki,
Azərbaycanda neft hasilatı tarixində ən yüksək
göstərici 1941-ci ilə (23,5 milyon
ton), qaz hasilatında isə 1982-ci ilə (14,9 milyard kubmetr) təsadüf
etmişdisə, 2007-ci ildə hasil edilmiş neftin həcmi
42,6 milyon ton, təbii qazın həcmi 16,9 milyard kubmetr, 2010-cu
ildə isə bu rəqəmlər 50,8 milyon. ton
və 26,3 milyard. kubmetrə
çatmışdır. Bu illər ərzində
“Azəri” və dərinsulu “Günəşli” yataqlarından
neftin, “Şahdəniz” yatağından qazın hasilatına
başlanmışdır. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft
boru kəmərinin, Cənubi Qafqaz qaz kəmərinin tikintisi
tamamlanmış və kəmərlər istismara
verilmişdir.
Bütün bunlarla yanaşı, 2010-cu ildə “Ümid”
qaz yatağı kəşf edilmişdir. Yatağın
təxmınən 200-250 milyard kubmetr qaz ehtiyatına malik
olduğu ehtimal edilir. Yataqdan qazla bərabər
30-40 milyon ton qaz kondensatının da hasil edilməsi gözlənilir.
Ümumiyyətlə, ölkənin qaz
ehtiyatlarının həcmi 2 trilyon kubmetrdən çoxdur.
Bu da ölkəni təbii qazla tam təmin etməyə
və hətta onun bir hissəsinin xaricə ixracına əlverişli
şərait yaradır. O cümlədən, “Azərbaycan
Respublikasının yanacaq enerji kompleksinin inkişafı
(2005-2015- ci illər) üzrə Dövlət Proqramı”na
uyğun olaraq ölkədə müasir və səmərəli
elektrik stansiyalarının, yüksək gərginlikli elektrik
xətlərinin və yarımstansiyalarının tikintisi,
paylayıcı şəbəkə təsərrüfatında
əsaslı islahatlar və texniki yenidənqurma işləri
üzrə layihələr həyata keçirilmişdir. Mühüm enerji layihələri həyata
keçirilmiş, yeni elektrik stansiyalarının tikilib işə
salınması, elektrik enerjisi şəbəkələrinin
infrastrukturunun yeniləşdirilməsi əhalinin və
iqtisadiyyatın elektrik enerjisinə olan tələbatının
daha etibarlı və tam ödənilməsinə imkan
vermişdir.
Ölkə
başçısı regionlarda mövcud olan əmək
ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli
istifadəni təmin etmək, iqtisadiyyatın qeyri-neft
sektorunun inkişafı və aqrar sektorda islahatları sürətləndirmək,
yeni iş yerləri yaratmaq, məşğulluq səviyyəsini
və insanların yaşayış şəraitini yüksəltməklə
yoxsulluğu azaltmaq, infrastruktur sahələrini təkmilləşdirmək
və yeniləşdirmək, əlverişli investisiya şəraiti
formalaşdırmaqla ölkənin, xüsusilə,
regionların investisiya cəlbediciliyinə nail olmaq, mövcud
potensiala və yerli şəraitə uyğun müasir müəssisələr
yaratmaq və beləliklə də tarazlı regional
inkişafa nail olmaq istiqamətində sistemli tədbirlərin
həyata keçirilməsi məqsədi ilə 2004-cü il
11 fevral tarixli fərmanı ilə “Azərbaycan
Respublikasının regionlarının sosial-iqtisadi
inkişafı (2004-2008-ci illər üzrə) Dövlət
Proqramı”nı təsdiq etmişdir. Eyni zamanda, ölkə
başçısı son beş ildə
Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran, Aran, Gəncə-Qazax
və s. iqtisadi rayonlarına daxil olan şəhər və
rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə sərəncamlar da imzalamışdır.
