Füzulidə həyat
standartları yüksəlir
Füzuli
rayonunda keçirilən
ümumrayon toplantısında
ölkədə gedən tərəqqi və yüksəlişin
fonunda ötən il bölgədə həyata keçirilən
mühüm işlər,
işğaldan azad
edilmiş ərazilərin əhalisinin iş və
yaşayış şəraitinin normallaşdırılması ilə
bağlı qarşıda duran vəzifələr geniş
müzakirə olundu.
Füzuli Rayon
İcra Hakimiyyətinin başçısı Alı
Alıyev hesabat məruzəsinin əvvəlində ötən ilin əlamətdar hadisələrini yada salaraq dedi ki,
tarixə çevrilmiş 2012-ci il füzulilərin
yaddaşında əvvəlki illərin uğurlu davamı
kimi iqtisadiyyatda, mədəniyyətdə, abadlıq-quruculuq
işlərində irəliləyişlərlə yadda
qalmışdır. Prezident İlham Əliyevin Füzuli
rayonuna səfəri ilə bağlı hadisələr isə
adamların xatirəsində silinməz izlər qoymuşdur.
Dövlət başçısı dekabrın 15-də
rayonumuzda olmuş, son il yarım ərzində Horadiz şəhərində
və ərazidə tikilmiş 10 yeni obyektin
açılışında iştirak etmişdir.
Prezident
İlham Əliyevin Horadiz şəhərində tikilmiş
Heydər Əliyev Parkı, Heydər Əliyev Mərkəzi,
Yeni Azərbaycan Partiyası rayon təşkilatının
inzibati binası, Gənclər Mərkəzi, Rayon Mədəniyyət
Sarayı, Şahmat Mərkəzi, 240 şagirdlik Horadiz şəhər
3 nömrəli tam orta məktəb, Əhmədbəyli kəndi
ərazisində tikilmiş 5 min
ton məhsul saxlayan soyuducu anbar və Yuxarı Qarabağ
kanalının Bala Bəhmənli kəndinin ərazisindən
keçən hissəsində yaradılmış 25
meqavatlıq Füzuli Su Elektrik
Stansiyasının (SES) birinci növbəsinin
açılışında iştirak etmişdir. Prezident
rayonda görülmüş bu işləri yüksək qiymətləndirmişdir.
Su
Elektrik Stansiyasının açılışı zamanı
ölkə rəhbəri rayon
ictimaiyyəti qarşısında çıxış edərkən
demişdir: “Mən çox şadam ki, son iki il ərzində
rayonda böyük dəyişikliklər baş vermişdir. Mən
yenə qeyd edirəm ki, Prezident kimi dördüncü dəfədir
Füzuliyə səfər edirəm. Son səfərimdən
sonra keçən dövr, doğrudan da, Füzuli rayonu
üçün çox böyük uğurlarla zəngin
olmuşdur. Qısa müddət ərzində böyük
işlər görülmüş, parklar salınmış,
yeni sənaye müəssisələri
yaradılmışdır. Abadlıq işləri
görülmüş və bu, məni çox sevindirir.
Çünki Füzuli rayonu ölkəmiz üçün
çox böyük əhəmiyyətə malik olan bir
diyardır. Füzulilər bütün dövrlərdə Azərbaycanın
müstəqilliyinin möhkəmlənməsində öz
rolunu oynamışlar. Müharibə dövründə
böyük qəhrəmanlıqlar göstərmişlər”.
Bu
yüksək qiymət, bu inam bizi ölkə
başçısı ətrafında sıx birləşməyə
səsləyir.
Prezident
İlham Əliyev rayonda olarkən qarşıda böyük
işlər durduğunu da vurğulamışdır: “Növbəti
illrədə Füzuli rayonunun inkişafı ilə
bağlı əlavə tədbirlər görüləcəkdir.
Erməni vəhşiləri tərəfindən
dağıdılmış evlərin bərpası məsələsi
də vardır. Bu gün bu barədə məsələ
qaldırıldı. Bu məsələ də öz həllini
tapacaqdır. Rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi
üçün əlavə tədbirlər görüləcəkdir...
