Azərbaycan neft-qaz sektorundan asılılığın azaldılması istiqamətində uğurlu addımlar atmaqdadır

 

Bu zaman iqtisadiyyatın şaxələndirilməsi  daha çox  diqqət mərkəzində saxlanılır

 

Bu gün dünyanın ən iti sürətlə inkişaf edən ölkələrində belə sosial-iqtisadi inkişafın Azərbaycan modeli ilə bağlı xüsusi müzakirələr aparılır, geniş təqdiredici fikirlər səsləndirilir.

 

Dünyanın aparıcı reytinq mərkəzləri və mötəbər beynəlxalq təşkilatlar səmimiyyətlə və səxavətlə etiraf edirlər ki, cəmi 21 il müstəqillik tarixi olan gənc bir dövlətdə cəmiyyətin demokratikləşdirilməsi, insanların sosial-rifah halının yüksəldilməsi, işsizliyinyoxsulluğun azaldılması, beynəlxalq aləmə inteqrasiyanın sürətləndirilməsi və bu kimi bütün sahələrdə möhtəşəm uğurların əldə edilməsi o qədər də inandırıcı görünmür. Fəqət bütün bunlar reallıqdır, bugünkü Azərbaycan həqiqətləridir. Həm dövlət rəsmilərimizin, həm də beynəlxalq ekspertlərin dönə-dönə vurğuladığı kimi, bütün bunlar ölkənin elmi şəkildə əsaslandırılmış dövlət proqramları ilə idarə olunmasının nəticəsidir.

 Bu nəticələrin necə, hansı yolla qazanıldığını bilmək istəyən xarici partnyorlarımız da, bizim sürətli inkişafımızdan xoflanan qüvvələr də öyrənirlər ki, bütün uğurlarımızın təməlində ulu öndər Heydər Əliyevin siyasi kursu  və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyəti, iradəsi dayanır.  Prezident İlham Əliyevin hələ on il əvvəl qarşıya qoyduğu əsas vəzifələrdən biri ölkənin neft-qaz asılılığından azaldılması məsələsi idi.  Odur ki, bu gün Azərbaycanda dövlət idarəetməsinin  prioritet sahələrindən biri məhz həmin tezislərin reallaşdırılmasıdır. Bununla yanaşı, iqtisadiyyatın rəqabət qabiliyyətinin təmin edilməsi və işsizliyin azaldılması da daim  diqqət mərkəzindədir. Buna görə də dövlət  həmin proseslərə iki mövqedən yanaşır. Belə ki, kənd təsərrüfatı iqtisadiyyatın çox böyük potensiala malik olan nəhəng sektorudur. Kənd təsərrüfatının inkişafı həm də gələcəkdə məşğulluğun təmin edilməsi deməkdir. Bu sahədə Azərbaycanın  ixrac potensialı kifayət qədər böyükdür. Dövlətimiz əsas qida məhsulları üzrə  bir ildən, maksimum iki ildən sonra özünü tam təmin edə biləcək.  Təbii ki, məhz həmin nəticədən sonra  artıq xarici bazarlara çıxış prosesi başlana bilər.

Əlbəttə, ölkənin  neft-qaz sektorundan asılılığının  azaldılması yolunda atılmalı olan və faktiki atılan mühüm addımlardan biri informasiya-kommunikasiya texnologiyaları sektorunun durmadan inkişaf etdirilməsi, bu sahənin ən yeni nailiyyətlərinin ölkə iqtisadiyyatına tətbiq olunmasıdır. Həmin tezisləri əsas götürən Azərbaycan dövləti artıq bu ilin  fevral ayında ölkənin  ilk telekommunikasiya peykini orbitə  buraxmışdır.  Prezident İlham Əliyevin dediyi kimi,  biz artıq kosmik sənaye yaratmışıq və bu istiqamətdə çox fəal irəliləyirik. Bundan başqa, bu gün Azərbaycanda, genişmiqyaslı sənayeləşmə proqramı həyata keçirilir. Dövlət rəsmilərinin səsləndirdiyi məlumatlarda qeyd olunur ki, yaxın vaxtlarda  respublikamızda texnoparkların yaradılması üçün olduqca güzəştli  şərtləri olan sənəd  qəbul ediləcəkdir. Dövlətdə hesab edirlər ki, respublikamızda  ortakiçik sahibkarlıqla yanaşı, böyük sənaye komplekslərinin  inkişaf etdirilməsi  də gələcəkdə iqtisadiyyatın  neft-qaz sektorundan asılılığını tamamilə aradan qaldırmağa imkan verəcək.

