Qubadlı məcburi köçkünlərinin təhsil problemlərinə diqqət artırılır

 

Son illər ölkəmizdə təhsilə dövlət qayğısı artmaqdadır. Respublikanın əksər guşələrində yeni məktəblər tikilir, təhsilin keyfiyyəti ilbəil artır, informasiya texnologiyaları tətbiq olunur, məktəblər müasir tipli  yeni avadanlıqlarla təmin edilir, elektron dərsliklər yaradılır və s. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev  son vaxtlar təhsillə bilavasitə bağlı olan 20-yə yaxın dövlət  proqramının qəbul olunması  haqqında sərəncam imzalamışdır. Bütün bunlar  yurd- yuvalarından didərgin düşmüş insanların da uşaqlarının təhsil  almasına öz  təsirini göstərmişdir.

 

Məcburi köçkülərin  sosial vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun artırılması haqqında Dövlət Proqramının qəbul edilməsi ilə bağlı Prezidentin 2004-cü ildə  imzaladığı sərəncam və sonralar  2007 və 2011-ci illərdə   həmin proqrama edilmiş əlavələr Qubadlı  rayonunda təhsil problemlərinin həllində də mühüm rol  oynamışdır.  Məlum olduğu kimi,   Qubadlı məcburi köçkünləri  ölkənin müxtəlif regionlarında məskunlaşmışlar. Ona görə məktəblərimiz də   kompakt yerləşməmişdir. Əhalinin  çoxu Sumaqayt şəhərində məskunlaşdığından məktəblərimizin də  böyük əksəriyyəti bu  şəhərdədir.

Bütün çətinliklərə baxmayaraq, Qubadlı Rayon İcra Hakimiyyətinin,Təhsil Nazirliyinin yaxından   köməkliyi ilə son illər təhsil sahəsində  mühüm irəliləyişlərə nail ola bilmişik.

Ötən il rayonumuzun məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması üçün xeyli iş görülmüşdür. Belə ki, M. Əliyev adına Hal kənd tam orta məktəbinin dam örtüyünün əsaslı təmiri başa çatdırılmış, eyni zamanda, həmin məktəbin sanitar qovşağı da təmir edilmişdir. Ç. Quliyev adına Çardaqlı kənd tam orta məktəbində 4 əlavə sinif otağının tikintisinə başlanmışdır. B. Hüseynov adına Dəmirçilər, İ.Məmmədov adına Aşağı Mollu və Xanlıq 3 saylı tam orta məktəblərində əsaslı təmir işləri isə başa çatmaq üzrədir. A.Atakişiyev adına Muradxanlı, B. Məmmədov adına Fərcan tam orta və Xanlıq ümumi orta məktəblərində müasir tipli istilik sistemləri quraşdırılmış, İ. Qayıbov adına Saray kənd tam orta məktəbinin istilik xəttinə izolyasiya çəkilmişdir. Fərcan kənd tam orta məktəbinin həyətinə 920 kvadratmetr, Ə. Əliyev adına Qəzyan kənd tam orta məktəbinin həyətinə isə  650 kvadratmetr  asfalt örtük döşənmişdir. C.Həşimov adına Mərdanlı, İ.Qayıbov adına Saray, F.Mehdiyev adına Qaralar, Xıdırlı, K.Mirzəyev adına Xanlıq 1 saylı və Q.İlyasov adına Qubadlı şəhər 1 saylı tam orta məktəblərində cari təmir işləri aparılmışdır. Əlbəttə, bütün bunlar  görülən işlərin tam siyahısı deyil. Bütövlükdə məktəblərin iş  şəraiti yaxşılaşdırılmış, bu da təhsilin keyfiyyət səviyyəsinə öz təsirini göstərmişdir. Ötən il məzunlarımızın 42 faizi  ali məktəblərə qəbul olmuşdur.     Bu gün məktəblərə informasiya texnologiyalarının  gətirilməsi istiqamətində   görülən işlər diqqətəlayiqdir. Məktəblərə müasir tipli kompyuterlər  verilir, müəllimlər   informasiya texnologiyaları üzrə treninqlərdə iştirak edirlər. Bizim məktəblərdə 323 ədəd kompyuter şagirdlərin istifadəsinə  verilmişdir. İndi  hər 20 şagirdə   bir kompyuter düşür. 30  məktəbdə kompyuter  kabineti   yaradılmışdır ki, bunlardan da şagirdlərimiz  kifayət qədər yararlana bilirlər. Məktəblərimizdə  13 ədəd proyeksiya  aparatı vardır. Müxtəlif fənlərdən  çoxlu sayda elektron təlim materialları, eləcə də  digər əyani vəsaitlər  məktəblilərin istifadəsinə verilmişdir.

Görüləsi işlər çoxdur. 2013-cü ildə  təhsilin keyfiyyətinin yüksəldilməsi vacib məsələ kimi  qarşıda durur. Bu il Prezidentimiz tərəfindən “İnfomasiya kommunikasiya texnologiyaları ili” elan olunmuşdur. Məktəblərimizdə bu istiqamətdə hələ çox iş görməliyik. Elektron dərsliklərdən istifadə  mühüm məsələ kimi  qarşıda durur. Məktəblərimiz hələ tam kompyuterləşdirilməmişdir.Yəqin ki, yaxın gələcəkdə bu problem də həll olunacaq. Bəzi məktəblərimizdə şərait hələ də kifayət qədər yaxşı deyil.

Ölkəmiz ildən-ilə  daha sürətlə inkişaf edir. İnanırıq ki, bütün  məktəblərimiz yeni tələblərə cavab verən müasir təhsil ocaqlarına çevriləcək. Onda təhsilin keyfiyyəti də  kifayət qədər yüksələcəkdir.

Əsas arzumuz odur ki, torpaqlarımız azad olunsun,  Qubadlıda yeni məktəblər  tikilsin, biz də hər  cür çətinliyə  qatlaşaraq  öz işimizi doğma  Qubadlıda davam etdirək.

 

 

Afət  ALLAHVERDİYEVA,

Qubadlı rayonu  təhsil şöbəsinin müdiri

 

Xalq qəzeti.- 2013.- 10 mart.- S. 6.