Qarabağ həsrətli Segah

 

Tanınmış jurnalist Vasif Səmədovun həmkarı Səbinə Sadıxqızı ilə birlikdə ərsəyə gətirdiyi yeni kitab belə adlanır. “Kaspiən İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin “Milli-mədəni sərvətimizdən” təqdimatlı bu nəşrini oxuculara “Apostrof” Çap Evi yüksək poliqrafik tərtibatda çatdırmışdır.

 

Azərbaycan muğamının qədim və zəngin qaynaqlarından olan Qarabağın işğalı, onun xoş avazlı bülbüllərinin bu cənnət diyardan perik düşməsi, şübhəsiz, milli musiqi ifaçılığımıza da az itki gətirməmişdir. Yazıçı-publisist, millət vəkili Aqil Abbasın “Çadırlardan Üzeyir bəy çıxmaz” deyimi bu acı həqiqəti çılpaqlığı ilə əks etdirir.

Qarabağın havasını udub, suyunu içib avazı şirinləşən, zənguləsi büllurlaşan sonuncu bülbüllərin ən istedadlıları ötən 20-25 ildə milli muğam ifaçılarımızın sıralarında layiqli yer tutmuşlar. Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova, Tacir Şahmalıoğlu kimi... Sonrakı bülbüllərin nisgilli səsləri çadırların, yataqxanaların, vaqonların, gecəqonduların darısqallığında, havasızlığında paş tutdu. Yurdun ulu muğam çeşmələrindən biri beləcə qurudu. Qarabağımız muğamsızlaşdı, muğamımız Qarabağsızlaşdı...

Müəlliflər sonuncu “Qarabağ bülbülləri”ndən birinin – xalq artisti Aygün Bayramovanın şirinli-acılı sənət taleyi fonunda “Qarabağ həsrətli Segah”ın bədii-sənədli tarixçəsini yaratmışlar. Əslində, bu təşəbbüs itirdiklərimizi və bu gün də əldən verdiklərimizi geri qaytarmaq istəyindən qaynaqlanmışdır: “Biz bu kitabı yazırıq ki, əcdadlarımızın bizə miras qoyduqları mədəni dəyərlərimizi xatırlayaq, təbliğ edək. Mədəniyyətimizin, incəsənətimizin bugünkü durumunu, eləcə də sənətin böyüklüyünü və sənətkarın bu sahədəki fəaliyyətini qələmə alıb, gələcək nəsillərə ötürdüyümüz milli-mədəni sərvətimizə kiçik töhfəmiz kimi yadigar qoyaq”.

Kitabı vərəqlədikcə məlum olur ki, taleyin amansızlığına, yağıların vəhşiliklərinə Haqqın cavabı kimi, perik düşmüş “Qarabağ bülbülləri” sənətdə ciddi uğurlar qazanmışlar, cəbhə bölgəsindən, köçkünlər arasından yeni bülbülləri tapıb ortaya çıxarmaq üçünsə yeni cəhdlər göstərilir. Müəlliflər düşünürlər ki, bu vacib məsələ mötəbər himayə tələb edir: “Yaxşı olardı ki, muğamlarımızın, milli-mədəni irsimizin ən layiqli qoruyucusu, bütün dünyada təbliğçisi kimi tanıdığımız və sevdiyimiz Heydər Əliyev Fondu qaçqınlıq taleyi yaşayan o günahsız, imkansız “Qarabağ bülbülləri”ni də öz ağuşuna alaydı, qanad açıb sənət dünyasına şığımaları üçün onlara yeni həyat verəydi”.

Kitabda Qarabağ bülbüllərini yetişdirən, böyük musiqi aləminə pərvazlandıran nadir mühitin özəllikləri istedadlı xanəndə Aygün Bayramovanın bioqrafiyası və sənət uğurları timsalında incələnir, tanınmış muğam bilicilərinin bu mövzu ilə bağlı dəyərli mülahizələri sıralanır. İlahiyyatçı və şərqşünas, milli muğam sənətinin yorulmaz təbliğçisi, akademik Vasim Məmmədəliyevin söylədikləri bu baxımdan diqqəti cəlb edir: “Ayğun Bayramova özünün hərarətli, təsirli, çoxçalarlı, sanki, sonsuzluğun bağrından qopub gələn və yenə də sonsuzluğa varan səsi ilə çağdaş Azərbaycan muğam və mahnı ifaçılığına yeni bir nəfəs, yeni bir təravət gətirmişdir”.

Müəlliflər belə bir sənətkarın onu yetirən mühitə dərin bağlılığını, yurd itkisindən doğan nisgilini müxtəlif üsullarla oxucuya çatdırmaqla, əslində, muğam beşiyi Qarabağın işğalının milli mədəniyyətimizə gətirdiyi itkinin miqyasını duydurmağa cəhd göstərmiş və buna nail olmuşlar. Onlar Aygünün varlığına hopmuş, ifalarında kövrək bir çalara çevrilmiş Ağdam, Şuşa həsrətini sənətkarın öz dili ilə belə aşkarlamışlar: “Yaxşı səsi olan hər kəsin doğulması üçün Qarabağ, doğrudan da, ideal bir yer idi... Bu yerlərdə qəlblər bütünlüklə gözəlliyə, musiqiyə son dərəcə həssasdı. Bu yerlərin təbiətindən keçib gələn, ruhu oxşayan həmin gözəllikdir ki, nadir musiqi mədəniyyətimizdə öz əksini tapmışdır. Məşhur “Qarabağ şikəstəsi” Qarabağ muğam məktəbinin rəmzinə çevrilibdir”.

Nəşrə əlavə olunmuş 2 diskdə Aygün Bayramovanın baş rolda oynadığı “Leyli və Məcnun” operasının və digər ifalarının videoyazısı oxuculara hədiyyə edilmişdir. İşğal tarixi və sənət korifeylərimiz Natəvanın, Üzeyir bəyin, Bülbülün Şuşada güllələnmiş heykələrinin təsviri kitabda açıqca kimi verilmişdir.

Kitab, bütövlükdə, Qarabağ – muğam sənət tandeminin mahiyyətini açıb göstərir, Qarabağı deyil, onun muğam aləmini də geri qaytarmağa haraylayır. Nəşrə ön söz yazmış “Kaspiən İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin prezidenti İradə Məmmədova həmkarları Vasif Səmədovun və Səbinə Sadıxqızının bu məramını belə dəyərləndirir: “Qarabağ həsrətli Segah”, həyata gəlişin mübarək!” Qədəmlərin düşərli olsun. Qarabağ həsrətinə son qoyulsun!..”

Biz isə müəlliflərə tezliklə bu kitabın davamı olaraq “Qarabağ vüsallı Segah”ı yazmağı, muğamın Qarabağlı günlərindən söhbət açmağı arzulayırıq.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2013.- 8 mart.- S. 6.