Bütün bunlarla yanaşı, Azərbaycan hökumətinin
sosial məsuliyyət prinsipinə ciddi riayət edərək
vaxtaşırı xalq qarşısında hesabat verməsi
artıq ənənə halını almışdır. Bu istiqamətdə bir məsələni
də xüsusi qeyd etmək lazımdır ki, cənab
İlham Əliyevin Azərbaycanın dövlətçilik
tarixində əsasını qoyduğu xoş bir ənənə
də mövcuddur ki, bu da prezidentlik vəzifəsinin kabinetdən
regionlara keçirilməsi, verilən göstərişlərin
icra vəziyyətinə birbaşa nəzarət
olunmasıdır. Məhz bunun nəticəsidir ki, yalnız
2003-2008-ci illər ərzində ölkə
başçısı regionlara 127 səfər etmiş, o
cümlədən 6 dəfə Naxçıvan Muxtar
Respublikasında olmuş, yerlərdə görülən
işlərlə maraqlanmış, tapşırıq və
tövsiyələrini vermiş, Azərbaycan
Respublikasının regionlarının sosial-iqtisadi
inkişafı (2004-2008-ci illər üzrə) Dövlət
Proqramı”nda nəzərdə tutulmuş vəzifələrin
icrası ilə tanış olmuş, ölkəmizin
abadlaşması və inkişafı üçün əhəmiyyətli
olan 500-dək müəssisə və obyektin təməlqoyma
və açılış mərasimlərində şəxsən
iştirak etmişdir. Sumqayıt şəhərində, Quba,
Şəki, Astara və Xaçmaz rayonlarında elektrik
stansiyaları, Gəncədə “Kəpəz” markalı
avtokran, “Belarus” tipli traktor və “Maz” tipli ağır
tonnajlı yük avtomobili istehsal edən avtomobil zavodu,
İmişlidə şəkər zavodu, Şamaxıda
müasir standartlara cavab verən televizorlar, kondisionerlər
istehsal edən zavod, Naxçıvanda “Lifan” markalı minik
avtomobilləri istehsal edən avtomobil zavodu, müxtəlif
regionlarda asfalt-beton zavodları, Abşeron rayonunda duz zavodu, Lənkəran
rayonunda yağ-süd, dondurma və pivə zavodları,
Masallı rayonunda mebel zavodu, Biləsuvar rayonunda konserv zavodu,
Hacıqabul rayonunda kərpic zavodu, Xaçmaz rayonunda konserv və
pivə zavodları, Qəbələ rayonunda meyvə şirələri
istehsal edən zavod və Gədəbəy rayonunda
qızıl-mis emalı zavodu və s. yüzlərlə yeni sənaye
müəssisələri yaradılmış və məhsul
növlərinin çeşidi xeyli artmışdır. Nəticədə regionlarda mövcud potensialdan səmərəli
istifadə etməklə istehsal müəssisələrinin fəaliyyəti
daha da genişləndirilmiş, ixrac yönümlü məhsul
istehsalının stimullaşdırılması, yerli
sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat
səviyyəsinin yüksəldilməsi, məşğulluğun
artırılması və ölkə iqtisadiyyatının
dinamik inkişafının təmin edilməsi istiqamətində
müəyyən uğurlar əldə edilmişdir.
Son illər sürətlə inkişaf edən sahələrdən
biri də aqrar sektordur. Statistik məlumatlardan aydındır ki, yalnız
2003-2008-ci illər ərzində aqrar bölmədə real
artım 4,5 faiz olmuş, 1191 kollektiv, 156 kənd təsərrüfatı
istehsal kooperativləri, 2651 kəndli-fermer təsərrüfatı
yaradılmışdır. Eyni zamanda, ölkə
başçısının sərəncamı ilə kənd
təsərrüfatı istehsalçılarına məhsul
istehsalı üçün istifadə etdikləri
yanacağın, motor yağlarının və mineral gübrələrin
dəyərinin təqribən 50 faizinin dövlət tərəfindən
ödənilməsi, “Aqrolizinq” Səhmdar Cəmiyyətinin
yaradılması, onun köməyi ilə kənd təsərrüfatı
texnikasının və texnoloji avadanlığın lizinqlə
verilməsi, ödəmə müddətinin 5 ildən 10 ilə
qədər artırılması, buğda
istehsalçılarına əkilən hər hektar sahəyə
görə 40 manat miqdarında yardım verilməsi və s. tədbirlərin
nəticəsidir ki, aqrar bölmədə bütün zəruri
məhsulların istehsalı üzrə müvafiq uğurlar təmin
edilmişdir.