Sizi əmin etmək istəyirəm ki, Prezident kimi bundan sonra
da Füzuli rayonunun inkişafı ilə bağlı səylərimi
göstərəcəyəm. Daim bu məsələ diqqət
mərkəzində olacaqdır. Biz hələ
çox-çox görüşəcəyik, çünki
Füzulidə gələcəkdə böyük işlər
görüləcək, böyük açılışlar
olacaqdır”.
Ölkə
başçısının füzulilərə olan
böyük məhəbbətinin, diqqətinin nəticəsidir
ki, Prezident İlham Əliyevin 17 dekabr 2012-ci il tarixli sərəncamı
ilə Füzuli rayonunun sosial-iqtisadi inkişafının
sürətləndirilməsi məqsədilə 2 milyon manat vəsait
ayrılmışdır. Həmin vəsaitlə Horadiz şəhərində
abadlıq, quruculuq işləri, küçələrin bərpası
işləri davam etdiriləcəkdir.
Məruzəçi
daha sonra bildirdi ki, artıq rayonda bir sıra işlərə
start verilmişdir. Belə ki, Horadiz şəhərində
Tarix-Diyarşünaslıq Muzeyi, Milli Qəhrəmanların
Xatirə-Abidə Kompleksi, Dövlət Bayrağı
Meydanı, Mərkəzi Kitabxana sistemi üçün
binaların tikintisinə başlanmışdır. 140
çarpayılıq Mərkəzi Xəstəxana
binasının, 320 şagirdlik gimnaziyanın, Qazaxlar, Molla Məhərrəmli,
Araz Zərgər kəndlərində orta məktəb
binalarının tikintisinə yaxın günlərdə
başlanacaqdır.
Bir
sıra kəndlərdə uşaq bağçalarının
tikintisi, məktəblərin, mədəniyyət və səhiyyə
müəssisələrinin bərpası da həyata
keçiriləcəkdir. Rayon
icra hakimiyyəti üçün inzibati binanın tikintisi də
ölkə başçısının
tapşırığına uyğun olaraq qısa müddətdə
öz həllini tapacaqdır.
“Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı” Dövlət Proqramına uyğun
olaraq Horadizdə yeni aqroservis filialı tikilmişdir ki, burada
60-70 nəfər işlə təmin olunmuşdur. Proqramda nəzərdə
tutulmuş kəndarası yolların əsaslı təmiri
istiqamətində böyük işlər
görülmüşdür. 2011-ci il iyulun 13-də ölkə
başçısının sərəncamı ilə Əhmədbəyli,
İkinci Mahmudlu, Aşağı Kürdmahmudlu, Yuxarı
Kürdmahmudlu, Alıxanlı, Beşinci Zobucuq qəsəbələrinin
yollarını əhatə edən 21,8 kilometrlik, Bala Bəhmənli,
Səngər, Araz Dilağarda, Araz Zərgər kəndlərini
birləşdirən 7,1 kilometrlik yollar əsaslı bərpa
olunmuşdur. Həmin yollardan rayonun 25 min nəfər əhalisi
istifadə edir.
Rayonda
yol infrastrukturu probleminin tam həll olunması istiqamətində
tədbirlər davam etdirilməkdədir. Belə ki, yaxın
vaxtlarda yolların bərpasına ehtiyac olan Böyük-Bəhmənli,
Əhmədalılar, Qazaxlar, Qarabağ, Şükürbəyli
kəndlərində bu vacib məsələ həll ediləcəkdir.
Bu məqsədlə respublika hökuməti, aidiyyatı təşkilatlar
qarşısında məsələ qaldırılmış
və razılıq alınmışdır. Bu ilin birinci yarısında rayon ərazisində
34,6 kilometrlik yolun əsaslı bərpası təmin olunacaq və
yol problemi həll ediləcəkdir.
