Azərbaycan regionun ilk kosmik sənaye
ölkəsidir
Ötən əsrin
sonlarında müstəqilliyini yenidən bərpa edən Azərbaycan
Respublikası geosiyasi mövqeyinə görə dünya
ölkələrinin maraq dairəsinə daxil oldu. Özünün zəngin yeraltı və
yerüstü sərvətlərinə arxalanan gənc Azərbaycan
dövləti beynəlxalq aləmin müstəqil subyekti kimi
sərbəst inkişaf yolunu seçdi.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin
hakimiyyətə qayıdışı ilə Azərbaycanda
siyasi sabitlik
yaradıldı.
Ölkəmiz əsaslı islahatlar dövrünə, iqtisadi
inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndər
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın
yeni neft strategiyası işlənib hazırlandı.
Ölkəmizin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə
və regionda uzunmüddətli əməkdaşlığın
yaradılmasına hesablanmış bu strategiya “Əsrin
müqaviləsi”nin imzalanması ilə nəticələndi.
Bununla da müstəqil Azərbaycan
Respublikası xarici sərmayələr üçün
açıq elan olundu.
Dünyanın
transmilli neft şirkətləri ilə fəal əməkdaşlıq
şəraitində “Əsrin müqaviləsi”ni
uğurla reallaşdıran Azərbaycan qısa müddətdə
bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı
və fəal icraçısına çevrildi.
Özünün zəngin karbohidrogen ehtiyatlarını
müstəqil şəkildə dünya bazarına
çıxarmağa nail olan ölkəmiz neft və qazın
satışından əldə etdiyi gəlirləri
iqtisadiyyatın digər sahələrinin inkişafına
yönəltməyə başladı. Ulu öndər Heydər
Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsini,
qeyri-neft sektorunun inkişaf etdirilməsini ölkəmizin iqtisadi inkişaf
strategiyasının başlıca hədəfinə
çevirdi. Azərbaycanda qeyri-neft sektorunun
inkişafı ilə əlaqədar həyata keçirilən
dövlət proqramları, səmərəli tədbirlər
iqtisadiyyatın şaxələndirilməsinə və
qeyri-neft sənayesi sahələrinin inkişafı
üçün geniş imkanlar yaratdı. Ölkəmizin
karbohidrogen ehtiyatlarından əldə edilən gəlirlərin
bir hissəsinin isə kosmik sənayenin inkişafına yönəldilməsi qərara
alındı. Əslində bu, tarixi zərurətdən
yaranan bir addım idi. Belə ki, Avropa və
Asiya qitələri arasında yerləşən Azərbaycan
Respublikasının iqtisadi və informasiya təhlükəsizliyinin
əsas komponentlərindən olan telekommunikasiya peyklərinin
hazırlanması və orbitə çıxarılması
çox vacib idi.
Neft kapitalının insan kapitalına çevrilməsinin
vacibliyini bəyan edən dövlət başçısı
ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının
sürətli inkişafının təmin edilməsi
üçün bir sıra vacib addımlar atdı. Azərbaycanda
informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin
prioritet elan olunması,
Prezidentin sərəncamı ilə 2013-cü ilin
ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları
ili” elan edilməsi də məhz
bu məqsədə xidmət edir. Artıq neftdən
əldə edilən gəlirlərin insan kapitalına
çevrilməsi ideyasının müəllifi olan Prezident
İlham Əliyevin ölkəmizdə informasiya-kommunikasiya
texnologiyalarının inkişafı istiqamətində həyata
keçirdiyi tədbirlər öz müsbət nəticələrini
verməkdədir. Bu il fevral ayının 8-də isə ölkəmizin
müstəqillik tarixinin ən önəmli hadisələrindən
biri baş verdi. Belə ki, həmin gün Azərbaycan
Respublikasının ilk telekommunikasiya peyki–“Azərspace-1”
uğurla orbitə buraxıldı. Cənubi Amerikada,
Fransanın inzibati idarəçiliyində olan Fransız
Qvianasındakı Kuru kosmodromundan fəzaya doğru səmt
götürən peykimiz “Ariane-5” kosmik
daşıyıcısı ilə orbitə
çıxarıldı. Ümumi çəkisi
3250 kiloqram təşkil edən peykin istifadə müddəti
15 ildir. Peyk Azərbaycanla yanaşı, Mərkəzi
Asiya, Şərqi Avropa, Şimali Afrika, Qafqaz, eləcə də
Yaxın Şərq regionunun bir çox ölkələrinə
xidmət göstərəcək. Bir qədər əvvəl isə peykimiz artıq orbitdəki yerini
tutdu. Bununla da, regionda qlobal enerji və nəqliyyat
layihələrinin əsas təşəbbüskarı olan Azərbaycan
Respublikası kosmosda da öz varlığını təmin
etməyə müvəffəq oldu. Artıq
peykin idarə edilməsi tam olaraq “Azərkosmos” Açıq Səhmdar
Cəmiyyətinə təhvil verilmişdir. Peyk “Azərkosmos”un
Bakı yaxınlığında yerləşən Əsas
Yerüstü Peyk İdarəetmə Mərkəzindən
adı çəkilən qurumun mütəxəssisləri tərəfindən
idarə olunacaq.