  Təbii ki, qarşıya qoyulan  vəziflərin icrasına nail olmaq üçün dövlətin daha böyük layihələr düşünməsinə və mühüm layihələrin icrasına ehtiyac vardır. Ona görə də bilavasitə Prezidentin təşəbbüsü ilə  “Azərbaycan - 2020:   İnkişaf Konsepsiyası” adlı möhtəşəm bir sənəd qəbul edilmişdir. Həmin sənəd barədə söz açan dövlət başçımız qeyd edir ki, biz hazırda həyata keçirdiyimiz bütün planları iyirminci ilə qədər tamamilə reallaşdırmaq niyyətindəyik. Bütövlükdə son 10 ildən az müddətdə biz iqtisadiyyatın həcmini üç dəfə artırmağa nail olmuşuq. Ümumi daxili məhsul 300 faiz artmışdır. Qarşıdakı 10 ildə biz ÜDM-in ikiqat artırılmasını planlaşdırırıq. Bu, əsasən qeyri-neft sektorunun hesabına həyata keçiriləcəkdir.

Elə bu sitatdan da göründüyü kimi,  Azərbaycan dövləti iqtisadi siyasətin əsas məqsədlərini  müəyyənləşdirərkən bilavasitə bu yazının sərlövhəsinə çıxardığımız məsələnin həlli  nəzərdə tutulur. Bu məqsədlərin reallaşdırılması üçün isə, ilk növbədə, geniş investisiya layihələrinin reallaşdırılması zərurəti ortaya çıxır. Dövlət başçımız bu məsələ ətrafında söz açarkən  maraqlı fikirlər səsləndirib: “İnvestisiyalar baxımından biz hazırda çox böyük bir sərmayə layihəsi - Türkiyədə neft-kimyaneft emalı kompleksi layihəsini həyata keçiririk. Bu kompleks bizə təxminən 17 milyard dollar sırf Azərbaycan investisiyaları hesabına başa gələcəkdir. Gürcüstanda, Ukraynada da fəal sərmayə qoyuruq, İsveçrədə, Rumıniyada sərmayə qoymağa başlamışıq, lap yaxın vaxtlarda isə Rusiyada investisiya proqramlarına başlamışıq. Belə ki, Rusiyada iri investisiya layihələri - daşınmaz əmlaka və Rusiyanın ən iri kommersiya strukturlarının səhmlərinə sərmayə qoyacağıq. Azərbaycan şirkətləri Rusiyada kənd təsərrüfatı məhsullarının emalına da sərmayə qoymağa başlamışlar, artıq ilk layihələr vardır. Belə ki, xarici investisiyalarımızın spektrini genişləndiririk”.  Diqqət yetirin, bizim investisiya yönəltdiyimiz sahələrə daşınmaz əmlak, kommersiya strukturlarının səhmləri, kənd təsərrüfatı və sair qeyri-neft sektoru sahələri daxildir.