Rayonun
bütün yaşayış məntəqələrinin
qazlaşdırılması istiqamətində ölkə
başçısının 2008-ci ildə verdiyi
tapşırıq uğurla davam etdirilir. Dövlət
Proqramına uyğun olaraq rayonun 39 yaşayış məntəqəsindən
19-na qaz çəkilişi başa çatmışdır.
İndiyədək Horadiz şəhəri, Arayatlı,
Babı, Mollaməhərrəmli, Şükürbəyli, Kərimbəyli,
Böyük Bəhmənli, Bala Bəhmənli, Əhmədbəyli,
Qarabağ, Aşağı və Yuxarı Kürdmahmudlu,
Alıxanlı, Əhmədalılar, Qazaxlar kəndlərinə
təbii qaz çəkilmişdir. Hazırda Zobucuq və
Qayıdış qəsəbələrinə qaz çəkilişi
davam etdirilir.
Rayonun
yaşayış məntəqələrində
telefonlaşma işi aparılmışdır. Telefona
ehtiyacı olan hər bir kəs telekommunikasiya
qovşağına müraciət edə bilər və bu
zaman hər evə telefon çəkilməsi
mümkündür.
Dövlət
Proqramında rayonun yaşayış məntəqələrinin
su təchizatının yaxşılaşdırılması
da nəzərdə tutulmuşdur ki, bu istiqamətdə əsaslı
işlər həyata keçirilmişdir. “Azərsu” ASC tərəfindən
Horadiz şəhərində Araz-Dilağarda, Aşağı
Yağlıvənd və Arayatılı kəndlərində
10 ədəd artezian quyusu vurulmuşdur. Meliorasiya və Su Təsərrüfatı
ASC Dövlət Proqramına uyğun olaraq ehtiyac olan 8
yaşayış məntəqəsində 20 suvarma artezian
quyusu qazıb istifadəyə vermişdir.
Dövlət
investisiya qoyuluşu hesabına 26 yerdə artezian quyuları
qazılacaqdır. Dövlət Proqramının tələblərinə
uyğun olaraq Horadiz şəhər mədəniyyət evi əsaslı
bərpa olunmuşdur. Yeni il ərəfəsində sarayda incəsənət
ustaları ilk bayram konserti veriblər. Gələcəkdə
böyük turist axınına səbəb olacaq 13-cü əsr
Şeyx Babı türbəsinin bərpası davam etdiriləcəkdir.
Ərazidə
böyük qum-çınqıl yataqları olduğuna
görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə
müraciət etmişik və bu il yəqin ki, kəşfiyyat
işlərinə başlanacaqdır. Dövlət
Proqramında ərazidəki elektrik dirəklərinin və
köhnə xətlərin yenidən qurulması işinə
də başlanması nəzərdə tutulmuşdur. “Azərenerji”
ASC yaxın vaxtlarda bu tədbirlərin icrasına
başlayacaqdır.
Horadiz
şəhərində kanalizasiya sisteminin və
bütövlükdə şəhərin yenidən
qurulması istiqamətində dövlət səviyyəsində
böyük proqram hazırlanmışdır. Rayonda dövlət
proqramı uğurla həyata keçirilir, nəzərdə
tutulmuş bütün tədbirlərin icrası diqqət mərkəzindədir.
Füzuli
Rayon İcra Hakimiyyəti hesabat ilində bir sıra işlər
də həyata keçirmişdir. Horadiz şəhəri
başdan-başa dəyişmişdir. Küçələr,
səkilər, xidmət obyektləri, işıqlandırma
sistemi, park və xiyabanlar, ümumiyyətlə, gözə
görünən hər şey gözəlləşmişdir.
Qısa müddətdə Gecəgözlü, Üçbulaq
yatağında, 4 nömrəli Qayıdış qəsəbəsində
yeni məktəb, Kərimbəyli kəndində uşaq
bağçası tikilmişdir. Qarabağ Heyvandarlıq
Kompleksinin yerində respublikada ən iri broyler fabriki
tikilmişdir.