Yeri gəlmişkən,
Azərbaycanda
kosmik sənayenin təşəkkülü və
inkişaf tarixi ötən əsrin 70-ci illərindən
başlayır. Belə ki, 1973-cü ildə
respublikamızda Aerokosmik Agentliyi yaradılmışdır.
Ötən müddətdə Azərbaycanda
kosmik sənaye sahəsi üçün savadlı kadrlar da
hazırlanmışdır.
Hazırda ölkəmiz kosmik sənayenin
sürətli inkişaf mərhələsinə qədəm
qoymuşdur. Bu mərhələnin əsası isə
Prezident İlham Əliyevin 2008-ci il
noyabrın 4-də imzaladığı “Azərbaycan
Respublikasında kosmik sənayenin yaradılması və
telekommunikasiya peyklərinin orbitə
çıxarılması haqqında” sərəncamı ilə
qoyulmuşdur. Bu mühüm sənədin davamı olaraq bir il sonra Azərbaycan Respublikasında kosmik sənayenin
yaradılması və inkişafı üzrə Dövlət
Proqramı qəbul edilmişdir. Xatırladaq ki, bu
mühüm dövlət sənədinin əsas məqsədi
ölkəmizdə kosmik sənayenin yaradılması və
inkişaf etdirilməsi, dövlət strukturlarının peyk
rabitəsinə olan tələbatının ödənilməsi,
regionlarda əhalinin teleradio yayımına artan tələbatının
təmin edilməsi, ölkənin beynəlxalq rabitə
kanallarının artırılması və kosmik fəzadan
sürətli istifadə etməklə iqtisadi, sosial, elmi, mədəni,
təhlükəsizlik və s. sahələrin inkişaf
etdirilməsi ilə bağlıdır. Proqramda strateji məqsədlərlə
yanaşı, onun reallaşdırılmasının əsas
istiqamətləri, kadrların hazırlanması, maliyyə mənbələri,
gözlənilən nəticələr və geniş tədbirlər
planı öz əksini tapmışdır. 2010-cu
ildə isə dövlət başçısı tərəfindən
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis
edilməsi haqqında sərəncam imzalanmışdır.
Azərbaycanda və Qafqazda ilk peyk operatoru olan “Azərkosmos”
mövcud olduğu iki il ərzində
ölkəmizdə teleradio yayımı və telekommunikasiya
xidmətlərinin göstərilməsi, hökumət və
korporativ müştərilərin tələblərinə
cavab verən yüksək etibarlı rabitə
platformalarının təmin edilməsi istiqamətində
mühüm işlər görmüşdür. Qurumun ən böyük layihəsi isə, heç
şübhəsiz, ölkəmizin ilk süni peyki olan “Azərspace-1”
in hazırlanması və orbitə çıxarılması
ilə bağlı olmuşdur.
İlk telekommunikasiya
peykimizin orbitə çıxarılması Azərbaycanın
beynəlxalq nüfuzunun bir qədər də artmasına səbəb
olmuşdur. Təsadüfi deyil ki, bu əlamətdar hadisə
münasibətilə xalqımızı təbrik edən
Prezident İlham Əliyev demişdir: “Bu, doğrudan da, tarixi
bir gündür, böyük nailiyyətdir, dövlətimizin
böyük qələbəsidir. Bu hadisə onu göstərir
ki, müstəqil Azərbaycan dövləti sürətlə
inkişaf edir və biz artıq kosmik klubun
üzvüyük... Peykin fəaliyyəti nəticəsində
Azərbaycan dövləti, eyni zamanda, maliyyə məsələlərini
həll edəcəkdir. Yəni bu peykin fəaliyyəti
iqtisadi cəhətdən də səmərəli
olacaqdır”.
Xatırladaq ki, dizaynı və
qoşulma imkanları ilə milyonlarla insanın informasiya və
rabitə xidmətlərindən geniş istifadə edəcəyi
bu nəhəng telekommunikasiya infrastrukturu təkcə kommersiya
baxımından deyil,
ölkəmizin informasiya təhlükəsizliyinin
təminatı üçün də müstəsna əhəmiyyət
kəsb edir. Belə ki, hər bir ölkənin
müstəqil informasiya siyasətinin mövcudluğu artıq
tarixi bir zərurətə çevrilmişdir. Azərbaycan
Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları
İnstitutunun direktoru, akademiyanın müxbir üzvü,
professor Rasim Əliquliyev deyir ki,
Azərbaycan indiyədək digər ölkələrə
məxsus süni peyklərdən icarə əsasında
istifadə etsə də, bu, informasiya təhlükəsizliyinin
təminatı baxımından bir qədər riskli idi. Digər ölkələrin peyklərindən
istifadənin bir sıra kritik məqamlarda müəyyən təhlükələrə
yol açması qənaətində olan R. Əliquliyevin
fikrincə, 1990-cı ilin qanlı yanvar hadisələrindən
öncə Azərbaycan televiziyasının fəaliyyətinin
dayandırılması ilə bütün
respublikamızın informasiya blokadasına alınması da
bunu təsdiqləmişdir. Ölkəmizin yerətrafı
orbitdə süni peykinin olmasının təhlükəsizlik
məsələləri baxımından üstünlüklərinə
toxunan mütəxəssis alim qeyd edir ki, süni peykimizin
imkanlarından ölkəmizin ən ucqar yaşayış məntəqələrində
də yüksək səviyyədə istifadə etmək
mümkün olacaq. Milli peykimiz Azərbaycanla
yanaşı, böyük bir regionu əhatə edəcək.
