Heydər Əliyev və Hüseyn
Cavid taleyi
Dünya romantizminin görkəmli
nümayəndəsi, Azərbaycan ədəbiyyatında
romantizm cərəyanının banisi Hüseyn Cavid həmişə
ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində
olmuşdur.
1982-ci ildə
H.Cavidin cənazəsini uzaq Sibirdən gətirməsi və
doğma Naxçıvan torpağında dəfn etdirməsi,
bu gün Cavidlərin birgə uyuduğu möhtəşəm
məqbərənin tikilməsi ulu öndər Heydər Əliyevin
böyük qəhrəmanlığı, misilsiz rəşadəti,
təkcə Cavidə deyil, ümumən Azərbaycan ədəbiyyatına,
bədii-ictimai fikrinə tarixi ehtiramı idi. O, 1995-ci ildə
Hüseyn Cavidin məqbərəsinin və ev muzeyinin
yaradılmasına həsr edilmiş müşavirədə
demişdir: “Bilirsiniz ki, Hüseyn Cavidin həyatı,
yaradıcılığı Azərbaycan üçün nə
qədər dəyərli, əhəmiyyətli olub, onun
qoyduğu ədəbi-mənəvi irs bizim üçün nə
qədər əhəmiyyətli və gərəklidir. Eyni zamanda, onun həyatı faciəli olubdur. Ancaq bu faciəli dövrlər onun
yaradıcılığını Azərbaycan xalqının
qəlbindən çıxara bilməyib,
yaşadıbdır”.
Həqiqətən
də, H.Cavid 1937-1957-ci illərdə – siyasi bəraət alana qədər təqribən 20 il Azərbaycan
xalqının qəlbində yaşadı. İ.V.Stalinin vəfatından
sonra (5 mart 1953) və
Sov.İKP XX qurultayında (1956) şəxsiyyətə pərəstişin
və onun nəticələrinin ləğv edilməsi
haqqında qərardan sonra H.Cavidin zəngin və möhtəşəm
yaradıcılığı ədəbi-nəzəri fikrin
diqqət mərkəzinə keçdi. 1960-cı
ildə akademik Məmməd Cəfərin “Hüseyn Cavid”
monoqrafiyası ilə H.Cavid
yaradıcılığının tədqiqinin ikinci mərhələsi
başlandı. Birinci mərhələ
(1920-1937) ədibin həbsi ilə başa çatmış,
daha doğrusu, yarımçıq qalmışdı.
Heydər
Əliyevin həmin çıxışında tənqidi bir
məqam da var: “Biz 1981-ci ildə Hüseyn Cavidin anadan
olmasının 100 illiyi haqqında qərar qəbul etdik. Bundan sonra bir çox işlər görüldü.
Ancaq təəssüf ki, o vaxt qəbul olunan qərarda
nəzərdə tutulmuş tədbirlərin bəziləri
indiyədək həyata keçirilməyib”. Heydər Əliyev
1981-ci il qərarına böyük önəm
verir, fəqət onun vaxtında həyata keçirilməməsinə
dönə-dönə təəssüflərini bildirirdi. Ümumən o, bütün fəaliyyətində
ardıcıl şəxsiyyət idi, başladığı
işi, verdiyi qərarı mütləq axıra
çatdırırdı. Ulu öndər 29 oktyabr
1996-cı ildə Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin
açılışındakı nitqində demişdir: “Mən
çox məmnunam, sevinirəm ki, 15 il bundan əvvəl qəbul
etdiyim qərar həyata keçir. Mənim
arzularım həyata keçir. Mən sizi
də, özümü də bu münasibətlə təbrik
edirəm. Hüseyn Cavidin məqbərəsi
Naxçıvanın memarlıq tarixində yeni bir səhifədir.
Naxçıvanda böyük memarlıq, milli-mədəni
abidələrimiz var. Bu abidə də həmin ənənələrin
davamıdır. Ümidvaram ki,
“Mömünə Xatun” abidəsi kimi bu abidə də əsrlər
boyu yaşayacaqdır. Güman edirəm
ki, gələcək nəsillər bu günü
xatırlayacaq və bu abidəni yaradanları
unutmayacaqdır”.