Belə
ki, regionların sosial-iqtisadi inkişafı üzrə
dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin
həyata keçirilməsi və “Kənd təsərrüfatı
məhsulları istehsalçılarına dövlət dəstəyi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli sərəncamına uyğun
olaraq həyata keçirilən tədbirlər nəticəsində
əhalinin normal yaşayışı üçün
xüsusi əhəmiyyət kəsb edən aqrar sektor sürətlə
inkişaf etməkdədir. Aqrar sektorun inkişafı istiqamətində:
-kənd
təsərrüfatı məhsulları
istehsalçılarının məhsul istehsalı
üçün istifadə etdikləri yanacağın, motor
yağlarının və mineral gübrələrin 50 faizinin
dövlət tərəfindən ödənilməsi;
-buğda
istehsalçılarının maddi marağının
artırılması və buğda
istehsalçılarının stimullaşdırılması
məqsədilə dövlət büdcəsinin vəsaiti
hesabına əkilən hər hektar üçün 40 manat
yardımın verilməsi;
-məhsuldarlığa təsir göstərən
reproduksiyalı toxum materialının satışına
görə hər kq-a 30-40 faiz əlavə maliyyə vəsaitinin
ayrılması;
-həmçinin,
2009-cu ilin yanvar ayının 1-dən “Kənd təsərrüfatı
məhsulları istehsalçılarına müddətli vergi
güzəştlərinin verilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununun qüvvədə olma müddətinin
5 il müddətinə uzadılması;
-müntəzəm
olaraq kənd təsərrüfatı məhsullarının
satışı üzrə yarmarkaların təşkil edilməsi;
-kənd
təsərrüfatı istehsalçılarına yardım
etmək məqsədilə “Aqrar bölmədə lizinqin
genişləndirilməsi sahəsində əlavə tədbirlər
haqqında” 23 oktyabr 2004-cü il tarixli sərəncamı
əsasında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin
yaradılması;
-meyvə və tərəvəz məhsullarının
saxlanılması üçün xüsusi anbarların tikilməsi
kimi vacib məsələlər həyata keçirilmişdir.
Məhz
yuxarıda sadalanan tədbirlər nəticəsində
2003-2010-cu illərdə kənd təsərrüfatının
ümumi məhsulu real ifadədə hər il orta hesabla 3,7 faiz artmışdır. Ərzaq təhlükəsizliyinin
milli səviyyədə gücləndirilməsi
baxımından qeyd etmək olar ki, kartof, tərəvəz,
bostan məhsulları, meyvə və giləmeyvə, süd,
mal və qoyun əti, şəkər, meyvə şirələri,
habelə digər əsas ərzaq məhsulları ilə Azərbaycan
özünü tam təmin edir.
Son illərdə ölkənin sürətlə
inkişaf edən sahələrindən biri də nəqliyyat
sektoru olmuşdur. Bu sahə istər yeni yol və yol
ötürücülərinin tikilib istifadəyə verilməsi,
istər sərnişin və yük daşımalarına dair
müvafiq tədbirlərin həyata keçirilməsi, istərsə
də daşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi
və s. istiqamətlərdə atılan mühüm
addımlarla yadda qalmışdır. Şəhərdaxili
və şəhərlərarası sərnişin
daşımalarına yeni komfort və iritutumlu avtobusların cəlb
edilməsi, bütün ölkə boyunca yolların və yol
infrastrukturlarının yenidən qurulması, yollarda hərəkətin
təşkili və təhlükəsizliyi istiqamətində
müvafiq tədbirlərin görülməsi və s. Azərbaycan
hökumətinin bu istiqamətdə atdığı
addımların bir hissəsidir. Məhz ölkə
başçısının qətiyyətliliyinin, verilən
tapşırıqların icrasına birbaşa və ciddi nəzarətinin,
eləcə də regional infrastrukturların inkişafına
göstərdiyi diqqət və qayğının nəticəsidir
ki, 2003-2008-ci illər ərzində ölkənin, həmçinin
regionların inkişafında böyük rolu olan
Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin
inşası, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat
dəhlizlərinin yaradılması kimi möhtəşəm
layihələr başa çatdırılmış,
Bakı-Tbilisi-Qars dəmir yolunun inşasına
başlanmış və beləliklə, Azərbaycan regionun
mühüm iqtisadi güc mərkəzinə, eyni zamanda,
dünyanın enerji təhlükəsizliyində
aparıcı mövqeyə malik güclü dövlətə
çevrilmişdir.
Nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə
2003-2008-ci illər ərzində regionlarda 1000 kilometrdən
çox magistral yollar çəkilmiş və ya əsaslı
təmir edilmiş, 600 kilometr respublika əhəmiyyətli və
2700 kilometr yerli əhəmiyyətli yollarda təmir işləri
aparılmış, 69 yeni körpü tikilmiş, 34
körpü təmir edilmiş, eləcə də
Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala
şəhərlərində müasir standartlara uyğun yeni
hava limanları tikilmişdir. Hal-hazırda da
yolların abadlaşdırılması, yenidən
qurulması, Ələt qəsəbəsində böyük
terminalın yaradılması və Lənkəranda yeni dəniz
limanının tikintısi və s. istiqamətlərdə
işlər davam etdirilir.
Təbii
ki, bütün bunlar milli iqtisadiyyatın digər sahələri
ilə yanaşı, turizm, nəqliyyat və s. kimi xidmət
sahələrinə də təsirsiz ötüşə bilməzdi.
Xüsusilə, dinamik artan yerli istehsal, sürətlə
genişlənən xarici əlaqələr, ölkəmizin əlverişli
coğrafi-strateji mövqeyi və s. səbəblərdən
daşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi,
daşımaların operativ, təhlükəsiz və
qısa zamanda təşkili artıq zərurətə
çevrilmişdir. Eyni zamanda, ölkəmizin
qoşulduğu beynəlxalq və regional layihələr Azərbaycanı
zəngin tranzit potensialına malik bir ölkəyə
çevirmişdir. Transmilli nəqliyyat proqramları və
layihələri çərçivəsində, o cümlədən
TRASEKA və Şimal-Cənub beynəlxalq dəhlizlərinin
Azərbaycan seqmentində avtomobil magistrallarının tikintisi
və yenidənqurulması, regionlarda, xüsusən dağ
rayonlarında yol şəbəkəsinin bərpası və
təkmilləşdirilməsi işləri həyata keçirilmişdir
ki, bütün bunlar da daşıma xidmətlərinin kəmiyyət
və keyfiyyət göstəricilərinin artmasına təsir
göstərmişdir. Əldə edilən
nailiyyətlər yalnız avtomobil daşımaları xidmətinə
deyil, bütün nəqliyyat xidmətlərinə təsir
edirdi. Məsələn, Azərbaycanda hasil edilmiş
karbohidrogenin dünya bazarlarına nəql edilməsi məqsədilə
illik layihə gücü 50 milyon ton olan Heydər Əliyev
adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri, eləcə
də Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara
verilmişdir ki, bu da boru kəməri
daşımalarını inkişaf etdirməklə
yanaşı, həm də ölkəmizi Avropanın enerji təhlükəsizliyində
aparıcı bir dövlətə çevirmişdir.
Bütün bunlar isə ölkəmizin dünya iqtisadi
sisteminə inteqrasiyasını şərtləndirən Heydər
Əliyev ideyalarının reallaşmasının bariz
nümunələridir. Prezident İlham Əliyevin uğurla davam
etdirdiyi çevik və ardıcıl siyasət Azərbaycanı
Xəzər regionunda əsas multimodal nəqliyyat
qovşağına və beynəlxalq aləmdə əhəmiyyət
kəsb edən neft və qaz tranziti ölkəsinə
çevirmişdir. Həmçinin,
“Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi
üzrə Tədbirlər Planı” və “Bakı şəhərində
nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə
2008-2013-cü illər üçün əlavə Tədbirlər
Planı”nda yol infrastrukturu üzrə nəzərdə
tutulmuş işlərin icrası ilə bağlı olaraq son
illərdə yol qovşaqlarının və piyada keçidlərinin
inşası və yolların yenidən qurulması davam
etdirilmişdir. Azərbaycan, Gürcüstan və
Türkiyə arasında imzalanmış “Bakı-Tbilisi-Qars
yeni dəmiryol xətti haqqında” sazişə müvafiq
olaraq, Türkiyə və Gürcüstanın ərazilərində
dəmir yolu xətlərinin inşası və yenidənqurulması
işlərinin aparılması nəticəsində Türkiyə
ilə Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsinin
yaradılması, eləcə də Qara dəniz və Xəzəryanı
ölkələrin Avropanın dəmir yolu şəbəkəsinə
qoşulması mümkün olacaqdır.
