Ən böyük ad – analıq missiyası

 

Tarix boyu dünyada ağıllı, müdrik qadınlar olub. Razılaşmaq lazımdır ki, çox zaman onları müəyyən tarixi şərait yetişdirir. Amma hər halda belə nüfuzlu insanlar, o cümlədən, qadınlar təmsil etdikləri millətlər üçün bir iftixar, qürur mənbəyi olur.

 

Azərbaycan xalqının taixində də belə müdrik qadınlar olub. Biz onların adlarını bu gün təkcə böyük dövlət xadimlərinin, ictimai-siyasi fiqurların arasında deyil, elə sadə xalq arasında da axtara bilirik. Adları bu günkü nəsillərə nağıllarımızdan, dastanlarımızdan tanış olan qadınlarımızı – Burla xatunu, Banuçiçəyi, Nigar xanımı... bu 8 Mart Qadınlar Günündə anmamaq günah olardı. Tariximizə adları qəhrəmanlar kimi düşmüş qadınlarımızdan Nüşabəni, Tomrisi, Sara xatunu... xatırlamamaq da eyni dərəcədə ədalətisizlik olardı. Məşhur şairə qadınlarımız Məhsəti Gəncəvinin, Natəvanın... şeirləri indimuğam məclislərimizin bəzəyi, xanəndələrimizin dillərinin əzbəridir.

Bu bayram günündə müasirimiz olan digər qadınların da adlarını iftixarla çəkirik. Sağlığında millətimizin sağlamlığı üçün fədakarcasına çalışmış görkəmli alim, həkim Zərifə xanım Əliyeva, şərqşünaslıq elmimizə özünün dəyərli töhfələrini vermiş Aida xanım İmanquliyeva bu gün minnətdarlıq duyğuları ilə xatırlanır. Onlar, eləcə də onların müasirləri olmuş digər görkəmli qadınlarımız özlərinin şərəfli işləri ilə adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazmışlar.

Bu gün isə dünyadakı ən ağıllı, ən nüfuzlu qadınlar bir qədər başqa meyarlarla seçilir. İndi buya digər məşhur jurnal, yaxud nəşr ilin ən nüfuzlu qadınını (yaxud kişisini) seçmək ənənəsini yaradıb. Bu addım əsasən avropalılar tərəfindən atılır. Biz də istər-istəməz bu seçimlərə hörmətlə yanaşmalı oluruq və onların seçdiklərini dünyanın ən nüfuzlu qadınları kimi qəbul edirik.

Keçən ilin sonlarında dünyada yaxşı tanınan “Forbes” jurnalı özünün yeni seçimini elan etdi - Almaniyanın kansleri Anqela Merkel 2012-ci ilin ən nüfuzlu qadını seçilmiş oldu. Jurnal Merkeli “Avropa İttifaqının şəriksiz lideri” və “Avropada vahid qlobal iqtisadiyyatın başçısı” kimi təqdim edərək onu nüfuzlu qadınların siyahısında birinci yerə qoydu.

Həmin siyahıda ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton ikinci yeri tutdu. Təbii ki, “Forbesin siyahısını bir qədər baş-ayaq da qoymaq olardı, amma qadınların mübahisəsinə qoşulmaq iddiasında deyilik. Qoy avropalılar necə məsləhət biliblərsə, elə də olsun. Təki bu bayram günlərində inciklik-filan olmasın. Ona görə də təmkinlə üçüncü yerin namizədinin də adını çəkirik - Braziliya Prezidenti Dilma Russeff. Bu, təbii ki, “Forbesin qənaətidir. Amma zənnimizcə, xanım prezident bu sıralama ilə çətin razılaşar. Biz isə jurnalın Fransanın sabiq maliyyə naziri, hazırda Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqardı siyahıda doqquzuncu yerə təyin etməsi ilə dinməzcə razılaşırıq. Ondan əvvəlki yerdə isə ABŞ-ın birinci xanımı Mişel Obamanın adı çəkilir. Bu yerin qaneedici olub-olmaması məsələsini də onların öz mühakiməsinə buraxırıq.

Bir həqiqəti də nəzərə çatdırmalıyıq ki, dünyanın ən nüfuzlu qadını adına layiq görülmüş Almaniya kansleri birinci dəfə deyil ki, bu şərəfli adı qazanır. O, artıq beşinci ildir ki, dünyanın ən nüfuzlu qadınıdır. Bu, şübhəsiz ki, “Forbesin fikridir. Amma, misal üçün, almanlar qəti belə düşünmürlər. Jurnalın Anqela Merkeli bu qədər yüksək ada layiq görməsi alman mətbuatının diqqətini, demək olar ki, cəlb etməyib. Əksinə, ölkənin sabiq kansleri Helmut Kol gözlənilmədən Merkeli tənqid atəşinə məruz qoyub ki, bəs deməzsənmi, hazırkı Almaniya hökumətinin xarici siyasəti ölkənin dünyada nüfuzdan salınmasına doğru aparır.

“Forbes” onu da yazır ki, Merkelin əmək haqqı 2012-ci ilin mayında son 12 ildə ilk dəfə artırılıb. Xanım siyasətçi ildə 190 min avro əmək haqqı alır. 100 min avro da deputat olduğu üçün qazanır. Cəmi ildə 290 min avro. Bu isə ölkədəki top-menecerlərin, məşhur həkimlərin, eləcə də futbolçuların əmək haqqından xeyli aşağıdır. Buna görə jurnal hesab edib ki, Merkel, alman standartlarına görə, heç varlı deyil.

Almaniya kanslerinin həyat tərzi barədə ətraflı məlumat verən nəşr bildirib ki, o, məzuniyyətini dağlarda, məsələn,Tirolda keçirməyə üstünlük verir bu zaman bütün xərclərini dövlət deyil, özü çəkir. Pal-paltarının pulunu da kansler şəxsi büdcəsindən ödəyir. Onun istifadəsində sürücü ilə birgə dövlət maşını var. Bir çox nazirlər, eləcə federal torpaqların baş nazirləri zirehliMersedes BMV-lərdə gəzməyə üstünlük versələr , Merkel özü üçün “Audi A8"-i seçib.

Kanslerin şəxsi yaxtası, istirahət üçün geniş sarayları yoxdur. Ona tutduğu vəzifəyə görə dövlət belə şərait yaratmır. son nəticədə bütün bu keyfiyyətləri nəzərə alınaraq Almaniyanın beynəlxalq siyasətdəki rolu qiymətləndirilərək Anqela Merkel dünyanın ən nüfuzlu qadını hesab edilib.

Biz isə sülh məhəbbət carçısı olan, ən böyük missiyaları analıq olan  bütün dünya qadınlarını, ilk növbədə isə Azərbaycan xanımlarını bu əziz bayramları – 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə ürəkdən təbrik edir, onlara həmişə cavan gözəl olmağı arzulayırıq.

 

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2013.- 8 mart.- S. 5.