Keçən
il taxılçılıqda rayonun tarixində ən yüksək
nəticəyə nail olunmuşdur. 36 min hektar sahədən
103 min tona yaxın məhsul götürülmüşdür
ki, bu da 30 sentnerə yaxın məhsul deməkdir. Füzuli respublikada 100 min ton həddini
keçən bir neçə rayondan biri olmuşdur. Yaxın illərdə
rayonda məhsuldarlığın
hər hektarda 40-50 sentnerə çatdırılması
gözlənilir. Ötən
il 1277 ton qarğıdalı,
1620 ton kartof, 10500 ton bostan,
tərəvəz məhsulları,
32465 ton çuğundur, 400 ton pambıq, 280 ton üzüm,
144 ton günəbaxan, 110 ton meyvə, 2200 ton ət,
11612 ton süd, 6 milyon
240 min ədəd yumurta,
151 ton yun istehsal olunmuşdur. Hazırda rayonda 31130 baş
iri mal, 113400 baş qoyun-quzu, 235 min baş quş var.
Rayonun yaşayış məntəqələrinin elektrik enerjisi ilə təminatı diqqət mərkəzindədir,
“Dövlətqaçqınkom” yaşayış məntəqələrinin ehtiyacı olan elektrik avadanlıqları
ilə
təminatına kömək göstərir. İçməli su təchizatı əvvəlki ilə nisbətən keçən il xeyli yaxşılaşdırılmışdır.
Ən vacib xidmət sahələri olan təhsil, mədəniyyət və səhiyyə işinin getdikcə təkmilləşdirilməsi davam etdirilir. Ərazidəki
45 ümumtəhsil müəssisəsinin hamısı, tibb və mədəniyyət
müəssisələrinin əksəriyyəti yenidən tikilmiş və ya əsaslı bərpa olunmuş binalarda yerləşir. Ötən il 443 nəfərin ali və orta ixtisas məktəblərinə sənəd verməsini və onlardan 318 nəfərin müxtəlif ali və orta
ixtisas müəssisələrinə qəbul olunmasını uğur saymaq olar. Sənəd verən şagirdlərin
70 faizi
ali və orta ixtisas məktəblərinə qəbul olunmuşdur.
Səhiyyədə xidmətin səviyyəsini yüksəltmək üçün tədbirlər həyata keçirilir. Yaxın günlərdə 140 çarpayılıq mərkəzi
xəstəxana binasının
tikintisinə başlanacaqdır. Müasir avadanlıqlar gətiriləcəkdir.
Horadiz şəhərində
gözəl mədəniyyət
sarayı tikilib istifadəyə verilmişdir. Dövlət
Dram Teatrı qapısını
tamaşaçıların üzünə açmalıdır,
orada tamaşalar göstərilməlidir.
Dövlət Proqramına
uyğun
olaraq Horadiz şəhərində
Qarabağ əlilləri üçün
çoxmərtəbəli evin tikilməsi nəzərdə tutulmuşdur.
2012-ci ildə rayon icra hakimiyyəti başçısının
41 səyyar qəbulu olmuş, bu zaman 3650 nəfər vətəndaş qəbul
edilmiş, qaldırılan
300-ə yaxın məsələnin hamısı qısa müddət ərzində həll edilmişdir.
Məruzə ətrafında
çıxış edənlər ayrı-ayrı sahələrdə
qazanılan uğurlardan və problemlərdən
söz açdılar.
Bildirildi ki, qarşıda həlli daha vacib məsələlər dayanır. Əhalinin həyat şəraitini daha da yaxşılaşdırmaq, respublikanın müxtəlif şəhər və rayonlarında yaşayan məcburi köçkünlərlə əlaqə saxlamaq, onların qayğı və müraciətlərini həll etmək üçün bütün imkan və səylər hərəkətə gətirilməlidir.
Toplantı belə bir inamla yekunlaşdı:
Füzulilər bundan sonra da fəaliyyətlərini
Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən irəli gələn tələblər
səviyyəsində quracaq. 2013-cü ildə də rayonun uğurlarını artıracaqlar.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2013.- 7 mart.- S. 6.