“YARAT!” Müasir İncəsənət Məkanının
“İNDİ” layihəsi çərçivəsində
yaradıcılıq axşamlarının ilk
tədbiri keçirilmişdir
“ÜNS” yaradıcılıq səhnəsində
“YARAT!” Müasir İncəsənət Məkanının
“İNDİ” layihəsi çərçivəsində
yaradıcılıq axşamlarının ilk tədbiri
keçirilmişdir.
AzərTAc
xəbər verir ki, tədbir Samir Əsədov (birinci skripka),
İsmayıl Əsədov (ikinci skripka), Asim Xəlilov
(violonçel) və Elcan Cəbrayılovdan (alt) ibarət
simli kvartetin çıxışı ilə
başlamışdır.
Kvartet
bəstəkar Firəngiz Əlizadənin indiyədək vətənində
ifa olunmamış “İki nömrəli dilogiya” əsərini
təqdim etmişdir. Layihənin vizual tərtibatını
real zaman rejimində çəkən gənc rəssam və
qrafikaçı Emil Məcnunov (Moose) təqdim etmişdir.
Axşamın
ikinci hissəsində Dövlət Pantomim Teatrının
aktyorları Nargilə Qəribovanın və Ceyhun
Dadaşovun müəllif quruluşunda “Katarsis” tamaşası
təqdim olunmuşdur.
“Katarsis”
kişi və qadının kinoteatrda
tanışlığı, məhəbbəti tarixçəsindən,
öz daxili ziddiyyətlərinin aradan qaldırmasından bəhs
edən aktyor oyunundan, videomaterialdan və musiqidən ibarət
tamaşadır.
“YARAT!”
Müasir İncəsənət Məkanı tərəfindən
düşünülən və reallaşdırılan
“İNDİ” layihəsi Azərbaycanda ilk dəfə olaraq
müasir incəsənətin müxtəlif növlərinin ən
parlaq nümayəndələrini bir səhnədə və
eyni məkanda birləşdirməyi nəzərdə tutur.
Layihəyə əsasən, bir məkanda toplaşan gənc rəssamlar,
şairlər, musiqiçilər, ədəbiyyatçılar,
rejissorlar, dizaynerlər, DJ-lər ideyalarını
reallaşdırmaq, yaradıcı tandem təşkil etmək
və özlərinin yaradıcı tərəfdaşlarını
tapmaq şansı əldə edirlər.
Layihə
“ARTIM” gənc istedadların dəstəklənməsi
proqramı çərçivəsində həyata
keçirilir. Bu proqram yaradıcılığa yeni
başlayan rəssamlara öz işlərini təqdim etmək
və seçim müsabiqəsindən keçməklə
yeni peşəkar perspektivlər açır.
Layihə
ənənəvi olaraq bu cür mədəniyyət təşəbbüslərinin
reallaşmasında çox yaxından iştirak edən “Bank
Technique”in sponsorluğu ilə həyata keçirilir.
“İNDİ”
layihəsi paytaxtın müxtəlif meydançalarında
keçirilməsi nəzərdə tutulan və sərbəst
tədbirlərdən ibarət olan fənlərarası layihədir.
Layihənin iştirakçıları məzmun və formaca
müxtəlif eksperimentlər əsasında
tamaşaçılara fərqli janr və istiqamətlərin
- rəssamlıqdan və poetik ekspromtlardan tutmuş
media-performanslara və video-instalyasiyalaradək qeyri-adi birləşmələrini
təqdim etməyi planlaşdırırlar.
Xalq qəzeti.- 2013.- 10 mart.- S. 7.