Tarix Heydər Əliyevin böyük uzaqgörənliyini
əzmlə təsdiq etdi. Bu gün Naxçıvanda Cavid məqbərəsi
xalqın müqəddəs ziyarətgahına çevrilib,
xalqımız onu yaradanları dualar və təhsinlərlə
yad edir. H.Cavid məqbərəsi həm də
ulu Naxçıvanın memarlıq bəzəyi kimi tarixə
daxil olub.
Heydər
Əliyevin XX əsr Azərbaycan romantizminin görkəmli
siması, romantik şair və filosof H.Cavid haqqındakı fikirləri
müasir cavidşünaslığın metodoloji əsaslarını
müəyyən edir: “Hüseyn Cavid XX əsrdə Azərbaycan
ədəbiyyatının, mədəniyyətinin inkişaf
etməsində misilsiz xidmətlər göstərmişdir.
Hüseyn Cavid Azərbaycan
xalqını, onun mədəniyyətini, ədəbiyyatını,
elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən
biridir. Hüseyn Cavidin yaratdığı əsərlər
Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər
üçün dərslik kitabıdır. Hüseyn Cavidin bütün
yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan
xalqının mədəniyyətini yüksəklərə
qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən
ibarət olubdur. Onun bütün
yaradıcılığı Azərbaycan xalqını milli
azadlığa, müstəqilliyə
çatdırıbdır. O, həmişə öz iradəsi
ilə yaşamış, öz iradəsinə, millətinə
sadiq olmuşdur, millətini, xalqını həddindən
artıq sevmiş və millətinə həddindən
artıq xidmət edən bir insan olmuşdur”.
Göründüyü
kimi, H.Cavidin ədəbi-tarixi mövqeyinə verilən bu
konseptual dəyərdə böyük romantik şair və
filosofun yaradıcılığına xas bir neçə cəhət
öz ifadəsini tapır: o, ədəbiyyat və mədəniyyətimizi
ucaldır;
yaratdığı əsərlər milli sərvətimizdir; əsərləri
bu günün və gələcəyin dərs
kitabıdır; ideyaları azadlıq və müstəqilliyə
xidmət edir; o, böyük yaradıcılıq iradəsi
nümayiş etdirmiş, millətinə sadiq olmuş, onu
sevmiş və hədsiz xidmət göstərmişdir.
Bütün bunlar romantik şair və filosof kimi
Hüseyn Cavidin şəxsiyyətini ucaldan, onun
yaradıcılığının milli-tarixi və bədii-fəlsəfi
əhəmiyyətini əks etdirən cəhətlərdir. Heydər Əliyevin
bu fikirləri H.Cavid yaradıcılığına dərindən
nüfuz etməyə imkan verir. Hər
şeydən öncə, H.Cavid həyatda olanı yox, həyatda
olmalını tərənnüm edən romantik şair idi.
O, XX əsrin Ə.Hüseynzadə, M.Hadi, A.Səhhət,
A.Şaiq, Divanbəyoğlu və s. kimi söz və fikir
adamları ilə birlikdə bir ədəbi-nəzəri cərəyan
kimi Azərbaycan ədəbiyyatında romantizmi
formalaşdırmağa nail oldu.
“Mən, fəqət hüsni-xuda şairiyəm.
Yerə
enməm də səma şairiyəm”
– deyən H.Cavid yer həqiqətlərindən
çox-çox yüksəkdə dayandı. Romantik
pafos, xəyalın hüdudsuz uçuşu, mütləq həqiqətə
çatmağa dönməz cəhd onun ədəbi-bədii
məramını səciyyələndirən başlıca cəhətlərdir.
