8 Mart dünya qadınlarının həmrəylik bayramıdır

 

 Dünyada qadınların kişilərlə bərabər hüquqlara nail olmaları uğrunda mübarizəsinin tarixi 1857-ci ilin 8 martından başlanıb. Belə ki, həmin tarixdə ABŞ-ın Nyu-York şəhərində toxuculuq sənayesində çalışan yüzlərlə qadın aşağı maaşa, uzun saatlarına, pis əmək şəraitinə etiraz olaraq tətil keçiriblər. O zaman polis aksiyanın davamlı olmasına icazə  verməyərək nümayişi dağıtmışdı.

 

 1908-ci ildə yenə Nyu-Yorkda təqribən min beş yüz qadın daha qısa   saatı, daha yüksək əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə qadınlar ilk dəfə olaraq “Çörək və gül ” şüarı səsləndirdilər. Çörək həyat eşqi, rifah, gül isə sevgi və məhəbbət anlamına gəlirdi.

 1909-cu ilin fevral ayının son bazar günü, 28 fevralda bir sıra Avropa ölkələrində qadınlar ilk dəfə “Qadın günü” bayramı keçirdilər. 1910-cu ildə, 1857-ci il 8 mart Nyu-York hadisələrindən 52 il sonra, Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında inqilabçı Klara Setkin hər il 8 mart gününün Dünya Qadınlar Günü kimi qeyd olunmasını təklif etdibu təklif qəbul edildi.   Kopenhagen qərarından sonra 8 Mart Beynəlxalq Qadınlar Günü 1911-ci ildə ilk dəfə Avstriya, Danimarka, Almaniya və İsveçrədə qeyd edildi. 1917-ci ildə çar Rusiyasında qadınlar ağır, dözülməz əmək   şəraitinə qarşı “Çörək və sülhdevizi altında etiraz nümayişi keçirdilər. Məhz 8 mart günü keçirilən bu aksiya digər Avropa ölkələrində də geniş əks-səda doğurdu.

1975-ci il dünya qadınlarının kişilərlə hüquq bərabərliyi uğrunda mübarizəsi tarixində xüsusi əhəmiyyət daşıyır. Məhz həmin il BMT-nin qərarı ilə Beynəlxalq Qadınlar Gününün qeyd olunması dünya dövlətlərinə tövsiyə olundu. İki il sonra, 1977-ci ildə, nəhayət, BMT-nin ümumi qurultayında 8 Mart  Qadın Hüquqları və Beynəlxalq Sülh Günü olaraq dünyada rəsmi qəbul edildi. BMT Baş katibinin o zaman dünya liderlərinə müraciətində deyilirdi ki, “Beynəlxalq Qadınlar Günü, eyni zamanda, qadın hüquqlarının genişləndirilməsinin və bütün dünyada  qadınların rifah içində yaşamalarına  tam haqqı olmalarının tarixi səbəblərinin xatırlanması üçünxüsusi gündür”.

 Xatırladaq ki, 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bərabər hazırda dünyanın bir çox ölkələrində müxtəlif vaxtlarda qeyd olunan “Analar günü” bayramı da var. Avstraliya, Belçika, Danimarka, İtaliya, Türkiyə, Finlandiya, ABŞ və YaponiyadaAnalar günü” mayın ikinci bazar gününə düşür. Qardaş Türkiyədə “Anneler Günü” bayramını böyük səbirsizliklə gözləyən uşaqlar bir qayda olaraq doğma, əziz analarını şeir, mahnı parçaları ilə  təbrik edir, öz əlləri ilə çəkdikləri rəsmləri, başqa çeşidli hədiyyələri onlara bağışlayırlar.

“Analar Günü” Serbiyada çox orijinal şəkildə qeyd edilir. Hər il miladdan iki həftə əvvəl qeyd olunan həmin bayram günündə sübh tezdən uşaqlar analarının yatağına yaxınlaşıb onu çarpayıya bağlayırlar. Ana “əsirlikdən qurtulmaq üçünbir gün əvvəldən balışının altında hazır qoyduğu hədiyyələri balacaquldurlara verməli olur.

Sonda qeyd edək ki, dünyadakı bütün analar,  qızlar, qadınlar təkcə bayram günlərində deyil, ilin bütün günlərində diqqət və qayğıya layiqdirlər. O xalq, o millət böyükdür ki, analara, qadınlara layiq olduqları böyük qayğı və ehtiramı bəsləməyi bacarır.

 

 

M.HACIXANLI

 

Xalq qəzeti.- 2013.- 8 mart.- S. 5.