 Yeri gəlmişkən, Azərbaycan iqtisadiyyatının məqsədyönlü inkişafını təmin etmək üçün qonşu ölkələrlə iqtisadi əməkdaşlığın genişləndirilməsi  məsələsi də daim diqqət mərkəzində saxlanılır.   Bundan əlavə, siyasi məsləhətləşmələr sahəsində də   Azərbaycan  qonşuları ilə  daim bütün səviyyələrdə dialoq aparır.  Hamı ilə yaratdığımız münasibətlər tərəfdaş münasibətləridir. Tərəf - müqabillərimiz də  bu münasibətləri strateji tərəfdaşların münasibətləri kimi səciyyələndirirlər. Yəni, bizim əməkdaşlığımız  münasibətlərin bütün kompleksini əhatə edir.  Son nəticədə isə iqtisadi sahədə əmtəə dövriyyəsinin strukturu  yaxşılaşır. Rəsmi sənədlərdə göstərilir ki,  Azərbaycana idxalın həcminə görə Rusiya birinci yerdədir. Yəni, biz ən çox Rusiyadan mal idxal edirik. Dövlət başçımızın dediyi kimi,  Rusiya ilk növbədə, bizim kənd təsərrüfatı məhsulları üçün çox mühüm bazardır. Yəni biz ölkəmizin daha qüdrətli, iqtisadiyyatımızın daha güclü olması üçün mümkün olan bütün variantlardan bəhrələnməyə çalışırıq və bəhrələnirik.

Bu da bir faktdır ki, Azərbaycanda  dövlət başçısı tərəfindən elan olunmuş gənclər ilinin, ekologiya ilinin, informasiya texnologiyaları ilinin və idman ilinin böyük uğurlarla başa çatdırılmasının əsas səbəblərindən biri mükəmməl idarəetmədirsə, digər səbəb mütləq iqtisadi imkanlardır. Yeri gəlmişkən,  London  Yay Olimpiadasında Azərbaycan idmançılarının əldə etdiyi  nəticələr bizi sevindirir, ruhlandırır və məlumdur ki, bu nəticələr çoxillik gərgin işlə təmin edilmişdir. Biz  Londonda həqiqətən tarixi uğur qazanmış, ümumi komanda hesabında 30-cu yeriAvropada 15-ci yeri tutmuşuq.  Ötən ilin sonlarında isə biz  daha bir mühüm xəbər eşitdik. Avropada  tarixi qərar qəbul edilmişdir - ilk Avropa Olimpiya Oyunları Bakıda keçiriləcək. Məlum olduğu  kimi, indiyə qədər heç vaxt Avropa Olimpiya Oyunları keçirilməmişdir. Doğrudur, Olimpiya Oyunlarının təməli Avropada qoyulmuşbaron de Kuberten tərəfindən Avropada bərpa edilmişdir. Amma, başqa qitə oyunlarından fərqli olaraq Avropa Oyunları heç vaxt keçirilməmişdir. Bu oyunların keçirilməsi haqqında qərar qəbul ediləndə və oyunların Bakıda keçiriləcəyi elan ediləndə Azərbaycanın istənilən vətəndaşı böyük məmnunluq hissləri içərisində idi.

Biz  çox şad olduq ki, Avropa idman ailəsi bu oyunların Bakıda keçirilməsinə böyük üstünlüklə səs vermişdir. Artıq respublikamız bu qitə miqyaslı, fəqət bütün dünyada maraqla izlənəcək həmin oyunlara ciddi şəkildə  hazırlaşır. Əsas Olimpiya  oyunlarından fərqli olaraq Avropa Oyunlarına hazırlaşmaq üçün cəmi iki il vaxt var. Məlum olduğu kimi, dünya olimpiya  oyunlarına  həmin tədbiri keçirəcək ölkələr 6-7 il hazırlaşırlar, lakin bizim vaxtımız həddən artıq azdır. Buna baxmayaraq bizAvrovision” mahnı müsabiqəsində olduğu kimi, Avropa Olimpiya Oyunlarını da uğurla başa çatdırmaq əzmindəyik. Dövlət başçımızın dediyi kimi, biz Azərbaycanı  olimpiya hərəkatının inkişafı mərkəzinə çevirəcəyik. Necə ki, ölkəmizi qısa müddətdə beynəlxalq kosmos ölkələri ailəsinə qatmağı bacardıq. Bütün bunların təməlində isə ölkə iqtisadiyyatının gündən-günə inkişaf etdirilməsi dayanır.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2013.- 7 mart.- S. 1.