Bəli, Cavid yüksəkdə
dururdu. Çünki hələ 1909-cu ildə
27 yaşında ikən o, “Cavid” ədəbi təxəllüsünü
qəbul edərkən, özünün kimliyini aydın dərk
etmişdi. Akademik Məmməd Cəfər “Hüseyn
Cavid” (1960) monoqrafiyasında yazırdı: “H.Cavid Azərbaycan
ədəbiyyatı tarixində xüsusi mövqeyi olan
qüdrətli söz ustalarından biridir. Onun sənəti
məzmunca yüksək olduğu kimi, bədii forma cəhətindən
də zəngin, əlvandır. Novator lirik şeirlər,
liro-epik, epik poemalar yazmaqla yanaşı, Cavid Azərbaycan sənətinə
faciə və dramlardan ibarət on beş əsər
vermişdir. Cavid dramaturgiyası, sözün həqiqi
mənasında, xarakterlər dramaturgiyasıdır. Bu baxımdan onun dram sənətkarlığını
ancaq dünyanın ən böyük dramaturqları ilə
müqayisə etmək olar”.
Qeyd etməliyik ki, H.Cavidin həm poeziyası, həm də
dramaturgiyası ideya-fəlsəfəsi baxımdan təhlil
olunsa da, poetika cəhətdən dərindən araşdırılmamışdır. Halbuki əksər əsərlərini
mənzum dram formasında yazmış, ədəbiyyatımızda
mənzum dram janrının banisi səlahiyyətini
qazanmışdır. Bəzi istisnalarla demək
olar ki, H.Cavidin şeir və dram əsərlərinin
poetikası, onun poetik konstruksiyaları lazımi dərəcədə
tədqiq olunmamışdır. Hüseyn Cavidin
poetikası onun bədii sirlərini monoqrafik miqyasda açan tədqiqat
əsəri hələ
yazılmayıb. Bu baxımdan H.Cavid Füzulidən
üzü bəri orta əsrlər Azərbaycan ədəbiyyatının
poetik qaynaqlarını öz yaradıcılığında əks
etdirən, xüsusilə əruz ehkamlarına yenidən can verən qüdrətli
söz ustasıdır.
Həqiqətən də “O elə bir “sübh şəfəqi”
idi ki, işığı əsrlərin süzgəcindən
süzülüb gəlir və həmişə də öz
ilkin ehtirası ilə, ilkin şövqü ilə
parıldayır. Əsrlər bir-birini əvəz edir, o
İşıq isə həmişə İstedadı
özünə çəkir. Çünki
o İşığı da, İstedadı
alovlandırırdı” (Xalq yazıçısı, professor
Elçin). Bütünlükdə 37-nin
repressiyaları, totalitar sovet rejimi Cavidin
işığını, ehtirasını söndürə
bilmədi. Çünki bu işıq
İstedaddan, bu istedad isə Tanrıdan gələn ruh idi.
Yer allahlarının bu işığı
söndürməyə gücü çatmazdı. Elə məhz bu işığın sayəsində
də “H.Cavid hər zaman təzədir. Bu
təzəliyin başlıca mənbəyi şairin tərənnüm
etdiyi fikirlərin dərinlik və vüsətində,
toxunduğu mövzuların böyüklük və siqlətində,
təbliğ etdiyi və əsaslandırdığı
demokratik-humanist ideyaların parlaqlığındadır” (Məsud
Əlioğlu).
Həqiqətən də, Hüseyn Cavid
yaradıcılığında bir dənə də olsun adi,
məişət səviyyəsinə enən, dövrün
ötəri tələbindən doğan konyuktur fikir və mülahizə
yoxdur. Cavidin bütün fikirləri ümummillidir,
ümumbəşəridir. Çünki o
yerə yaşadığı mənzildən, oturduğu
kreslodan deyil, səmalardan - Tanrı ünvanından nəzər
salmağı bacaran müdrik filosof, qüdrətli şair
idi. Böyük sənət hamisi Heydər Əliyevin
sözləri ilə desək: “Hüseyn Cavid bizim
üçün, doğurdan da, əzizdir. O tariximizdə
böyük bir şəxsiyyətdir və böyük bir irs qoyub. Xalqımız, tariximiz nə
qədər yaşayacaqsa Hüseyn Cavidin irsi də o qədər
yaşayacaq və xalqımız ondan istifadə edəcək”.