Son illər ölkədə İKT və poçt
sektoru sürətlə inkişaf edərək gəlirlərin
orta illik artım tempi 30-35 faiz arasında dəyişmişdir
və demək olar ki, inkişaf tempinə görə bu sahə
ölkə iqtisadiyyatının bütün
sektorlarını qabaqlamağa başlamışdır. Dünya təcrübəsi
göstərir ki, qeyri-neft sektorunun inkişafında informasiya
texnologiyalarının rolu xüsusilə əhəmiyyətlidir.
Daim texnoloji yeniliklərlə müşayiət
olunan İKT sektorunda həm yeni xidmət növlərinin
yaradılması, həm də mövcud xidmətlərin həcminin
genişlənməsi hesabına son illər ərzində
yaradılmış əlavə dəyərin qeyri-neft
ÜDM-də xüsusi çəkisi 4-5 faiz təşkil
etmişdir. İKT sektorunun gələcək
inkişafının hüquqi əsaslarını müəyyənləşdirmiş
“2003-2012-ci illərdə Azərbaycan Respublikasının
inkişafı üçün informasiya və kommunikasiya
texnologiyaları üzrə Milli Strategiya” sənədini əhatə
edən tədbirlərin icrasının bu sahənin
inkişafının davamlılığının təmin
edilməsində müstəsna rolu olmuşdur.
Davos
Dünya İqtisadi Forumunun “Global İnformation Technologies
2009-2010” hesabatında Azərbaycan Respublikası, əvvəlki
illərdə olduğu kimi, MDB ölkələri arasında
liderliyini qoruyub saxlamış və bu dəfə “Şəbəkə
hazırlığı indeksinə” (Networked Readiness Index)
görə dünyanın 133 ölkəsi arasında 64-cü
yeri tutmuşdur. Azərbaycan bu reytinqin ilk
yarısına düşən yeganə MDB ölkəsidir.
Qeyd edək ki, bu indeks üzrə Rusiya
80-cı, Qazaxıstan 68-ci, Ukrayna 82-ci, Gürcüstan
93-cü, Ermənistan isə 101-ci yerdə qərarlaşmışdır.
Bu hesabata əsasən Azərbaycan nəinki MDB
dövlətlərini, həmçinin Türkiyə (69-cu
yer), Polşa (65-ci yer), Misir (70-ci yer), Meksika (78-ci yer) kimi
ölkələri də qabaqlaya bilmişdir. O cümlədən,
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ)
“Measuring the Information Society – 2010” hesabatında aparılan
“İKT İnkişaf İndeksi” üzrə qiymətləndirmə
159 ölkəni əhatə etmişdir ki, bu hesabata görə
Azərbaycan 81-ci yeri tutmuşdur. Bütün
bunlardan əlavə Economist Intelligence Unit (EIU) tərəfindən
aparılan “2009-cu ildə İT-industriyada rəqabətqabiliyyətliliyin
müqayisəli təhlili” hesabatında Azərbaycan informasiya
texnologiyaları sektorunda 63-cü yerdən 61-ci yerə
yüksəlmişdir. Müsbət
haldır ki, Azərbaycan hesabatın nəticələrinə
əsasən MDB ölkələri arasında Rusiya
Federasiyası, Ukrayna və Qazaxıstandan sonra 4-cü yeri
tutmuşdur.
(ardı var)
İsa
ALIYEV,
AMEA İqtisadiyyat İnstitutunun
direktoru,
iqtisad elmləri doktoru, professor,
Aqil ƏSƏDOV,
institutun şöbə müdiri, iqtisad
üzrə fəlsəfə doktoru,
dosent
Xalq qəzeti.- 2013.- 6 mart.- S. 5.