“Şamaxı
qırmızı terrorun hədəfində
1930-40-cı illər repressiyaları” Yeni
nəşrlər
Azərbaycanda Vətəndaş Cəmiyyətinin
İnkişafına Yardım Assosiasiyasının dəstəyi
və Azərbaycan Dövlət Pedaqoji Universiteti tarix
fakültəsinin Elmi Şurasının 23 noyabr 2012-ci il
tarixli (3 saylı protokol) qərarı ilə çap
olunmuş nəfis tərtibatlı fundamental kitab
belə adlanır. Kitabın
müəllifləri Şamaxıdan millət vəkili Elxan
Süleymanov, tarix elmləri üzrə fəlsəfə
doktoru Məhərrəm Zülfüqarlı və ADPU-nun
müəllimi, pedaqoji elmlər üzrə fəlsəfə
doktoru Dəyanət Musayevdir.
Kitab
keçən əsrin
30-40-cı illərində sovetlərin Azərbaycanın
Şamaxı bölgəsində apardığı amansız
repressiyanın ifşa edilməsi, kommunist diktaturasının
cinayətkar əməllərinin aşkar edilməsi baxımından
əhəmiyyətlidir. Məzmunca siyasi repressiyalar adı alan
bu qanlı proses, əslində, bütövlükdə Azərbaycan
cəmiyyətinə qarşı yönəlmiş, müxtəlif
vəzifə və peşələrdə çalışan
insanları əhatə etmiş və nəticədə
kütləvi sürgünlər və güllələnmələr
həyata keçirilmişdir. Doğrudur, həmin illərdə
bütün İttifaq ərazisində repressiyalar həyata
keçirilsə də, bu, Azərbaycanda, xüsusilə
Şamaxı bölgəsində daha amansızlığı
ilə seçilmişdi.
Əsər
Milli Məclisin deputatı Elxan Süleymanovun
yazdığı ön sözdən, “Təklə faciəsi”
(I), “1937-ci ilin oktyabrında Şamaxıda keçirilmiş məhkəmə
prosesi” (II) və
“Şamaxının repressiya qurbanları” (III) adlı fəsillərdən
ibarətdir.
I fəsildə
Şamaxı rayonunun Təklə kəndində baş
vermiş ağır repressiya hadisələri
araşdırılmışdır. Burada 1937-ci ilin
oktyabrında keçirilmiş məhkəmə prosesinə qədər
Şamaxıda siyasətdən uzaq, kollektivləşmənin
sərt, ağır sınaqlarından salamat
çıxmış sadə vətəndaşlara, kəndlilərə
qarşı da repressiyalar həyata keçirildiyi qeyd olunur. Hətta
bir kənddə keçirilən “günahlandırma”
olaylarından sonra 70 nəfər təkləli həbs
edilmiş və Bakıya gətirilmişdir. Faktlar onların
60-nın güllələndiyini təsdiqləyir. Digər 10
nəfər isə SSRİ-nin ucqar həbs düşərgələrinə
sürgün olunmuşdur.
II fəsildə
1937-ci ildə Şamaxıda keçirilmiş məhkəmə
prosesindən söhbət açılır. Bildirilir ki, sovet
hakimiyyətinə qarşı üsyan hazırlanmasında
Şamaxı, İsmayıllı, Əli-Bayramlı (indiki
Şirvan), Qonaqkənd və Cəlilabadda saxta ssenari əsasında
insanlar kütləvi şəkildə cəzalandırılmış
və çoxları “qırmızı terror”un qurbanı
olmuşdur. Xalq düşməni elan olunan bu şəxslərə
eyni ittihamlar irəli sürülürdü: əksinqlabçı-burjua-millətçi,
üsyankar-terrorçu, “ziyankar təşkilatın” işində
iştirakçı və müsavatçı. Fəsildə
Şamaxı məhkəməsi zamanı ittiham olunan bir
sıra vəzifəli şəxslərin və sadə vətəndaşların
həbsi ilə bağlı qətimkan tədbirlərinin
seçilməsi haqqında protokollardan çıxarılan qətnamələr,
çıxarışlar, qərarlar, arayışlar, həbs
olunmuş məhbusların anketləri, tərcümeyi-halları
və məlumatlar öz əksini tapmışdır.
III fəsildə
isə Şamaxının bir sıra repressiya qurbanları barədə
dolğun məlumatlar təqdim olunmuşdur. Maraqlı cəhət
ondadır ki, sovet imperiyasının Şamaxıda həyata
keçirdiyi bu qanlı militarist siyasət görkəmli
ziyalılardan tutmuş, din xadimlərinə, hətta bəzi
bolşevik xadimlərinə qarşı da
aparılmışdır.
Azərbaycanın
tanınmış din xadimi Qafqazın şeyxülislamı
Mirmöhsün Həkimzadə, vaxtılə 1903-cü ildə
sosialist yönümlü “Hümmət” təşkilatının
yaradıcılarından biri, 1917-ci il fevral-burjua inqlabından
sonra Bakı Sovetinin üzvü olmuş Sultan Məcid Əfəndiyev,
onun həyat yoldaşı, görkəmli ictimai-siyasi xadim Zivər
Əfəndiyeva, ilk bolşeviklərdən olan Möhsün
İsrafilbəyov, görkəmli ictiami-siyasi və elm xadimi
Sultan Məcid Qənizadə, məşhur aktyor Abbas Mirzə
Şərifzadə, Avropada təhsil almış və
görkəmli elektrotexnika və energetika alimi kimi məşhurlaşmış
Ağa Axundov, tanınmış cərrah Məmməd Xələfbəyov,
xalq hakimi Məhərrəm Məhərrəmov,
yazıçı, Azərbaycanda təhsil qurucularından
hesab olunan Hacıbaba Nəzərli, aşıq sənətinin
məşhur nümayəndələrindən olan Aşıq
Bilal Mikayılov, cümhuriyyət dövrünün görkəmli
maarif xadimlərindən olan Ağalar Mahmudbəyov və digərləri
haqqında ətraflı məlumatlar verilmişdir.
Beləliklə,
“Şamaxı qırmızı terrorun hədəfində”
kitabı Azərbaycan tarixinin ən ziddiyyətli dövrlərindən
biri olan XX əsrin 30-40-cı illərin repressiyaları
mövzusunun tədqiqi baxımından əhəmiyyətli
araşdırma hesab oluna bilər. Onu da qeyd edək ki,
kitabın hazırlanmasında, zəngin faktoloji materiallardan və
geniş ədəbiyyatdan istifadə edilmişdir. Kitabın
Azərbaycan və ingilis dillərində nəşr
olunması onun əsas özəlliklərindən biri hesab
oluna bilər.
Anar TURAN
Xalq qəzeti.- 2013.- 10 mart.- S. 8.