Belə əbədiyaşarlığı hər şeydən
öncə, H.Cavid
özü qazanıb. Heydər Əliyevin
Hüseyn Cavid uğrunda mübarizəsi isə ulu öndərin
bizim klassik bədii irsimizə, mədəniyyətimizə
qayğıkeşliyinin, böyük sevgisinin parlaq ifadəsi,
tarixi bir səhifəsidir.
Hüseyn Cavidin sənəti sadə deyil, mürəkkəb
bir irsdir. O,
Şərq ədəbiyyatı ənənələrinə
uyğun simvollarla zəngindir. Onun
yaradıcılığını adi, məlum, ənənəvi
sözlərlə səciyyələndirmək çətindir.
Hər şeydən öncə, H.Cavidin
“Şeyx Sənan” faciəsinin sufizmlə
bağlılığını açmaq lazım gəlir.
Dünya demonik ədəbiyyatını bilmədən
“İblis” əsərinin ədəbi-tarixi mənasını
izah etmək olmaz. “Uçurum” tələb
edir ki, XX əsrin önlərində Türkiyə - Avropa təmaslarının
tarixi səbəblərini biləsən. Yaxud, möhtəşəm
“Peyğəmbər”i dərk və izah etmək
üçün ən azı islam tarixini
bilmək gərəkdir. Qədim türk
fütuhlarının tarixindən bixəbər olsan “Topal
Teymur” dramını başa düşə bilməzsən.
“Xəyyam” həm şair, həm
riyaziyyatçı, həm də filosof Ömər Xəyyamın
kimliyini bilənlər üçün maraqlı və dəyərli
əsərdir. Beləliklə, Heydər Əliyev
bütün bunlara yüksək dərəcədə
aşina idi və elə buna görə də o, Hüseyn
Cavidin ədəbi-tarixi dəyərini hamıdan doğru təyin
edirdi.
Ulu
öndərin belə bir məşhur fikri var: “Bizim ədəbiyyatımızın
xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir
ki, şairlərimiz, yazıçılarımız öz əsərləri
ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim
milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış,
dirçəliş prosesi xalqımıza birinci növbədə
ədəbiyyatdan keçir”. XX əsrdə Azərbaycanda
milli-mənəvi özünüdərkin, Ulu türk əslinə
qayıdışın başında duranlardan biri, bəlkə
də birincisi Hüseyn Cavid olmuşdur. XX əsrin
önlərində milli intibahın başında dayanan
Ü.Hacıbəyli, Ə.Hüseynzadə, Mirzə Cəlil,
M.Ə.Sabir, H.Cavid və C.Cabbarlı Azərbaycanın
adını və şöhrətini dünyaya
tanıtdılar. Bu sənətkarların
irsi milli-tarixi çərçivələrdən
çıxıb dünya səviyyəsinə yüksəldi.
Dünya romantizmini və dünya realizmini bu sənətkarların
irsi olmadan bütöv halda təsəvvür etmək
mümkün deyil.
Heydər
Əliyev ədəbiyyat və incəsənətin tarixi, fəlsəfi
mahiyyəti ilə bərabər, poetik novatorluğuna da
xüsusi önəm verirdi: “Ədəbiyyatımızın,
incəsənətimizin, mədəniyyətimizin ən
böyük və fərqləndirici xüsusiyyətlərindən
biri də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə
yeni yollar, yeni cığırlar açırlar, yeni formalar
meydana gətirirlər”. Beləliklə, ulu
öndər yaradıcılıq psixologiyasına, forma və
üslub axtarışlarına önəm verirdi ki, H.Cavid
yaradıcılığı bu baxımdan nümunə idi.
H.Cavid Şərq şeirinin ən yaxşı
poetik ənənələrini, Füzuli sənətkarlığına
xas cəhətləri, Türkiyə romantiklərinin novator
xüsusiyyətlərini inkişaf etdirərək yeni forma və
fərdi üslub yaradırdı. Hüseyn
Cavid min ildən artıq tarixi və sənət yaratmaq təcrübəsi
olan əruz vəzninə yeni elementlər gətirdi, demək
olar ki, əruzun özünəməxsus poetik
fiqurlarını yaratdı. Ulu öndərin
dəyər verdiyi cəhətlərdən biri də məhz
bu idi. Əlibəy Hüseynzadə Azərbaycan
romantizminin estetikasını, Hüseyn Cavid isə
poetikasını yaratdı.