Bu, ölkəmizin regionda mövqeyinin daha da
möhkəmləndirilməsi, onun beynəlxalq nüfuzunun bir
qədər də artmasına gətirib çıxaracaq.
Süni peykimizin xidmətlərindən digər
dövlətlərin də istifadə etməsinə imkan
yaranacaq. Deməli, Azərbaycan süni peyk vasitəsilə
öz zəruru ehtiyaclarının ödəməklə
yanaşı, həm də gəlir əldə edəcək...
Xatırladaq
ki, 250 milyon dollara başa gələn ilk süni peykimiz təqribən
5-6 il ərzində ona çəkilən
xərci tam ödəyəcək. Peykin gəlirlərinin
isə istismar müddəti ərzində 650 milyon dollar təşkil
edəcəyi proqnozlaşdırılır. Onu da qeyd etmək
lazımdır ki, “Azərspace-1” peykinin imkanlarının 20
faizi Azərbaycanın tələbatını ödəmək
üçün istifadə olunacaq, qalan 80 faizi isə kommersiya
məqsədilə dünya bazarlarına ixrac ediləcək.
Mütəxəssislər hesab edirlər ki, peykin istismar
müddəti nisbətən az olduğu
üçün onun bazarlanması, çəkilən xərclərin
ödənilməsi müəyyən risklər tələb
edir. Məhz buna görə də peykin
resurslarının mümkün qədər tez
satılması olduqca vacibdir. Artıq ilk peykimizin
resurslarının 44 faizinin satışı üçün
müqavilələrin imzalanması, bununla bağlı digər
təkliflərin nəzərdən keçirilməsi isə artıq bu sahədə
heç bir çətinliyin olmayacağına dəlalət
edir. Milli İnternet Forumunun prezidenti Osman
Gündüzün fikrincə, Azərbaycan gələcəkdə
daha biznes yönümlü peyklərin buraxlmasına
çalışmalıdır. Belə ki, ekologiya,
metrologiya, kəşfiyyat, müdafiə, geodeziya və s.
yönümlü peyklərdə daha böyük biznes
var. Mütəxəssis hesab
edir ki, bu sahədə
beynəlxalq qurumlarla əməkdaşlıq etməklə
müştərək layihələrin
reallaşdırılmasına da
önəm verilməlidir.Çünki bu addım
ölkəmizə gəlir gətirməklə yanaşı,
risklərin bölüşdürülməsində də faydalı olar.
Göründüyü
kimi, beynəlxalq peyk ailəsinin üzvünə
çevrilmiş Azərbaycan artıq özünün kosmik sənayesinin
formalaşdırmasına başlamışdır. Ölkəmizdə kosmik sənayenin hərtərəfli
fəaliyyətini təmin etmək məqsədilə
yerüstü infrastrukturla yanaşı, kosmik məlumatların
qəbulu, emalı və istehlakçılara
çatdırılması üçün bütöv bir
kompleks yaradılacaqdır. Orbitdə
peykimizin mövcudluğu Azərbaycanın rabitə sisteminin
daha da təkmilləşdirilməsini, təbii ehtiyatların
öyrənilməsini və operativ məlumatların əldə
edilməsini asanlaşdıracaq. Belə
ki, “Azərspace-1” peyki vasitəsilə ölkəmizdə
radio və televiziya yayımının keyfiyyəti xeyli
yaxşılaşdırılacaq, yüksək sürətli
internet şəbəkəsi və məlumatların
ötürülməsi sistemi təmin olunacaq. Yeri gəlmişkən, bu ilin aprel ayından Azərbaycanın
bütün telekanallarının yayımının “Azerspace-1”
peyki vasitəsi ilə həyata keçirilməsinə
başlanacaq. Eyni zamanda,
peykin uğurlu fəaliyyəti nəticəsində diplomatik
nümayəndəliklərlə birbaşa və etibarlı
rabitənin yaradılması, ölkəmizin informasiya təhlükəsizliyinin
qorunmasının gücləndirilməsi, kosmik sahə
üzrə kadrların
hazırlanması və insan kapitalının
inkişafı üçün yeni imkanların
yaradılması təmin ediləcək. Bütün bunlarla
yanaşı, kosmik sənayenin yaradılması ölkədə
çoxsaylı iş yerlərinin açılmasına səbəb
olacaq,
iqtisadiyyatın digər sahələri
üçün əlavə stimul yaradacaq.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 7 mart.- S. 5.