H.Əliyev
H.Cavid irsinin ölməzliyinə böyük inam bəsləyirdi:
“Vaxt var idi, Hüseyn Cavidi həbs etdilər və onun
bütün əsərlərini qadağan etdilər.
Hüseyn Cavid həbs olunandan, hətta dünyasını dəyişəndən
sonra onu millətçi, pantürkist, antisovet adam
adlandırırdılar. Amma Hüseyn Cavidin əsərləri
yaşadı...” Belə əbədiyaşarlılıq
hər şeydən öncə H.Cavidin böyük
istedadı, sənətkarlığı, öz xalqına mənən
bağlılığı və heç şübhəsiz
ki, ümumbəşəri bədii təfəkkür səviyyəsi
ilə bağlı idi. Cavidşünasların belə
bir fikri ilə razılaşmalıyıq ki, həqiqətən
də “Hüseyn Cavid sənətdə heç kimə bənzəməyən,
orijinal bir yaradıcılıq yolu getmiş və
özündən sonra ölməz əsərlər qoyub
keçmiş söz ustadlarından biridir... “Şeyx Sənan”,
“İblis”, “Topal Teymur”, “Peyğəmbər”, “Xəyyam”, “Səyavuş”
kimi dramları, “Azər” poeması, bütöv bir silsilə
lirik-fəlsəfi şeirləri ilə Hüseyn Cavid öz
adını Azərbaycan ədəbiyyatının qızıl səhifələrinə
əbədi həkk etmişdir. Öz dahiyanə əsərləri
ilə Hüseyn Cavid Azərbaycan dramaturgiyasını istər
mövzu, istər xarakter və obrazlar qalereyası, istərsə
də xronotop baxımından olduqca zənginləşdirmiş,
dramaturgiyamızı dar lokal məkandan çıxararaq qlobal
məkana salmış, ümumbəşəri ideyaların təbliği
ilə dünya səviyyəsinə
qaldırmışdır...” (G.Babaxanova, T.Kərimli).
Hüseyn Cavidin irsi bizim milli-bədii sərvətimizdir. Onun faciəli
taleyi Heydər Əliyevin böyük qəhrəmanlığı
sayəsində ibrətli bir sonluqla nəticələndi.
Bu gün Naxçıvanda Cavidlər məqbərəsi
əzəmətlə ucalır. Bu məqbərənin
tikilməsi onun sərt tələbkarlığı və
Hüseyn Cavidə ümumən ədəbiyyat və mədəniyyətimizə
məhəbbəti ilə bağlı idi. O, bir peşəkar
memar kimi məqbərənin strukturunu, mənəvi-texnoloji
xarakterini də özü vermişdir: “Həmin fikirlər
bundan ibarətdir ki, nəhənglikdən uzaq olmaq, oradakı
yeri mütləq nəzərə almaq lazımdır. Elə olmalıdır ki, məqbərə nə
çox böyük, nə də çox kiçik
olmasın. Əsas fikrim belədir: qəbir məqbərənin
içində olsun və orada elə bir şərait
yaradılsın ki, insan girib orada ziyarət edə bilsin, qəbrin
yanında dursun, düşünsün. Məqbərənin o
tərəfdən, bu tərəfdən açıq
olmasının tərəfdarı deyiləm... Mən
belə fikirdəyəm ki, bu məqbərəni xaricdən
görəndə də gərək fikir cəmlənsin və
onun içərisində olanda da fikir dağılmasın”.
Ümummilli lider Heydər Əliyevin Cavid taleyinə
münasibəti, siyasi liderin, dövlət
başçısının mənsub olduğu xalqın klassik
irsinə, mənəvi mədəniyyətinə münasibətinin
ən parlaq nümunəsidir.
Salatın ƏHMƏDOVA,
filologiya üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2013.- 10 mart.- S. 7.